Logo
news content
User
Kateqoriyalar

Analitika

Putin onları Vaşinqtondan geri qayıtmağa çağırır
Rusiya hələ ki, sülh prosesini tormozlaya bilmir, amma...

Mayın 1-dən etibarən Vaşinqtonda ABŞ dövlət katibi Entoni Blinkenin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında müzakirələr başlayıb. Müzakirələrin bu həftə ərzində davam edəcəyi gözlənilir. Diplomatik mənbələrdən mətbuata verilən məlumata görə, tərəflər arasında problemlərin həlli ilə bağlı “yol xəritəsi” razılaşdırıla bilər. 

Rusiya, nəhayət, sükutu pozdu və Vaşinqtonda keçirilən Azərbaycan-Ermənistan sülh danışıqlarından narahatlığını bildirdi. Bu barədə hədə, narazılıq dolu bəyanatı Xarici İşlər Nazirliyindən əvvəl prezident Putinin sözçüsü Dmitri Peskovun səsləndirməsi də təsadüfi deyil. Kreml ən yüksək səviyyədə onun iştirak etmədiyi sülh prosesindən narazıdır. 

Peskov nə demişdi:

“Rusiya, Ermənistan və Azərbaycan arasında üçtərəfli sazişlər istisna olmaqla, Qarabağdakı vəziyyətin həlli üçün başqa hüquqi əsaslar yoxdur; 

İki ölkə arasında mövcud problemlərin həlli və regionda gərginliyin azaldılmasına yönəlmiş bəzi birgə addımların atılması ilk növbədə, təbii ki, Rusiya ilə birlikdə imzalanmış həmin üçtərəfli sənədlər əsasında mümkündür. Hələlik nizamlanmaya töhfə verəcək başqa hüquqi əsaslar yoxdur. İndiyədək bu üçtərəfli sənədlərin heç bir alternativi yoxdur;

Əlbəttə, bu bazada nizamlanmaya kömək edə biləcək hər hansı yardım alqışlanır. Lakin biz onu da bilirik ki, nizamlanmanın əsasını pozan müxtəlif cəhdlər var ki, bu da uzunmüddətli perspektivdə nəticə verməyə bilər”.

ABŞ danışıqların gedişi haqda:

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel mayın3-də keçirilən brifinqdə bildirib ki, ABŞ Ermənistan və Azərbaycan arasında sülh və sabitlik gözləyir.

“Biz bu iki ölkə arasında sülhün mümkün olduğuna inanırıq və onları məmnuniyyətlə qəbul edirik. Biz Dağlıq Qarabağ bölgəsində bu iki ölkə arasında sülh və sabitliyin olmasını gözləyirik”.

ABŞ Dövlət Departamenti “Freedom” radiostansiyasının danışıqlarda Qarabağ mövzusunun müzakirə olunub-olunmadığı barədə sualını belə cavablandırıb: 

“Rəsmi Vaşinqton Bakı və İrəvandan Dağlıq Qarabağ əhalisinin hüquqlarını və təhlükəsizliyini ən yaxşı şəkildə necə qorumaq barədə düşünməyi xahiş edib. Bu, Ermənistan və Azərbaycan arasında münaqişədə əsas məsələdir. Həddindən artıq çox insanın həyatına son qoyan və çox uzun müddət davam edən münaqişənin uzunmüddətli həllini tapmağın yeganə yolu bu insanların, nəhayət, öz evlərində özlərini təhlükəsiz hiss etmələri və hüquqlarının qorunmasıdır”

Dövlət Departamenti vurğulayıb ki, münasibətlərin nizamlanmasına dair sazişin həcmini, xarakterini və məzmununu tərəflər özü müəyyən etməlidir: “Vaşinqton Ermənistan və Azərbaycanın xarici işlər nazirlərini qəbul etməkdən şərəf duyur, onlar birgə sülh üçün çalışırlar. Birləşmiş Ştatlar Cənubi Qafqazda sülhsevər gələcəyin təşviqinə sadiqdir. Tərəflər arasında birbaşa dialoq uzunmüddətli sülhə və problemlərin həllinə nail olmaq üçün açardır. Məqsədimiz ikitərəfli müzakirələrin aparıla biləcəyi və davamlı sülhə doğru irəliləyiş əldə etmək üçün tərəflərin birlikdə həqiqətən çətin işi görə biləcəyi bir məkan təmin etməkdir. Müqavilədə nəyin olub-olmaması tərəflərin ixtiyarındadır”.

Ermənistandan açıqlama:

Ermənistan parlamentinin Avropaya İnteqrasiya Komissiyasının sədri Arman Yeqoyan isə yerli mətbuata bildirib danışıqlar Ermənistan-Azərbaycan münasibətlərinin bütün spektrini, bütün mövcud həll olunmamış məsələləri əhatə edir. “Təbii ki, razılığın əldə olunması üçün bütün məsələlər üzrə hər şey ediləcək, Ermənistan tərəfi bunun əlverişli həllini axtaracaq və onlar Azərbaycan da təbii olaraq öz maraqlarını təmin etməyə çalışacaq. İrəvanın bu danışıqlardan ən yüksək gözləntiləri var”, - deyə Eqoyan vurğulayıb.

Bakıdan Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev:

“Vaşinqton görüşündə Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində irəliləyişin əldə olunacağı ilə bağlı gözləntilər var. Düzdür, ötən ilin sonuna qədər də belə bir ümid vardı, lakin məsələ bu dəfə daha ciddidir;

Qarabağ erməniləri ilə bağlı beynəlxalq mexanizmin olması istənilir. Lakin bu, Azərbaycanın daxili məsələsidir. Hesab edirəm ki, sərhəd-keçid məntəqəsinin qurulması danışıqlar predmeti olmayacaq. Qarabağ erməniləri mövzusunu da daxili məsələmiz kimi müəyyən qədər hansısa beynəlxalq tərəfdaşlarla müzakirə edə bilərik. Bu baxımdan, sülh sazişi üzrə danışıqlarda sözügedən məsələlərin müzakirə ediləcəyini düşünmürəm”.

Beləliklə, mənzərə aydınlaşır. Rusiya Qərbin vasitəçiliyi ilə sülhün əldə olunmasını qeyri-mümkün sayır. Peskovun dili ilə Putin bildirir ki, Rusiyanın iştirak etmədiyi danışıqların nəticəsi Moskva tərəfindən hüquqi sayılmayacaq. O, Rusiyanın prosesdə hüquqi tərəfə çevrildiyi 10 noyabr bəyanatını xatırladır. Bəyanatda açıq şəkildə bildirilir ki, sülh əldə olunsa belə, sahədə onun reallaşmasına imkan verməyəcək.  

Kremli narahat edən əsas məsələ Qarabağla bağlı tərəflər arasında razılaşmanın olmasıdır. Əlbəttə, müharibədən sonra bölgədə hərbi-siyasi vəziyyəti əlində saxlayan Rusiyanın sabitliyi pozmaq üçün real imkanları var. Azərbaycan və Ermənistan, prosesdə aparıcı vasitəçiyə çevrilən Qərb də bu reallığı qəbul edir. Ona görə də nazirlər səviyyəsində danışıqların daha bir raundunun Moskvada keçirilməsi razılaşdırılıb. Bu gün Rusiya XİN belə bir görüşün olacağını təsdiqləyib.

Azərbaycanın təklif etdiyi sülh razılaşmasında Qarabağa dair hər hansı bənd yoxdur, amma Ermənistan və ABŞ bölgədəki erməni əhalinin təhlükəsizliyinə və hüquqlarının qorunmasına beynəlxalq nəzarət formulunun tapılmasında israr edir. Fərid Şəfiyevin açıqlamasından belə nəticə çıxır ki, Bakı bu məsələnin Ermənistanın iştirakı olmadan, amma beynəlxalq vasitəçilərlə müzakirə etməyə hazırdır. Əgər Vaşinqtonda ümumi razılaşma əldə olunsa, Azərbaycan onu Rusiya ilə ikitərəfli qaydada yenidən müzakirə etməyə məcburdur. Bu halda, Ermənistan Azərbaycanla ikitərəfli qaydada sülh əldə edib, prosesdən çıxır, Bakının Qərb qarşısında müəyyən öhdəlikləri yaranır, amma onların icrası da xeyli dərəcədə Rusiyanın mövqeyindən asılı olur. 

Yada salaq ki, 10 noyabr bəyanatının qüvvədə olduğu müddət 2025-ci ildə bitir, bu tarixdən Rusiya sülhməramlıları bölgəni tərk etməlidirlər. Bakı buna nail ola bilsə, Xankəndidə suverenliyini təmin etməklə bərabər, Qərbi razı salan formula təklif edə bilər. 

Nazirlərin Moskvada planlaşdırılan görüşünə gəldikdə, Rusiyanın təklif edəcəyi hər hansı sülh modeli yoxdur. Putin ötən il Valdayda bəyan edib ki, Qarabağ məsələsi gündəlikdən çıxarılır, Azərbaycan və Ermənistan arasında sülh danışıqları üçün əsaslar yaradılır: nəqliyyat yolları açılır, sərhədlərin dəqiqləşdirilməsinə start verilir. Amma bir şərtlə - prosesin idarə olunması bilavasitə Moskvaya həvalə edilir. Bu  ssenari nə münaqişə tərəflərini, nə də Qərbi qane edir, hər üç tərəf problemin qəti həllinə nail olmaq istəyir. Bu səbəbdən Moskvada XİN rəhbərlərinin bir araya gəlməsi yalnız Putin hakimiyyətini sakitləşdirmək üçün formal mahiyyət daşımaqdan ibarət olacaq.

Turqut