Logo
news content
User
Kateqoriyalar

Analitika

“Qara siyahı”: Qonşular üzü yuxarı, Azərbaycan yerində sayır
Qubad İbadoğlu: “Bu açıqlama göstərdi ki, Azərbaycan düz yolda deyil”

Beynəlxalq Şəffaflıq təşkilatı (Transparency International – TI) yanvarın 25-də Korrupsiyanı Qavrama İndeksini (KQİ) açıqlayıb.

İndeks 180 ölkəni və ərazini dövlət sektorunda korrupsiyaya görə sıralayır. Bu zaman Dünya Bankı, Dünya İqtisadi Forumu, konsaltinq şirkətləri və təhlil mərkəzləri kimi 13 xarici mənbənin datası əsas götürülüb. 0-100 ballıq şkala üzrə ən aşağı bal yığan ölkədə korrupsiyanın daha çox olduğu bildirilir.

Dünya üzrə ortalama indeks artıq 10-cu ildir 43 olaraq qalır, ölkələrin üçdə ikisinin balı 50-dən aşağıdır. TI mülki hüquqlarının daha çox pozulduğu ölkələrin indeksdəki göstəricisinin də az olduğunu bildirir.

Somali (13), Suriya (13) və Cənubi Sudan (11) indeksin dibində yer alıblar. Danimarka (88), Finlandiya (88) və Yeni Zelandiya (88) öndə gedirlər. Onlardan sonra Sinqapur, yeddi Qərbi və Şimali Avropa ölkələri gəlir. Türkmənistan (19), Tacikistan (25) və Qırğızıstan (27) Şərqi Avropa və Orta Asiyada ən aşağı yerləri tutublar. Bu region üzrə ümumi göstərici 36-dır və “çox aşağı” hesab olunur.

Gürcüstan (55), Ermənistan (49) və Monteneqro (46) regionda qlobal orta göstəricidən yuxarı bal toplayan ölkələrdir.

Hesabatda son 10 ildə beş ölkənin mövqeyini yaxşılaşdırdığı vurğulanır. Bunlar Ermənistan (49), Belarus (41), Moldova (36), Ukrayna (32) və Özbəkistandır (28).

Azərbaycanın Korrupsiyanı Qavrama İndeksi 30-dur və bu, aşağı göstərici sayılır. Hesabatda hökumətin “fərqli düşünənlərə, azad mediaya divan tutduğu” vurğulanır.

TI bildirir ki, Azərbaycan 2012-ci ildən bəri KQİ-nin dibindəki üçüncü hissədə yer alır, balı 25-30 arasında dəyişir. 

Prezident İlham Əliyev çıxışlarında dəfələrlə məmurları tənqid edib, bir sıra rayonların icra başçıları, dövlət məmurları rüşvətxorluq, dövlət vəsaitini mənimsəmə ittihamları ilə həbs olunub. Amma onların əksəriyyətinə sonradan yüngül cəzalar kəsilir, mənimsədikləri bildirilən dövlət vəsaitini ödəyirlər. Bütün bunlar ölkədə korrupsiya ilə mübarizənin görüntü xarakteri daşıması haqda fikirlərə yol açır.

Rusiya indeksdə 29, İran 25 bal yığıb. TI Rusiyada korrupsiya və insan haqları pozuntularının ölkə boyunca norma olduğunu qeyd edir.

41 bal yığmış Belarusun avtoritar lideri Aleksandr Lukaşenko 2020-ci il qalmaqallı prezident seçkisinin nəticələrinə etiraz edənlərə zorakı divan tutub, azad sözü, dinc toplaşma azadlığını məhdudlaşdırıb. Bu ölkənin korrupsiya indeksi bir il öncəylə müqayisədə 6 bal azalıb.

TI hökumətləri antikorrupsiya və insan haqları öhdəliklərinə əməl etməyə, dünya əhalisini isə dəyişiklik tələbilə birləşməyə çağırır.

Qərbi Avropa regionunda 26 ölkə son on ildə korrupsiya ilə mübarizədə ya geriləyib, ya da çox az irəliləyiş əldə edib. Avropa İttifaqının 27 üzvü bu regiona daxildir. Macarıstan 43 bal yığıb. Aİ-nin digər üzvləri Rumıniya (45) və Bolqarıstan (42) regionda ən pis göstəriciləri olan ölkələrdir.

ADR Partiyasının sədri, iqtisadçı Qubad İbadoğlu hesabatı old.old.pressklub.az-a şərh edərkən bildirib ki, Beynəlxalq Şəffaflıq Təşkilatının hesabatında Azərbaycanın əvvəlki ildə olduğu kimi 100 mümkün baldan 30 bal toplayaraq mövqeyini yaxşılaşdıra bilməməsi ölkədə korrupsiya mübarizə adı ilə aparılan cəzalandırma və təqib tədbirlərinin effektsiz olduğunu təsdiq edir. “Bu açıqlama göstərdi ki, qonşularından fərqli olaraq, Azərbaycan düz yolda deyil, nə müstəqil məhkəmə, nə şəffaflıq və hesabatlı hökumət, nə də açıq cəmiyyətin formalaşdırılması istiqamətində heç bir irəliləyiş əldə etməyib”, - o vurğulayıb.

Q.İbadoğlunun sözlərinə görə, əslində, korrupsiya ilə mübarizənin formulu çox sadədir: mükəmməl qanunverici baza, müstəqil məhkəmə, açıq hökumət, gəlirlərini və əmlakını bəyan edən dövlət qulluqçusu və azad vətəndaş cəmiyyəti.

“Təəssüf ki, nə Azərbaycanda hakimiyyətin bölgüsü yoxdur, icra hakimiyyəti bütün hakimiyyətlərə nəzarət edir, onlara nəzarət edəcək demokratik təsisatlar da sıradan çıxarılıb. Belə olanda da korrupsiya ilə mübarizənin nəticələrindən danışmağa dəymir”, - iqtisadçı qeyd edib.

Turqut