Qarabağ gündəliyi
29 Noyabr 2025
Bir gün ərzində keçirilən görüşləri, götürülən qeydləri əks etdirən bu gündəlik ayrı-ayrı epizodlardan ibarətdir. Amma həmin epizodları bir yerə toplayanda “Böyük Qayıdış”ın mənzərədini canlandırmaq olur.
"113 yaşında yurda qayıdış"
2025-ci ilin 21 avqustunda beş il əvvəl işğaldan azad olunmuş Kəlbəcər rayonuna köç başladı. Bugünədək rayona 52 ailə - 223 nəfər qayıda bilib. Onların arasında 113 yaşlı Xeyransa Baxışəliyeva var.

“Kəlbəcərdən çıxanda 80 yaşım var idi. Ölmədim, yeni doğulan üşaqlarımıza dədə-baba yurdumuzun gözəlliklərindən danışa-danışa bu günü gözlədim. Evimdən qovulandan 33 il sonra nəvələrimin, nəticələlərimin və kötücələrimin əhatəsində geri qayıtmışam”.
Xeyransa nənənin böyüyüb başa çatdığı evdən əsər-əlamət qalmayıb. Əvəzində ona təzə salınmış küçədə yeni, çoxotaqlı mənzilin açarlarını veriblər.
“Doğma elinə qayıtmağım mənə hələ çox yaşamaq həvəsi verir. Kəlbəcəri uşaqlığımdan adi bir dağ kəndi kimi xatırlayıram - nə həkimi, nə müəllimi, nə küçəsi var idi. Cəmi bir neçə uçuq-sökük damdan ibarət balaca yer idi. O dövr yaddaşıma ona görə həkk olunub ki, atam, anam, doğmalarım sağ idilər və mən onların himayəsində qayğısız yaşayırdım. Kəlbəcərin hər guşəsi, hər qarış torpağı mənim üçün doğma və əzizdir.
Bu gün Kəlbəcərin abadlaşdığını görəndə sevinirəm. Kəlbəcər daha da gözəlləşəcək. Dünyanın ən gözəl şəhərlərindən birinə - öz təbiətinə, ruhuna uyğun gözəllik diyarına çevriləcək.
Qaçqınlıq həyatının çətinlikləri, bu qədər dərd-qəm işində uzunömürlülüyümün sirrinə gəlincə, onu deyim ki, həmişə hisslərimi büruzə verməməyə, qonşu-qohuma giley etməməyə, hər zaman xeyirxah olmağa, insanlara yaxşılıq etməyə çalışmışam”.
İki yaşlı universitetin yüksək hədəfləri
Qarabağ Universitetinin yaradılmasından iki il ötür. O, 28 noyabr 2023-cü ildə prezident sərəncamı ilə təsis edilib.
Bu müddət ərzində universitet yeni ali təhsil müəssisəsi kimi formalaşıb, bölgənin dirçəlişinə yönəlmiş siyasətin mühüm dayaqlarından biri kimi Qarabağın elmi, sosial və mədəni həyatına nəfəs gətirib.
“Qarabağ Universitetinin qarşıda duran əsas hədəfləri ortamüddətli perspektivdə tələbə sayının 10 minə çatdırılması, Şuşa, Xocalı və Xankəndini əhatə edən müasir tipli multikampus modelinin tətbiqinə nail olunması, proqramların beynəlxalq akkreditasiyalardan keçirilməsi, innovasiya ekosisteminin formalaşdırılmasıdır”.
Qarabağ Universitetinin rektoru Şahin Bayramov deyir ki, universiteti dayanıqlı inkişaf yönümlü və tələbə mərkəzli idarəetmə, tədqiqat yönümlü və innovasiya əsaslı bilik ekosisteminə çevrməkdə qərarlıdır. O, ölkənin aparıcı ali təhsil mərkəzlərindən biri olacaqdır:

“Qarabağ Universitetinin qarşıdakı illər üçün vəzifələri geniş və çoxşaxəlidir. Tədrisin keyfiyyətini yüksəlmək, elmi potensialı gücləndirmək, maddi-texniki bazanı genişləndmək, faydalı tərəfdaşlıqları inkişaf etdirmək, innovativ təşəbbüskarlığı, icmayönümlü layihələrdə fəallığı və beynəlxalq platformalarda iştirakı artırmaq diqqət mərkəzində saxladığımız məsələlərdir”.
Şahin Bayramov qeyd edir ki, Qarabağ Universitetinin yaradılması Azərbaycanın postmüharibə dövründə həyata keçirdiyi ən uğurlu layihələrdən biridir:
“Burada açılan hər fakültə, qəbul olunan hər tələbə, keçirilən hər dərs Qarabağın dirçəlişinə doğru atılmış daha bir addımdır”.
Xankəndidə obyeklərin 15%-dən çoxu fəaliyyətə başlayıb
Xankəndi işğaldan azad edildikdən sonra Qarabağın əsas şəhərlərindən biri kimi burada həm yeni inşa edilən, həm də əvvəllər mövcud olmuş obyektlərin hazırkı təyinatı ictimai maraq doğurur.

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarətmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsində bildirirlər ki, ilkin inventarlaşmaya görə, Xankəndidə 2098 obyekt var. Hazırda onların 15%-dən çoxu - 367 obyekt fəaliyyət göstərir.
Şəhərdə 81-i kafe və restoran, 4-ü dönər evi, 22, mehmanxana, 72 mağaza, 6 aptek, 23 bərbərxana və gözəllik salonu, 3 dərzi atelyesi, 2 mobil operator, 3 oyun salonu, 2 camaşırxana, 22 istehsalat sahəsi, 4 çörək istehsal sahəsi, 12 avtoservis, 6 avtoyuma, 1 YDM, 4 avtoehtiyat hissələri mağazası, 3 yükdaşıma məntəqəsi, 33 ofis, 64 digər xidmət müəssisələri fəaliyyət göstərir.
Qarabağda investisiya cəlbediciliyini artırmaq və sahibkarlıq mühitini yaxşılaşdırmaq üçün tətbiq edilən optimal vergi güzəştləri və stimullaşdırıcı mexanizmlər digər şəhər və rayonlarda da iqtisadi həyatın canlandırılmasına öz təsirini göstərir. Bu ərazilərə tez-tez səfər edən Milli Məclisin üzvü Tahir Mirkişili vəziyyəti şərh edir:
“Hazırda təkcə iki müəssisədə - Ağdam Sənaye Parkı və “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 50-dən çox rezident və 7-dən çox qeyri-rezident sahibkar fəaliyyət göstərir, minə yaxın insan çalışır. Ötən müddət ərzində burada təxminən 500 milyon manat dəyərində məhsul istehsal və ixrac olunub. Bunlar sübut edir ki, Azərbaycan dövləti bu ərazilərin gələcəkdə ölkənin ümumi iqtisadi sisteminə inteqrasiyası üçün addımlar atır”.
Qayıdışa nə mane olur?
“Böyük Qayıdış” dövlət proqramının icrasına başlamazdan əvvəl Qarabağdan qovulmuş sakinlər arasında sorğu keçirilib və respondentlərin 85 faizdən çoxu geri qayıtmaq arzusunda olduğunu bildirib. Bu arzusunu təkcə oradakı həyatlarını, evlərini necə tərk etdiklərini xatırlayanlar deyil, həm də gənc nəsil, yəni o zaman zorakılığa məruz qalanların övladları, nəvələri də ifadə ediblər.
Azərbaycan Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov vurğulayıb ki, müharibə qurtarandan sonra geri qayıdan keçmiş məcburi köçkünlərin sayı 5 min nəfər təşkil edir, 2026-cı ilin sonuna isə bu rəqəmi dəfələrlə artırmaq planlaşdırılır. Bəs statistikaya görə sayı 750 minə çatan, əksəriyyəti yurduna dönməyə hazır olduğunu deyənlərin böyük qismi niyə bu proqramdan yararlana bilmirlər?
E.Əmirbəyov bildirir ki, Ermənistanın Qarabağı işğalı illərində regionda yerləşdirilən mina və törədilən dağıntılar keçmiş məcburi köçkünlərin azad olunmuş ərazilərə qayıdışı proqramının tam şəkildə həyata keçirilməsinə maneə yaradır.
“Təxminən 10 min kvadrat kilometr ərazi həm piyada, həm də tank əleyhinə minalarla çirkləndirilib, üstəlik partlamamış mərmilər də nəzərə alınmalıdır. Aydındır ki, insanları ora köçürməzdən əvvəl bu ərazi minalardan təmizlənməli idi. Sonra əsas infrastruktur yaradılmalı idi - evlər, xəstəxanalar, məktəblər və s. İnfrastruktur artıq yaradıldığı üçün məcburi köçkünlərin öz evlərinə qayıtma sürəti, əlbəttə ki, artacaq - 2026-cı ilin sonuna isə bu rəqəmin 140 min nəfərə çatdırılması planlaşdırılır".