Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyana ultimatim verildi 

Müəllif: Şahin Cəfərli

Dekabrın 5-də İrəvanda Ermənistan müxalifətinin növbəti kütləvi aksiyası keçirilib. İştirakçıların sayı bu dəfə əvvəlkilərdən çox olub. Müxalifət 40 mindən çox adamın aksiyaya qatıldığını deyir. O qədər olmasa da, hər halda, bu rəqəmin azı yarısı qədər kütlənin yığışdığı dəqiqdir.  

Müxalifət xəyanətdə ittiham etdiyi baş nazir Nikol Paşinyana ultimatum verib. Ona 8 dekabr, saat 12:00-a qədər istefaya getmək təklif olunub. Daşnakların nümayəndəsi bəyan edib ki, əks halda, ölkədə kütləvi itaətsizlik aksiyaları başlayacaq. Müxalifətin keçid dövrü üçün baş nazir vəzifəsinə namizədi Vazgen Manukyan isə könüllü istefa verməyəcəyi təqdirdə, qəzəblənmiş kütlənin Paşinyanı parça-parça edəcəyini bildirib. 

Ermənistanın keçmiş baş naziri və sabiq müdafiə naziri, 74 yaşlı Vazgen Manukyan erməni separatizmi və işğalçılığının başında durmuş, “Qarabağ” Komitəsinin lideri olmuş, yəni həm öz xalqının, həm də bizim başımıza bu bəlaları açmış adamlardan biridir. Ahıl yaşına rəğmən, bir siyasətçini – hökumət başçısını linç olunmaqla təhdid etməsi onun hansı səviyyəyə malik olmasından xəbər verir. Manukyanın və o zehniyyətdə olan qüvvələrin hakimiyyətə qayıdışı ilk növbədə Ermənistanın və erməni xalqının gələcəyinin bir daha qaranlığa qərq olunması deməkdir. Bu, həmçinin, bölgədə düşmənçiliyin davam etməsi anlamına gələcək. 

Hazırda yaranmış vəziyyət erməni toplumu üçün bir yolayrıcıdır: onlar papaqlarını qarşılarına qoyaraq mövcud durumu soyuqqanlı şəkildə təhlil və həzm etməyə özlərində güc tapmalıdır. İstənilən başı işləyən erməni xəritəyə bir daha nəzər salsa, ölkəsinin inkişafının, etibarlı və uzunmüddətli təhlükəsizliyinin yalnız Azərbaycan və Türkiyə ilə dostluq, əməkdaşlıq şəraitində mümkün ola biləcəyini; tarixə nəzər salsa, düşmənçilik və savaşlardan da ilk növbədə özlərinin zərər çəkdiyini anlayar. Yenə eyni əməllərə davam edib, fərqli nəticələrə ümid etmək boş xəyalpərəstlikdən başqa bir şey deyil.

Paşinyanın aqibətinə gəldikdə isə, Putin son çıxışlarında onu tərifləsə də, Moskvanın Ermənistanda siyasi dəyişiklikdə maraqlı olmadığını söyləməyə əsas yoxdur: 

- Əvvəla, Paşinyan hətta Kremlə gedib, Rusiyaya sədaqət andı içsə də, Moskva üçün ögey övladdır, ona heç vaxt güvənməyəcəklər; 

- İkincisi, inqilabi yolla hakimiyyət dəyişikliyinin, Qərbə yönəlmək arzusu və cəhdinin hansı nətəcələrə gətirib çıxarmasının Rusiya xalqı başda olmaqla, bütün postsovet xalqlarına bir daha əyan olması baxımından Paşinyan idarəçiliyinin tənəzzülü öz məntiqi sonluğuna çatmalıdır; 

- Üçüncüsü, Azərbaycan və Ermənistan arasında sülh danışıqlarının yeni mərhələsində İrəvanda barışmaz və radikal mövqeli hökumətin iş başında olması Moskvanın maraqlarına daha uyğundur, nəinki Azərbaycan və Türkiyə ilə əməkdaşlığa meylli, güvənilməz qərbyönümlü siyasətçilərin. Moskva bu problemin qəti çözümünü istəmir və bölgədə kommunikasiyaların da yalnız onun nəzarəti altında açılıb, fəaliyyət göstərməsində maraqlıdır. Ermənistan danışıqlarda yenə Dağlıq Qarabağın müstəqilliyində israr edəcək, Azərbaycan isə təbii ki, bunu rədd edəcək, beləliklə, proses yenə uzanacaq, sülhün olmaması isə Rusiya sülhməramlılarının Qarabağda qeyri-müəyyən müddətə qalmasını şərtləndirəcək, hətta Qərb də buna tərəfdar olacaq...

Paşinyan vəziyyətdən necə çıxa bilər? 

Aydındır ki, bu şəkildə - heç nə olmamış kimi davam etmək çox çətin olacaq. Daxili siyasətdə hansısa yeni gedişə, düyünü açacaq addımlara, “perezaqruzka”ya ehtiyac var. Müharibənin nəticələrinin Paşinyanın reytinqinə  necə təsir göstərdiyini dəqiq bilmirik, şübhəsiz ki, onun nüfuzu aşağı düşüb. Amma müxalifətdə də yüksək reytinqə və populyarlığa malik siyasi lider, partiya yoxdur. Bu gün Paşinyan üçün ən yaxşı çıxış yolu 2-3 ay sonraya erkən seçki təyin edərək seçki prosesini öz rəhbərliyi altında gerçəkləşdirərməkdir. (Müxalifət seçkilərin Manukyanın baş nazirliyi dövründə keçirilməsini istəyir. Səbəb aydındır.) 

Əgər yeni seçkidə erməni xalqı revanşist radikal millətçilərə səs verərsə, yaxın və uzaq tarixdən düzgün nəticə çıxarmadığını göstərmiş olacaq. 1998-ci ildə Azərbaycanla anlaşmağın və güzəştlərin vacibliyindən danışan müstəqil Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan “müharibə partiyası” tərəfindən istefaya məcbur edildi, xalq da ona sahib çıxmadı. Nəticə ortadadır. Erməni xalqı yenə eyni səhvə yol versə, öz əli ilə yeni “meds yeghern”lərə (böyük fəlakətlərə) qapı aralamış olacaq...