Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyandan Rusiyaya “Əliyev gedişi”

Müəllif: Seymur Həzi

Əfqanistan mövzusu Qarabağ ətrafında cərəyan edən hadisələri və Azərbaycan dövlət başçısı İlham Əliyevin CNN Türk kanalına verdiyi müsahibədəki bəzi məqamları kölgədə qoymaqdadır. Güman edirəm ki, istər Ermənistan tərəfindən Azərbaycana edilən sonuncu “vasitəçisiz danışıqlar” təklifi, istəq dövlət sərhədində və sülhməramlılarla təmas xəttində baş verən atəşkəs pozuntularının pərdəarxası ciddi təhlil olunmalı məsələlərdir. İlham Əliyevin sözügedən müsahibəsində bəzi məqamları da şərh etməliyik. Çünki elə təəsürat yaranır ki, bütövlükdə proses yenidən baxılma mərhələsinə qədəm qoyur.

Paşinyan vasitəçi istəmir

Ermənistan baş naziri Azərbaycan dövlət başçısını vasitəçilərsiz danışıqlara dəvət edir. Burada onun güddüyü taktiki məqsədləri təhlil etməyə ehtiyac yoxdur. İstənilən halda o, Rusiyanın da hələ ki kənarda duran Fransa və ABŞ-ın yanına getməsini istəyir.

Kremlin Paşinyanı sevmədiyi ortadadır. Ancaq Ermənistanda sonuncu seçkilərin yaratdığı reallıq Rusiyanı məcbur edir ki, Paşinyanla hələlik hesablaşsın. Təbii ki, Moskva buna uzun müddət dözmək istəmir. Bir tərəfdən, parlament müxalifətinin vasitəsilə sistemdaxili təzyiqlər göstərtdirir (Köçəryan parlamentin işini pozmaqla idarəetmədəki demokratiyanı şübhə altına almaq istəyir); başqa tərəfdən, Serj Sarqsyanı Qarabağa aparır. İkinci addımla o, Paşinyana demək istəyir ki, artıq səni bu formatda görmürük. “Qarabağ məsələsi”ni Ermənistanın məsələsi olmaqdan çıxarıb, ermınilərin məsələsi etmək istəyir. Əlbəttə, burada daha uzağagedən planlar  da var. Amma taktiki məqsəd rəsmi İrəvanı bu məsələdə aciz və qeyri-təşəbbüskar göstərməkdir.

Paşinyan isə İlham Əliyevə vasitəçisiz görüş təklif etməklə öz yerini problemin bir tərəfi kimi yerli və beynəlxalq ictimai fikirdə möhkəmləndirmək niyyəti güdür. Yəni Paşinyan Rusiyanın ona qarşı planına cavab olaraq, artıq Kremlin vasitəçi ola bilmədiyini dünyaya göstərmək istəyir.

Azərbaycan tərəfi bu danışıqlara getməlidirmi? Əlbəttə. Amma Paşinyana lazım olan bu görüşdə Ermənistan tərəfdən güzəştlərin razılığı əvvəlcədən alınmalıdır. Bu, həm sülh sazişinə dair, həm də kommunikasiya dəhlizlərinin işləməsinə dair ola bilər. Birinci şərt isə təbii ki, Azərbaycanın ərazi bütövlüyünün və müstəqilliyinin Ermənistan tərəfdən tanınmasıdır.

İlham Əliyev üçün çətin sual

Başqa bir diqqətçəkən məqam CNN Türk kanalına müsahibə zamanı Rusiyanın Qarabağ münaqişəsində və regionda rolunu təsvir edərkən, İlham Əliyevin Moskvanı “Ermənistanın yaxın müttəfiqi” adlandırması oldu. Bu halda başqa suallar da yaranır: elə isə niyə Azərbaycan Ermənistanın yaxın müttəfiqini “sülhməramlı”adı ilə qəbul etdi? Və yaxud nə üçün Azərbaycanın yaxın müttəfiqinin bu sülhyaratma prosesində  proporsional rolu olmadı? Həmin sualların da cavabını vermək indi hakimiyyət üçün mühüm əhəmiyyət kəsb edir. Çünki yuxarıda dediyimiz kimi,  hadisələr və qiymətləndirmələrdən belə təəssürat yaranır ki, bir çox məsələlərə yenidən 44 günlük müharibənin ritorikası ilə toxunulur. Bunun ardınca hansı qərarlar gələcək – AB ilə, Türkiyə ilə ilişkilərdə növbəti addımlar nə olacaq? Prosesin səmimiyyət ölçüsü güman ki, bu sualların cavabıdır.