Logo
news content
User
Kateqoriyalar

Analitika

Prokuror general Əkbərova 11 il cəza istədi 
“Kişi kimi deyirəm ki, mənim bu hadisə ilə əlaqəm yoxdur. Nəyə desəniz, and içərəm..."

Həbsdə olan Milli Qəhrəman, general-leytenant Rövşən Əkbərovun işi üzrə məhkəmə istintaqı yekunlaşıb. Oktyabrın 13-də Bakı Hərbi Məhkəməsində prokuror onun 11 il azadlıqdan məhrum edilməsini istəyib. Prokuror bildirib ki, Rövşən Əkbərova verilən qəsdən adam öldürmə ittihamı məhkəmədə sübuta yetirilib.

General 2001-ci il mayın 31-dən iyunun 1-nə keçən gecə Kiyev şəhərindəki "Sikora" kafesində mübahisə zəminində 29 yaşlı azərbaycanlı iş adamı Elçin Əliyevi öldürməkdə, Məzahir Şıxəliyevi isə yumruqla vurmaqda ittiham olunur. Ona qəsdən adam öldürmə ilə yanaşı, xuliqanlıq ittihamı da elan edilib.

Prokuror hadisənin üstündən 20 ildən çox vaxt keçdiyini qeyd edərək, xuliqanlıq ittihamına xitam verilməsini istəyib.

Prokurordan əvvəl məhkəmədə fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyevin və zərərçəkmiş qismində tanınan Məzahir Şıxəliyevin (o, hadisədən bir neçə il sonra vəfat edib) ifadəsi elan edilib. Ardınca təqsirləndirilən general ifadə verib.

2006-cı ildən nazir müavini vəzifəsində çalışan Orucəli Hacıyev əvvəl Azərbaycanda və Ukraynada bizneslə məşğul olub. Hadisə baş verən zaman o, metal və qida məhsullarının alqı-satqısıyla əlaqədar Kiyevdə imiş. 

"2001-ci il mayın 31-dən iyulun 1-nə keçən gecə, saat 3-4 radələrində Məzahir Şıxəliyev zəng edib, ağlaya-ağlaya “Elçini bıçaqladılar” dedi. Kimin vurduğunu soruşanda isə “Rövşən vurdu” cavabını verdi. Sonradan bildim ki, söhbət Milli Qəhrəman Rövşən Əkbərovdan gedir. Dərhal geyinib, Məzahirin dediyi yerə getdim. Məzahir Elçinin başını öz dizinin üstünə qoyub ağlayırdı. Soruşdum ki, səni kim vurdu? Cavab vermədi. Kafenin mühafizəçisi dedi ki, artıq ölüb…” - O.Hacıyev ifadəsində delə deyib. 

Məzahir Şıxəliyevin istintaqa 5 müxtəlif ifadəsi var. O, bir ifadəsində Rövşən Əkbərovun hadisə yerində olduğunu, Elçin Əliyevi də onun vurduğunu, başqa bir ifadəsində isə Rövşən Əkbərovun Elçin Əliyevi bıçaqla vurduğunu görmədiyini söyləyib.

Rövşən Əkbərov ifadəsində bildirib ki, nə həmin gecə onlarla "Sikora" kafesində olub, nə də onlara qarşı cinayət törədib. Generalın sözlərinə görə, 2001-ci ildə hərbi kurslarda iştirak etmək üçün Heydər Əliyev tərəfindən Kiyevə göndərilmişdi. Mayın 31-də axşam saatlarında Azərbaycan səfirliyində keçirilən "Azərbaycan günləri" tədbirində hərbi attaşe qismində ailəsi ilə birlikdə iştirak edib. Tədbirdən sonra da ailəsilə birlikdə səfirlikdən evə qayıdıb. R.Əkbərovun iddiasına görə, Elçin Əliyevin öldürülməsini ertəsi gün öyrənib və səfirliyə gedib, orada eşidib ki, bu məsələ ilə əlaqədar Bakıdan nümayəndə heyəti gəlir və aralarında Azərbaycanın Ukraynada səfiri olmuş Nazim İbrahimov (Diasporla İş üzrə Dövlət Komitəsinin keçmiş sədri) da var.

"Səfirlikdə mənə qəzetləri göstərdilər. Orada şəkillərim vardı. Eşitdim ki, Nazim İbrahimov Elçin Əliyevin ailəsinə onu mənim öldürdüyümü deyib. Kiyevdə Nazim İbrahimovla görüşdüm, ondan niyə adımı hallandırdığını soruşdum. Nazim İbrahimov dedi ki, nə danışırsınız, siz iqtidarın adamısınız, mən elə söz deməmişəm. Bakıya qayıtdım, 2002-ci ildə "Gülüstan" sarayındakı tədbirdə Nazim İbrahimovu gördüm. Yanımızda çox adam vardı. Nazim İbrahimova dedim ki, adam kişi olar, üzdə bir söz deyirsən, arxada başqa söz. Nazim İbrahimov yenə təkrarladı ki, mənim adımı çəkməyib. Necə oldu ki, bu 20 ildə bir nəfər gəlib mənim özümdən bu haqda soruşmadı? Deyirlər, guya səfirlikdəki tədbirdən sonra hərbi formada kafeyə getmişəm, orada hadisəni törətmişəm. Mənə ayıb olardı ki, general formasında kafeyə gedim”, - deyə təqsirləndirilən general bildirib.

Rövşən Əkbərov ifadəsinin sonunda mərhum Elçin Əliyevin ailəsinin onu günahlandırmaqla düzgün yolda olmadığını qeyd edib: 

"Elçin Əliyevin ailəsi düzgün yolda deyil. Onların kiminləsə problemi var, bunu araşdırsınlar. Kişi kimi deyirəm ki, mənim bu hadisə ilə əlaqəm yoxdur. Nəyə desəniz, and içərəm..."

Prokurorun suallarını cavablandıran Rövşən Əkbərov deyib ki, 1991-ci ildə Milli Orduya qəbul edilib, o dövrdə Qarabağ müharibəsində iştirak edib: "Göstərdiyim xidmətlərə görə Milli Qəhrəman adı almışam, "Vətən uğrunda" medalları ilə təltif olunmuşam".

Mərhum Elçin Əliyevin ailəsinin nümayəndəsi, vəkil Elçin Sadıqov suallar versə də, general onları cavablandırmaqdan imtina edib. Vəkil prokurorun 11 il həbs cəzası təklifinə etiraz edərək 15 il azadlıqdan məhrumetmə cəzası verilməsini istəyib.

Məhkəmə prosesi oktyabrın 26-da R.Əkbərovun son sözü və vəkilinin müdafiə çıxışıyla davam edəcək. Daha sonra hökm elan olunacaq.

Xatırladaq ki, general Rövşən Əkbərov 2021-ci il martın 15-dən həbsdədir. Ukrayna Prokurorluğu 2003-cü ildə Azərbaycan Baş Prokurorluğuna məktub göndərərək 29 yaşlı Elçin Əliyevin qətlində generalın iştirakını təsdiqləyən sübutların olduğunu yazıb. Elçin Əliyevin ailə üzvləri ötən 20 ildə Prezident Administrasiyası, Baş Prokurorluq da daxil olmaqla, müxtəlif dövlət orqanlarına onlarla məktub göndərərək, Əkbərovun cəzalandırılmasını tələb ediblər. 1965-ci il təvəllüdlü general 1994-cü ildə Surət Hüseynovun dəstəsinin qanunsuz əməllərinin qarşısının alınmasında xidmətlərinə görə Milli Qəhrəman adına layiq görülüb. Rövşən Əkbərov 2020-ci ilin noyabrında ehtiyata buraxılıb.

Gülər