Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyana qarşı Abramyan?

Müəllif: Seymur Həzi

Ermənistanda siyasi vəziyyət normallaşmır. Ölkə prezidenti Armen Sarkisyan deyib ki, çox güman, seçkidən sonra da böhran davam edəcək. 

İrəvanda proseslər gözlənilməz kombinasiyalar yaratmaqdadır. Paşinyan əleyhinə olanlar birləşmənin bütün riyazi-sosioloji üsul və modellərinə əl atmaqdadırlar. Bir neçə dəfə birləşib, parçalanan və yenidən birləşən müxalifət nədənsə gərginlik zolağından çıxa bilmir. 

Paşinyan üçün də yol hamar deyil. Onun seçkiqabağı kampaniyada istefa verməsi vəziyyətində çətinlik yaradarmı? Sual hələ Nikol üçün də aydın cavab almayıb, amma görünür ki, müxalifətin ümumi gərginliyi daha qabarıqdır. Səbəb isə Kremldən yeni küləklərin əsməsidir. 

“Gözü çıxmış qardaş”, yaxud zəruri haşiyə 

Saakaşvilinin Gürcüstanda düşdüyü vəziyyəti gözdən keçirsək, elə də fərqli mənzərə deyil. Sadəcə, oarada bir çox hadisələr fərqli zamanlarda baş vermişdi. Orada da hərbi qiyama cəhd və müharibə olmuşdu. Nəticədə isə Rusiya aydın gördü ki, bu ölkənin rəhbərini ancaq seçki yolu ilə müəyyən etmək - dəyişmək  olar. Bidzina İvanişvili o zaman meydana çıxdı. “Qazprom”da payı olan, Fransa vətəndaşı gürcü milyarder siyasətə atıldı və Mixail Saakaşvilinin partiyasını məğlub etdi. Əslində isə Mişanın partiyası uduzsa da, bütövlükdə gürcü demokratiyası qalib gəldi. Düzdür, İvanişvili dövründə siyasi baxımdan axsaqlıqlar oldu, amma ölkənin idarə edilməsində “seçki” alternativsizliyini qorudu. Bütün hallarda rusiyameylli olsa belə, İvanişvili Gürcüstanın üzünü ümumi istiqamətdən çevirə bilmədi. Bu gün rəsmi Tiflis NATO və AB ilə inteqrasiyanın ən yüksək mərhələsinin danışıqlarını aparır. 

Sürpriz, amma kimə? 

Bəli, Ermənistanda hazırkı müxalifətin böyük hissəsinin əsas dayaq nöqtəsi Moskvadır. Kreml olmasa, onların daxildə hətta indiki durumda Paşinyanla yarışmada hər hansı perespektivi yoxdur. Kremllə birgə isə sadəcə, ehtimallar artır ki, onların hansısa uğurları ola bilər. Spesifik vəziyyət ondan ibarətdir ki, onların birgə, yoxsa ayrılıqda seçkiyə qatılmaları da özlüyündə bir problematikadır. Bir tərəfdən xalqdan səs almaq vəzifəsi var, başqa tərəfdən isə hökuməti ələ keçirəcəklərinə olan inamsızlıq onları fərdi düşünməyə vadar edir. Yəni görünür ki, ayrılıqda kim nə əldə etsə, kifayətlənəcək. “Uduş”, sadəcə, Paşinyanın itirdiyi səslərdən kimin daha çox qazanacağında ola bilər, bu amil birləşməyə imkan vermir. 

Rusiya isə başqa variant seçə bilər. Gürcüstanda rəqib qarşısına daha təcrübəli Nino Burcanadzeni deyil, siyasətdə adı ilk dəfə hallanan İvanişvilini çıxardığı kimi. Moskvanın əlində belə erməni siyasətçilər varmı? Sözsüz ki, var. Məsələn, bu günlərdə seçkiyə qatılıb, Ermənistan üçün   mübarizə aparacağını deyən Ara Abramyan. Onun indiyə qədər qazandıqları və Rusiya kimi bir ölkədə əlindən alınmayan hər şey, boz çarın hədiyyəsidir. Abramyan iddialı danışır. Pulu var və korrupsiyaya qurşanmaq ehtimalı zəifdir. Deməli, Paşinyanın bir üstünlüyünü belə neytrallaşdıra bilər. Moskvayla arası yaxşdır, odur ki, Azərbaycana qarşı da qoruması var.  Belə olan halda, indiki müxalifəti də elə Burcanadzenin taleyi gözləyir. Çünki Moskva kimi Paşinyana qarşı qoysa, onu dəstəkləyəcək. Yeni namizəd köhnə müxalifətlə həmrəylik edə bilməz, çünki bu, onun sonu olar. Deməli, daha demokratik yarış lazım olacaq. Bunun üçün Kreml ona bir neçə partiyadan dənlədiyi, imici korlanmamış adamlardan ibarət komanda düzəltməlidir.  Maraqlıdır ki, Abramyan “seçkiyə hansı qüvvələrlə gedəcəyimi açıqlayacağam”  ifadəsini də işlədib. Əgər o, ifrat revanşist qanadı seçərsə, yəni deyildiyi kimi, yeni komanda yaratmazsa, köhnələrin bataqlığında batmaq təhlükəsi yaranacaq. Əksinə, yeni komanda ilə seçkiyə getsə, bu, ciddi siyasi mübarizə demək olacaq. Bu zaman Ermənistan seçicisi daha çox siyasiləşəcək və demokratik proses mütləq bərkiyəcək. Bu isə köhnə iqtidarı siyasətdən siləcək və nəhayətdə Putin özünün məqsədlərini həyata keçirmək üçün daha usta yola əl atmış olacaq. Məsələn, Gürcüstanda olduğu kimi. 

Bu, nə qədər realdır? 

Əlbəttə, bu variantın olması hazırda Ermənistan siyasətini izləyənlər üçün elə də real görünməyə bilər. Amma nəzərə alsaq ki, Kremlin heç bir ciddi alternativi qalmır və hərbi çevriliş cəhdi də özünü doğrultmadı, deməli, ən sonuncu varianta əl atılacaq. Gürcüstanda da məhz hərbi çevrilişə cəhddən və müharibədən sonra belə bir yol seçilmişdi. Bu, bir növ, rəqibi öldürə bilmədiyi halda ən ölümcül yaralardan sonra yarışa cəlb etmək metodudur.