Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyanın Putindən yardım istəyi

Cenevrə görüşünün ertəsi günü Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya prezidenti Vladimir Putinə rəsmi məktubu yayıldı. Məktubda Paşinyan “Azərbaycan və Türkiyənin Dağlıq Qarabağa hücumu” nəticəsində yaranan vəziyyət və ortaya çıxan problemlər barədə Putinə məlumat verir. O, daha sonra Ermənistan və Rusiya arasındakı 29 avqust, 1997-ci il tarixli "Dostluq, əməkdaşlıq və qarşılıqlı yardım haqqında” müqavilənin 2-ci maddəsini xatırladır və hərbi əməliyyatların Ermənistan sərhədinə yaxınlaşmasını nəzərə alaraq, Moskvanın təmin edə biləcəyi yardım növünü və miqdarını təyin etmək üçün dərhal məsləhətləşmələr aparmağı təklif edir.

Rusiya Xarici İşlər Nazirliyinin Paşinyanın məktubuna rəsmi cavabı özünü çox gözlətmədi. Nazirliyin rəsmi səhisində yerləşdirilən açıqlamada bildirilir ki, sözügedən müqavilədən irəli gələn şərtlər ölkə ərazisinə silahlı hücum və ya təcavüz aktı təhlükəsi olduqda konkret hərəkətləri nəzərdə tutur. “Hərbi əməliyyatlar birbaşa Ermənistan ərazisinə keçərsə, Rusiya İrəvana bütün lazımi köməkləri göstərəcək”, - deyə Rusiya XİN-in cavabında qeyd olunur.

Paşinyanın Rusiyadan hərbi yardım istəməsinin çeşidli səbəbləri var. Bu barədə ətraflı bir qədər sonra.

Məktub ilk növbədə ondan xəbər verir ki, problemin indiki mərhələdə danışıqlar yolu ilə həlli yoxdur. Buna İrəvanda inanmırlar, eləcə də Azərbaycan rəhbərliyi təklif etdiyi şərtləri Ermənistanın qəbul edəcəyini gözləmir. Cenevrə görüşündən sonra həmsədrlərin yaydığı bəyanat da real situasiyanı özündə əks etdirir. Vasitəçilərin gücü ona çatıb ki, hərbi əməliyyatların Cenevrə konvensiyalarının tələblərinə uyğun aparılması və humantirar missiyanın həyata keçirilməsinə şərait yaradılması barədə razılaşma əldə olunsun. Amma onun praktikada işləyəcəyi sual doğurur.

Bəyanatda daha sonra deyilir ki, tərəflər Moskvada imzalanmış 10 oktyabr tarixli birgə bəyanatın 3-cü bəndinə uyğun olaraq hərtərəfli həllin əsas elementləri üzrə mövqelərini aydınlaşdırmağa yönəlmiş açıq və əsaslı fikir mübadiləsi aparıblar. İstinad olunan həmin bənddə isə yazılıb: ”Azərbaycan Respublikası və Ermənistan Respublikası, ATƏT-in Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə baza prinsipləri əsasında ən qısa müddətdə sülh yolu ilə nizamlanmaya nail olmaq məqsədilə substantiv danışıqlara başlayırlar”.

 

Baza prinsiplərindən biri Dağlıq Qarabağın yekun statusunun referendum vasitəsilə həllini ehtiva edir. Məlumdur ki, Azərbaycan ən yüksək səviyyədə baza prinsiplərindən faktiki olaraq, imtina etdiyinə işarə vurub. Prezident İlham Əliyev bəyan edib ki, Dağlıq Qarabağda heç vaxt referendum keçirilə bilməz, ən yaxşı halda Azərbaycanın suverenliyi çərçivəsində erməni icmasına mədəni muxtariyyət verməkdən söhbət gedə bilər. Dövlət başçısı oktyabrın 28-də Almaniyanın ARD kanalına müsahibəsində bu mövqeni daha da konkretləşdirib: “27 il ərzində bizim Ermənistana etdiyimiz təkliflər artıq öz qüvvəsini itirib...”

 

Beləliklə, Cenevrə görüşünü bu mərhələdə tərəflərin sonuncu dialoq cəhdi hesab etmək olar. Bundan əvvəl Moskvada və Vaşinqtonda olduğu kimi, ciddi razılıq əldə etmək mümkün olmadı. Ermənistan Azərbaycanın şərtlərini qəbul etməyə hazır deyil, danışıqlara iştirak etməkdə yeganə marağı həmsədr ölkələrin Azərbaycana təzyiqinə nail olmaqdır. Proseslər göstərir ki, İrəvan bu məqsədinə nail ola bilmədi. Paşinyanın sonuncu varianta əl atıb, Rusiyadan açıq hərbi yardım istəməsi də danışıqlar prosesinin tamamilə iflasa uğradığını göstərir. Deməli, məsələnin hərbi müstəvidə həll olunması qaçılmazdır. Burada isə Azərbaycanın üstünlüyü o həddədir ki, yaxın gələcəkdə Ermənistanın kapitulyasiyasını hətta əcnəbi hərbi ekspertlər də real sayır. Son günlər oyuncaq rejimin rəhbərinin, eləcə də Paşinyanın bəyanatları təsdiq edir ki, erməni ordusunun Azərbaycan Ordusuna müqavimət göstərmək imkanları getdikcə tükənir. Canlı qüvvə, hərbi texnika itkilərinin yerini doldurub, effektli müdafiə təşkil etmək çox çətindir. Bu situasiyada Ermənistanın yeganə yolu Azərbaycana güclü beynəlxalq təzyiq yaradıb, atəşkəsə nail olmaq və ya Rusiyanı müharibəyə cəlb etməkdir. Bu niyyəti həyata keçirməyə bir neçə dəfə cəhdlər olub: Azərbaycan şəhərləri və ordunun mövqeləri Ermənistan ərazisindən atəşə tutulmaqla Bakı adekvat zərbələrə təhrik edilib.

 

Rusiya Xarici İşlər Nazirliyinin Ermənistanın hərbi yardım cağırışına verdiyi cavab Paşinyan komandasında gözlənilən idi. Baş nazir bundan əvvəl dəfələrlə Rusiya prezidenti ilə telefonda danışaraq ondan kömək istəyib. Kreml bu müraciətləri əslində tam cavabsız qoymayıb, qısa müddətdə Ermənistan ordusuna külli miqdarda silah, sürsat, dava-dərman və humanitar yardımlar göndərib. Amma Paşinyanın məktubunda əks olunan hərbi müdaxilə xahişinə rədd cavabı verilib. İndiki halda prosesə açıq hərbi müdaxilə Moskva üçün kifayət qədər risklidir. Türkiyə faktoru, regionda hərbi-siyasi vəziyyətin nəzarətdən çıxması, ölkənin çoxmillətli cənub regionunda proqnozlaşdırılmayan hadisələrin baş verməsi ehtimalları Rusiyanı çəkindirir.

 

Əlbəttə, Paşinyan Rusiyanın mövqeyini əvvəldən dəqiq bilirdi, amma onu tam çılpaqlığı ilə erməni cəmiyyətinə göstərmək istəyir ki, müharibədəki məğlubiyyətinə alibi qazana bilsin. Yəni “Rusiya kömək etmədi, Türkiyənin tam dəstək verdiyi Azərbaycanla bacara bilmədik”. Paşinyanın bundan əvvəlki gedişi isə Rusiya sülhməramlılarının bölgəyə yerləşdirilməsinin vacibliyi barədə açıqlamasıdır. Məqsəd Rusiyanın şərtlərini qəbul edib, Moskvanın bütün təzyiqini Azərbaycana yönəltmək, eyni zamanda erməni cəmiyyətindən özünə qarşı tənqidləri susdurmaq idi. Belə görünür ki, buna da nail olmaq mümkün olmur.

Turqut