Logo
news content
User
Kateqoriyalar

Analitika

“Qarabağ” hədəfdə: kimdir müqəssir?
“Ölkə futbolu dağıdıcı qüvvələrdən xilas edilməlidir”

Son günlərin gündəm komandası “Qarabağ”dır. Çempionlar Liqasının ikinci təsnifat mərhələsində Polşanın “Rakov” klubuna 2 oyunun (2:3, 1:1) nəticəsinə görə məğlub olan “köhlən atlar” mətbuat və azarkeşlər tərəfindən kəskin tənqidlərə məruz qalmaqdadır.

Tənqidlər 3 istiqamət üzrədir. Bəziləri “Rakov”la ilk görüşdə kobud səhv və ya səhvlərlə yadda qalan qapıçı Şahruddin Məhəmmədəliyevi, həmçinin gözlənilən oyunu göstərə bilməyən daha bir neçə futbolçunu linç edir. Bəziləri baş məşqçi Qurban Qurbanovu heyət seçiminə, bundan öncə də bir neçə vacib oyunda kobud səhvlər buraxmış Şahruddini əsas heyətdə oynatmaq israrına görə qınayır. Böyük bir qisim isə klub rəhbərliyinin transfer məsələsində xəsis davrandığını düşünür və “Qarabağ”ın Çempionlar Liqasında daha da irəli gedə bilməməyini məhz bununla əlaqələndirir.

Bəs kimdir müqəssir? “Qarabağ”ın bu situasiya ilə üzləşməsinin günahı kimdə və ya kimlərdədir? Edilən tənqidlər ədalətlidir, yoxsa yox? old.pressklub.az saytının həmsöhbət olduğu şəxslər bu məsələyə aydınlıq gətirməyə çalışdılar.

“Məsələni 1 qol həll edibsə…”

Münasibətini öyrəndiyimiz Milli Məclisin deputatı Fazil Mustafa həm də futbola olan sevgisi ilə tanınır, yığmamızın və klublarımızın iştirakı ilə keçirilən bütün beynəlxalq görüşləri izləyir. Onun fikrincə, “Qarabağ”ın “Rakov”a məğlub olmasını bu dərəcədə şişirtmək doğru deyil: “Məsələni 1 qol həll edibsə, deməli, komandalar arasında bərabər səviyyədə mübarizə gedib. Hətta bərabərdən də üstün oynadı “Qarabağ”. Oyun ərzində çox güclü həmlələr etdilər, sadəcə, şanssızlıq imkan vermədi ki, komandamız qalib gəlsin. Bir neçə zərbəni “Rakov”un qapıçısı Kovaçeviç yüksək səviyyədə çıxartdı”.

“Budəfəki Polşa çempionu daha texnikalı idi”

Bəs “Qarabağ”ın “Rakov”u keçə bilməməsinin səbəbləri hansılardır? Fazil Mustafa bu suala cavabında komandanın qışda və yayda bir neçə yeni transfer etdiyini xatırladıb, yeni gələnlərin orta səviyyəli və ya güclü futbolçu olmasını hələ tam müəyyən edə bilmədiyimizi deyib: “Amma oyunçular arasında rabitə istənilən səviyyədə deyil. Bunun qaydasına düşməsi üçün daha bir neçə matç keçirmələri lazımdır. Əvvəlki illərdə “Qarabağ” 1-2 yeni oyunçu alırdı, qalan futbolçular isə komandanın özəyini təşkil edirdi. Belə olanda heyətdə və ya taktikada xüsusi, ciddi dəyişikliklərə ehtiyac qalmırdı. Bu il isə komandadan çox oyunçu ayrılıb və yeni futbolçular gəlib. Bütün bunları nəzərə alaraq, məsələnin belə şişirdilməsi mənim üçün anlaşılmazdır. Bir də axı “Qarabağ” kimə uduzub? Polşa çempionuna! Keçən il üstələdiyimiz “Lex”dən fərqli olaraq, budəfəki Polşa çempionu daha texnikalı komanda idi”.

“Qurban Qurbanov düzgün davranır”

Deputat onu da qeyd edib ki, bir komandanın məğlubiyyətini tək qapıçıya bağlamaq doğru deyil. O, hesab edir ki, səhvləri olsa da, Şahruddin yaxşı qapıçıdır, cəld hərəkətləri ilə bir sıra zərbələrin qarşısını almağı bacarır: Ola bilər, psixoloji cəhətdən oyunun gedişində müəyyən addımlar atmağa ya tələsir, ya da gecikir. Amma ümumilikdə bir qapıçını müəyyən səhvlərə görə silmək doğru deyil. Qurban Qurbanov bu məsələdə çox düzgün davranır. Şahruddinin yerinə qapıya təcrübəsi az olan başqasını qoysa, o, daha çox qol buraxacaq. Ondan sonra da deyəcəklər ki, niyə bunu meydana buraxdın?”.

“Kimə azarkeşlik edəcəksiniz?!”

Fazil Mustafa “Qarabağ”a yönələn tənqidlərə ümumi fikir də bildirib. Deputat deyib ki, tənqid etmək normaldır. Cəmiyyət tənqid edə bilər. Amma cəmiyyətin bir komandanı xoş niyyətlə tənqid etməsi vacibdir: “Sənin böyük bir çempionatınmı var?! Sənin bir-biri ilə rəqabətdə olan 10-15 komandanmı var?! Səndə ümumiyyətlə futbolmu var?! Üzağardan bir klubumuz var, onu da ruhdan salın, linç edin, əzin… Belə şey olarmı?! Təbii ki, səmimi azarkeşlər nəsə deyə, narazı qala, hətta öz hirsini də ifadə edə bilər. Amma o, səmimi azarkeşdir, yenə gələcək və komandasını dəstəkləyəcək. Lakin bəd niyyətlə bunu etmək olmaz. “Qarabağ” olmayandan sonra kimə azarkeşlik edəcəksiniz?!”.

“Toz-tozanaq qaldırmağa ehtiyac yoxdur”

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova yönəlmiş iradlar barədə danışan Fazil Mustafa bir az səbirli davranmağı təklif edib. Deputat deyib ki, Azərbaycanın uğurlu məşqçisi olaraq beynəlxalq arenaya çıxan ikinci bir məşqçimiz yoxdur. Qurban Qurbanovdan daha titullu, daha böyük çempionatlarda oynamış tanınmış futbolçularımız vardı, lakin onlar bu performansı göstərə bilmədilər: “Azərbaycanın daxilində kimsə uğur qazana bilər. Ancaq söhbət beynəlxalq arenada öz dəst-xəttini qəbul etdirən bir məşqçidən və klubdan gedir. Biz bunu sıradan çıxartmamaq üçün bu çağırışları edirik ki, xoş niyyətlə nələrsə deyilsin, amma birdən-birə silib atılmasın. Toz-tozanaq qaldırmağa ehtiyac yoxdur, gözləmək lazımdır”.

“Türkiyə klublarının oyunçuları “Qarabağ”da olsaydı…”

Millət vəkilinin fikrincə, “Qarabağ” tezliklə əvvəlki oyununu göstərə biləcək. Buna inanmaq üşün əsaslar da gətirir. Deyir ki, komanda komplektləşir, oyunçular tədricən bir-birlərinə alışırlar. “Əminəm ki, yaxın zamanda, qarşıdakı matçlarda “Qarabağ” öz gücünü göstərəcək. Mən Türkiyə klublarının oyunlarını izləməyi sevmirəm. Niyə? Çünki onlarda uzunmüddətli sabitlik olmur. Onlarda hər şey emosional futbolun üzərində qurulub. Tam məsuliyyətlimlə deyirəm ki, Türkiyə klublarının oyunçuları “Qarabağ”da olsaydı, komandamız Çempionlar Liqası və ya Avropa Liqasında onlardan üstün, ən yüksək nəticəni göstərərdi” – Fazil Mustafa deyib.

“Onları “iqnor” etmək olmaz!”

“Qarabağ” rəhbərliyinə ünvanlanmış tənqidlərlə bağlı “Neftçi”nin keçmiş vitse-prezidenti Tahir Süleymanovun da münasibətini öyrəndik. O, mövzunun çox geniş olduğunu əsas gətirərək bildirib ki, tək "Qarabağ" adına məsələyə yanaşılması Azərbaycan futbolu baxımından yanlış addım olar. Müsahibimiz hesab edir ki, bu, fundamental, çox dərin problemdir. Azarkeşlər və ümumi ictimaiyyətlə futbol təsərrüfatı arasında kommunikasiya istənilən səviyyədə deyil, uçurum yaranıb, yaradılıb. Bütün tərəflər öz mövqeyindən çıxış edir, əsaslandırmağa çalışır, əsəbi mühit yaranır: “Azarkeşlər qınanmamalıdır, onlara böyük futbol elementlərinin, tələblərinin nədən ibarət olduğu səbrlə, davamlı olaraq izah edilməli, fikir mübadilələri aparılmalıdır. Futbol azarkeşlər üçün oynanılır, onları “iqnor” etmək olmaz! Qarşılıqlı təhqirlərə, dağıdıcılığa yol vermədən, azarkeşlərlə təmas mütləqdir. Yaşından asılı olmayaraq, çoxsaylı tərəfdarlar arasında elə təfəkkürlü, futbolu anlayan insanlar var ki, futbol qurumlarında təmsil olunan bir çoxundan düşüncə olaraq üstündürlər. Ortada səmimiyyət, obyektivlik olduğu halda, qarşılıqlı hörmət təbii formalaşır”.

“Futbolda yeganə təmənnasız camiə - azarkeşlərdir”

Tahir Süleymanov qeyd edib ki, Azərbaycan azarkeşi tarixən tələbkar olub, vəziyyətdən asılı olmayaraq, böyük nəticələr istəyir və buna haqqı da çatır. Eyni zamanda, onu da vurğulayıb ki, tənqidin özü pozitivliyə söykənməli, qarşıdurma yaratmamalı, inkişafa kömək etməlidir: “Futbol ölkədə acınacaqlı duruma gətirilib, düşmənlər Ağdamı Xirosimaya çeviriblərsə, daxili düşmənlər də futbolu Naqasakiyə döndəriblər. Azarkeşlərlə əlaqə, maarifləndirmə, təbliğat, təşviqat çox aşağı səviyyədədir. Keçmiş zaman deyil, texnologi əsrində yaşayırıq, bu gün azarkeşin nəinki tribunalarda, mətbuatda, sosial seqmentlərdə 24 saat ərzində istənilən fikirləri bildirmək imkanları var. Çox həssas məqamdır və hər kəs bilməlidir, futbolda yeganə təmənnasız toplum, vəsait qazanmayan camiə - azarkeşlərdir”.

“Azərbaycanda futbol böyük ölçüdə gəlir gətirməyən sosial layihədir”

Süleymanovun sözlərinə görə, aparıcı futbol ölkələrində teleyayım, forma və biletlərdən gələn vəsait klub büdcəsinin 50-60, hətta daha çox faizini təmin edir. Azərbaycanda isə nə teleyayımdan pul qazanılır, nə də ki, azarkeşin hər oyuna 50-100 manata bilet almaq imkanı var: “Ölkə klublarında qarşılıqsız büdcə bir xətlə maliyyələşir - təsisçi/ baş sponsor və dövlət tərəfindən ayrılan vəsait. Bura əlavələr UEFA-dan və futbolçu satışından qazanılan maliyyədir. Azərbaycanda futbol böyük ölçüdə heç bir gəlir gətirməyən sosial layihədir. Hətta davamlı qruplarda çıxış edən "Qarabağ" daxil, heç bir klub özü özünü təmin edə, xərclərini tam olaraq qarşılaya bilməz. Çox vaxt ümumi gəlirlərlə təmiz qazanc arasında fərq qoyulmur. Bunun da səbəbkarı futbol qurumları ilə klubların özüdür, futbol ictimaiyyətinə, azarkeşlərə bunun izahı, dolğun məlumatlar verilməlidir. Ümumi gəlirlər ancaq sponsor yükünü nisbətən azalda bilər. Burada önəmli qeydə ehtiyac yaranır, təsisçi/sponsor illərdir təmənnasız xərclədiyi vəsaiti yerində saxlayarsa, gələn gəlirlər bura əlavə edilərsə, ümumi büdcə nisbətən arta bilər”.

“Baş sponsor "Qarabağ"dan əlini üzsə…”

Azarkeşlərin böyük qismi “Qarabağ”ın illərdir avrokuboklardan çoxlu pul qazandığını, üstəlik son illərdə futbolçu satışından da müəyyən gəlir əldə etdiyini əsas gətirərək, bahalı, güclü oyunçular alınmasını tələb edir. Tahir Süleymanov faktlara əsaslanaraq, bu məsələ haqda da fikirlərini bölüşüb: “Azərbaycan futbolunda son 20 ildə sabit təsisçi/sponsoru olan iki klub var: "Neftçi" və "Qarabağ". Ən minimal orta hesablamalarla götürülsə, 5-7 milyondan ümumi rəqəm 100-ü, 10-15 milyondan olsa, 200-250 milyonu ötür. Bu vəsaitə stadion, baza tikintilərinə xərclənən pullar daxil deyil. Bu illər ərzində 100 milyonlar geri qayıtmadan ölkə futboluna xərclənib. Heç bir UEFA-dan gələn vəsait, satılan 1-2 futbolçunun pulu nəinki gəlir gətirmək, bu milyonların yerini 30-40% doldura bilməz! Bu illər ərzində neçə klubumuz dağılıb, dağıdılıb? Sponsorlar əlini çəkən kimi, klublar tarixin yaddaşına köçür. Çünki ölkədə minimal dayaqlara söykənən futbol industriyası yoxdur. Belə durumda uzun illərdir klublara qarşılıqsız milyonlar xərcləyən şirkətlərə təşəkkür düşür, yoxsa tənqid?! Baş sponsor/təsisçilər "Neftçi", "Qarabağ"dan əlini üzsə, digərlərinin aqibəti kimi, dağılma prosesi maksimum bir həftə çəkəcək”. 

Müsahibimizin sözlərinə görə, "Rakov"la səddin keçilməməsi əlavə təhlillər tələb edir: "Qarabağ" stadion, baza inşa etdi. Yaxşı olardı ki, bu illər ərzində yeni-yeni elbrusların yetişməsi üçün Quzanlıda futbol akademiyası inşa edilərdi. Avropada nəticələrin qazanılması üçün milyonluq futbolçular yüz faiz uğurun təminatçısı deyil, ümumiyyətlə, o səviyyədə futbolçular Azərbaycandan yan qaçır. Necə ki, Kadi Borges milyonluq futbolçu deyildi, "Qarabağ"da oldu. Və ya 3-5 aylıq böyük məbləğ ödənilən Asmir Beqoviç ağdamlılar üçün xilaskara çevrilmədi. Azərbaycan futbol bataqlığında 12 ildir klublarımız davamlı qruplarda çıxış edir və bu markanı qoruyub saxlayan "Qarabağ"dır! Ölkə futbolu güc, infrastruktur, şərait, mental olaraq Çempionlar Liqası qruplarında davamlı çıxış etməyə hazır deyil. Hazır olması üçün öncə futbol təsərrüfatı düzəlməli, ölkə futbolu dağıdıcı qüvvələrdən xilas edilməlidir”.

“Şahruddin də istəməz ki...”

“Qarabağ”ın tənqid hədəfinə çevrilməsinin səbəbkarlarından biri də Şahruddin Məhəmmədəliyevdir. Millimizin də qapıçısı olan Şahruddinin çıxışı haqda keçmiş qolkiper, “Neftçi”nin və yığma komandamızın formasını geyinmiş Hüseyn Məhəmmədovla söhbətləşdik. Qolkiper deyir ki, səhv buraxmayan futbolçu yoxdur. Dünya ulduzları sayılan qapıçıların da səhvləri olur. Heç kim səhvdən sığortalanmayıb: “Əlbəttə, “Qarabağ”ın Çempionlar Liqasında mübarizəni davam etdirməsini hamımız istəyirdik. Tənqidlər də bu istəkdən qaynaqlanır, başa düşmək olar. Mənim də qapıçı karyeramda pis oyunlarım olub, iradlar eşitmişəm. Buraxdığı hər bir səhv qapıçını daha da məsuliyyəti olmağa vadar edir. Şahruddin də istəməz ki, elə səhvlər buraxsın”.

“Mənim haqqımda da “özündən razıdır” fikrini tez-tez səsləndirirdilər”

Hüseyn Məhəmmədov azarkeşləri də anladığını deyərək, Şahruddinin özündənrazı olması, bu səbəbdən etdiyi səhvlərdən nəticə çıxarmaması haqda səsləndirilən fikirlərə də münasib bildirib: “Azarkeşləri də başa düşürəm. Onlar öz komandalarını sevirlər. Azarkeşlər futbola tam başqa cür yanaşırlar, fanatlıq etdikləri klubdan hər zaman qələbə gözləyirlər. Səhv görəndə, uğursuz nəticə olanda irad tuturlar, çünki bununla barışa bilmirlər. Şahruddinin özündənrazı olmasına gəlincə, bununla razılaşmıram. Bir vaxtlar mən də çılğın, istəkli qapıçı olmuşam. Və həmin vaxt mənim haqqımda da “özündən razıdır” fikrini tez-tez səsləndirirdilər. Bir az hərəkətli, istəkli olan qapıçılar tez yadda qalırlar. Şahruddinin məsuliyyətsiz olduğuna da inanmıram. Onu millinin məşqlərində görmüşəm, çox istəkli, əzmkar, çalışqan, öz üzərində işləyən, həddindən artıq zəhmətkeş qapıçıdır”.

“Bu, cəfəngiyyatdır, çünki Qurban müəllim ədalətli insandır”

“Qusi” ləqəbli sabiq qolkiper “Qarabağ”ın digər çərçivə qoruyucuları - Luka Quqeşaşvili və Amin Ramazanova lazımi qədər şans verilmədiyi ilə bağlı səslənən fikirlərə də cavab verib: “Komandanın baş məşqçisi və qapıçı məşqçisi var. Onlar hər şeyi görürlər və bu gün üçün daha hazırlıqlı qapıçıya şans verirlər. Ümumiyyətlə, “Qarabağ”da daha hazırlıqlı futbolçunun kənarda qalmasına inanmıram. Çünki Qurban müəllimi yaxşı tanıyıram, ədalətli insandır. Daha çox Şahruddinin oynamasını ona baş məşqçinin simpatiyası ilə əlaqələndirmək cəfəngiyyatdır. Bu gün üçün kim oyuna daha hazırdırsa, həmin qapıçını da meydana buraxırlar. “Qarabağ”ın qapıçı məşqçisi Elxan Həsənov da yaxşı mütəxəssisdir, vaxtilə Azərbaycanın adlı-sanlı qolkiperlərindən olub. Əminəm ki, o da bu cür hallarda iradlarını bildirir, öz məsləhətlərini verir”.

“Yaxşı futbolçunun Azərbaycana gəlmək ehtimalı azdır”

Məhəmmədov “Xaricdən niyə güclü qapıçı alınmır” iradına da toxunub: ““Qarabağ” rəhbərliyinin əcnəbi qolkiper transfer etmək istəməməsinə inanmıram. Transfer asan iş deyil. Rəhbərlik də qapıçı gətirməyi istəyər, sadəcə bəzi futbolçuların gəlmək ehtimalı az olduğu üçün belə məsələlərdə problem yaşayırlar. Hamı bilir ki, “Qarabağ” bir müddət öncə Leverkuzen “Bayer”inin qapıçısı Andrey Lunyov ilə danışıq aparırdı, onu gətirmək istəyirdi. Amma gələsi olmadı, danışıqlar alınmadı. Yəni yaxşı futbolçunun Azərbaycana gəlmək ehtimalı azdır. Yaşı 30-u ötmüş futbolçuları gətirmək mümkündürsə belə, onlar da çox pul tələb edirlər”.

Beləliklə, cəmiyyətdə “Qarabağ”a və ümumilikdə futbolumuza olan kütləvi münasibətdən fərqli olaraq, futbol biliciləri və peşəkarlar tez-tələsik və emosional qərar verməməyin tərəfdarıdırlar. Əlbəttə, “köhlən atlar”ın indi tuş olduğu tənqidlərdə onun özünün də, necə deyərlər, xidməti var. Son illərdə Azərbaycan futbolunun orta statistik həddini aşaraq, ardıcıl neçə il Avropada gözlənilməz nəticələr göstərən komanda bir dəfə büdrəyən kimi “topa tutulur”. Amma inanırıq ki, Qarabağdan olduğu kimi, “Qarabağ”dan da əl çəkməməyimiz, dəstəyi davam etdirməyimiz böyük Qarabağdakı Zəfərin ardınca “Qarabağ”ı da daimi zəfərə çatdıracaq. Yetər ki, inanaq...

Rizvan BABAYEV