Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyanın növbəti “sülh” oyunu – Mövqe yenə dəyişdi
Ermənistan baş nazirinin dayanıqsız siyasəti Azərbaycanın da, elə Qərbin də səbir kasasını daşıra bilər

“Ermənistan sülh gündəliyinə sadiqliyini təsdiqləməkdə davam edir və rəsmi Bakını sülhün bərqərar olması üçün tarixi fürsəti məhv etməyə yönəlmiş addımlardan çəkinməyə çağırır”. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin avqustun 11-də keçirilən iclasında deyib.

“Dağlıq Qarabağdakı vəziyyətin ən yaxşı həlli Azərbaycanın Laçın dəhlizinin qeyri-qanuni blokadasını götürməsi, beynəlxalq mexanizm çərçivəsində Stepanakert(Xankəndi-red)-Bakı dialoqunun başlanmasıdır”, - Paşinyan bildirib.

Onun sözlərinə görə, Qarabağda humanitar böhran dərinləşməkdə və genişlənməkdə davam edir. “2022-ci ilin dekabr ayından Azərbaycan Laçın dəhlizini qanunsuz olaraq bağlayaraq Dağlıq Qarabağa kommersiya yüklərinin tədarükünü qadağan edib. Yəni Dağlıq Qarabağda fəaliyyət göstərən mağaza və apteklərdə 2022-ci ilin dekabr ayından etibarən xarici şirkətlərin məhsul çeşidi yoxdur. 2023-cü il iyunun 15-dən Azərbaycan da Dağlıq Qarabağa humanitar yüklərin, o cümlədən Beynəlxalq Qırmızı Xaç Cəmiyyəti (BQXK) vasitəsilə çatdırılmasını əngəlləyib. Humanitar böhran kontekstində bu il iyulun 26-da Ermənistan hökumət komissiyası Dağlıq Qarabağa humanitar yüklərin göndərilməsi barədə qərar qəbul edib və göndərilən 19 yük maşını hələ də Laçın dəhlizinin yaxınlığında Sünik rayonunun Kornidzor hissəsində dayanıb”, - deyə erməni baş nazir iddia edib.

Paşinyan əlavə edib ki, Dağlıq Qarabağa humanitar yüklərin daşınmasına qoyulan qadağa Azərbaycanın bölgədəki ermənilərə qarşı soyqırımı siyasəti ilə bağlı daha tutarlı əsaslar verir. “Beynəlxalq ekspert dairələrində belə fikir var ki, Azərbaycanın Laçın dəhlizini qeyri-qanuni şəkildə bağlaması nəticəsində Dağlıq Qarabağda humanitar böhran yaratmaq siyasəti BMT-nin 9 dekabr 1948-ci ildə soyqırım əleyhinə qəbul etdiyi “Hüquqların qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyası nöqteyi-nəzərindən qiymətləndirilə bilər. Düşünürəm ki, Dağlıq Qarabağda Laçın dəhlizinin qeyri-qanuni bağlanması nəticəsində yaranmış humanitar böhran o qədər geniş vüsət alıb ki, mövcud vəziyyətə beynəlxalq hüquqi qiymət vermək üçün daha çox səy göstərmək lazımdır. İnsanların, malların və nəqliyyat vasitələrinin Laçın dəhlizi ilə maneəsiz hərəkətinin təmin edilməsi ilə bağlı Beynəlxalq Ədalət Məhkəməsinin qərarlarına əməl etsinlər”, - Paşinyan bildirib.

Paşinyan bu bəyanatda Ermənistanın sülhə sadiqliyindən danışsa da, əslində onu mövqeyi Qərbin vasitəçiliyi ilə gedən danışıqlar prosesini dalana birəyə bilər. Görünür, erməni lobbisinin və onu dəstəkləyən beynəlxalq siyasi dairələrin Laçın yolu ilə bağlı Azərbaycana qarşı apardığı kampaniya Baş naziri bir qədər “ruhlandırıb”. O, sülh ritorikasını kifayət qədər dəyişib və “Qarabağ Azərbaycanın tərkib hissəsidir” bəyanatına görə radikal çevrələrdən itirdiyi dəstəyi bərpa etmək qərarına gəlib. Gələn ay İrəvanda keçiriləcək mer seçkiləri ərəfəsində müxalifətə meyllənən radikalların bir hissəsinin səsini qazanmaq onun üçün çox vacibdir.

Bundan bir neçə gün əvvəl Qarabağdakı separatçı rejimin “parlament” spikerliyinə “Daşnaksütyun” partiyasından David İşxanyanın gətirilməsi, Ermənistan parlamentinin sədrinin ona təbrik ünvanlaması və Paşinyanın bu “kobud siyasi səhvə” səssiz qalması yeni prosesin tərkib hissəsi idi. 

Paşinyan Laçın yolunda “humanitar təxribat”la süni gərginlik yaradaraq, yaranmış vəziyyətdə Qərbin vasitəçiliyi ilə gedən sülh danışıqlarındakı mövqeyini sərtləşdirməyə cəhd edir. Burada əsas məqsədlərdən biri də Rusiyanın sərt təzyiqlərini bir qədər neytrallaşdırmaqdır. Xatırladaq ki, Rusiya Paşinyanın Qarabağı Azərbaycanın ərazisi kimi tanımasına olduqca qəzəblidir. Ötən həftə Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova bu mövqeni belə ifadə etmişdi: “Paşinyan Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdıqdan sonra erməni əhalinin hüquq və təhlükəsziliyindən danışmağa mənəvi haqqı yoxdur”.

Ermənistan rəhbərliyi güman edir ki, Azərbaycana qarşı gurlaşan tənqidlərə, sanksiya çağırışlarına dəstək verməklə Qərbin Azərbaycana qarşı sərt təzyiqlərinin effektini artırmaq mümkündür. Vaşinqton, Brüssel sülh prosesini təhlükəyə atmamaq üçün Bakı ilə əlavə danışıqlara başlaya bilər. 

Paşinyan sülhə sadiqliyindən danışır və problemin birbaşa həllini Xankəndi-Bakı dialoqunda görür. Amma bu olduqca qeyri-səmimi yanaşmadır. Bir neçə gün əvvəl separatçıların rəhbəri Araik Arutyunyan yerli televiziyada bəyan etdi ki, problem Laçın yolunun bağlanması deyil, Qarabağ ermənilərinin Azərbaycanla birgə yaşamaq istəməməsi ilə bağlıdır. Paşinyan onun dediklərinin sülhyaratma prosesin nə qədər təhlükəli olduğunu demir, amma dolayısı ilə qondarma rejimin “müstəqillik” tələblərini dəstəkləyir. 

Baş nazirin destruktiv bəyanatı yerdə və danışıqlar prosesinin gündəliyində nəyi dəyişə bilər? Bu sualı aydınlaşdırmaq üçün son günlər Vaşinqton və Brüsselin mövqeyinə baxmaq lazımdır. Hələlik nə ABŞ, nə də Avropa İttifaqının rəsmi mövqeyində separatçıların, erməni lobbisinin qaldırdığı hay-küyün təsirləri yoxdur. Azərbaycanın təqdim etdiyi, Qərbin də qəbul edərək masaya yatırdığı gündəlik dəyişməyib. Paşinyanın prosesə yeni çalarlar əlavə etmək, Bakıya təzyiq yaratmaq cəhdlərinin hansısa dəyişikliklərə gətirib çıxarması mümkün deyil. Çünki onu formalaşdırmaq həm münaqişə tərəflərindən, həm də vasitəçilərdən uzun vaxt, gərgin diplomatik zəhmət tələb edib. 

Qərbdə yaxşı anlayırlar ki, prosesin riskə atılması bölgədə yeni eskalasiyaya gətirib çıxara bilər. Bu da Rusiyanın yenidən fəallaşmasına, əldə olunan nailiyyətlərin sıfırlanmasına gətirib çıxara bilər ki, nəticə etibarı ilə burada Ermənistanın itirəcəyi daha çox şey var. Paşinyan bəyan edir ki, sülh ölkəsinin milli təhlükəsizliyinin qorunması üçün əvəzsiz təminatdır, çünki Azərbaycan ona imza atmaqla üzərinə beynəlxalq öhdəliklər götürəcək. O, bunun qarşılığında Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Bu mövqedən bir addım geri çəkilmək, Paşinyanın qorxulu röyasının gerçəkləşməsinə gətirib çıxara bilər. 

Turqut