Logo
news content
User
Kateqoriyalar

Analitika

Proses hansı istiqamətdə gedir – İranın çökməsinin bir neçə versiyası
Tramp və Netanyahunun Xameneyi rejiminə “sağ qalmaq” imkanı verməyəcəyi aydındır

İranda etiraz fəallığı getdikcə güclənir və ölkənin getdikcə daha çox bölgəsini əhatə edir. Ötən bazar günü axşam saatlarında Kərəc şəhərində etiraz aksiyasının iştirakçıları islam inqilabının banisi Ruhullah Xomeyninin və hazırkı ali dini lider Əli Xameneyinin təsvir olunduğu banneri yandırıblar. Hadisənin videosu sosial şəbəkələrdə sürətlə yayılıb.

Tehran merinin müşaviri Abdulla Gənci davam edən etirazlara baxmayaraq bildirib ki, polis təmkin nümayiş etdirir və silahdan istifadə etmir. Onun sözlərinə görə, güc strukturları “təhlükəsizliyə tolerantlıq və güzəşt prinsipi ilə nəzarət” siyasətinə əməl edir.

Bu arada etirazlar tələbə mühitinə də keçib. Şiraz Universiteti, İsfahan Texnologiya Universiteti və İsfahan Universiteti də daxil olmaqla bir sıra ali məktəblərdə imtahanların vaxtı bir həftə irəli çəkilib. Şiraz Universitetinin administrasiyası bildirib ki, bu qərar tələbələr arasında etiraz fəallığının artmasına cavab olaraq universitet rəhbərliyi tərəfindən rəsmi şəkildə təsdiqlənib.

İnsan hüquqlarını müdafiə edən HRANA təşkilatının məlumatına görə, ölkədə etirazlar artıq 26 vilayətdə yerləşən 78 şəhəri əhatə edir. Ümumilikdə 222 yaşayış məntəqəsində insanlar küçələrə çıxıb. Etirazların əsas formaları kütləvi nümayişlər, tətil aksiyaları və tələbə iğtişaşlarıdır.

Rəsmi məlumatlara əsasən, toqquşmalar zamanı 36 nəfər həlak olub, onlardan 34-ü mülki şəxs, ikisi isə təhlükəsizlik qüvvələrinin əməkdaşıdır. Ölənlərin sayı durmadan artır. Daha 51 nəfər yaralanıb, onlar əsasən rezin və xırda saçma güllələrdən xəsarət alıblar.

Etirazlar əvvəlcə iqtisadi tələblərlə başlayıb, lakin sonradan siyasi rejimin dəyişdirilməsi çağırışlarının səsləndiyi kütləvi küçə aksiyalarına və tələbə nümayişlərinə çevrilib.

Bu fonda ABŞ prezidenti Donald Tramp bəyan edib ki, əgər İran hakimiyyəti etirazçıların öldürülməsi barədə əmr verərsə, ABŞ İrana qarşı “çox güclü zərbə” endirməyə hazırdır.

Jurnalistlərin ABŞ-ın İrana müdaxilə edə biləcəyi “qırmızı xətt” barədə sualını cavablandıran Tramp Vaşinqtonun baş verənləri diqqətlə izlədiyini bildirib: “Baxacağıq. Biz bu vəziyyəti çox diqqətlə izləyirik. Əgər onlar keçmişdə etdikləri kimi insanları öldürməyə başlasalar, düşünürəm ki, ABŞ onlara çox güclü zərbə vuracaq”.

Eyni zamanda İsrailin hərbi-siyasi kabineti İrana qarşı yeni əməliyyat planını təsdiqləyib. “Dəmir zərbə” kod adı alan bu plan barədə İsrail hökumətinə yaxın mənbələrə istinadən İsrail sosial media resursları yazır.

Əməliyyatın detalları – hədəflər, format və icra müddəti daxil olmaqla – məxfi saxlanılır. İsrailin rəsmi qurumları bu məlumatları nə təsdiqləyir, nə də təkzib edir, açıq açıqlamalardan çəkinirlər. Mənbələr hərbi əməliyyatların yaxın vaxtlarda başlaya biləcəyini istisna etmirlər.

Trampın İrana hücumla hədələməsindən sonra İran İslam Respublikasının daxili və xarici təhlükəsizliyə cavabdeh olan Ali Milli Təhlükəsizlik Şurası təcili iclas keçirib. Məqsəd etirazları minimum zorakılıqla cilovlamaq və ictimai qəzəbin daha da alovlanmasının qarşısını almaq yollarını müzakirə etmək olub.

Bu barədə “New York Times” qəzeti məlumat yayıb. Müzakirələrdə iştirak edən mənbələr etiraf ediblər ki, İran faktiki olaraq “sağ qalmaq uğrunda mübarizə vəziyyətindədir”. Hakimiyyət həm iqtisadi böhranın doğurduğu daxili etirazlara, həm də ABŞ və İsrail tərəfindən gələn təhdidlərə qarşı məhdud cavab variantlarını nəzərdən keçirir. Bəzi müşavirlər vəziyyətin daha da gərginləşəcəyi təqdirdə strateji bəyanatların və planların hazırlanmasını təklif ediblər.

Bununla yanaşı, məlum olub ki, İranın ali dini lideri ayətullah Əli Xameneyi etirazların yatırılmaması halında ölkədən təxliyə planı hazırlayıb. Bu barədə “The Times” qəzeti kəşfiyyat hesabatına istinadən yazır.

Məqalədə qeyd olunur ki, 86 yaşlı İran lideri ordunun və təhlükəsizlik qüvvələrinin etirazçıların tərəfinə keçdiyini və ya əmrləri yerinə yetirməkdən imtina etdiyini görərsə, 20 nəfərlik yaxın çevrəsi – köməkçiləri və ailə üzvləri ilə birlikdə Tehrandan qaçmağı planlaşdırır.

Xameneyi Moskvaya qaçır, çünki onun üçün başqa yer yoxdur”, – deyə islam inqilabından səkkiz il sonra İrandan qaçan və uzun illər İsrail kəşfiyyatında çalışmış Beni Sabti “The Times” qəzetinə bildirib.

“The Times” yazır ki, bu qaçış planı 2024-cü ilin dekabrında devrilmiş Suriya lideri Bəşər Əsədin Dəməşqdən Moskvaya qaçması təcrübəsinə əsaslanır.

“Reuters” agentliyinin qiymətləndirməsinə görə, Xameneyinin aktivlərinin dəyəri 95 milyard dollara çata bilər.

Bəs hazırkı etirazlar real olaraq İranda nəyə gətirib çıxara bilər? Etirazlar güclənərsə, hakimiyyət narazı kütləyə qarşı kütləvi şəkildə odlu silahdan istifadə etməkdən çəkinəcəkmi? Əgər bu baş verərsə, ABŞ və İsrailin İran rəhbərliyi və hərbi obyektlərinə qarşı yeni birgə zərbəsini gözləmək olarmı? Xameneyinin qaçışı və bunun nəticəsində İranda teokratik idarəetmə formasından imtina ehtimalı nə dərəcədə realdır? Nəhayət, ölkənin etnik əlamətlər üzrə parçalanması ssenarisi mümkündürmü?

Pressklub.az-ın suallarına Yaxın Şərq Araşdırmaları Mərkəzinin (Kiyev) icraçı direktoru İqor Semivolos cavab verib.

Onun sözlərinə görə, İranda mövcud vəziyyət həqiqətən də “ideal fırtına”nı xatırladır – daxili sosial partlayış misli görünməmiş xarici təzyiqlə üst-üstə düşüb. “2009-cu ilin “Yaşıl hərəkatı”ndan və ya Məhsa Əmini ilə bağlı 2022-ci il etirazlarından fərqli olaraq, indiki proseslər ciddi iqtisadi zəminə söykənir. İnflyasiya və rialın kəskin dəyər itirməsi insanların çörək almaq imkanını əlindən alanda, rejimin ideoloji şüarları artıq işləmir.

Əgər etirazlar kritik həddə çatarsa, elitaların bir hissəsi (Pezeşkianın ətrafındakı praqmatiklər və ya ordu rəhbərliyi) dövləti xilas etmək naminə SEPAH-ın radikal qanadını hakimiyyətdən kənarlaşdırmağa cəhd göstərə bilər. Ən azı, elitalar daxilində parçalanma ilə bağlı artıq müəyyən siqnallar var. Onları tam təsdiqləmək çətindir, amma iğtişaşların əvvəlində icraedici hakimiyyətin reaksiyası bunu göstərir. Uzunmüddətli küçə döyüşlərindən sonra ölkənin vətəndaş müharibəsinə sürükləndiyi “Suriya ssenarisi” də istisna deyil.

Tehran meri müşavirinin “təmkin” barədə bəyanatı Qərbi və Trampı sakitləşdirmək cəhdidir. Amma islam rejiminin mahiyyəti elədir ki, zorakılıq hakimiyyəti qorumağın yeganə alətidir. Etirazçılar inzibati binaları və ya silah anbarlarını ələ keçirməyə başlayan kimi, SEPAH və “Bəsic” kütləvi atışmalara keçəcək. Onlar üçün bu, olum və ya ölüm məsələsidir: bilirlər ki, inqilab qalib gəlsə, onları tribunal və ya məhkəməsiz cəza gözləyir”, – tədqiqatçı vurğulayıb.

Onun fikrincə, ABŞ və İsrailin İrana zərbə endirməsi ehtimalı İslam Respublikasının mövcud olduğu 47 il ərzində indiki qədər yüksək olmayıb. “Donald Tramp 2026-cı ildə heç bir diplomatik reverans etməyəcək. Venesueladan sonra zarafatla “Donro doktrinası” adlandırılan (Donald və Monro adlarından yaranan neologizm) yanaşma sürətli və sərt “cərrahi zərbələr”i nəzərdə tutur.

Təl-Əvivdə tez-tez hallanan “Dəmir zərbə” əməliyyatının kod adı İsrailin yalnız nüvə təhlükəsini deyil, həm də SEPAH rəhbərliyini birdəfəlik sıradan çıxarmaq niyyətindən xəbər verir. Əgər Tehran küçələrdə kütləvi qətllərə başlasa, Tramp İsrail raketlərini ABŞ-ın B-2 bombardmançıları ilə dəstəkləmək üçün ideal “humanitar bəhanə” əldə edəcək.

Əsədlə müqayisə son dərəcə yerinə düşür. Moskva regionun diktatorları üçün yeganə sığınacağa çevrilib. 86 yaşlı lider yaxşı anlayır ki, ordunun sədaqəti çox kövrək anlayışdır. Əgər müntəzəm ordu (Artesh) xalqa atəş açmaqdan imtina etsə (bununla bağlı artıq müəyyən siqnallar var) rejim bir neçə gün ərzində çökəcək. Xameneyinin gedişi ilə “vilayət-e fəqih” prinsipi də mənasını itirir. Çox güman ki, İranı hərbçilər və dünyəvi müxalifətin koalisiyası tərəfindən idarə olunan keçid dövrü gözləyir.

Ən təhlükəli ssenari isə ölkənin etnik əlamətlər üzrə parçalanmasıdır. İran çoxmillətli “yamaqlı yorğanı”dır. Kürdüstan, Sistan və Bəlucistan artıq bu gün müqavimət mərkəzləridir. Tehranda hakimiyyətsizlik yaranarsa, onlar ilk olaraq suverenlik elan edəcəklər. İranın şimal-qərbində yaşayan etnik azərbaycanlılar da muxtariyyət tələbi irəli sürə bilər ki, bu da Türkiyə və Azərbaycanı münaqişəyə cəlb edər.

Bununla belə, İran millətçiliyi çox güclüdür. Müxalifətin əksəriyyəti vahid, lakin azad İran istəyir. Buna görə də parçalanma yalnız tam xaos və Tehranda funksional keçid hökumətinin olmaması halında mümkündür.

Görünən odur ki, İranda mövcud hakimiyyət formatının yaxın aylarda süqut etməsi ehtimalı kifayət qədər yüksəkdir. Tramp və Netanyahunun rejimə etirazlardan “sağ çıxmaq” imkanı verməyəcəyi aydındır. 1979-cu ildə dini şüarlarla başlayan inqilab, görünür, 2026-cı ildə iqtisadi və ümumbəşəri tələblər fonunda sona çatır”, – İqor Semivolos yekunlaşdırıb.

Rauf Orucov