Qafqaz uğrunda “döyüş”
23 Noyabr 2020
Azərbaycan və Ermənistan arasındakı sülh bəyannaməsinin imzalanması özü ilə bir çox yeni suallar gətirib. Bu suallara Rusiyanın bölgədə yenidən fəallaşmasının doğuracağı nəticələr, Türkiyənin bölgədə hələ ki müahidəçi olmaqla mövqe sahibi olması və nəhayət, Ermənistan-Azərbaycan və Ermənistan-Türkiyə münasibətlərinin gələcəyi daxildir. Bu məsələlər öz-özlüyündə kifayət qədər ciddi xarakterlidir. Hər bir sual ayrılıqda bir mövzu olsa da, həm də bir mahiyyətin komponentləri kimi çıxış etdikləri üçün cavab tapmağa çalışaq.
Rusiya nə qazandı?
Rusiya uzun zamandır düşünüb bir formasını tapa bilmədiyi addımı atmaq fürsəti əldə etdi. Qoşunlarını Azərbaycan ərazilərinə yeritmək imkanı qazandı. Bu, Rusiyaya nə verəcək? Kremldə hələ də düşünürlər ki, geosiyasi təsirlərin yeganə qarantı rus əsgərinin çəkmələridir. Onun dəymədiyi yerlərdə özlərini elə də güclü və ya təsirli saymırlar. Bu mənada Rusiya öz məqsədinə qismən çatmış hesab olunur. Amma strateji olaraq Moskvanın bu addımı bölgəni tamam itirmək riskləri də yaradıb. Rusiyanın özü də daxil olmaqla, bölgənin bir çox ölkələri və xalqları demokratiya istiqamətində addımlayır. Prosesin opponentləri bunu “qərbmeylli” tendensiya adlandıraraq sürətini azaltmağa və ya tamamən dayandırmağa çalışırlar. Ancaq demokratikləşmə prosesi mahiyyətcə qərbmərkəzli və ya şərqmərkəzli olmadığı, əksinə, insanı mərkəzdə görən bir siyasi-fəlsəfi instrument olduğu üçün onun formalaşdırdığı institutlar zamanla alternativsizləşir. Buna görə də Rusiyanın klassik ekspansiya yoluyla uzun zaman öz siyasətini yürüdə biləcəyi elə də inandırıcı görünmür. Bunun əvəzində Rusiya bölgə xalqları ilə birlikdə azad və demokratik koalisiyalarda yaşamaq, onları həqiqi təhlükələrdən mühafizə etmək yolunu tutsaydı, daha böyük irəliləyişə nail olardı. Məsələn, özünün də hazırda üzləşdiyi Çindən gələn mülki ekspansiyaya qarşı dirənci arta bilərdi. Buna görə də Rusiyanın şimaldan sıxıldıqca cənuba doğru iddiaya düşməsi onun öz aləmində yeni mövqe qazanmaq olsa da, strateji anlamda mövqe itkiləridir.
Azərbaycan Ermənistanla nə etməlidir?
Dövlət başçısı İlham Əliyev Rusiya XİN rəhbəri Lavrovla görüşündə Ermənistanla münasibətlərin yaxşılaşmasında maraqlı olduğunu dedi. Bunun qarşılığında Lavrov da bu mövqedən məmnunluğunu ifadə etdi. Bu mövqe doğrudan da təqdir olunmalıdırmı? Əlbəttə. Amma... Amması budur ki, Ermənistan yaxşı münasibətləri haqq etmək üçün Azərbaycanın ərazi bütövlüyünü tanımalı və ona hörmətlə yanaşmalıdır. Azərbaycan tərəfi təbii ki, qonşularla yaxşı münasibəti arzulamaqda düz edir. Amma bu, həm də qonşunun davranışlarından asılı olan bir məsələdir. Biz əbədi müharibə arzulamırıq, əvəzində əbədi, amma və lakin ədalətli sülh istəyirik.
Türkiyə nə etməlidir?
Məlum sülh bəyanatından sonra Türkiyə üçün də yeni vəziyyət yaranıb. Əlbəttə, indi bütün nəzərlər əldə olunan razılaşmalara nə qədər əməl olunacağına yönəlib. Ancaq bu proses başa çatandan sonra Türkiyə regiondakı varlığına təkcə Azərbaycan kontekstində baxmamalıdır. Görünür ki, heç baxmaq fikrində də deyil. Prezident Ərdoğanın sözçüsü İbrahim Kalın ötən günlərdə ölkəsinin NTV kanalına müsahibəsində bildirdi ki, Ermənistan rəhbərliyi diasporanın təsirindən çıxıb, sağlam düşünərsə, bu ölkə ilə sərhədləri açmaq olar. İbrahim Kalının bu sözlərinə haqq verərək düşünürəm ki, Türkiyə yenidən 2009-cu ildə Ermənistanla imzalanmış Sürih protokollarını gündəmə gətirməldir. Bununla Ankara bir neçə strateji addımı gerçəkləşdirmiş olacaq:
- Ermənistanın Qərbə açılan qapısı olacaq və bu tranzitə nəzarət imkanı əldə edəcək;
- Ermənistanın Rusiyadan asılılığı azalacaq və burada balans Türkiyənin xeyrinə dəyişəcək;
- Türkiyə dünyada özü haqqında “antierməni” propaqandasına tutarlı cavab zərbəsi vuracaq;
- Azərbaycanın haqlı mövqeyinin İrəvanda daha rahat qəbul edilməsi üçün real imkanlar yaranacaq.
Əgər Türkiyə cəmiyyəti özündə belə bir güc tapsa, bu, regiona, xüsusilə Azərbaycana izinsiz təşrif buyurmuş Rusiyanın bölgədə xeyli zəifləməsinə səbəb olacaq...
Beləliklə, bunlar hazırda qüvvələr balansının tam oturuşmadığı bir şəraitdə ortaya çıxan ideyalardır, ola bilsin ki, xeyli vaxt alacaq, amma uzun vaxt alması uzun zaman qalıcı olmasına da yardımçı olacaq.