Putin təhlükədə: Saray çevrilişi ola bilərmi?
Rusiyalı ekspert: “Onun könüllü şəkildə istefa verəcəyinə inanmıram”
26 Avqust 2024
Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə girməsindən sonra rusiyalılar prezident Vladimir Putinə daha mənfi münasibət bəsləməyə başlayıblar. Bu barədə “The New York Times” yazıb. Nəşr, sosial şəbəkələri və xəbər saytlarını təhlil edərək ölkədəki əhval-ruhiyyəni təhlil edən “FilterLabs AI”-ın məlumatlarına istinad edib.
Araşdırma göstərir ki, insanlar Putinin xarici dövlətin ordusuna Rusiya ərazisinə girməsinə icazə verməsini çox mənfi qarşılayıblar. Bu, İkinci Dünya Müharibəsindən sonra ilk dəfə baş verib. Bir çoxları qeyd edirlər ki, Ukraynanın hücumu prezidentin və onun nəzarətində olan hökumətin uğursuz siyasətinin nəticəsidir. Bundan əlavə, insanlar dövlət başçısının bundan sonrakı davranışlarından hiddətləniblər.
"Putinin işğala cavabı ən yaxşı halda qeyri-adekvat, ən pis halda isə təhqir kimi qəbul edilib", - “FilterLabs”-ın baş direktoru Conatan Toybner qeyd edib.
Onun sözlərinə görə, əhalinin kütləvi şəkildə cəbhəyə cəlb olunduğu ucqar bölgələrdə narazılıq xüsusilə güclənir. Toybner əlavə edib ki, orada prezidentin populyarlığı çox aşağı düşsə və rusiyalılar müharibənin gedişatının yaxşı olmadığını hiss etsələr, Kremlin orduya əlavə canlı qüvvə cəlb etməsi daha çətin olacaq.
Ötən il Yevgeni Priqojinin başçılıq etdiyi “Vaqner” özəl hərbi birləşməsinin silahlı qiyamından sonra da Putinin fəaliyyəti ilə bağlı mənfi qiymətləndirmə qeydə alınmışdı. Amma araşdırma göstərir ki, Ukrayna ordusunun hücumundan sonra əhval-ruhiyyənin dəyişməsi daha kəskindir.
Bununla belə, “The New York Times”in Ağ Evdəki mənbələrinə görə, təsirin uzunmüddətli olacağını söyləmək tezdir. Onlar xatırladırlar ki, Putin Moskvaya hücumdan son anda imtina edən Priqojin qiyamından sonra reputasiyasını bərpa edə bilib.
Toybner də razılaşır ki, Ukraynanın Kursk bölgəsinə hücumunun Rusiya prezidentinin gələcək taleyinə təsiri dərəcəsini müəyyənləşdirmək hələ çətindir. “Amma artıq aydındır ki, Putin şokdadır və bu, onu çıxılmaz vəziyyətə salır. Kremlin təbliğatı, piar və diqqəti yayındırmaq cəhdləri bütün Rusiyada geniş müzakirə olunan pis xəbərlərin təsirini yalnız qismən azalda bilər”, - o, qeyd edir.
Politoloq Abbas Qallyamov hesab edir ki, Putin reputasiyasını bərpa edə bilmək üçün hücuma keçən Ukrayna qruplaşmasını tamamilə məhv etməlidir - məsələn, qruplaşmanı mühasirəyə alıb, tam təslim olmağa məcbur etməlidir. “Amma əgər Ukrayna qoşunlarını Kursku bombardman etməklə sıxışdırsalar və ya ukraynalılar işğal etdikləri əraziyə nəzarəti saxlasalar, onda reputasiya bərpa olunmayacaq”, - o vurğulayıb.
Qallyamov, həmçinin əmindir ki, “Vaqner” qiyamı Putinin tərcümeyi-halında ləkə olaraq qalır və onun imicinə böyük zərbə vurub – sadəcə olaraq bu məsələ hazırda gündəmdən çıxıb. Lakin bu, o demək deyil ki, zamanı gələndə bu epizodu xatrılamayacaqlar.
Bundan əvvəl, “The Moscow Times” Kremldəki bəzi məmurlara istinad edərək yazıb ki, Ukrayna Silahlı Qüvvələrinin Kursk bölgəsinə hücumu Rusiya rəhbərliyini şoka salıb və Putini “əsəbiləşməyə məcbur edib”. Məmurlardan birinin sözlərinə görə, Rusiya ordusunun Xersonu tərk etmək məcburiyyətində qaldığı 2022-ci ilin payızından bu yana prezidenti bu qədər pərişan görməyiblər.
Putin narahatlığını ictimaiyyətə göstərmir. Eyni zamanda, Kremldəkilər prezidentin Şimali Qafqaz regionuna səfərinin köməyi ilə Ukrayna Silahlı Qüvvələrinin Kursk vilayətinə müdaxiləsi mövzusunu “unutdurmaq” qərarına gəliblər. Xüsusilə də, Putin 20 ildən sonra ilk dəfə 2004-cü il sentyabrında 334 nəfərin ölümünə səbəb olan terror aktının baş verdiyi Beslandakı məktəbə baş çəkib. O, həmçinin Ramzan Kadırovu ziyarət etdikdən sonra Çeçenistanın fəxri vətəndaşı sertifikatını alıb və Kabarda-Balkarın armud bağlarını gəzib. Bundan əlavə, Putin Azərbaycanda prezident İlham Əliyev, Moskvada isə Fələstin Muxtariyyətinin rəhbəri Mahmud Abbasla görüşüb.
Putin bütün bu tədbirlərdən sonra Rusiya ilə sərhəd rayonlarındakı vəziyyətlə bağlı ikinci görüşü düz 10 gün sonra keçirib. Həmin vaxta qədər Ukrayna Silahlı Qüvvələri Kursk vilayətində 90-dan çox yaşayış məntəqəsini və 1200 km² ərazini ələ keçirib.
Görüşdə çıxış edən prezident Ukrayna qüvvələrinin hücumuna məruz qalan sərhədyanı rayonların adlarını dərhal xatırlaya bilməyib - kağızlara baxmağa məcbur olub. Putin baş verənlərə görə məsuliyyəti üzərinə götürməkdən də imtina edərək, Rusiyanın təhlükəsizlik məsələlərinin “təhlükəsizlik qüvvələrinin məsuliyyəti zonasında” olduğunu vurğulayıb.
Kreml öz növbəsində təbliğatçılarına əhalini Kursk vilayəti uğrunda döyüşlərin aylarla davam edəcəyinə hazırlamağı tapşırıb. “Meduza”nın prezident administrasiyasındakı mənbələri bildiriblər ki, hakimiyyət Ukrayna Silahlı Qüvvələrinin Rusiya ərazisinə hücumunu “yeni normal vəziyyət” kimi təqdim etmək, vətəndaşları baş verənlərə öyrəşdirmək və bunu sarsıdıcı bir şey kimi qəbul etməmələrinə nail olmaq niyyətindədir.
Bəs, Ukraynanın Kursk bölgəsindəki addımları rusiyalıların indikindən daha güclü reaksiyasına səbəb ola bilərmi? Yəni, Putindən narazılıq o dərəcədə arta bilər ki, təcavüzkar prezidentin istefası məsələsi gündəmə gəlsin?
Rusiyalı politoloq, “After Empire” portalının baş redaktoru Olqa Kurnosova fikirlərini Pressklub.az-a bölüşüb.
Onun fikrincə, Vladimir Putin artıq tam formalaşmış diktatordur. “Buna görə də, onun könüllü istefasına inanmıram. Hesab edirəm ki, o bu gün heç kimə etibar etmir və əmindir ki, onun təhlükəsizliyi yalnız prezident postunda olması ilə təmin olunur. Bax onun ətrafı isə başqa məsələdir. Məndə olan məlumata görə, hakimiyyət dairələrində də Putindən narazılıq artır. Və sentyabra qədər bu narazılıq bəzi sui-qəsdçi qruplar formasında formalaşa bilər. Bunun konkret nəyəsə gətirib çıxaracağı başqa sualdır. Bu qruplardan biri saray çevrilişinə hazır ola bilərmi? Düşünürəm ki, hələ heç kimdə bu suala cavab yoxdur.
Çoxlu sayda rusiyalının iştirakı ilə daha inqilabi ssenarilərə gəlincə, fikrimcə, belə bir perspektiv də görünməyə başlayır. Amma bu, hələlik daha uzaqdadır”, – Kurnosova yekunlaşdırıb.
Rauf Orucov