Logo
news content
User
Kateqoriyalar

Analitika

Paytaxt təhlükədə: xəstəliklər yayılır, canlılar məhv olur...
Şəhərdəki havasızlıq problemi nə zaman həll olunacaq?

“İllərdir şəhərdəki havasızlıqdan əziyyət çəkməyim allergiya xəstəliyinə tutulmağımla nəticələndi. Bakı şəhərinin mərkəzinə yaxın, köhnə tikililərin birində yaşayıram. Bura gəldiyim vaxtlarda hər tərəf yaşıllıq idi. İndi isə o yaşıllıqdan əsər-əlamət qalmayıb. Hər tərəf çoxmərtəbəli binalarla əhatələnib. Hərdən hava almaq üçün pəncərəni açıram, amma hava yerinə qarşıdakı binadan gələn müxtəlif yemək qoxuları evə dolur. Binalar o qədər yaxın tikilib ki, bir az səy göstərsəm, qarşıdakı qonşunun evində olan danışıqları da eşidərəm. Əvvəllər pəncərədən baxanda həm təmiz hava alırdım, həm də mənzərəni seyr edirdim. İndi isə aldığım hava bir-birinə qarışmış yemək qoxuları, gördüyüm mənzərə isə qonşunun evidir. Qarşıdakı çoxmərtəbəli bina havanın qarşısını alır. Məhəllədə, demək olar, ağac da qalmayıb ki, heç olmasa, düşüb həyətdə təmiz hava alaq, dincələk. Sanki qutunun içində sıxışıb qalmışam. Havasız yerdə qalmaqdan canım xəstə düşdü”...

Bakı sakini Rəfiqə Zeynallı deyir ki, tezliklə yaşıllıqlar artırılmalı, şəhərdəki havasızlıq, oksigen çatışmazlığı problemi həll edilməlidir.

Çoxmərtəbəli binaların olması şəhəri gözəl və müasir göstərsə də, onların arxasında sıxışıb qalan azmərtəbəli bina sakinləri o gözəlliyin yaratdığı fəsadla yaşamalı olur. Necə deyərlər, aysberqin görünməyən tərəfini məhz həmin sakinlər hər an görməyə məruz qalır.

Mövzu ilə bağlı old.pressklub.az saytına açıqlama verən Səma və Eko Sosial-iqtisadi inkişafa yardım ictimai birliyinin sədri İradə Həsənova deyir ki, yaşıllıq olmayan ərazilərdə monitorinq aparılmalıdır: “Ağacların, yaşıllıqların kəsilməsi acınacaqlı haldır. Çox təəssüf, hansısa şirkət, məmur ev tikəndə və ya bir iş gördükdə həmin yaşıllıqları məhv edir. Heç olmasa, tikdikdən sonra ətrafı lazımi yaşıllıqlarla təchiz etsələr, problem nisbətən azalar. İnsanlar unudur ki, yaşamaq üçün oksigen lazımdır”. 

Müsahibimiz havasızlıq yaradan digər amillərdən də söz açıb: “Şəhərdə yarananz havasızlığın digər səbəbi isə həddən artıq maşınların olmasıdır. Avtomobillərin xaric etdiyi zəhərli tüstülər havaya qarışır və biz onunla tənəffüs edirik. Bu, müxtəlif xəstəliklərə, o cümlədən, halsızlığa, baş ağrılarına səbəb olur. Bununla mübarizə aparmaq çox çətindir. Təbliğat kampaniyaları aparmaq, ictimai nəzarəti və qınağı gücləndirmək lazımdır. Yaşıllığı qorumaq hər bir vətəndaşın borcudur”.

Yaşıllıqlar bizə oksigen verməkdən, sağlamlığımıza xidmət etməkdən əlavə, həm də şəhərimizi gözəlləşdirən canlılardır. Bəziləri fərqində olmasa da, insanlıq üçün böyük əhəmiyyət kəsb edən bu canlıları yaşatmaqda hər kəs məsuliyyət daşıyır. Hətta bununla bağlı “Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikasının Qanunu da mövcuddur. Qanunda nəinki yaşıllıqları məhv etmək, hətta onların zibillənməsinə, istehsalat və məişət tullantıları ilə çirklənməsinə yol verməmək, yanğın təhlükəsizliyinə əməl etmək fiziki və hüquqi şəxslərin vəzifəsidir.

Mövzu ilə bağlı old.pressklub.az saytına açıqlama verən ekoloq Rövşən Abbasov mərkəzi hissələrdə yaşıllıqların tikililərlə əvəzlənməsi prosesinin dayandırılmalı olduğunu bildirdi: “Biz yaşıllıqların dəyişmə tendensiyasına fikir versək, görərik ki, şəhərin bəzi yerlərində yaşıllıqlar azalıb, bəzilərində isə artıb. Şəhər mərkəzlərində tikililərin sıx olduğu yerlərdə bu tikililərin böyük qismi bəzi sahibkarlara aiddir. Bu bütün dünya şəhərlərində normal haldır. Lakin bu tikililərin sayı şəhərin həcminə uyğun olmadığına və havasızlığın başlıca səbəblərindən olduğuna görə biz çalışmalıyıq ki, bunun qarşısını maksimum dərəcədə alaq. Heç olmasa, hər tikilinin həyətində ərazi həcminə uyğun miqdarda ağaclar əkilməlidir”.

Müsahibimiz havanı çirkləndirən digər faktorlardan biri olan avtomobillərin çoxluğu məsələsinə də toxunub: “Şəhərin mərkəzi hissələrində havanın nisbətən aşağı olması amilindən biri də avtomobillərdir. Son illərdə müəyyən səbəblərə görə paytaxta olan kütləvi axının nəticəsində şəhər əhalisinin artması ilə yanaşı, avtomobillərin də sayı kəskin şəkildə artıb. Onların havaya buraxdığı zəhərli tüstü isə sağlamlığa hərtərəfli zərər vurur. Buna görə gələcəkdə avtomobillərin elektrik-hibrid avtomobillərlə əvəzlənməsi gözlənilir. Bu da havanın keyfiyyətini nisbətən yaxşılaşdırmağa xidmət edəcək”.

Köhnə Bakıda yaşıllıq bugünkünə nisbətən qat-qat çox olub. Keçmişdə şəhərin təxminən 40%-i yaşıllıq olsa da, indi statistika göstərir ki, 5%-dir. Bunun səbəbi isə təbiətə zərər verən insanlardır. Halbuki təbiət bizim sağlamlığımızda mühüm rol oynayır. Onun qeydinə qalmaq hər kəsin borcudur.

Şəhərimizdə yaranan havasızlığın sağlamlığımız üçün törətdiyi fəsadlar haqqında old.pressklub.az-a danışan həkim-pulmonoloq Ramin Nəriman deyir ki, havasızlıq ciddi xəstəliklərin yaranmasına səbəb olur: “Hər kəs bilir ki, yaşıllıqlar insan sağlamlığı üçün önəmli faktordur. Ağacların kəsilməsi olmasa belə, yenə də şəhərdə yaşıllıq zonalar çox azdır. Yaşıllıqlar oksigen mənbəyi olmaqla yanaşı, toz-torpağın tutulub saxlanması, küləyin qarşısının alınması, toksiki zərərli məhsulların özündə çəkilib saxlanması, karbon qazının udulması kimi vacib funksiyaları var. Yaşıllıqların olmaması isə bu amillərin artmasına və orqanizmə zərər yetirməsinə səbəb olur. Bu neqativ təsirlər hesabına tənəffüs yolları zədələnir və immunitet azalır, havada dəm qazının miqdarı artır. Həmçinin gündəlik rastlaşdığımız virus xəstəliklərinin artımı müşahidə olunur. Toz-torpağın artması ilə tənəffüs yollarının obstruktiv (hava yollarının daralması) xəstəliklər, bronxit, allergik xəstəliklər yaranacaq. Eyni zamanda yaşıllıqların az olması ilə baş verən oksigen çatışmazlığı insan orqanizmində onkoloji xəstəliklərin yaranmasına səbəb ola bilər”.

Şəhərdə yaranan havasızlığın digər səbəblərindən, təbiətin məhv edilməsi amillərindən biri də torpaq sahələrinin kəskin şəkildə azaldılaraq asfalt-beton örtüyü ilə əvəzlənməsidir. Nəticədə yay aylarında qızmar günəş şüaları asfaltı qızdıraraq ətrafı buxarlandırır, havasızlıq yaradır. Qış aylarında isə yağış yağdıqda yolları su basır. Necə deyərlər, suyu canına çəkəcək torpaq sahəsi olmadığı üçün o da asfaltın üstündə yığılaraq gölməçələr yaradır. Bu isə hərəkətə maneə olur. Halbuki bu gölməçələrin qarşısını almaq üçün mövcud korrektor sistemi var. Lakin bu sistem yollarda lazımi qaydada təmin edilmədiyindən, bu cür hallarla rastlaşırıq.  

Məsələyə aydınlıq gətirən Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirdi ki, intensiv yağışlar zamanı yollarda yaranan gölməçələrin səbəbi kollektorların sayının azlığı ilə bağlıdır.

“Bakı şəhərində son 30 ildə çox böyük quruculuq və abadlıq işləri görülüb. Vaxtilə torpaq sahələri olan yerlərdə indi evlər, obyektlər salınıb. Keçmişdə torpaq sahələri olan bu ərazilərdə yağış yağanda torpaq suyu udurdu. İndi isə həmin sular kollektorlara axıdılır. Lakin şəhərdə kollektorların tikintisi ilə bağlı böyük layihələr icra olunmayıb. Bu da mövcud kollektorların yüklənməsinə səbəb olur. Leysan xarakterli yağışlar zamanı şəhərin bəzi ərazilərində kollektorlar həm tullantı sularını, həm də yağış sularını daşımaq gücündə olmur. Hətta həmin kanalizasiyaya baxış quyularından (luklardan) kənara su daşma halları görülür. Subasma halları qısamüddətli davam edir. Yağış səngiyəndən təxminən 15-20 dəqiqə sonra bəzi küçələrdə yığılmış sular çəkilib, gedir. Bu istiqamətdə kifayət qədər işlər görülüb. Vaxtilə bir neçə layihə həyata keçirilib”. 

Müsahibimiz problemin həllinə görə gələcək üçün planlanan layihələrdən də söz açıb.

“Ümumiyyətlə, layihələr çoxdur. Abşeron yarımadasında hövzə prinsipləri əsas götürülməklə sistem yaradılması planlaşdırılır. Abşeron və Binəqədinin bir hissəsinin suyunun artıq Lökbatan yaxınlığında tikiləcək qurğulara yönəldilməsi nəzərdə tutulub. Eyni zamanda Dərnəgül-Bakıxanov-Hövsan kollektorunun tikintisi planlaşdırılır . Bu planlar qeyd edilən istiqamətlərdə yükün azaldılmasına gətirib çıxaracaq.”. 

Şəhərin çox hissəsinin müasir üsluba uyğun qurulması cəlbedici olsa da bəzi problemləri gözardı etmək olmaz. Şəhərin gözəlləşməsinə çalışanda, onun insanlar üçün müəyyən fəsadlar yaratmasına imkan verməməliyik. İnsan sağlamlığı hər şeydən öndə gəlir. Biz bu gün ağacları kəsib, yerinə çoxmərtəbəli binalar tikiriksə, torpaq sahəni asfaltla əvəzləyiriksə, gələcəkdə yaranacaq böyük fəsadlara da hazır olmalıyıq.

Əlbəttə, söhbət şəhərdən gedirsə, binalar da olmalıdır, asfaltlı yollar da, maşınlar da... Lakin bunların insan sağlamlığı üçün yaratdığı problemlərin qarşını ala biləcək amilləri yox etmədən, hamısını bərabər şəkildə qurmaq bizim əlimizdədir. Bir sahibkar yaşılıq ərazini götürüb orada özünə obyekt tikirsə, həmin əraziyə uyğun miqdarda yaşıllıq sahə də qurmalıdır. Yolların kənarlarında torpaq sahələri olmalı, ağaclar əkilməlidir. Həm özümüzün, həm də digər canlıların qeydinə qalmalıyıq. 

Ümid edək ki, aidiyyəti qurumlar məsələni ciddi nəzarətə alar, tezliklə bu problemlər öz həllini tapar.

Günay Elşən