Paşinyanın inqilab ssenarisinin “kserokopiyası”
Keşiş Baqratın “əzabkeş” obrazı baş naziri devirməyə kifayət edəcəkmi?
11 May 2024
Erməni Apostol Kilsəsinin Tavuş yeparxiyasının rəhbəri arxiyepiskop Baqrat Qalstanyanın (Srbazan) liderlik etdiyi yürüş mayın 9-da İrəvana çatdı və paytaxtın mərkəzi meydanında 20 min nəfərə yaxın insanın iştirakı ilə mitinq keçirildi. Hərəkatın əsas tələbi Azərbaycanla aparılan sərhədlərin delmitasiya və demarkasiya prosesinin dayandırılması, Baş nazir Nikol Paşinyanın istefa verməsidir.
Proses davam edir, keşiş Baqrat dünən tələbələri itaətszilik aksiyasına başlamağa çağırıb, axşam saatlarında “Respublika” meydanında yenidən aksiya keçirilib. Arxiyepiskop bəyan edib ki, küçə hərəkatı ilə yanaşı parlamentdə də Baş nazirin impiçment məsələsi qoyulacaq. Artıq 35 deputat bu prosedurun başlanmasına razılıq verib.
Ermənistan qanunverciliyinə görə, Baş nazirin impiçmentinə başlamaq üçün parlament üzlərinin üçdə birindən çoxunun səsi lazımdır. Eyni zamanda, onlar Baş nazir postuna öz namizədlərini təklif etməlidirlər. Hazırda yetərsay yoxdur, 107 millət vəkilindən 35-i Paşinyanı istefaya göndərməyə hazırdır. Bunlar Robert Koçaryanın, Serj Sarqisyanın liderlik etdiyi partiyaların deputatları, habelə parlamentdəki daşnaklardır. 71 deputat isə hakim partiyaya məxsusdur.
Amma impiçment layihəsinin təsdiqlənib Prezidentə və Konstitusiya Məhkəməsinə göndərilməsi üçün parlament üzvlərinin üçdə iki səs çoxluğu lazımdır ki, hazırda erməni müxalifəti üçün bu qədər deputat sayı əldə etmək imkansızdır. Hakim “Vətəndaş müqaviləsi” partiyası və onun müttəfiqləri keşiş Baqratın Rusiyapərəst müxalifətlə birgə anti-hakimiyyət hərəkatına dəstək verməz.
44 günlük müharibədən sonra Ermənistanda Paşinyan hakimiyyətinə qarşı Rusiyadan açıq şəkildə dəstəklənən, müxalifətin, Apostol kilsəsinin rəhbərlik etdiyi mübarizə var. Onun birinci mərhələsi 2021-ci ilin yayında hazırkı iqtidarın qələbəsi ilə başa çatdı. Paşinyan növbədənkənar parlament seçkilərinə gedərək qalib gəldi və təkbaşına hakimiyyət qurdu, onun 2026-cı ilə qədər mandatı var. Bu seçkidə keçmiş siyasi elita səslərin 20 faizindən bir qədər artdığını alaraq fraksiyalar yaratdı və siyasi meydanda legitim müstəvi əldə etdi. Ötən 3 il ərzində Paşinyanın Azərbaycanın qarşısında “məğlubiyyət seriyasının” (Qarabağdakı qondarma rejimin çökməsi, erməni əhalinin kütləvi köçü, Qarabağın Azərbaycanın ərazisi olmasını qəbul etməsi, 2022-ci il 14 sentyabr döyüşlərinin nəticələri, nəhayət 4 kəndin qaytarılması və sərhədlərin dədiqləşdirilməsi prosesinə başlanması) davam etməsi də erməni müxalifətini dirçəldə bilmədi. Doğrudur, sadalanan hadisələr Paşinyan hökumətinin reytinqini azaldıb, amma buna rəğmən müxalifətin nüfuzu da yerində sayıb. Amma iqtidar ABŞ və Avropa Birliyindən, Fransandan ciddi siyasi, maliyyə, hərbi dəstək əldə edərək ictimai rəydə mövqeyini xeyli möhkəmləndirib. Bu da Paşinyanın Azərbaycanla sülh prosesində daha qərarlı siyasət yeritməsini şərtləndirib. Baş nazir erməni xalqına müraciət edərək “mifik Ermənistandan real Ermənistana” keçidin, Azərbaycan və Türkiyə ilə sülh şəraitində yaşamağın vacibliyini bildirib, əks halda dövlətin suverenliyinin təhlükə altında düşəcəyini bəyan edib. Paşinyan bildirib ki, ölkə konstitusiyası, təhlükəsizlik sistemi dəyişdirilməlidir. Bu açıqlamalar erməni cəmiyyətini hərəkətə gətirib və yepiskop Baqratın başçılıq etdiyi “Tavuş hərakatı”nın siyasi bazisi rolunu oynayıb.
Proseslərin gedişi göstərir ki, hakimiyyətin devrilməsinə qarşı hərəkatın ikinci mərhələsində elə Paşinyanın 2018-ci ildə inqilabla hakimiyyətə gəlməsi ssenarisindən istifadə olunur:
Hərəkat əyalətdən (Tavuş vilayətindən) başlayıb və ölkə paytaxtına yürüş təşkil olunub;
Cəmiyyətdə nüfuzu aşağı olan siyasi müxalifət prosesə liderlik etmir, amma bütün gücü ilə ona dəstək verir;
Keşiş Baqratın əzabkeş, döyüşkən obrazı yaradılır, onun döyənək olmuş ayaqlarının fotosu yayılır (2018-ci ildə Paşinyanın sarğıda olan əli populyar idi).
İndi bu sual maraqlıdır: Paşinyanın inqilab ssenarisinin “kserokopiyası” işə yarayacaqmı? Bu sualı aydınlaşdırmaq üçün mövcud siyasi şəraiti, hakimiyyətin, müxalifətin imkanlarını, xarici təsir faktorunu və s amilləri 2018-ci ildəki durumla müqayisə etməyə ehtiyac var.
Keçmiş jurnalist, deputat Nikol Paşinyanın başçılıq etdiyi etiraz aksiyaları 1999-cu ildən davam edən “Qarabağ klanı”nın hakimiyyətinə qarşı yönəlmişdi. Postu müttəfiqi Robert Koçaryandan təhvil alan Serj Sarqisyanın 2018-ci ildə hakimiyyətin ömrünü uzatmaq ssenarisi cəmiyyətdə təpki ilə qarşılandı və yeni qüvvələr (Paşinyan komandası- red.) onu genişləndirib ümumxalq hərəkatına çevirə bildi. Burada klanın korrupsiyaya, rüşvətə, zorakılığa, seçki saxtakarlığına əsaslanan hakimiyyətinin ictimai etimadı itirməsi başlıca rol oynayıb.
Ötən 6 ildə “Vətəndaş Müqaviləsi” partiyası iqtidarı neqativ əməllərdən təmizləyə bilib və geniş islahatlar aparıb. Partiya liderləri cəmiyyətdə təmiz reputasiyaya malikdir, korrupsiya, rüşvət qalmaqallarında adları hallanmayıb. Hökumət əsasən demokratik prinsiplərə əməl edir, hesabatlıdır, seçkilər saxtalaşdırılmayıb. Paşinyan komandası müharibədəki məğlubiyyətdən və daha sonra gedən proseslərdən dolayı səs itirsə də, onun legitimliyi sarsılmayıb. Sorğular göstərir ki, iqtidara inam azalsa da, müxalifətə inam artmayıb, cəmiyyətdə gözləmə mövqeyi, yaxud passiv şəkildə iqtidarın siyasətinə dəstək var. “Tavuş hərəkatı” boşluğu doldurmağa, 2018-ci ildə Paşinyanın etdiyi kimi “üçüncü qüvvə” rolunu oynama çalışır.
İqtidarın əleyhinə işləyən ən ciddi faktor müharibədəki məğlubiyyət, Qarabağın itirilməsi, Azərbaycanın şərtlərinin qəbul edilməsidir. 4 il keçsə də böyük itkilərə rəğmən erməni cəmiyyətinin əhəmiyyətli hissəsi Azərbaycanın qələbəsini həzm edə bilmir, bu da revanşist qüvvələrin şüarlarının cəmiyyətdə özünə dəstək tapmasına şərait yaradır.
Paşinyan bu formula qarşı Rusiyanın Ermənistana və Qarabağ ermənilərinə xəyanətini, Türkiyə-Azərbaycan tandeminin güclü olmasını, Qərbin Rusiyanın forpostu olan Ermənistanı dəstəkləmədiyi arqumentlərini qoruyur. Daha sonra keçmiş siyasi elitanın Qarabağ kartından istifadə edərək ölkədə korrupsioner sistem qurduğunu, nəticədə əhalinin yoxsullaşdığını, Ermənistanı tərk etdiyini, ölkənin məchul gələcəyə getdiyini bəyan edir.
Beləliklə, 2018-ci ildəki siyasi şərait hazırkı müxalifətin əlində yoxdur. Amma media, maliyyə imkanları, xaricdən və erməni kilsəsindən tam dəstəyi var. Paşinyan iqtidarı isə 6 il əvvəlki hökumətin itirdiyi ictimai etimada, Qərbin birmənalı dəstəyinə, təmiz reputasiyalı monolit komandaya, gücləndirilmiş, sadiq hüquq-mühafizə orqanlarının sahibdir. Paralel olaraq Müdafiə Nazirliyi siyasi proseslərdən uzaqlaşdırılıb, vətəndaş cəmiyyəti birmənalı şəkildə iqtidarın yanındadır.
Erməni diasporuna gəldikdə, Paşinyana, müxalifətə münasibətdə bu qüvvələr parçalanıb. Fransa, Rusiya, bəzi Avropa ölkələrində, eləcədə də ABŞ-dakı diaspor təşkilatlarının bir hissəsi revanşistləri dəstəkləyir. Amma bu dəstəyin erməni ictimai rəyinə proeksiyası olduqca zəifdir.
Cəmiyyətdə söz sahiblərindən biri olan erməni kilsəsi də müxalifətin yanındadır, elə Paşinyana qarşı hərəkata da bu qüvvə rəhbərlik edir. Amma iqtidar əlindəki resurslarla onun mövqelərini və arqumentlərini vurur. Kilsənin Azərbaycanla düşmənçiliyin davam etdirilməsi, yeni müharibə çağırışları erməni cəmiyyətində dəstək tapa bilmir və Paşinyan özü şəxsən bu durumdan yaralanaraq mesajlarını çatdırır. “4 kəndin qaytarılmasından imtina yeni müharibə deməkdir və bu zaman Azərbaycan haqsız olmayacaq”, - Baş nazir ictimai müraciətlərinin birində deyib.
İrəvanda keçirilən aksiya qüvvələr nisbətinin hakim komandanın xeyrinə olduğunu göstərdi. Meydana toplanmış 20 minə yaxın insan bütün Paşinyan əleyhdarlarının birgə gücünün nümayişidir. Onlar bundan artdığına nail ola biləcəkmi, bunu demək çətindir. Hazırkı tendensiya aksiyaların artan xətlə davam etməyəcəyini və kütləviliyin getdikcə zəifləyəcəyini göstərir.
Paşinyanı devirməyin legitim yolları yoxdur, qeyri-sivil addımlara qarşı isə polis və MTX var. Qərb də iqtidarın arxasındadır. Ona görə Paşinyan səbirlə prosesin təbii axarına düşməsini gözləyəcək.
Məşhur atalar sözü ilə desək, keşiş Srbazan Paşinyanın “ayaqqabısını” geyə bilər, amma onun “yerişini” yerimək çətin olacaq...
Turqut