Logo
news content
User
Kateqoriyalar

Analitika

Peyvənd bizi COVİD-dən qoruyacaqmı?

Bütün dünyanın diqqəti COVİD-19 əleyhinə peyvəndə yönəlib. Artıq inkişaf etmiş dövlətlər başda olmaqla, bir çox ölkədə əhali kateqoriyalarının peyvəndlənməsinə başlanıb. Azərbaycan hökuməti də peyvənd idxalına hazırlaşır. 2021-ci ilin əvvəllərində bu prosesə ölkəmizdə də start veriləcəyi gözlənilir.

Lakin peyvəndlə bağlı şübhələr də mövcuddur. Suallar var ki, vaksinlər insanları xəstəlikdən nə dərəcədə qoruya biləcək?

Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyir ki, peyvənd vasitəsilə orqanizmdə virusa qarşı süni immunitet yaradılır:

“Amma yaşlı və xroniki xəstəliyi olan insanlarda bu, bir o qədər təsirli olmaya bilər. Hazırlanan peyvəndlər kifayət qədər effektiv peyvəndlər sayılır. Üçüncü klinik mərhələnin də ilkin nəticələri artıq elan olunub, müəyyən qədər təhlil aparılıb. İstehsalçıların bildirdiyinə görə, onların qorumaq baxımından effektivliyi 90 faizin üzərindədir. Peyvənd doğrudan da bu göstəricilərə cavab verirsə, bu, infeksiya ilə mübarizədə müəyyən dönüş deməkdir”.

Mərkəzi Gömrük Hospitalının həkimi Nərmin Muradova öncə onu qeyd etdi ki, virus canlı

bir mikroorqanizm deyil:

“Virusun inkşafı üçün mütləq şəkildə onun hər hansı canlı orqanizmə ehtiyacı var. Yəni canlı orqanizmə düşməlidir ki, orada inkişaf edə bilsin. Son zamanlar virusun mutasiya olunmuş növlərini də görürük. Bu, nə ilə əlaqədardır? Yəni bir insan simptomsuz, heç bir narahatlıq hiss etmədən virus bədənində qalır, sadəcə, daşıyıcı olur. Biz ona görə tes olunmasını istəyirik ki, testi pozitiv çıxan hər kəs izolyasiya edilsin. Bu zaman virusun başqa insanlara yayılma dərəcəsi aşağı olur. Əgər bir insanda virus asimptomatik olarsa və o, başqasına yayarsa, həmin vaxt özündə simptomsuz olduğuna görə bədəndə virusun mutasiya olunmuş bir neçə növü yarana bilir. Peyvəndləmə nə qədər tez başlasa, biz bunun öhdəsindən bir o qədər tez gələ bilərik”.

Həkimin sözlərinə görə, peyvənd olmasa, pandemiya dönəmi bitməyəcək. Bu dövr ərzində bir insan bir neçə dəfə xəstələnirsə, deməli, onun immun sistemi normal deyil və mütləq şəkildə peyvəndə gərək duyur: “Peyvəndin olunduğu periodda bədəndə yüngül qızdırma, baş, kürək ağrıları ola bilər. Bunlar peyvəndin yan təsirləri kimi görünən haldır. Bu zaman panikaya ehtiyac yoxdur”.

Peyvəndin effektivliyinə gəldikə isə N.Muradova vurğuladı ki, heç zaman yüz faiz effekt almaq mümkün deyil:

“Doğrudur, ən azından effektivlik 50 faizin üstündə olmalıdır ki, insanlar risk edib, onu bədənlərinə vurdura bilsinlər. Məsələn, əvvəldən də bilinirdi ki, qrip əleyhinə peyvənddə 70 faiz effektivlik var. Burada 100 faiz effektivlikdən söhbət belə gedə bilməz. Tetanos, hepatit əleyhinə olan peyvəndlər tamamdır, onlar 100100 deyilib və olunub. Amma bu kimi peyvəndlərdə 90 faiz effektivlik deyilir, əslində bu da peyvəndin növündən asılıdır. Hazırda ölkələrin istehsal etdiyi peyvəndlərin 5 növü bilinir. Tərkibi genetik kodlanmış olan peyvəndlər var. Burada əsas məsələ nədir? Biz bilirik ki, sözügedən virusun ətrafı taclı olan tipdədir və buna görə ona həmin ad verilib. Həmin o tacların içərisində “spayk protein” deyilən bir maddə var ki, ondan alınan “mRNA” zəiflədilmiş halda həmin o peyvəndin içərisinə yeridilir və bədənə vurulur. Ona görə də, bir çox insanlar düşünür ki, o, bizim DNA-mıza təsir edə, hər hansı qalıcı bir fəsad verə bilər. Belə bir şey yoxdur. Bu deyilənlər həqiqətə uyğun deyil”.

N.Muradova qeyd etdi ki, peyvənddən sonra spayk proteinə qarşı bədəndə immunitet yaranır və bədən həmin maddəni özü ifraz etməyə başlayır. Bu da o deməkdir ki, insan yenidən həmin virusa yoluxarsa, ona qarşı artıq onda immunitet yaranmış olur və o özü həmin antikorları özü ifraz edir. Ona görə də insan həmin xəstəliyə yoluxsa belə, çox yüngül keçirir.

Ülviyyə Şahin