Logo
news content
User
Kateqoriyalar

Analitika

Putinə “kitayski” dəstək
Çin Rusiyaya yardımı həm edir, həm də etmir

Çinin Rusiyaya genişmiqyaslı hərbi yardım göstərməkdən imtina etməsinə baxmayaraq, oradan silahlar üçün komplektləşdirici detallar, məsələn, hərbi üçün zəruri olan mikrosxemlər kütləvi daxil olur. Kremldə Pekini müttəfiq adlandırmağı sevsələr də, hətta sistem siyasətçiləri də etiraf edirlər: iki ölkənin əməkdaşlığı Rusiyadan çox Çinin xeyrinədir və vəziyyət hər gün daha da ağırlaşır. Vladimir Milov hesab edir ki, Si Tsinpinə Putin rejiminin çökməməsi və Qərbi “dişləməkdə” davam etməsi lazımdır, amma Çin Rusiyanın güclənməsində əsla maraqlı deyil və onun donoru olmağı arzulamır. 

Pekinin Moskvaya köməyinin miqyasını şişirtmək lazım deyil. Putinin kəskin ehtiyacına baxmayaraq, Çin Rusiyaya cəbhədə istifadə etmək üçün silah və sursat vermədi. Xeyli ikinci dərəcəli mallar göndərilir, onlar da Rusiyanın müharibə aparmaq imkanını dəstəkləsə də, döyüş meydanında dönüşü təmin edəcək deyillər. Beləliklə, Çin müəyyən edilmiş “qırmızı xətti” bu və ya digər şəkildə tapdamır, pis nəticələri barədə Qərbin xəbərdar etdiyi silah tədarükünü həyata keçirmir.

İqtisadiyyata gəlincə, burada da hər şey elə də bəsit deyil. Faktiki olaraq, Çin bu gün Qərb mallarını özününkü ilə əvəzləməkdən başqa heç nə etmir. Amma birincisi, bunu da böyük qazancla edir. Məsələn, Rusiya bazarında Çin avtomobilləri Çinin özündə olduğundan iki dəfə bahadır; “Novatek” qaz şirkəti isə ABŞ-ın “Baker Hughes” turbinlərinin yerinə Çinin “Harbin Guanghan” turbinlərini almasına görə “Arktik SPQ-2” layihəsinin smetasını təxminən 4 milyard dollar artırmalı olub. 

Nəticədə, 2023-cü ilin 11 ayı ərzində Çinin Rusiyaya ixracı 100 milyard dolları ötüb və Rusiyanın Çinə ixracından azacıq dala qalır: ötən il Rusiya-Çin ticarətinin saldosu kəskin azalıb. Çin Rusiyadan əsasən xammal və birinci istehsal məhsulları idxal edir, həm də xammal ixracatçılarından ciddi endirimlər qoparmağa çalışır, özü isə Rusiyaya hazır mürəkkəb məhsullar göndərir. Belə tendensiya ilə iki ölkə arasında ticarət saldosunun Rusiya üçün mənfi olacağı gün uzaqda deyil. Başqa sözlə, formalaşan ticarət modeli Çin üçün getdikcə daha sərfəli olur.  

İkincisi, Qərb ölkələrindən fərqli olaraq, Çin Rusiya sənayesinin inkişafının donoru olmağa hazırlaşmır və emal sənayesi bazarında Rusiyanı rəqib kimi görməkdə maraqlı deyil. Moskva meri Sergey Sobyanin bu yaxınlarda Şərq ölkələrinin “Rusiyaya qarşı əsl iqtisadi müharibə” apardıqlarını, sənayenin inkişafı üçün komponentlər və texnologiyalar vermək istəmədiklərini deyəndə məhz bunu nəzərdə tuturdu. 

Yeni il öncəsi “Kommersant”a müsahibəsində baş nazirin birinci müavini Andrey Belousov da oxşar fikirlər səsləndirib: “Aydın başa düşməliyik ki, dost ölkələrin bazarlarında bizi kimsə gözləmir. Həmin bazarlar ya dost ölkələrin öz məhsulları ilə, ya da onların rəqibləri – elə həmin Avropa məhsulları ilə tutulub... İndi Rusiya məhsulları nə Çində, nə Hindistanda, nə Vyetnamda var”.

Belousov Rusiya məhsullarının həmin bazarlarda peyda olacağına ümid edir, amma bu, illüziyadır. Rusiya məmurlarının Çin iqtisadiyyatının yavaşıması fonunda rus məhsullarının bu ölkənin bazarına kütləvi çıxışı haqqında mülahizələrini dinləmək xüsusilə əyləncəlidir. Yavaşıma yerli məhsullar üçün belə məkanı daraldır, düşünürsünüz ki, belə halda Çin rəhbərliyi öz bazarını keyfiyyəti və rəqabət qabiliyyəti naməlum Rusiya malları üçün təmizləyəcək? Yüksək texnologiyalı layihələrdə Çinin Rusiyanı nə qədər yüksək qiymətləndirməsini isə ötən il Moskvanın “CR929” geniş füzelyajlı təyyarə inşası layihəsindən kənarlaşdırılması əsasında müəyyən etmək olar; 10 il idi ki, həmin layihə üzərinə “birgə iş” təsəvvürü yaradılırdı.  

Rusiya hakimiyyətinin ümidlərinə rəğmən, Çin Rusiyaya investisiya qoymaq haqqında qəti düşünmür. Ukrayanya böyük miqyaslı təcavüz başlayana qədər Çinin birbaşa investisiyaları, Rusiya bankının məlumatına əsasən, 3 milyard dollardan azacıq çox idi. Özü də bu investisiyalar əsasən “Novotek”in iki layihəsinə – “Yamal SPQ” və “Arktik SPQ” –  yönəliblər; onlar da Rusiya büdcəsinə vergilərdən tam azaddırlar, xeyli dərəcədə Çin avadanlığı ilə işləyir və Çinə ucuz təbii maye qaz ixracı üçün nəzərdə tutulublar. 

Ötən iki il ərzində Çin investorlarının Rusiya bazarına giriş sayı sıfırdır. Onlardan heç kəs buna hazırlaşmır. Partnyorluq haqqında uzun illər oynanılan məzhəkəyə baxmayaraq, Uzaq Şərq və Arktikanın inkişafı üzrə nazir Aleksey Çekunkovun sözlərinə görə: “Çin ilə münasibətlərimizin publik hissəsi onların praktiki icrasını xeyli qabaqlayır; Rusiyadakı layihələrdə Çinin iri investorlarının real iştirakını saymaq üçün bir əlin barmaqları kifayətdir”.

Rusiya bankirləri də etiraf edirlər ki, hətta Qərb sanksiyalarından yan keçməyə hazır olan Çin bankları belə Qərbin maliyyə bazarlarına o qədər yönəliblər ki, SWIFT-ə çıxışı olmayan Rusiya bankları ilə iş görməyəcəklər. “Çin bank sistemi xüsusən transsərhəd ödənişləri zamanı yuandan istifadədə SWIFT-dən çox asılıdır. Bütün ödəniş infrastrukturu SWIFT-ə uyğunlaşdırılıb, özləri səmimi etiraf edirlər. Əgər Rusiya bankını sanksiya və ya qeyri-sanksiya səbəbindən SWIFT-dən ayırsalar, “Bank of China” vasitəsilə transsərhəd ödənişlərinə çıxışı itirəcək”,  - Rosbankın vitse-prezidenti Aleksandr Raxmanin şikayətlənir.

“Partnyorluq” bu səviyyədədir. Ötən iki il ərzində məlum olub ki, Çin Rusiyanın yüksək texnologiyalar bazarında inkişafında rəqib kimi maraqlı deyil, Rusiyaya investisiya qoymaq istəmir, sadəcə endirimli xammal və böyük qazanc müqabilində Rusiya bazarında Qərb məhsullarının yerini doldurmaq arzusundadır. 

Bununla yanaşı, Çinin Rusiyaya heç kömək etmək istəmədiyini də söyləmək olmaz. Putin Qərbin mövqelərini zəiflədən oyunçu kimi Si Tsinpinə lazımdır. Lakin bu zaman iki aydın prinsip müşahidə olunur. Birincisi: Pekin ciddi risklərə səbəb olacaq və bu zaman tam nəzarət imkanı yaratmayacaq heç nəyə bulaşmaq istəmir. Buraya Rusiyaya investisiyalar və silah tədarükü də daxildir: hər iki halda böyük risklər var, nəticələrə nəzarət etmək imkanı isə məhduddur. Məsələn, Rusiyaya letal silah göndərməklə Çin Ukraynaya qarşı təcavüzün ciddi məsuliyyətini daşımış olacaq, amma hərbi əməliyyatların gedişinə nəzarət edə bilməyəcək. Mənfi nəticələr və risklər materiallaşır, üstəlik, Putinin Çin silahı ilə qalib gələcəyinə təminat yoxdur. 

İkinci prinsip: Çin heç kəsin donoru olmaq istəmir və yalnız özünə faydalı olan işə pul ayırır. Buna görə də “ucuz xammal müqabilində baha Çin malları” prinsipi ilə ticarət işləyir, investisiyalar və texnoloji korporasiyalar isə yox. 

Bu gün antiqərb isterkasında çırpınan hakim nomenklaturanı Qərbin 1980-ci illərdən başlayaraq inkişaf amillərinin geniş çevrəsi – kapital, texnologiya, biliklər – üzrə Rusiyanın faktiki donoru olmasının ağır etirafı gözləyir. Çin belə donor olmağa hazırlaşmır, o, Putin rejiminin – möhkəmlənmədən və inkişaf etmədən – suyun üzündə qalacağı qədər minimum dəstəkdə maraqlıdır, üstəlik, özü üçün maksimum fayda götürməklə.

Belə yanaşma hərbi sahəyə də aiddir. Ötən iki il ərzində məlum oldu ki, Pekin Moskvaya ciddi hərbi dəstək vermək niyyətində deyil: bu, Qərb ilə münasibətlərin kəskin pisləşməsinə, ciddi sanksiyalara səbəb ola bilər. Çin iqtisadiyyatının əhəmiyyətli yavaşıması fonunda belə ssenari Si Tsinpinə qəti lazım deyil. Buna görə də Çin rusiyalı partnyorlarını ikinci dərəcəli tədbirlərlə birtəhər dəstəkləməyə çalışır, onların məsuliyyətindən də istənilən an yayınmaq olar: hansısa özəl şirkətlər hansısa dronlar göndəriblər, biz isə elə bilirdik, mülki məqsədlər üçün imiş. 

Hazırladı: Yadigar Sadıqlı

Mənbə: https://theins.ru/opinions/vladimir-milov/268198