Payıza qədər: qonşuda qızmar yay gözlənilir...
Gürcülər siyasi böhranı həll etməyin bir yolunu tapıblar
31 May 2024
Mayın 28-də hökumət prezident Salomi Zurabaşvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna vetosunu ləğv edib. Müxalifətin boykot etdiyi səsvermədə 84 deputat qərarın lehinə, 4 deputat əleyhinə səs verib.
Beləliklə, Konstitusiyaya görə, qanunu Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvili imzalayacaq. Spiker jurnalistlərə açıqlamasında bu addımı atacağını təsdiqləyib.
Prezident Zurabişvili xalqa müraciətində siyasi partiyaları və vətəndaş cəmiyyəti institutlarını referenduma hazırlaşmağa çağırıb. O, bildirib ki, bu referendum Gürcüstanın gələcək taleyini müəyyənləşdirəcək:
“Bu referendum müəyyən etməlidir ki, Gürcüstan xalqı öz gələcəyini Avropada görür, yoxsa Rusiyanın əsarətinə düşməkdə. Biz real referenduma hazırlaşmalıyıq. Bu gün enerjimiz imza toplamağa sərf edilməlidir. Referendumun keçirilməsi ilə bağlı qərarı imzalayacağam ki, aydınlaşdıraq: biz gələcəyimizi Avropanın yanında, yoxsa Rusiyanın əsarətində görmək istəyirik. 84 nəfər buna qərar verə bilməz”, – deyə prezident çıxışında bildirib.
Milli Hərəkat Partiyasının fəxri lideri, hazırda həbsdə olan eks-prezident Mixeil Saakaşvili prezidentin çağırışını dəstəkləyib. O, bəyan edib ki, referendum cəmiyyəti siyasi cəhətdən aktivləşdirəcək, seçkiqabağı dönəmdə onu səfərbər edəcək, ona görə də bu çağırışı xoş qarşılayır. Saakaşvili vurğulayıb ki, referendumun keçirilib-keçirilməməsindən asılı olmayaraq, imza toplamaq prosesi liderlərin və fəalların əhali ilə sıx işləməsinə imkan verən ən yaxşı mexanizmlərdən biridir, ondan istifadə edilməlidir. “Çoxistiqamətli, güclü fəaliyyət, fədakarlıq, çox yaxşı təşkilatçılıq və koordinasiya tələb olunur”, - eks-prezident sosial şəbəkə hesabında yazıb.