Logo
news content
User
Kateqoriyalar

Analitika

“Prezidentlərin” paradı
Bakının planları nədir və sövdələşmə olacaqmı?

Azərbaycanın güc strukturları Qarabağ separatçılarının keçmiş “prezidentləri” – Bako Saakyan, Arkadi Qukasyan, Araik Arutyunyan, həmçinin “Qarabağ parlamentinin keçmiş spikeri” David İşxanyanı həbs edib.

Keçmiş “dövlət naziri” Ruben Vardanyanı, keçmiş “Xarici İşlər Nazirliyinin rəhbəri” David Babayanı da xatırlayaq. Və yəqin ki, zaman keçdikcə keçmiş qeyri-qanuni “hökumətin” həbsdə olan daha bir sıra “səlahiyyətlilərinin” adlarını eşidəcəyik.

Onların hamısının Bakıya gətirildiyi, İkinci Qarabağ müharibəsi dövrünün “prezidenti” Araik Arutyunyana isə hətta azərbaycanlı vəkil təyin edildiyi də bildirilir. Alov Səfərəliyev dövlət tərəfindən müdafiəçi təyin edilib və artıq keçmiş separatçı liderin dindirildiyini bəyan edib.

“Arutyunyan dindirilib, yalnız onu deyə bilərəm ki, onun verdiyi ifadə bir çox suallara cavab tapmağa kömək edəcək.

Mən Azərbaycan Respublikasının qanunlarına, beynəlxalq konvensiyaların tələblərinə və vəkil etikasına uyğun olaraq onu müdafiə edəcəyəm. Bir sözlə, peşə borcumu vicdanla yerinə yetirəcəm”, - deyə vəkil bildirib.

Təbii ki, Bakının keçmiş separatçı qurumun keçmiş liderlərinin gələcək taleyi ilə bağlı hansı planları olduğu maraqlıdır. Şübhəsiz ki, hər bir şəxs üzrə onun keçmiş fəaliyyəti ilə bağlı araşdırma aparılacaq, Azərbaycanın cinayət qanunvericiliyi çərçivəsində konkret cinayət əməllərinin siyahısı müəyyənləşdiriləcək və onların hər biri üzrə məhkəmə iclasları başlayacaq. Və sonda onların hamısı uzun müddətli həbs cəzası alacaq. Yəqin ki, Azərbaycan hakimiyyətinin fəaliyyət planı belədir.

Bəs, hər şey planlaşdırıldığı kimi gedəcəkmi? Bəzi dövlətlərin (Ermənistan, Rusiya) nəyinsə müqabilində həmin şəxslərin ekstradisiya edilməsi ilə bağlı Azərbaycan rəhbərliyi ilə danışıqlar aparmağa cəhd göstərməsi ehtimalı varmı? Bəs rəsmi Bakı buna gedə bilərmi? Əgər belədirsə, mübadilənin qiyməti nə ola bilər?

Məsələn, artıq Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Fransanın xarici işlər naziri Ketrin Kolonna ilə görüşündə bəyan edib ki, “...Azərbaycan hakimiyyəti Dağlıq Qarabağda qanunsuz həbslər həyata keçirir”. Paşinyan həmçinin qeyd edib ki, beynəlxalq ictimaiyyətin diqqəti bu vəziyyətə cəlb edilməlidir.

Azərbaycan İnsan Hüquqları Mərkəzinin direktoru Eldar Zeynalov yaranmış vəziyyəti old.pressklub.az-a şərh edib.

İlk növbədə, qondarma “Dağlıq Qarabağ Respublikasının” həbsdə olan “prezidentləri”, “nazirləri” və “generallarının” hüquqi statusu barədə bir neçə kəlmə.

“Azərbaycan tərəfi “DQR”in statusunu tanımayıb və buna görə də onların heç birinin bizim cinayət qanunvericiliyimizə qarşı heç bir xüsusi statusu və immuniteti yoxdur. N.Paşinyanın onların Azərbaycan ərazisində həbslərinin guya qanunsuz olması barədə fikirləri “söz xatirinə” bəyanatdan başqa bir şey deyil. Əgər şəxs bizim Cinayət Məcəlləsinə görə 2 il və ya daha çox müddətə azadlıqdan məhrum etməni nəzərdə tutan cinayəti törətməkdə şübhəli bilinirsə, o zaman həbs Cinayət-Prosessual Məcəllənin (CPM) 155-ci maddəsi ilə tövsiyə edilən qabaqlayıcı tədbirdir. Hazırkı halda həbs edilən şəxslərin istintaqdan gizlənməyə çalışması kifayətdir. Bundan əlavə, onların azad olduqları halda cinayət təqibindən yayınacaqlarını, cinayət prosesində iştirak edən şəxslərə qanunsuz təzyiq göstərməklə cinayət təqibi üçün əhəmiyyət kəsb edən materialları gizlətmək və ya saxtalaşdırmaqla ibtidai istintaqın normal gedişinə mane olacaqlarını gözləmək tamamilə məntiqlidir.Onlar həm də yenidən cinayət törədə və cəmiyyət üçün təhlükə yarada bilərdilər”, - hüquq müdafiəçisi bildirib.

Onun sözlərinə görə, məhkəmə həm də təqsirləndirilən şəxslərin vətəndaşlığını araşdırmalı olacaq və bu, onlara qarşı irəli sürülən bəzi mümkün ittihamların kvalifikasiyasını müəyyən edəcək. İndi onların Ermənistan vətəndaşları olduğu güman edilir. Çünki bu ölkənin pasportları var. Lakin Azərbaycan qanunvericiliyinə əsasən, onun ərazisində və ya Azərbaycan vətəndaşı olan valideynlərdən doğulmaları, habelə 1992 və 1998-ci illərdə daimi qeydiyyatda olmaları, ittiham edilənlərin bir qismini Azərbaycan vətəndaşı edir. Üstəlik, Azərbaycan müvafiq prosedurdan keçmədən başqa ölkənin vətəndaşlığına keçidi tanımır, ona görə də bu halda Ermənistan vətəndaşlığı tanınmayacaq.

Hələlik prokurorluq həbs olunanların hamısına konkret ittihamlar elan etməyib. Lakin o, hesab edir ki, bunun qrup məhkəmə işi olacağı aydındır. İşdə sürətli qərar gözləmək lazım deyil, çünki burada bir çox epizodları var.

“Prezident” Araik Arutyunyan və “xarici işlər naziri” David Babayanın həbsi ilə bağlı məlumatlardan aydın olur ki, ittihamlar arasında 100-cü (aqressiv müharibənin planlaşdırılması, hazırlanması, başlanması və aparılması), 114-cü (muzdluların tutulması, onların hazırlanması, maliyyələşdirilməsi və digər maddi təminatı, habelə onlardan hərbi münaqişə və döyüş əməliyyatlarında istifadəsinin təşkili), 116-cı (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüququn pozulması), 117-ci (silahlı münaqişə zamanı hərəkətsizlik və ya cinayətkar komandanlıq), 120-ci (qəsdən adam öldürmə), 214-cü (terrorçuluğu təşkil etmə), 214-1-ci (terrorçuluğu maliyyələşdirmə), 214-3-cü (terrorçuluq məqsədilə təlimlər keçirmə), 218 (cinayətkar birlik yaratma), 279-cu (Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan birləşmələr və ya qruplar), 283-cü (milli ədavətin qızışdırılması təşkili) və s. kimi maddələr var. Bu cinayətlərə görə ümumilikdə 20 ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası verilə bilər.

Qanunda xüsusilə ağır cinayətlər üzrə işlərin araşdırılması üçün 13 ay vaxt ayrılıb. Prokurorluq orqanlarının bütün bu illər ərzində Qarabağ separatçılarının cinayətlərinin sənədləşdirilməsi üzərində işlədiyi nəzərə alınsa, bu zaman “mini-Nürnberq” prosesinin hazırlamaq üçün kifayətdir”, - ekspert qeyd edib.

“Həbs olunanların taleyinin necə olmasından asılı olmayaraq, bu iş ittiham hökmü çıxarılmadan bitməyəcək. Aydındır ki, bu, sırf hüquqi əhəmiyyətindən - günahkarların cəzalandırılmasından savayı, 30 ildən artıqdır ki, Azərbaycana qarşı aparılan və heç də həmişə Azərbaycanın xeyrinə olmayan təbliğat müharibəsinə böyük töhfə olacaq.

Hökm çıxarıldıqdan və qanuni qüvvəyə mindikdən müəyyən müddət sonra cəza yüngülləşdirilə və ya məhkum cəzasını vətəndaşı olduğu ölkədə çəkmək üçün təhvil verilə bilər. Sonuncu, məhkəmə tərəfindən Ermənistan və ya Rusiya vətəndaşı kimi tanınan şəxslərə aid edilə bilər. Məhkum olunan Azərbaycan vətəndaşları vətəndaşlıqdan məhrum edilə və ölkədən çıxarıla bilər. Bu, adətən, məhkumun əsas ittiham üzrə minimum cəzasını çəkdiyi, ömürlük azadlıqdan məhrum etmə halında isə cəzasının 10 ilini çəkdiyi zaman baş verir.

Ermənistanla sülh müqaviləsi imzalanmadığından və “bazarlıq” hələ başlamadığından, məhkum edilmiş “Artsax liderlərinin” “qiymətini” söyləmək hələ tezdir. Sadəcə olaraq, xatırlada bilərəm ki, Rusiya tərəfindən hər hansı xüsusi marağın olması ehtimalı azdır - mən bildiyimə görə, Qarabağdakı separatçıların liderləri arasında yalnız Koçaryan V.Putinin dostu adlanmaq şərəfinə nail olub, Rusiya prezidenti hətta ona həbsxanaya zəng də edib. Qalanları isə Moskva və İrəvan siyasətinin “işlənmiş materiallarıdır”, - deyə hüquq müdafiəçisi yekunlaşdırıb.

Rauf Orucov