Logo
news content
User
Kateqoriyalar

Analitika

“Paşinyan vurnuxur, uyğun anı gözləyir...”
Ekspert: “Kreml çirkin fitnələrindən əl çəkməyəcək”

Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında mayın 1-də Vaşinqton yaxınlığında başlayan müzakirələr kifayət qədər konstruktiv olub. old.pressklub.az xəbər verir ki, bu barədə Dövlət Departamentinin yüksək rütbəli rəsmiləri bildiriblər.

Nazirlər ilk dəfədir ki, bir neçə günlüyə bir araya gəliblər. Dövlət katibi Antoni Blinkenin səhər tezdən Azərbaycan və Ermənistan xarici işlər nazirləri ilə ayrı-ayrılıqda, eləcə də üçtərəfli formatda görüşlər keçirib.

Dövlət Departamentinin adının çəkilməsini istəməyən yüksək rütbəli rəsmisi deyib ki, ABŞ-ın “Cənubi Qafqazda dinc, demokratik və firavan gələcəyə köməklik etmək” öhdəliyi var.

“Biz uzun müddətdir deyirik ki, birbaşa dialoq davamlı sülhə nail olmaq üçün problemlərin həllinin açarıdır. Müzakirələrin həftə ərzində davam edəcəyini gözləyirik”, - deyə Departament rəsmisi əlavə edib.

Dövlət Departamentinin adının açıqlanmasını istəməyən digər yüksək rütbəli rəsmisi isə qeyd edib ki, Vaşinqton Azərbaycan və Ermənistan nümayəndələrinin “həll yolunu tapmaq üçün” həftə ərzində “birbaşa və açıq müzakirələr aparacağını gözləyir və ümid edir”.

Dövlət Departamentinin nümayəndəsi “Turan” agentliyinin müxbirinin “ABŞ danışıqlar üçün meydança verməklə kifayətlənir, yoxsa mümkün nəticə üçün hər hansı üstünlük verdiyi mövqe və ya planı varmı” sualına belə cavab verib: “Məqsədimiz, davamlı sülh istiqamətində irəliləyiş əldə etmək üçün meydança təqdim etməkdir. Və biz Ermənistan və Azərbaycanın tərəflərin birgə görə biləcəyi real iş və ikitərəfli danışıqlar üçün meydança təqdim edə bildiyimizə görə çox xoşbəxtik və qürurluyıq”.

Dövlət Departamentinin digər rəsmisi Rusiyanın ABŞ-ın rəhbərliyi ilə gedən dialoqa münasibəti ilə bağlı suala cavab olaraq deyib ki, rusların bu dialoqa mənfi münasibəti olsa, bu onları məyus edəcək.

Amerikalı məmurun sözlərinə görə, ən vacibi tərəflərin Vaşinqtonda, Brüsseldə və ya Moskva olmasından asılı olmayaraq hər yerdə bir-biri ilə əlaqə saxlaya bilməsidir.

“Burada məqsədimiz tərəflər arasında davamlı, balanslaşdırılmış və düzgün sülhdür”, - deyə Dövlət Departamentinin nümayəndəsi qeyd edib.

Beləliklə, Vaşinqtonda gedən danışıqlar Cənubi Qafqazın diqqət mərkəzindədir. Bu danışıqların nəticəsindən asılı olaraq, İrəvanın Bakı ilə sülh müqaviləsi imzalanmasının alternativinin olmadığını başa düşüb-düşmədiyi ilə bağlı nəticəyə gəlmək mümkün olacaq. Xüsusən də Azərbaycan-Ermənistan sərhədinin Laçından keçən hissəsində sərhəd-keçid məntəqəsinin peyda olması fonunda. Yoxsa Moskva onların bu istiqamətdə getməsinə imkan verməyəcək? Yoxsa ermənilər özləri Azərbaycan və Türkiyənin başına nəsə iş gələcəyi və hər şeyi geri qaytarmaq mümkün olacaq kimi hansısa möcüzəyə ümid edərək vaxtı uzatmağa davam edəcəklər? İrəvanın bundan sonrakı davranış variantlarından hansı daha çox ehtimal edilir?

Press Klubun suallarını gürcü politoloq, Beynəlxalq Münasibətlər Akademiyasının rəhbəri, Gürcüstan-Azərbaycan Münasibətlərinin İnkişafı Fondunun baş direktoru Simon Kopadze cavablandırıb.

O, hesab edir ki, Amerika həqiqətən də Azərbaycanla Ermənistan arasında sülh danışıqlarının inkişafında maraqlıdır.

“Çünki ABŞ zamanında bir çox layihələrin, məsələn, Bakı-Tiflis-Ceyhan neft kəməri kimi iri beynəlxalq layihələrin həyata keçirilməsi üçün böyük sərmayə qoyub. Cənubi Qafqazın əsas kommunikasiya qovşağı rolunu oynamaqda davam etməsi ABŞ-ın maraqlarına uyğundur. Bundan əvvəl Qərblə Asiya arasında Rusiya ərazisi vasitəsilə həyata keçirilən bütün ticarət dövriyyəsi indi Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməyə başlayıb.

Və bizim regionda gedən müharibələr, qarşıdurmalar nə Avropanın, nə də Amerikanın maraqlarına cavab verir. Onlar Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll olunmasında, Ermənistanın öz, Azərbaycan, Gürcüstan, Türkiyənin də öz dividendlərini almasında maraqlıdırlar. Yəni Cənubi Qafqazda sülh Qərbin maraqlarına uyğundur.

Rusiyaya gəlincə, o, indi nəsə qərar vermək, nəsə etmək iqtidarında deyil. Ancaq o, həmişəki kimi kiminsə başladığı yaxşı işi korlamağa hazırdır. Moskva istənilən zaman İrəvanla Bakı arasında sülh prosesinə müdaxilə etmək üçün hər şeyi edə bilər, Paşinyanın nüfuzunu sarsıda biləcək istənilən düymələri basa bilər və s. Kiçik fitnələr yenə də olacaq. Kreml bunsuz keçinə bilməz. 

Amma dünyanın taleyi bu dəqiqə Ukraynada həll olunur. Ermənistan-Azərbaycan prosesində də çox şey orada nəticənin necə olacağından asılıdır.

Paşinyan isə bütün bu müddət ərzində tərəflər arasında vurnuxacaq, uyğun anı gözləyəcək. O, bir tərəfdən Qərblə körpüləri yandırmaq istəmir, digər tərəfdən də Rusiyadan üz döndərmək niyyətində deyil. Çünki bundan sonra nə olacağını bilmir. Ona indi Azərbaycanla münasibətlərdə “bir addım irəli, iki addım geri” taktikasını nümayiş etdirmək sərf edir. Amma sonda Qərb vasitəçilərinin himayəsi altında onunla sülh müqaviləsi bağlamağa məcbur olacaq. Bu mənim fikrimdir. Rusiya suları bulandıracaq, lakin sülh danışıqları bütün hallarda uğurla başa çatacaq”, - deyə professor Kopadze yekunlaşdırıb.

 

Rauf Orucov