Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyanın dərdi var...
ABŞ sülh müqaviləsini imzalamağa tələsdirir, Qarabağ erməniləri ilə danışıqlar başlayır

ABŞ Dövlət katibi Entoni Blinkenin Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığından sonra Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono bu həftə Azərbaycana və Ermənistana səfər edəcək. Rəsmi məlumata görə, L.Bono ABŞ-ın sülh prosesinə yardımını və regionda dayanıqlı sülhə nail olmağın ən yaxşı yolunu müzakirə edəcək. 

Ehtimal ki, bu səfər Əliyev-Blinken danışıqlarında razılaşdırılıb, Vaşinqtonun əsas qayğısı tezliklə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasıdır. ABŞ administrasiyası ilin əvvəlindən sülh prosesinə sərf etdiyi enerjinin boşa çıxmasını qətiyyən arzulamır. Xatırladaq ki, may və iyun aylarında Vaşinqtonda Bakı və İrəvan rəsmiləri Dövlət katibi Blinkenin təşəbbüsü ilə üst-üstə 7 gün müzakirələr aparmışdı. Rusiya-Ukrayna müharibəsinin qızğın dövründə ABŞ rəsmisinin probleminin həllinə bu qədər böyük diqqət ayırması təsadüfi deyil. Vaşinqton tezliklə xırda-para problemlərin həll olunmasını, tərəflərin öhdəliklər götürməklə sülh müqaviləsi imzalamasını istəyir.

ABŞ-ın mövqeyi bundan ibarətdir ki, Azərbaycan Qarabağ erməniləri ilə dialoqa başlayacağına dair öhdəlik götürsün. Bu, Ermənistan hakimiyyətinin daxili müqaviməti, habelə separatçı rejimin müqavimətini zəiflətməyə, nəticədə sülh müqaviləsinə imza atmasın imkan verə bilər. Rəsmi Bakı, prinsipcə, bu dialoqa hazırdır, amma bir neçə şərti var:

Görüş harada keçiriləcək;

Kimlər iştirak edəcək;

Xarici vasitəçilər olmayacaq;

Mövzu ancaq reinteqrasiya ilə bağlı olacaq. 

İki gün əvvəl separatçıların nümayəndəsi Tiqran Petrosyan belə bir xəbər yaydı ki, Azərbaycan ABŞ və Avropa Birliyinin vasitəçiliyi ilə avqustun 1-də Bratislavada Xankəndidəki ermənilərin nümayəndələri ilə görüş təklifindən imtina edib. O, bildirib ki, Rusiya bu görüşü Yevlaxda və ya Bakıda təşkil etməyə çalışır: "Orada dialoq ola bilməz. Biz orada nələrin müzakirə olunacağını çox gözəl anlayırıq... Moskvanın belə bir təklifi bizi ələ salmaqdır. Bu, bizim üçün təhqirdir”. O, əlavə edib ki, görüşün keçirilməsi məsələsini müzakirə etmək üçün sabah və ya ertəsi gün Qərb ölkələrinin nümayəndələri İrəvana gələcək.

Dünən isə Caliber.az saytı Yevlaxda Azərbaycan hökumətinin nümayəndələri ilə Qarabağdakı erməni etnik azlıq nümayəndələri arasında görüşün təşkili üzərində iş aparıldığı barədə xəbər yayıb. Qeyd olunur ki, görüşdə heç bir xarici ölkənin nümayəndələri iştirak etməyəcək. Bu, Bakının əsas tələblərindən biridir. Xəbər hələlik rəsmi təsdiqini tapmayıb, həmçinin qeyd olunur ki, separatçılar arasında görüşün pozulmasına çalışanlar var. Çox güman, Ruben Vardanyanın başçılıq etdiyi dəstə bu təması əngəlləmək istəyir. 

ABŞ-ın Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononun regiona səfəri çərçivəsində Vaşinqtonun güclü istəyi, Bakının şərtləri daxilində danışıqların başlaması məntiqlidir. Sülh sazişi üçün maneələr aradan qaldırılmalıdır. Qarabağ erməniləri ilə görüş baş tutsa və silsilə xarakter alsa, Ermənistan hakimiyyətinin əsas bəhanələrindən biri aradan qalxır. Böyük ehtimal, Paşinyan hökuməti prosesi uzatmağa cəhd etsə, Vaşinqtonun ciddi təzyiqlərinə məruz qalacaq. 

Hazırda Ermənistan hakimiyyəti birləşmiş müxalifətin, onu dəstəkləyən Rusiyanın təzyiqlərini, bununla bərabər sentyabrın ortalarında İrəvanda keçiriləcək mer seçkilərində məğlubiyyət riskini əsas gətirərək, prosesi uzatmağa çalışır. Məlumdur ki, Laçın yolunda süni gərginliyin müəlliflərindən biri Paşinyan hökumətidir. Qarabağa göndərilən humanitar yük karvanının Laçın NBM-də ilişib qalmasından maksimum istifadə etməyə çalışan iqtidar, daxili ictimai rəyi manipulyasiya edir. Yaranmış beynəlxalq hay-küy içərisində Paşinyan bir neçə məqsədini reallaşdırmağa çalışır:

Qarabağı Azərbaycana təhvil verdiyi, etnik erməni azlığı taleyin ümidinə buraxdığı barədə cəmiyyətdə möhkəmlənmiş rəyi zəiflətmək; 

Birləşmiş müxalifətin əsas arqumentlərini (Ermənistanın milli təhlükəsizliyi təhdid altındadır və ona heç bir qarantiya yoxdur) vurmaq, onların ətrafında səfərbər olmuş radikal millətçi kəsimin bir hissəsini öz tərəfinə çəkmək, yaxud qərarsız qalmasını təmin etmək;

Sentyabrın ikinci yarısında İrəvanda keçiriləcək mer seçkilərində qələbəni təmin etmək. Bu, Paşinyan üçün hava-su kimi lazımdır, çünki paytaxtın müxalifətin əlinə keçməsi gələcək seçkilərdə ona böyük problemlər vəd edir;

Nəhayət, xaricdəki erməni lobbisinin və müttəfiqlərin dəstəyindən istifadə edərək, sülh müqaviləsinin imzalanması ərəfəsində Azərbaycan hakimiyyətinə ciddi təzyiq göstərməklə, Bakının mövqeyini zəiflətmək.  

Qeyd edək ki, bütün bunlar Paşinyanın öz hesablarıdır, mövcud danışıqlar formatında – ABŞ və Avropa İttifaqı platformasında gündəlik dəyişməyib. İyunun 15-də Brüsseldə keçirilən görüşdən sonra Aİ Şurasının rəhbəri Şarl Mişelin bəyanatı qüvvədədir, habelə Vaşinqtonda iyunun sonunda xarici işlər nazirlərinin görüşündən sonra Dövlət katibi E.Blinkenin açıqlamasında qoyulan prioritetlər də əsas mövzular olaraq qalır. Laçın yolunda yaranmış hay-küy danışıqlar prosesinə heç bir mövzu verməyib. Gündəliyi Azərbaycan diktə edir və Bakının əsas prioritetləri təklif olunan 5 baza prinsipində əks olunub. Nə vasitəçilərin, nə də rəsmi İrəvanın bu gündəliyə ciddi etirazı yoxdur. Qeyd olunduğu kimi, əsas problem Qarabağdakı etnik erməni azlığı ilə bağlıdır, Azərbaycanın mərkəzi hökuməti ilə onun şərtləri daxilində danışıqların başlaması sülh müqaviləsinin imzalanmasına ciddi təkan verə bilər.

Turqut