Logo
news content
User
Kateqoriyalar

Analitika

Qapı bağlandı: Rusiya və Qərb niyə eyni havanı çalır?
Azərbaycanın dövlət sərhədinə nəzarəti təmin etməsi hər iki tərəfin narazılığına səbəb olub

Əvvəlcə Ermənistanın, daha sonra Azərbaycanın dövlət sərhədində nəzarət-buraxılış məntəqəsi yaratmasına qarşı Rusiya və Qərb sərt mövqe sərgiləyib. Hər iki tərəf Laçın yolunda 10 noyabr üçtərəfli bəyanatında nəzərdə tutulmuş fəaliyyət rejiminin pozulduğunu bildirir. Rusiya XİN hər iki tərəfi əvvəlki rejimə qayıtmağa çağırır, ABŞ və Fransa isə yalnız Azərbaycanı birtərəfli addımlardan (?) çəkinməyə, Beynəlxalq ədalət Məhkəməsinin qərarını yerinə yetirməyə, Qarabağla Ermənistan arasında maneəsiz əlaqəni təmin etməyə çağırıb. 

Beləliklə, Bakı üçün bir qədər mürəkkəb vəziyyət yaranıb, bundan sonra proseslər necə cərəyan edə bilər, sahədə vəziyyət gərginləşə bilərmi? Suallara cavab axtarmazdan əvvəl maraqlı tərəflərin bəyanatlarına diqqət etmək lazım gəlir.

Dünən Ermənistan XİN bəyanat yayaraq, Rusiya sülhməramlılarını Laçın dəhlizində sərbəst fəaliyyəti təmin etməyə çağırıb. Bəyanatda qeyd olunur ki, bir sıra erməni kəndlərinin Xankəndi ilə əlaqəsi kəsilib, bu vəziyyət Rusiya komandanlığını narahat etməlidir.

Ermənistandan parlamentin spikeri Alen Simonyan isə bu gün bildirib ki, Rusiya Laçın dəhlizində təhlükəsiz hərəkətlə bağlı üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməlidir. Simonyan eləcə də beynəlxalq təhlükəsizlik mandatı ilə təchiz edilmiş BMT-yə üzv dövlətlərdən Beynəlxalq Ədalət Məhkəməsinin qərarını icra etməyə çağırıb. 

Dünəndən səssizliyini qoruyan Rusiya Xarici İşlər Nazirliyinin mövqeyi İrəvanla üst-üstə düşür. “Rusiya, Ermənistan və Azərbaycan liderlərinin imzaladığı üçtərəfli bəyanatın əsas müddəalarını pozan hər hansı birtərəfli addımlar qəbuledilməzdir. Söhbət Laçın dəhlizinin fəaliyyət rejiminin razılaşdırılmadan dəyişdirilməsindən və ya ondan başqa məqsədlər üçün istifadə cəhdlərindən gedir”, - açıqlamada deyilir. 

"Rusiya sülhməramlı kontingentinin (RMK) Dağlıq Qarabağdakı məsuliyyət zonasında, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində, eləcə də rəsmi Bakı ilə İrəvan arasında dialoqda yaranmış vəziyyətdən ciddi narahatlığımızı bildiririk. Atəşkəs rejiminin pozulması hallarının və müxtəlif insidentlərin sayının artması, nəticədə hər iki tərəfdən mütəmadi olaraq itkilərin olması son dərəcə narahatlıqla qeyd edirik. Azərbaycan və Ermənistan cəmiyyətində ittihamedici və aqressiv ritorikanın artmasını az təhlükəli olmayan faktor kimi nəzərə alırıq”, - sənəddə deyilir.

Rusiya Xarici İşlər Nazirliyi Azərbaycan və Ermənistan tərəflərinə mövcud razılaşmalara qayıtmağa çağırıb: 

“Hesab edirik ki, yaranmış problemlərin bir çoxu aylarla davam edən fəaliyyətsizliyin - Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında üçtərəfli razılaşmaların əsas istiqamətləri üzrə danışıqlar prosesində irəliləyişin olmaması, o cümlədən regionda nəqliyyat dəhlizlərinin, Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası prosesinin başlanmaması və sülh müqaviləsinin parametrlərinin uyğunlaşdırılmamasının nəticəsidir. Ümid edirik ki, Bakı və İrəvan siyasi iradə nümayiş etdirəcək və yaxın gələcəkdə mənfi tendensiyaların davam etməsinin qarşısını ala biləcəklər”, - bəyanatda deyilir.

Rusiya XİN həmçinin Azərbaycan və Ermənistana həm siyasi müstəvidə, həm də “yerdə” – sülhməramlı komandanlığının iştirakı ilə bütün lazımi yardımı göstərməyə hazır olduğunu vurğulayıb.

Sənəddə daha sonra qeyd olunur: “Biz həmçinin Qərb oyunçularını və öz fürsətçi gündəmləri üzərində işləyən yerli rusofob elementləri vəziyyəti qızışdırmaq cəhdlərinə, o cümlədən Rusiyaya qarşı qarayaxma kampaniyasını dayandırmaq barədə xəbərdarlıq edirik”.

ABŞ Dövlət Departamentinin (DD) bəyanatı da məzmunca Rusiya XİN-in mövqeyindən fərqlənmir.

“ABŞ Azərbaycanın Laçın dəhlizində nəzarət-buraxılış məntəqəsi yaratmasının sülh prosesinə etimadın yaradılması səylərini sarsıtmasından dərin narahatdır”, -deyə bəyanatında deyilir.

“Biz bir daha bildiririk ki, Laçın dəhlizində insanların sərbəst və açıq gediş-gəlişi və ticarət olmalıdır və tərəfləri sülh danışıqlarını bərpa etməyə, sərhəd boyu təxribatlardan və düşmənçilik hərəkətlərindən çəkinməyə çağırırıq”, - sənəddə bildirilir.

ABŞ-ın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Kristina Kuinn də bildirib ki, Azərbaycanın sərhəddə nəzarət-buraxılış məntəqəsi qurması sülh prosesini pozur. “Biz tərəflər arasında danışıqların aparılmasını istəyirik və sülh prosesini dəstəkləməyə hazırıq. Biz irəliləməyə çalışırıq, sülh prosesini irəli aparmaq üçün səy göstərməyə çalışırıq”, - Kuinn əlavə edib.

Konqresmen Adam Şiff isə sabah ABŞ Konqresinə Dağlıq Qarabağın müstəqilliyinin və suverenliyinin tanınması ilə bağlı qanun layihəsi təqdim edəcək. Xatırladaq ki, Şiff ABŞ Konqresinin Ermənistan üzrə qrupunun sədr müavinidir, o Ermənistanın ardıcıl müdafiəçisi kimi çıxış edir. 

Fransa da Azərbaycana qarşı eyni məzmunlu bəyanatla çıxış edib. XİN-in yaydığı bəyanatda bildirilir:

“Fransa Azərbaycanın Laçın dəhlizinin girişində nəzarət-buraxılış məntəqəsi yaratmasından təəssüflənir ki, bu da atəşkəs bəyannaməsi ilə bağlı üzərinə götürdüyü öhdəliklərə ziddir və danışıqlar prosesinə ziyan vurur”

Fransa Xarici İşlər Nazirliyi bir daha Laçın dəhlizi ilə hər iki istiqamətdə insanların və yüklərin sərbəst gediş-gəlişini bərpa etməyə, əhalinin qaz və elektrik enerjisi ilə fasiləsiz təchizatını təmin etməyə çağırıb.

Azərbaycan Xarici İşlər Nazirliyi ABŞ və Rusiyanın bəyanatlarını cavabsız qoysa da Fransaya dərhal etiraz edib. “Azərbaycan tərəfindən öz suveren ərazisində sərhəddə nəzarət-buraxılış məntəqəsi təsis etməsi ölkəmizin suveren və legitim hüququdur. Guya bu addımın üçtərəfli bəyanata, hər hansı bir beynəlxalq sənədə və ya məhkəmə qərarına zidd olduğu iddiasının heç bir əsası yoxdur. Azərbaycan hər zaman olduğu kimi, öz öhdəlikləri çərçivəsində Laçın-Xankəndi yolunda hərəkət edən vətəndaşların, nəqliyyat vasitələri və yüklərin təhlükəsizliyinə zəmanət verir və bu istiqamətdə müvafiq tədbirləri davam etdirəcək. Azərbaycanın bölgədə sülh, sabitlik və inkişafı təmin etmək, ərazi bütövlüyü və suverenlik kimi beynəlxalq hüquq prinsiplərinə hörmət əsasında Ermənistanla münasibətləri normallaşdırmaq səyləri qarşılığında, Fransa tərəfi bu kimi birtərəfli mövqe sərgiləməklə, prosesə maneçilik cəhdlərinə şərait yaratmamalıdır”, - XİN rəsmisi Ayxan Hacızadə bildirib.

Qeyd edək ki, münaqişə ilə bilavasitə məşğul olan Avropa İttifaqı hələ ki, mövqe açıqlamayıb. Ermənistanın Baş naziri Nikol Paşinyan da bu barədə susmaqda davam edir. Beləliklə, diplomatik ritorika kifayət qədər sərtdir, amma bu “yerdəki” vəziyyətə necə təsir edəcək, bunu gözləmək lazım gələcək.

Məsələn, Azərbaycan sərhəd-nəzarət məntəqəsində Rusiya sülhməramlıları ilə birgə əməkdaşlıq təklif edib. Bu təklifə Moskvanın münasibəti bəlli deyil, yalnız qeyd olunur ki, Bakının qərarı onunla razılaşdırılmayıb və əvvəlki status-kvo təmin olunmalıdır. 

Qərbin bəyanatları sülh prosesinin dayandırılacağını deməyə əsas verirmi? Bu, ağlabatan deyil, Vaşinqton və Brüssel heç bir halda meydanı boş qoyub, Rusiyanın təşəbbüsü ələ almasına imkan verməyəcək. Azərbaycana qarşı real təzyiqlər mümkündürmü? ABŞ Konqresində ermənipərəst konqresmenlərin Dağlıq Qarabağın müstəqilliyinin tanınması ilə bağlı qətnamə layihəsi irəli sürməsi təzyiq elementidir. Amma bu təşəbbüsün uğur qazanacağı, uğur qazansa belə Ağ evin onu dəstəkləməsi sual altındadır. 

Avropa İttifaqının təmkinli yanaşması sülh danışıqlarının davam etdirilməsinə heç bir maneənin olmayacağını göstərir.

Burada maraqlı məsələlərdən biri Ermənistanın ilk addımı atmasına baxmayaraq, tənqid hədəfindən kənarda qalmasıdır. ABŞ, Fransa Azərbaycanı tənqid edərkən Rusiyanın diktəsi ilə imzalanan 10 noyabr bəyanatının pozulmasına istinad ediblər. O da maraqlıdır ki, Qarabağda ağır silahlarla silahlanmış 18 minlik erməni ordusunun varlığı, bu hərbi birləşmənin bilavasitə Rusiyanın nəzarətində olması Qərbi narahat eləmir. Rusiya məhz Laçın yolu vasitəsi ilə bu hərbi qüvvənin təminatın həyata keçirir. Yüklər də Ermənistandan deyil, birbaşa Rusiyadan gətirilir. Ermənistanın bu sayda qüvvəni bəsləməyə, silah-texnika təmin etməyə imkanı yoxdur.

Qərb Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmağa çalışırsa, Moskvanın regionda özünə bağlı separatçı anklav yaradıb, onu silahlandırmasına niyə dözümlü yanaşır? Azərbaycan bu bölgənin demilitarzasiyasına çalışır, amma bu, Qərbin xoşuna gəlmir. Yaxşı, bəs alternativ nədir? Danışıqlar, dialoq deyirlər. Qarabağda Kremlə bağlı separatçı rejim Azərbaycanın suverenliyi altında yaşamaqdan qəti şəkildə imtina edir, müstəqillik tələb edir. Qondarma qurumun rəhbərliyi Azərbaycana qarşı ağır cinayətlər törətmiş şəxslərdir, onlarla dialoq mümkün deyil. Ona görə də Qarabağın hərbsizləşdirilməsi, separatçıların bölgəni tərk etməsi danışıqlar üçün ilkin şərtdir. Qərb bölgədə gerçəkdən sülh istəyirsə, Azərbaycanın bu təşəbbüslərinə dəstək verməlidir, nəinki ona qarşı çıxmalı...

Əlbəttə, bundan sonra Azərbaycan diplomatik fəallığını artırmalıdır, beynəlxalq ictimaiyyətə inandırmağa çalışmalıdır ki, sərhədlər nəzarət Qarabağdakı erməni əhalinin təhlükəsizliyinə hər hansı təhdid yaratmır. Əksinə, Qarabağda Rusiyaya bağlı hərbi xuntanın ləğv olunması bölgədə sülhün açarıdır. 

Turqut