
Putin Bakıdan nə apardı?
Liderlərin bəyanatlarındakı fərqli məqamlar, İrəvana atılan top, “Qarabağda konsulluq” müəmması...
21 Avqust 2024
Rusiya prezidenti Vladimir Putinin Azərbaycana “gurultulu” dövlət səfəri bitdi. Kreml rəhbərinin Moskvaya hansı təəssüratla qayıtması dəqiq bilinmir. Amma iki gün ərzində Bakıda ona kifayət qədər qonaqpərvərlik göstərildi, publika qarşısında gülümsəyən simalar, qarşılıqlı hörmət jestləri, səsləndirilən bəyanatlar pozitiv idi.
Əlbəttə, ilin-günün bu ağır vaxtı Putinin az qala bütün hökumət üzvlərini yığıb Bakıya gəlməsi sıradan bir hadisə deyildi. Kurskda kəndlər bir-birinin ardınca itirilir, Ukrayna cəbhəsində hər gün yüzlərlə əsgər ölür, ölkənin strateji sənaye, hərbi obyektləri yanıb kül olur. Problemlər xirtdəkdən yuxarıdır, onları yüngülləşdirmək üçün daxili resurslar artıq kifayət etmir. Rusiyaya iqtisadi, hərbi, siyasi, humanitar, onlardan heç də az əhəmiyyət kəsb etməyən mənəvi dəstək lazımdır. Maraqlıdır, Putin Bakıdakı diplomatik etiketə dayanan xoş münasibətin içində bunların hansını əldə edə bildi? Öz dili ilə demişdi ki, Azərbaycanlı həmkarı ilə prioritet mövzuları müzakirə edəcək. Mətbuata bəyanatında isə səfərin yekunlarından, əldə olunan razılaşmalardan məmnunluğunu dilə gətirdi.
Maraqlıdır, hökumət üzvləri arasında mübadilə edilən sənədlər sosial-iqtisadi əlaqələri tənzimləyən memorandum və sazişləri əhatə edirdi və “prioritet” kateqoriyasına daxil deyildi. Prezidentlərin birgə bəyanatında isə Rusiya və Azərbaycan üçün vacib, ortaq mövzuları tapmaq və sıralamaq mümkündür:
Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı, ötürücülük qabiliyyətinin yüksəldilməsi;
Neft-qaz, energetika sektorunda vəziyyətin təhlili və inkişaf perspektivlərinin müzakirəsi;
İqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin, sərmayələrin artırılması;
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Rusiyanın iştirakının təmin olunması və prosesin 2020-22-ci illərdə mövcud olmuş üçtərəfli formata qaytarılması;
Humanitar əlaqələrin, xüsusən rus dilinin təbliği, rus dilində təhsilin genişləndirilməsi və bu istiqamətdə yeni imkanlardan istifadə olunması.
Bəs bu sahələrdə mövcud durum, perspektiv nədən ibarətdir, Azərbaycan öz maraqlarını qorumaqla Rusiyanın ehtiyac duyduğu məsələlərin icrasında nələr edə bilər?
Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı ilə bağlı Azərbaycan öz üzərinə düşəni edir, dəmir yolu və avtomobil yollarını müasir standartlar cavab verəcək duruma gətirmək üçün işlər görür. Bu barədə prezident İlham Əliyev də dedi:
“Azərbaycanın ərazisində “Şimal-Cənub” dəhlizinin həm dəmir yolu, həm də avtomobil yolu seqmentləri tam şəkildə reallaşdırılıb və uğurla fəaliyyət göstərir. Hazırda bu dəhlizin ötürücülük qabiliyyətini yüksəltmək üçün onun dəmir yolu sahəsinin modernləşdirilməsi ilə məşğuluq. Biz ildə 15 milyon ton və daha çox – 30 milyon tonadək yüklərin daşınması imkanlarından danışırıq və bu, tamamilə realdır. Ümidvaram ki, hazırkı şəraitdə Rusiya və Azərbaycan, həmçinin bu dəhlizin digər iştirakçıları birgə səylərlə öz fəaliyyətini davam etdirəcəklər”.
Vladimir Putin isə bu barədə qısa danışdı: “Bizim “Şimal-Cənub” layihəsinin reallaşdırılması üzrə birgə planlarımızı da xüsusi qeyd edərdim. Bu, bizə Hind okeanının sahillərinə çıxmağa və bu marşrutları qarşılıqlı fayda və qarşılıqlı maraq kontekstində istifadə etməyə imkan verəcək”.
Bu layihənin genişləndirilməsində İran hələ ki, ciddi addımlar atmayıb və prosesin uğurla davam etdirilməsi üçün Tehran üzərinə düşən öhdəlikləri icra etməlidir.
Enerji sektorunda qarşılıqlı əlaqələrin inkişafı barədə həm Putin, həm də Əliyev vəziyyəti hərtərəfli təhlil etdiklərini qeyd etsələr də, təfərrüata varmayıblar. Azərbaycan prezidenti qeyd edib ki, “Biz bu istiqamətdə fəal işləyirik və əminəm ki, gələcəkdə də fəaliyyətimizi əlaqələndirəcəyik”.
İqtisadi əlaqələrin gücləndirilməsi, ticarət dövriyyəsinin, sərmayələrin artırılması barədə Vladimir Putin geniş danışıb, hazırda icra olunan layihələr barədə məlumat verib:
“Əlbəttə, Azərbaycan bazarındakı 1300 müəssisə ondan xəbər verir ki, bizdə fəaliyyət müsbət istiqamətdə inkişaf edir və yaxşı perspektivlərə malikdir. Rusiya ən iri investorlar sırasına daxildir və biz buna yalnız sevinirik. Azərbaycan bazarında şirkətlərimiz özünü yetərincə rahat hiss edir. Artıq xatırladıldı ki, burada həm “LUKOYL”, həm yığılma istehsalını təşkil edən “KamAZ”, həm də “Sollers”, “UAZ” var. Onlar uğurla fəaliyyət göstərir və inkişaf perspektivlərinə malikdir. Biz onların işinə yaradılan şəraitə görə Azərbaycan hakimiyyətinə minnətdarıq.
“Transmaşholdinq” fevral ayında Bakı metropoliteni üçün Rusiya vaqonlarının böyük partiyasının istehsalına dair növbəti müqavilə bağlayıb. Ümidvaram ki, bu qatarlardan istifadə edənlər də razı qalacaqlar”.
İqtisadi əlaqələrin güclənməsi, ticarət dövriyyəsinin artırılması hər iki ölkənin maraqlarına uyğundur. Liderlər ötən il 4 milyard dollarlıq həddin aşıldığını məmnunluqla vurğulayıblar. Xatırladaq ki, bu ilin 6 ayında da ticarətdə artım olub. Statistik məlumatlara görə, 2024-cü ilin yanvar-iyul ayları ərzində Azərbaycanla Rusiya arasında ticarət dövriyyəsi 2 milyard 572.8 milyon ABŞ dolları təşkil edib. Bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 5.2% və ya 127.5 milyon ABŞ dolları artıb. Qeyd olunan həcm bu ilin ilk 6 ayında Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 9.57%-nə bərabər olub.
Gəldik əsas məsələyə.
Azərbaycan və Ermənistan arasında sülh danışıqlarında Rusiyanın iştirakının – yəni üçtərəfli formatın bərpa olunması barədə liderlər ancaq məhdud heyətlər arasında müzakirə aparıb. Əvvəla, maraqlı detal kimi vurğulayaq ki, hər iki tərəfdən müdafiə nazirləri, Baş qərargah rəisləri görüşən heyətlərə daxil edilməmişdi. Məhdud heyətlər anacaq XİN rəhbərlərindən və prezidentlərin beynəlxalq məsələlər üzrə köməkçilərindən ibarət idi. Bu mövzuda İlham Əliyevin və Vladimir Putinin fikirlərində ciddi fərqlər vardı. Azərbaycan lideri bəyanatında açıq dedi ki, ötən ilin sentyabrından sonra regionda tamamilə yeni şərait yaranıb:
“Azərbaycan öz suverenliyini və ərazi bütövlüyünü tam şəkildə bərpa edib. Təbii ki, yeni şərait Cənubi Qafqazda möhkəm və uzunmüddətli sülhün bərqərar olması üçün yeni imkanlar açır. Bütün Cənubi Qafqaz regionunda sabitlik və təhlükəsizlik bir çox hallarda Rusiya ilə Azərbaycan arasında sıx qarşılıqlı fəaliyyətdən asılıdır”.
Putin isə daha geniş danışdı və detallara toxundu:
“Vurğulayım ki, Rusiya gələcəkdə də Azərbaycan-Ermənistan qarşılıqlı fəaliyyətinin normallaşdırılmasına və 2020-2022-ci illərdə Rusiya, Azərbaycan prezidentləri və Ermənistanın baş naziri arasında əldə olunmuş məlum üçtərəfli razılaşmalar əsasında sülh sazişinin bağlanmasına hərtərəfli kömək edəcək. Həmçinin hələ Sovet İttifaqı vaxtından bizdə qalan müvafiq sənədləri nəzərə almaqla, sərhədlərin delimitasiyası və demarkasiyasına, transsərhəd marşrutlarının açılmasına, humanitar təmasların yaradılmasına kömək etməyə hazırıq.
Bizim mövqeyimiz ondan ibarətdir ki, Cənubi Qafqazda sülh və sabitlik bu regionun bütün dövlətlərinin və xalqlarının köklü maraqlarına tam şəkildə cavab verməlidir”.
Həmin gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Rusiyanın “İzvestiya” qəzetinə müsahibəsi yayılmışdı və nazir orada Putinin səsləndirdiyi təkliflərə belə cavab vermişdi:
“Rusiyanın danışıqlar platforması Bakı üçün məqbuldur. Biz buna açığıq. Biz Azərbaycan və Ermənistan arasında birbaşa ikitərəfli formatdan istifadə edirik. Fərqli platformalardan heç vaxt imtina etməmişik. Rusiya Federasiyasının platforması bizim üçün həmişə məqbul olub və təbii ki, bundan sonra biz bu platformadan da istifadə etməyə hazırıq”.
C.Bayramov İrəvanın bu yaxınlarda həmin platforma ilə razılaşmadığını xatırladıb.
Beləliklə, Rusiyanın prosesə cəlb olunmasına Azərbaycan deklarativ olaraq etiraz etmir və topu Ermənistanın meydanına atır. Bakı Paşinyan hökumətinin anti-Rusiya mövqeyini qabardaraq, Moskvanın prosesdə iştirakını mümkün saymır. İlham Əliyev də “artıq regionda yeni şərait yaranıb” deməklə diplomatik şəkildə Rusiyanın prosesdən kənarlaşdığına, danışıqları ikitərəfli formatda davam etdiriləcəyinə işarə edib. Bu, Bakı danışıqlarında tərəflər arasında fikir ayrılıqları açıq görünən yeganə mövzu idi.
Humanitar əlaqələr, rus dilində təhsilin Azərbaycanda inkişafı ilə bağlı mövcud statistik rəqəmlərdən hər iki prezident danışdı və vəziyyətdən razı qaldıqlarını bildirdilər. Putin Azərbaycan-Rusiya ali məktəbinin yaradılması ideyasını irəli sürdü və İlham Əliyevin də bu təklifi dəstəklədiyini bildirsə də, Azərbaycan prezidenti öz çıxışında ayrıca bu məsələyə toxunmadı. Qeyd edək ki, bu ali məktəb Türkiyə və Azərbaycan arasında ötən il qurulan və artıq fəaliyyətə başlayan birgə ali təhsil müəssisəsinin analoqudur. Rusiyanın iki ali məktəbinin Bakıda filialları var, habelə 19 universitetdə rus dilində dövlət hesabına təhsil verilir...
Sonda qeyd ediləsi ən maraqlı məqamlardan biri Putin Bakıya hələ gəlməmiş Qarabağda Rusiya konsulluğunun açılması barədə TASS dövlət agentliyinin səfir Polad Bülbüloğluna istinad edərək xəbər yayması oldu. Az sonra Bülbüloğlu açıqlamasının təhrif olunduğunu dedi və ardınca ilk dəfə artıq Rusiyada səfir səlahiyyətlərinə xitam verildiyini açıqladı. Hər halda onun rəsmən deputat seçilənə qədər diplomatik xidmətdə qalmaq vaxtı vardı. Görünür, ehtiyatsızlığı onun gedişini bir qədər tezləşdiridi. Bu mövzuya isə prezidentlər publik bəyanatlarında toxunmadılar...
Turqut