Logo
news content
User
Kateqoriyalar

Analitika

Putin və Şoyqu Azərbaycana qarşı...
Rusiya Qarabağda hərbi varlığını saxlamaq üçün mesajlar verir

Son həftədə Rusiya hakimiyyətindən Qarabağ mövzusuna dair verilən bir neçə açıqlama Azərbaycanı, onun müttəfiqi Türkiyəni, eləcə də Qərbi xeyli qayğılandıra bilər. 

Prezident Vladimir Putin və müdafiə naziri Sergey Şoyqunun dediklərindən məlum olur ki, Moskva Azərbaycandakı hərbi varlığını sonlandırmaq fikrində deyili. 

Əvvəlcə xronikaya diqqət edək:

Dekabrın 14-də Rusiya Müdafiə Nazirliyi məlumat yaydı ki, Qarabağdakı sülhməramlılar Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsində iştirak edəcək. Açıqlamada qeyd olunur ki, sülhməramlıların komandanlığı ilə ANAMA arasında birgə humanitar minatəmizləmə əməliyyatları ilə bağlı danışıqlar aparılıb. Dekabrın 14-də Rusiya Prezidenti Vladimir Putin keçirdiyi mətbuat konfransında bildirib ki, Ermənistan Qarabağın Azərbaycanın bir hissəsi olduğunu tanıyıb:

“Ermənistanda Qarabağla bağlı çətin proseslər gedir. Qarabağdan imtina edən biz deyildik (?! – red.). Bu torpaqların Azərbaycanın bir hissəsi olduğunu Ermənistan tanıyıb. Bizə isə onların belə bir qərar verməyə hazırlaşdıqları barədə məlumat verilməyib...”

Dekabrın 19-da isə Rusiya Müdafiə naziri Sergey Şoyqu nazirliyin genişləndirilmiş kollegiya iclasında son nöqtəni qoyub. Nazir iddia edib ki, hazırda Qarabağda sülh məhz oradakı Rusiya qoşunları sayəsində qorunur: “Rusiya qoşun qrupları Suriya və Qarabağda sülhün qorunmasının əsas təminatçısı olmaqda davam edir"

Əvvəlcə Rusiya hərbçilərinin minatəmizlə əməliyyatlarına cəlb olunması barədə. Azərbaycan tərəfinin buna razılıq verib-vermədiyi ilə bağlı hər hansı informasiya yoxdur. Rusiya Müdafiə Nazirliyinin açıqlamasında sadəcə danışıqlar aparıldığı barədə məlumat var, razılıq haqda heç nə deyilmir.

Əlbəttə, Azərbaycanın işğaldan azad edilmiş əraziləri dünyada ən çox minalarla çirkləndirilmiş sahələrdən biri hesab olunur. Hazırda əsasən Azərbaycanın dövlət büdcəsi hesabına, eyni zamanda beynəlxalq təşkilatların, dost ölkələrin texniki-maliyyə yardımı ilə geniş miqyasda minatəmizələmə əməliyyatları aparılır. Amma başqa ölkələrdən heyətlər cəlb edilməyib, eləcə də Rusiya ilə birgə bu prosesin aparılmasına ehtiyac görülməyib.

Əvvəla, Rusiya sülhməramlıları minatəmizləmə sahəsində ixtisaslaşmış hərbi-mühəndis birlikləri deyil. Onların arasında mütəxəssislər ola bilər, amma mina təmizləmək meşədən armud toplamaq deyil ki, bütün heyət əmrlə sahəyə yönəldilsin.

İkincisi, bu birliklərin texniki imkanları, hərbçilərin təlimi və s. barədə hər hansı məlumat yoxdur. Ona görə də Rusiya Müdafiə Nazirliyinin açıqlaması sadəcə sülhməramlı kontingentin Azərbaycanda qalmasına bəhanə tapmağa bənzəyir. Bu bəhanələrə isə rəsmi Bakının qarnı toxdur.   

Rusiya rəhbərliyindən verilən bəyanatlar arasında V.Putinin işlətdiyi “Qarabağdan imtina edən biz deyilik” cümləsi xüsusi ilə diqqət çəkir. Bunun diplomatik dildən tərcüməsi Moskvanın Qarabağda qalmaqda davam etdiyini və oradan getmək niyyətində olmadığını ifadə edir. Kreml rəhbəri yəqin ki, Ermənistanda revanşişt əhvalda olan anti-hakimiyyət kütlələrinə xitab edərək, Paşinyan rejimini növbəti dəfə hədəfə gətirməyə cəhd edib. Dolayısı ilə onlara mesaj ötürülür ki, Rusiya Qarabağda qalmaqda davam edir, əsas odur ki, Ermənistan hakimiyyəti onu istəsin, biz dəstəyimizi əsirgəmərik.  

Sergey Şoyqunun bəyanatı da tamamilə absurddur. Azərbaycan Ermənistanla sərhədlərinə özü nəzarət edir, burada rus hərbçilərinə hər hansı ehtiyac yoxdur.

Xankəndi və ətraf kəndlərdə isə barmaqla sayılacaq qədər erməni əsilli insanlar qalıb. Onların humanitar problemləri Azərbaycanın bölgədəki mövcud dövlət qurumları tərəfindən həll edilir. Rusiya hərbçilərinin onlarla bağlı hər hansı fəaliyyəti yoxdur. 

Onu da xatırladaq ki, işğaldan azad edilmiş bölgələrdə asayiş Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən qorunur. Bu istiqamətdə yüzlərlə, bəlkə də minlərlə Azərbaycan polisi xidmət aparır. Rusiya sülhməramlılarının bu xidməti aparmasına ehtiyac yoxdur, dövlət öz funksiyalarını heç bir halda kənar ölkəyə verə bilməz. 

Deməli, Sergey Şoyqu bölgədəki reallığı təhrif etməklə yalan danışır. Bu da səbəbsiz deyil, Kremlin Qərbə, eləcə də Azərbaycana mesajıdır.  

Yəqin ki, 2025-ci il yaxınlaşdıqca Rusiya rəhbərliyinin bu və ya başqa bəyanatlarını daha çox eşidəcəyik. Həmçinin Kreml sülh prosesinə çomaq soxmaqda davam edəcək. Ən təhlükəlisi, qarşıdakı dövrdə Ermənistanda müxtəlif yollarla hakimiyyət çevrilişinə cəhd etmək, marığa yatmış keçmiş elitanı iqtidara gətirmək və bölgədəki ənənəvi situasiyanı bərqərar etməkdir. Əlbəttə, Azərbaycanın suverenliyini pozmaq elə də asan məsələ deyil, dövlətin həm öz imkanları, həm də strateji müttəfiqi Türkiyə buna imkan verməz. Amma regionun yenidən sülh gündəmindən uzaqlaşaraq destabilizasiya mənbəyinə çevrilməsi Azərbaycanın maraqlarına ziddir. 

Bu prosesdə məlum səbəblərdən ən zəif bənd Ermənistandır. Onu Rusiyaya qarşı müdafiə etməyə çalışan Birləşmiş Ştatlar və Avropa İttifaqının nə qədər qətiyyətli, ardıcıl olacağı da suallarla doludur. Çünki qonşuluqda 2008-ci ildə baş vermiş Gürcüstan nümunəsi var...

Beləliklə, aydın olur ki, Azərbaycanla Ermənistan arasında sülh imkanları reallığa yaxınlaşdıqca Rusiyanın daha aqressiv və konkret addımlarının şahidi olacağıq. Bu addımların qarşısını almaq üçün digər böyük güclərin və ən böyük müttəfiqimiz Türkiyənin prinsipial mövqeyinə də ehtiyac yaranacaq. Amma ən effektiv yol Bakı ilə İrəvanın birbaşa anlaşmasıdır. Bu, 200 ildir xalqlarımıza qarşı işğalçı və imperialist siyasət aparan qüvvəni bölgədən birdəfəlik yox etməyin yeganə sağlam yoludur... 

Turqut