Logo
news content
User
Kateqoriyalar

Analitika

Qafqazda nə qədər yəhudi var və onlar təhlükədədirmi?
İsrailin onları evakuasiya etməsi ilə bağlı məlumatlar yayılır

Şimali Qafqazda oktyabrın 28-də silsilə antisemit aksiyalar başladı və sutka ərzində poqromlar çevrildi. Xasavyurt sakinləri iki hotelin qarşısında toplaşaraq, oradakı yəhudiləri (deyəsən, orada heç yəhudi yox idi) çıxarmağı tələb etdilər. Nalçikdə tikilməkdə olan yəhudi mədəniyyət mərkəzi yandırıldı. Mahaçqalada isə kütlə Tel Əvivdən təyyarə gələcək hava limanını ələ keçirdi. Qafqazda dağ yəhudiləri və ya “qafqazim” deyilən (korrekt olmayan “tat” adı da yayılıb) qrupun yerli icmaları çoxdan mövcuddur. “Meduza” Avro-Asiya yəhudi tədqiqatları institutundan etnoqraf Velvl Çernindən onlar haqqında, eləcə də Qafqaz antisemitizminin kökləri və poqromların nə ilə nəticələnə biləcəyi haqqında danışmağı xahiş edib.

Dağ yəhudilər kimlərdir və nə vaxt Qafqaza gəliblər?

 

İsraildə qafqazim, Rusiyada isə dağ yəhudiləri adlananlar yəhudi xalqının subetnik qrupudur. Onlar xüsusi yəhudi-tat dilində danışırlar ki, bu dil də İran qrupuna aiddir. Özləri bu dili “zok juuri”, yəni “yəhudi dili” adlandırırlar. 

 Dağ yəhudilərinə münasibətdə tez-tez “tat” sözünü işlədirlər. Sovet dövründə dağ yəhudilərinin yəhudi yox, İran əsilli tat xalqının iudaizmi qəbul edən hissəsi olduğu iddia olunurdu. Bu fikir dağ yəhudilərinin tat dilinin dialektində danışmasına əsaslanırdı. Dağ yəhudiləri kimi tatlar da Dağıstanın cənubunda və Azərbaycanda yaşayırlar. Amma birincisi, onların dili fərqlənir, ikincisi dağ yəhudiləri və tatlar heç bir ümumi özünüdərkə malik deyillər, özlərini eyni xalq hesab etmirlər. Bir zaman pasportda dağ yəhudilər çox vaxt tat, əsl tatlar isə azərbaycanlı yazılırdılar.

Dağ yəhudiləri İran yəhudiliyinin qoludur (Buxara yəhudiləri kimi), onlar həm də Şərqi Qafqaz yəhudiləri adlanırlar. Qərbi Qafqazda, Gürcüstanda da yəhudilər yaşayırdı, amma tamamilə fərqli, bunlarla əlaqəsi olmayan və gürcü dilində danışan. 

Dağ yəhudiləri [Xəzər sahilindən] qərbə doğru XIX əsrdə, ruslar regionu fəth edəndə yayıldılar. İcmalar yarandı, böyüyü Nalçikdə, daha kiçiyi – Qroznı, Mozdokda. Sonra Pyatiqorskda dağ yəhudilərinin iri icması peyda oldu. Onlar başqa ərazilərdən son onilliklərdə, artıq postsovet dövründə köçənlərdir. 

İndi nə qədər dağ yəhudiləri var və onlar harada yaşayırlar?

Dağ yəhudilərinin ümumi sayını müəyyənləşdirmək çətindir – İsrailə repatriasiya hələ XIX əsrin sonlarında başlayıb və onların törəmələri etnik spesifikliklərini itiriblər. Düşünürəm ki, təxminən 100-150 min olarlar. Əsas hissəsi İsraildədirlər, amma Rusiyada - əsasən Dağıstanda və bir qədər Kabarda-Balkarda, - eləcə də Azərbaycanda da yaşayırlar. Yəhudilərin əksəriyyətindən fərqli olaraq, dağlılar ənənəvi şəkildə kənd təsərrüfatı ilə məşğul olublar: Azərbaycan və Dağıstanda hətta yəhudi kolxozları vardı. 

Çeçenistanda da yəhudi icması vardı, amma hələ 90-cı illərdə son verildi. Birinci çeçen müharibəsi başlayanda “Soxnut” buradakı, demək olar, bütün yəhudiləri çıxardı. Əlbəttə, İslamın Çeçenistanda güclənməsi də yəhudilər məmnun etmirdi. 

Dağ yəhudilərinin İsrail hüdudlarından kənarda ən böyük icması ənənəvi olaraq Dərbənddə olub və indi də belədir. Şəhər Rusiya ərazisində dağ yəhudiləri mədəniyyətinin əsas mərkəzidir. Bir zaman buradakı yəhudilər yerli əhalinin, ola bilər, 30 faizini təşkil edirdilər, tabasaranlardan sonra ən çox idilər, ətrafda yəhudilərin yaşadığı aullar vardı. Dərbəndə indi də öz sinaqoqu olan yəhudi icması var. 

MDU-da oxuyanda “Kabarda-Balkar MSSR-da 50-70-ci illərdə etnodil prosesləri” adlı diplom işi yazırdım. Ekspedisiya zamanı Kabarda-Balkar universitetinin yataqxanasında qaldım. Dağ yəhudilərinin sinaqoquna gedirdim və ümumiyyətlə, orada çox vaxt keçirirdim, Nalçikdə öz rayonları vardı. Bir neçə min yəhudi kompakt halda yaşayırdı. Onların əksəriyyəti artıq gedib. Amma bir az – bildiyimə görə, min nəfərə qədər – hələ qalıb. Onlar öz dillərini və dini ənənələrini qoruyublar. Bundan əlavə, Azərbaycanın  şimalında, Qubanın yaxınlığında Qırmızı qəsəbə var. Bu, Dağıstan tərəfdə Rusiya sərhədindən çox da uzaqda deyil və indiyə qədər orada yalnız yəhudilər yaşayır. Keçən il orada olmuşam. İndi oraya Rusiyada səfərbərlikdən qaçan xeyli gənc dağ yəhudisi də gəlib. Burada hər şey qaydasındadır: yəhudi muzeyi, mişpat və bütün yəhudi adətləri var. 

Azərbaycanda yəhudilərin başqa həyatı var. Birincisi, oradakı dağ yəhudilərinin hamısı Azərbaycan dilində sərbəst danışır. İkincisi, aşkenazi yəhudilərdən fərqli, onlar Ermənistanla konfliktə həmişə Azərbaycanı dəstəkləyiblər. Bir sözlə, orada münasibətlər tam normaldır. Birinci Qarabağ savaşında həlak olan dağ yəhudisi Albert Aqarunov isə Azərbaycanın milli qəhrəmanıdır. 

Dağ yəhudiləri digərlərindən nə ilə fərqlənir?

Dağ yəhudiləri aşkenazilərdən kəskin fərqlənirlər. Bu ad – dağ yəhudiləri – elə aşkenazilərdən fərqləndirilmələri üçün düşünülüb, ikincilər xüsusi “yaşayış ərazisi”ndə yaşamalı idilər. 

Aşkenazi yəhudilər idiş dilində danışırlar, dağ yəhudiləri isə onu heç vaxt bilməyiblər. Dağ yəhudilərinin təhsil səviyyəsi xeyli aşağı olub. Dua etdikləri qədim yəhudi dilinin tələffüzü də başqadır. Öz ibadət ayinləri və xüsusi sinaqoqları var, amma indi əsasən şərq yəhudilərinin ayinlərinə keçiblər. 

Bundan əlavə dağ yəhudilərində aşkenazilərdə heç zaman olmayan adətlər var idi. Dağlılar ənənəvi olaraq ikiarvadlı idilər, aşkenazilərdə bu, hələ X əsrdə ləğv edilib. Aralarında münasibət yetərincə gərgin idi və qarışıq nikahlar, demək olar, bağlanmırdı. 

Amma Rusiyadakı hər iki qrup tədricən rus dilinə keçməyə başladı və dağlılarla aşkenazilər nikah bağlamağa başladılar: adətən aşkenazi kişilər dağlı qadınlara evlənirdilər. 

İsraildə Aqarunov, Semenduyev və ya Badalov soyadlı adamla rastlaşanda onun dağ yəhudisi olduğunu asanlıqla anlayırsan.  Amma ölkədə dağ yəhudilərinin inteqrasiyası gedir: bir tərəfdə şərq yəhudiləri ilə, bir tərəfdə də rusdillilərlə. Daha təhsillilər rusdilli aşkenazi yəhudiləri cəmiyyətini parçasına çevrilən, daha “sadə”ləri isə mizrahi yəhudilərin. 

Qafqazda antisemitizm hardandır?

Yəhudilər Qafqazdakı rus qalalarında təsadüfən məskunlaşmırdılar. Çünki rusların bütün antisemitizmi müqabilində müsəlmanlarla toqquşmaq onlar üçün problemli idi. Azərbaycanda, məsələn, Birinci dünya müharibəsi zamanı müsəlmanlar çar ordusuna çağrılmırdılar, dağ yəhudilərini çağırırdılar, çünki onlara daha çox etibar edirdilər. [İkinci dünya müharibəsində] bəzi müsəlmanlar – elə bəzi xristianlar da – işğal zamanı almanlarla əməkdaşlıq edirdilər və bəzi yerlərdə dağ yəhudiləri holokostun qurbanı olublar.

Amma bütün bunlar uzaq keçmişdir. İndi isə düşünürəm ki, ən ciddi çıxışların məhz Dağıstandan olması təsadüfi deyil. Bir tərəfdən orada islamçılıq Çeçenistandan az yayılmayıb, çeçen icması mövcuddur və ümumiyyətlə, Çeçenistanın böyük təsiri var. Digər tərəfdən, orada yəhudilər qalıb, Çeçenistanın özündə isə yox.

Mən Nalçiki yaxşı xatırlayıram. Tələbə olarkən kabardalılarla pivə içirdim. Yəhudi mövzusu onları qətiyyən maraqlandırmırdı. Buna görə də düşünmürəm ki, Nalçikdəki toqquşma yerlilərdən kiminsə işi olsun. Dağıstanda isə yəhudilər sovet dövründə xüsusi antisemitizm ilə rastlaşmırdılar. Əsasən xristian olan Osetiyada da problem yox idi. 

Bir sözlə, indi baş verənlər Qafqazın spesifikası deyil. Sonunda, nə Azərbaycanda, nə Gürcüstanda buna bənzər şeylər yoxdur. Bu islamçılıqdır. Bu, ümumdünya şəri kimi qəbul olunan iudaizmə qarşı mübarizədə bir flaqman kimi HƏMAS-a doğru istiqamətdir. 

Poqromçular “Xeybəri xatırlayın” qışqırırdılar. Xeybər VII əsrdə Ərəbistanda mövcud olmuş dövlətdir ki, Qurana görə, burada müsəlmanlar yəhudiləri qırıblar. Nalçikdə yandırılan mədəniyyət mərkəzinin binasında “Yahudlara ölüm” təsadüfən yazılmayıb. Yazı rusca idi, amma “yevrey” yox, “yahud” yazılmışdı, bu da yəhudilərin ərəbcə adıdır. 

Yəni bu anisemitizmin kökü – yəhudi xalqının təyini-müqəddərat hüququnu inkar edən və yəhudilərə qarşı bütün cinayətləri – HƏMAS-ın İsraildə 7 oktyabrda törətdiyi kimi - legitim sayan islamçı antisionizmdir. Yəhudilərin müqaviməti isə qeyri-legitimdir, çünki yəhudilər də xristianlar kimi “Kitab əhli” olaraq yalnız müti, alçaldılmış şəkildə yaşamalıdırlar. 

Dağ yəhudilərini təxliyə etmək həqiqətən də lazımdırmı?

Yəhudilərin Dağıstandan təxliyəsinə gəldikdə isə hər belə əhvalat digərinə bənzəmir. Təxliyə bəzən qeyri-adi üsullarla həyata keçirilir. İndiki halda, düşünürəm, xüsusi dramatikliyə ehtiyac yoxdur.

Əgər mən Dərbəndlə bağlı bir şey etsəydim, əlbəttə, ilk növbədə azərbaycanlıların onları öz sərhədlərindən buraxmalarına nail olmağa çalışardım. Yaxındır və elə həmin Qubaya getmək olar ki,  burada heç bir təhlükə yoxdur. Çünki Azərbaycan bütövlükdə İsrailə dost ölkədir və hakimiyyət vəziyyətə nəzarət edir. Bakı ilə İsrailin mütəmadi aviaəlaqəsi var.

“Soxnut” hələ ki, material toplamaq mərhələsindədir, biz Şimali Qafqazda mövcud olan bütün icmalarla əlaqə saxlayırıq. Özü də mən düşünmürəm ki, Nalçik təhlükəli rayondur, oradakı yanğın sadəcə insidentdir. Real təhlükə yalnız Dağıstandadır. Osetiyada, Pyatiqorksda, Stavropolda, Krasnodarda indiki mərhələdə heç bir xüsusi problem görmürəm. Hərçənd, əlbəttə, orada da baş verə bilər. 

Düşünürəm ki, Dağıstanda baş verənlər daha böyük prosesin parçasıdır. Fikrimcə, həmin proses özünü tezliklə və daha böyük yəhudi mərkəzlərində göstərəcək. Məsələn, Moskvada, harada ki, dağ yəhudiləri Dağıstandakından daha çoxdur.

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://meduza.io/feature/2023/10/31/mnogo-li-na-kavkaze-evreev-tam-kakoy-to-osobyy-antisemitizm-mestnye-evrei-v-bolshoy-opasnosti-i-budet-li-izrail-ih-evakuirovat