Logo
news content
User
Kateqoriyalar

Analitika

Qarabağ bitdi, prioritet Azərbaycandır
Dövlət ölkədəki çoxsaylı problemlərin həllinə diqqət ayıracaqmı?

30 ildən artıq davam etmiş, Azərbaycana on milyardlarla dollar zərər vurmuş, ölkənin iqtisadi, siyasi inkişafdan geri salmış Qarabağ müharibəsi bitdi. Separatçı rejim, onun qanunsuz silahlı dəstələri ləğv edildi, bölgədə genişmiqyaslı demilitarizasiya prosesi davam edir. Erməni əhalinin Qarabağdan könüllü kütləvi köçü də Azərbaycanın işini asanlaşdırdı, hazırda dövlət strukturları 30 ildən bəri yığılıb qalmış problemi həll etməyə, dövlət məsələlərini sahmana salmağa çalışır. 

Münaqişənin Azərbaycanın dövlət suverenliyinin tam şəkildə bərpası ilə yekunlaşması, Ermənistanın, Rusiyanın, dünyanın reallıqları qəbul etməsi müstəsna uğurdur. Bu qalibiyyət bütün parametrlər görə Qafqazın ən böyük, güclü ölkəsinin qarşısında yeni imkanlar açır. 

Hökumətin prioritetləri nədən ibarətdir? Onun ardıcıllığını yalnız ayrı-ayrı zamanlarda verilmiş rəsmi bəyanatlardan öyrənmək olur. Eləcə də büdcə xərcləmələrinə, ölkə başçısının qrafikinə baxdıqda ilk yerdə işğaldan azad edilmiş ərazilərin bərpasının - infrastrukturun qurulması, daha sonra əhalinin məskunlaşdırılması üçün yaşayış massivlərinin tikilməsi, paralel olaraq, bölgənin sərvətlərindən istifadə məsələsi birinci üçlükdə dayanır. 

Orduda islahatların davam etdirilməsi, Silahlı Qüvvələrin azad olunmuş bölgələrdə dislokasiyası, ərazilərin minalardan təmizlənməsi, mühafizənin təşkili və s. məsələlər də əsas prioritetlər sırasına daxildir. 

Hökumət yaxın, orta və uzunmüddətli perspektivlə bağlı strategiyasını cəmiyyətə açıqlamalı və onun ətrafında geniş ictimai diskussiyalar aparılmalıdır. Cəmiyyətin prosesdə iştirakı təmin olunmalıdır. Hələlik nə Nazirlər Kabineti, nə də Milli Məclis bu istiqamətdə müzakirələr aparmayıb. Ayrı-ayrı dövlət qurumları dövlət başçısının qoyduğu tapşırıqları yerinə yetirməklə işlərini bitmiş sayırlar.

Rəsmi məlumatlara görə, bu günə qədər işğaldan azad edilmiş bölgələrin bərpasına 7 milyard dollardan artıq vəsait xərclənib. Kifayət qədər irihəcmli xərcləmələr təxminən 3 il ərzində aparılıb, amma təəssüf ki, bu müddət ərzində prosesin şəffaflığı təmin olunmayıb. Bu məsələyə parlament nəzarəti yoxdur, Hesablama Palatasının xərcləri audit edib-etməməsi məlum deyil (hər halda, açıqlanmayıb). Maliyyə Nazirliyi də eyni qaydada milyardlarla dolların xərclənməsinə nəzarətin hansı şəkildə təmin olunması barədə ictimaiyyətə hesabat verməyib. Tenderlər necə keçirilib, hansı şirkətlər qalib gəlib, xarici şirkətlər hansı layihələri həyata keçirir, cəlb olunan investisiyalar necə istifadə olunur və s. suallar cavabsızdır. 

Paralel olaraq, əhlinin, biznesin bərpa-quruculuq işlərinə verdiyi ianələrlə bağlı şəffaflıq yoxdur. Ötən həftə ianələrin toplandığı Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev AzTV-də yayımlanan “Əsas məsələ” verilişində bildirib ki, Fonda 1.5 milyard manata yaxın vəsait toplanıb. “Artıq bu vəsaitlərin bir qismini Qarabağda həyata keçirilən layihələrə əvəzsiz yardım kimi ayırırıq. Digər hissəsini isə təhlükəsiz investisiya alətlərində yerləşdiririk. Biz 2027-ci ilə qədər bu ianələrdən əlavə 200 milyon manata yaxın mənfəət qazanacağıq ki, bu vəsaitlər də digər layihələrə əvəzsiz şəkildə ötürüləcək”, - R.Hacıyev vurğulayıb.

Sözügedən Fondun saytında ianələrin hansı şirkətlər, şəxslər tərəfindən köçürüldüyü, həmçinin hansı layihələrə, hansı həcmdə əvəzsiz maliyyə verildiyi, habelə sahibkarların ödədiyi pulların hansı investisiya fonduna, hansı şərtlərlə yatırıldığına dair informasiya verilmir. Bu, ciddi qanun pozuntusu olmaqla yanaşı, həmin vəsaiti köçürən iş adamlarına, vətəndaşlara qarşı sayğısızlıqdır.

Hökumətin Qarabağın bərpasında əsas prioritetlərindən biri şəffaflığın və hesabatlılığın təmin olunması olmalıdır. Məlumdur ki, işğaldan azad edilmiş bölgələr ancaq büdcə hesabına bərpa edilir, xarici investisiyalar yox dərəcəsindədir. Deməli, xərclənən hər manat vergi ödəyicilərinin cibindən çıxır, yaxud neft sərvətlərindən əldə olunan ictimai gəlirlər hesabına ödənilir. Müstəqil ekspertlərin sosial mediada yaydığı sənədlərdə xərclərin şişirdildiyi haqda təəssürat yaradır.  

Bu sıraya vətəndaşların, biznesin, istehsalçı şirkətlərin Qarabağdakı quruculuq layihələrinə cəlb olunmasındakı problemləri də əlavə etmək olar. Hazırda ölkənin ən böyük maliyyə, əmək tutumlu işləri sözügedən bölgədə həyata keçirilir. Yerli iş adamları, sadə vətəndaşlar ondan nə qədər faydalana bilirlər? Bu layihələr ölkədə işsizliyin, sosial problemlərin həllinə, habelə ciddi problemlə içində üzən istehsalçı şirkətlərə, idxalçılara nə qədər səmərə verir? Yüksək çinli məmurlara bağlı olmayan şəxslər bu layihələr iştirak edə bilirlərmi? Yoxsa, Qarabağdakı işlərdə sadə vətəndaşlar üçün adi fəhləlikdən o tərəfə bir iş yoxdur?! 

İşğaldan azad edilmiş bölgələrin yenidən qurulması ilə bərabər, ölkənin qalan hissəsində həllini gözləyən çoxsaylı problemlər var. Onların başında sosial ədalətsizlik, işsizlik, qanunun aliliyinin təmin olunmaması dayanır. Məhkəmə-hüquq sistemində, yerli idarəçilikdə, biznes mühitində ciddi problemlər var. Məsələn, iş adamlarının bəzi hüquq-mühafizə orqanlarına aparılaraq, onlardan külli miqdarda haqq alınması ağlasığmazdır, amma həqiqətdir...   

Mövcud sosial siyasət hər il daha az vətəndaşı əhatə etməyi hədəfləyir, bu istiqamətdə büdcə xərcləmələrini azaltmağa hesablanıb. Pensiya yaş həddi, vətəndaşların ona əlçatımlığının çox aşağı olması, sosial müavinətlərin, əlillik dərəcələrinin verilməsində ağlasığmaz bürokratiya, süründürməçilik insanları məyus edir. Ehtiyac meyarı, pensiya və minimum maaş ərzaq, dərman qiymətlərilə tərs mütənasibdir. 

Aztəminatlı vətəndaşlar üçün normal səhiyyə xidməti əlçatmazdır, icbari tibbi sığorta pis vəziyyətdədir, dərman bazarı monopolist şirkətlərin əlindədir.   

Əhalinin 47 faizinin çalışdığı aqrar sektor cəmi 800 milyon dollarlıq ixraca malikdir, bu göstərici ilə Azərbaycan özündən kiçik, zəif region ölkələri arasında sonuncu yerdə dayanır. Ölkədə torpaq sahələri vətəndaşların əlindən çıxır və inhisarçı şirkətlərin, böyük kapital sahiblərinin əlində cəmləşir, torpaqsız, yoxsul vətəndaşlar onların plantasiyalarında, istixanalarında günü 10-12 manata qul əməyi ilə məşğul olur. 

Bölgələrin dövlətin və xarici maliyyə qurumlarının böyük sərmayələrinə ehtiyacı var. Dövlət monopolistlərin deyil, sadə vətəndaşların, kiçik və orta sahibkarlığın yanında dayanmalıdır. Aqrar sektor ölkə əhalisinin istehlakını təmin etmək iqtidarında olmalıdır. Təhsilin, elmin, mədəniyyətin çoxsaylı problemlərini qeyd etməklə bu siyahını daha da uzatmaq olar... 

Şübhəsiz ki, vətəndaş cəmiyyətini, dövləti gücləndirən ən vacib məsələ ölkədə dərin siyasi, iqtisadi islahatların həyata keçirilməsi, idarəetmənin təkmilləşdirilməsi ilə bağlıdır. Bu islahatlar ilk növbədə Qarabağ müharibəsindəki qalibiyyətdən ruhlanan azərbaycanlıların gerçək vətəndaş hüquqlarının təmin olunmasında açar rol oynayır. 

Turqut