Logo
news content
User
Kateqoriyalar

Analitika

Putin Paşinyanı dayandıra bilmədi
İki sammitdə bir ayaqüstü görüş: Ermənistanı hansı təhlükələr gözləyir?

Dekabrın 25-26-da Sankt-Peterburqda keçirilən Avrasiya İttifaqı Ali Şurasının illik toplantısı və MDB dövlət başçılarının qeyri-formal sammiti gözlənildiyindən daha sönük keçdi. Hər iki tədbiri Kremlin postsovet məkanındakı hazırki nüfuzunun barometri də adlandırmaq olar. Ukraynaya qarşı işğalçı müharibədən aldığı birbaşa və dolayı zərbələr Moskvanı hətta postsovet ölkələri üçün də cazibə mərkəzi olmaqdan çıxarır. Budəfəki toplantılarda maraqlı və diqqətçəkən bir neçə hadisə oldu.

Əvvəla, Rusiya Xarici işlər naziri Sergey Lavrovun dekabrın 6-da şəxsi dəvətinə baxmayaraq, Azərbaycan Prezidenti İlham Əliyev Avrasiya İttifaqının toplantısına qatılmadı. Amma ötən il rəsmi Bakı bu toplantıda müşahidəçi qismində iştirak etməyi lazım bilmişdi. Prezident Əliyev yalnız bu gün səhər MDB sammitinə qatılmaq üçün Sankt-Peterburqa getdi. Əsas səbəb iqtisadi maraqlarla bağlı ola bilər, görünür, Azərbaycan rəhbərli üçün ötən bir ildə gözləntilər özünü doğrultmayıb.

İkinci mühüm məsələ Rusiyada Prezident Putinin iştirakı ilə, yaxud təkbətək qaydada Azərbaycan və Ermənistan liderlərinin görüşü keçirilmədi. Baxmayaraq ki, həm RF Xarici işlər Nazirliyi, həm Kreml, həm də şəxsən Prezident Putin Bakı və İrəvan arasında sülh danışıqlarını təşkil etməyə hazır olduqlarını bəyan ediblər. Xatırladaq ki, ötən ilə qədər bu formatlarda liderlərin görüşü baş tutub və hər dəfə dövlət başçıları münaqişənin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın prinsipləri əsasında həllində maraqlı olduqlarını bildiriblər. Amma ötən bir ildə vəziyyət tamam dəyişib, Azərbaycan ərazi bütövlüyünü, suverenliyini təmin edib, Qarabağdakı erməni əsilli əhali bölgəni tərk edib, Rusiya sülhməramlıları fəaliyyətsiz qalıb. Xüsusən, Ermənistan 10 noyabr bəyanatında yazıldığı kimi, Zəngəzur dəhlizini açmaqdan imtina edib, əvəzində Azərbaycana Naxçıvanla xüsusi rejimli dəmir yolu və avtomobil yolu təklif edib. Belə demək mümkündürsə, sözügedən üçtərəfli bəyanat əhəmiyyətini itirərək, Rusiyanın prosesdə iştirak hüququndan məhrum edib. Kremlin cəhdlərinə rəğmən nə Azərbaycan Prezidenti, nə də Ermənistan lideri Sankt-Peterburqda bu formatı “diriltməyə” cəhd etməyiblər.  

Sammitlərdə növbəti diqqətçəkən hadisələr Ermənistan-Rusiya gərginliyinin masaya yatırılmaması, daha doğrusu, Kremlin bütün təzyiqlərinə rəğmən Paşinyanın Putinlə ikitərəfli görüşə razılıq verməməsi ilə bağlı idi. 

Nikol Paşinyan Avrasiya İttifaqı Ali Şurasının illik sammitinə qatıldı və təşkilata sədrliyi Rusiyadan təhvil aldı. Baş nazir çıxışında qurumun yubiley toplantısının gələn il Rusiyada keçirilməsini təklif etdi və Putin tərəfindən dəstək aldı. Məlumdur ki, Ermənistan bu İttifaqin xarici ticarət, valyuta axınları, güzəştli ticarət və s. imkanlarından faydalanır və əldə olunan nəticələr ölkənin iqtisadi göstəricilərində mühüm yer tutur. Qərbə inteqrasiya kursunu genişləndirməyinə rəğmən, İrəvan bu əməkdaşlıqdan imtina etmək niyyətində deyil və Paşinyan bunu Sankt-Peterburqda nümayiş etdirdi. Ermənistanın Rusiyadan çox ciddi iqtisadi, enerji asılılığı var, son günlər Kreml Paşinyan hökumətini yola gətirmək üçün bu düymələri yavaş-yoxlamağa başlayıb. Bu kontekstdə gözlənilirdi ki, Putin-Paşinyan görüşü baş tuta bilər, çünki danışılası kifayət qədər mövzular var. Amma olmadı... 

Ermənistan lideri bu inadkarlığı MDB liderlərinin toplantısından əvvəl də nümayiş etdirdi. Belə ki, Pavlovsk Muzey-Qoruğu ilə tanışlıq zamanı Vladimir Putinin Nikol Paşinyanla ayaqüstü danışması barədə görüntülər yayılıb. Açıq-aydın görünür ki, Paşinyan onunla söhbətdə maraqlı deyil. O, Putindən aralanmağa cəhd etsə də, Kreml sahibi onu əli saxlayaraq, bir qədər əsəbi tonda jestlərlə ona nələri isə izah etməyə çalışır. Paşinyanın bu müzakirədən heç də məmnun olmadığı onun simasında əks olunur. Hiss olunur ki, Putin fürsət tapıb, ona çoxdan demək istədiyi şəxsi mesajlarını orada çatdırıb. Bu xəbərdarlıqların Ermənistanın Qərblə getdikcə dərinləşən münasibətlərinin dayandırılması, əks təqdirdə İrəvanın nələrlə üzləşəcəyi ilə bağlı olduğunu təxmin etmək olar. Bir məqamı da xatırladaq ki, Paşinyanın Sankt-Peterburqa yola düşməsindən bir az əvvəl NATO-nun Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Xavyer Kolomina Gürcüstan mediasına müsahibəsində belə bir açıqlama vermişdi:

"Ermənistan çox açıq şəkildə xarici siyasətini dəyişmək və Moskvadan bir qədər uzaqlaşmaq qərarına gəlib. Biz bunu alqışlayırıq. Ermənilər öz qərarlarını verməkdə azaddırlar, onlar bunu seçiblər və məncə, artıq bizə yaxınlaşmağa başlayıblar - daha çox əməkdaşlıq, daha çox siyasi dialoq, NATO-nun daha çox iştirakını tələb edirlər. Biz tərəfdaşlarımızın, regionun sabitliyi üçün faydalı olan istənilən qərarını dəstəkləyirik. Bu, bizim üçün çox vacibdir”.

Bu açıqlamanın Paşinyanın Rusiya səfəri ərəfəsində səsləndirilməsi təsadüfi deyil, NATO rəsmisinin dedikləri Ermənistana dəstək xarakter daşıması ilə bərabər Kremlə açıq mesajdır. 

Beləliklə, bir neçə aylıq fasilədən sonra baş tutan Putin-Paşinyan görüşü ziddiyyətləri yumşaltmaq üçün fürsətə çevrilmədi. Əksinə, Ermənistanın Rusiyadan üzülüşməkdə qərarlı olduğunun nümayişi oldu. İrəvan artıq KTMT müstəvisində Rusiya ilə yollarını ayırıb, NATO-nun bölgə təmsilçisinin qeyd olunan açıqlaması da buna işarədir. Rusiyanın isə artıq bir yolu qalır: əlindəki iqtisadi, siyasi, hərbi rıçaqlardan daha qaba formada istifadə etməklə, İrəvanı Qərbyönlü xəttindən ayırmaq. Bunu bacaracaqmı, zaman göstərəcək.

Turqut