Logo
news content
User
Kateqoriyalar

Analitika

“Qara qızıl”dan qara xəbərlər
Neftin sürətli ucuzlaşması Azərbaycana nə vəd edir?

Dünya bazarlarında neftin qiyməti ucuzlaşır. “Brent” markalı neft bir neçə ay əvvəl birjalarda 84-85 dollara ticarət edilirdisə, hazırda bu rəqəm 71 dollar ətrafındadır.

Azərbaycanın hasil etdiyi "Azeri Light" (CIF) markalı neftin də dəyəri aşağı düşüb. Son məlumatlara görə, neftimizin 1 barelə olan qiyməti 0,74 ABŞ dolları və ya 0,97% azalaraq 75,9 ABŞ dollarına bərabər olub.

Azərbaycan büdcəsinin əsas gəlir mənbəyi olan neft hasilatının ilbəil azalması fonunda qiymətlərin aşağı düşməsi Bakıda məyusluq doğurur. Qeyd edək ki, 2010-2011-ci illərdə 50-51 milyon ton hasil edən Azərbaycanın neft sənayesinin hasilatı hazırda 30 milyon tondan aşağı düşüb. 

Bu ilin yanvar-iyul aylarında ölkədə təxminən 16,9 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Ötən ilin yanvar-iyul ayları ilə müqayisədə Azərbaycanda maye karbohidrogen hasilatı təqribən 800 min ton və ya 4,52% azalıb.

Energetika Nazirliyinin məlumatına əsasən, çıxarılan neftin 9,7 milyon tonu “Azəri-Çıraq-Günəşli” yataqlarının (2023-cü ilin 7 ayında 10,6 milyon ton), 2,5 milyon tonu (kondensat) “Şahdəniz” yatağının (2,6 milyon ton), 300 min tonu (kondensat) “Abşeron” yatağının (40,4 min ton) payına düşüb. Dövlət Neft Şirkəti (SOCAR) üzrə neft (kondensatla birlikdə) hasilatı 4,4 milyon ton (4,5 milyon ton) təşkil edib.

Hesabat dövründə təxminən 14,1 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub (14,9 milyon ton). Bunun 12,2 milyon tonu konsorsiumun (13,2 milyon ton), 1,9 milyon tonu (1,7 milyon ton) isə SOCAR-ın payına düşür. 7 ay ərzində ölkədə neftin emalı 3,7 milyon ton (3,7 milyon ton) təşkil edib.

2024-cü ilin iyul ayında gündəlik neft (kondensatla birlikdə) hasilatı 80 589 ton olub. Bunun 65 681 tonunu xam neft, 14 908 tonunu kondensat təşkil edib.

Neftin ucuzlaşmasının əsas səbəbi nədir, bu tendensiyanın nə qədər davam edə bilər və nəhayət onun Azərbaycanın gəlirlərinə təsirləri nədən ibarət ola bilər?

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Pressklub.az-a şərhində bildirib ki London birjasında cari qiymətlərə baxıb: “Deməli, “Brent” markalı neftin oktyabr ayının fyuçersləri 71.15 dollar ətrafında ticarət edilir. Noyabr ayı üçün qiymət 70.90 dollar, dekabr ayı üçünsə 70.60, 7.55 aralığında dəyişir. Qiymətlər azalmağa doğru getsə də, böyük bir azalmadan söhbət getmir”. 

Ekspert bildirir ki, hazırda “Brent” markalı neftin qiyməti 2023-cü ilin mart ayına olan qiymətlərə uyğundur. Azalmanın səbəblərinə gəlincə, İ.Şaban qeyd etdi ki, ucuzlaşmaya iqtisadi və hərbi-siyasi amillər təsir edib:

Birincisi, Çin iqtisadiyyatının proqnoz ediləndən daha aşağı səviyyəli nəticələr göstərməsi və neft idxalını azaltmasıdır. Bu, bazar iştirakçılarını durxdrudu;

İkincisi, Avropa İttifaqının lokomotivi olan Almaniyanın ikinci rübün iqtisadi nəticələrini açıqlamasıdır. Məlum oldu ki, iqtisadi artım tempi 0.1 faiz aşağı düşüb. Birinci rübdə 0.2 faiz artım qeydə alınmışdı, ikinci rübdə artıq 0.1 faiz geriləmə var. Təbii ki, iqtisadi artım zəifləyirsə, enerjiyə tələbat da azalır;

Üçüncü amil isə Liviyada general Haftar və rəqibləri arasında qarşıdurma nəticəsində dayanmış neft hasilatının siyasi razılaşma əsasında yenidən bərpa olunmasıdır. Xəbərlər gəlir ki, Tripoli limanlarından tankerlər neftlə doldurulmağa başlanıb. Bu da bazar iştirakçılarını ruhlandırdı ki, təlatümlər gözlənilmir. Öz növbəsində bu da neftin dünya bazarındakı qiymətini aşağı çəkir”.

Neftin qiymətinin ucuzlaşmasıının Azərbaycanın gəlirlərinə təsirlərinə gəlincə, ekspert deyir ki, ilin sonuna qədər ölkə büdcəsinin hansısa neqativ təsirlərlərlə üzləşəcəyi gözlənilmir:

Çünki ilin birinci yarısını 85 dollarla başa vurduq. İyun ayında Milli Məclis neftin büdcə üçün orta ixrac qiymətini dəyişərək 75 dollardan götürüb. İlin ikinci yarısında birjalarda qiymət ortalama 65 dollar olsa belə, Azərbaycan 75 dollarla başa vura biləcək. Nəticədə büdcə qarşısındakı öhdəliklərin yerinə yetirilməsi mümkün olacaq. Amma gələn il üçün necə olacaq, bu başqa məsələdir. İndidən qiymətin aşağı düşəcəyi ilə bağlı proqnozlar verilir. Bunlar əlbəttə, ilkin proqnozlardır, amma 2-3 dollar azalma gözlənilir. Amma reallıq necə olacaq, bunu zaman göstərəcək. Azərbaycanın neft hasilatı azalır, ona görə də işləmək lazımdır”. 

Neft-qaz sektoru üzrə ekspert Dalğa Xatınoğlu da Pressklub.az-a şərhində dünya birjalarında neftin 71 dollara düşməsinin Çinin neft istehlakındakı artımla bağlı gözləntilərin özünü doğrultmaması ilə əlaqələndirib. “Ümumiyyətlə dünya iqtisadiyyatında artım templəri yavaşıyıb. Hətta Almaniya iqtisadiyyatında ilin ikinci yarısında iqtisadi artım gözləniləndən az olub və 0.1 faiz geriləmə qeydə alınıb”, - o, əlavə edib. 

D.Xatınoğlu digər amilləri belə sıralayıb:

Daha bir amil: neft istehsalçısı olan Liviyada düşmən olan cinahlar bir-birlərinə girmişdilər və nəticədə ixrac dayanmışdı. Amma ötən günlərdə razılığa gəldilər və hasil oluna nefti yavaş-yavaş bazara buraxırlar. Qeyd edim ki, Liviya günlük bazara 1.5 milyon barrel neft çıxarır ki, bu da yüksək göstəricidir. Bu səbəblərdən dünyada neft bolluğu yaranıb”.

Ekspert xatırladır ki, OPEK+ ölkələri gələn aydan neft hasilatını gündəlik 180 min barrel artırmağı planlaşdırıdı. “Bu barədə müzakirələr gedirdi, amma hasilat artımını təxirə saldılar. Gözləmək olar ki, payızın ortalarından, qış mövsümünə keçid dövründə neftin qiyməti yenidən 80 dollara yüksələ bilər”, - o əlavə edib. 

D.Xatınoğlu xatırladır ki, bu ilin iyun ayında Azərbaycanın büdcəsində neftin qiymətinə dəyişikliklər edildi və 75 dollardan götürüldü. “İlin birinci yarısında Azərbaycan ortalama 85 dollardan neft satıb. İlin ikinci yarısı bir neçə aydır başlayıb, ortalama neftimiz 82-83 dollardan satılıb. Bundan sonra ilin onuna qədər neft hətta 60 dollara düşsə belə, büdcədə defisit yaranmayacaq”, - ekspert vurğulayıb. 

Turqut