Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyan-Putin qarşıdurmasında kulminasiya
Ermənistan Baş naziri Rusiya liderinin qəbuluna gedəcəkmi? 

Hərbi-siyasi müttəfiqlər - Ermənistanla Rusiya arasında gərginlik artmaqda davam edir. İlin sonuna qədər situasiyanın gələcəkdə necə olacağına dair aydınlaşma gözlənilir. Çünki Moskva hələ də qərbyönlü siyasət yürüdən Nikol Paşinyan hökumətinin reallıqları nəzərə alıb körpüləri yandırmayacağını düşünür. Amma elə hadisələr baş verir ki, gözləntiləri puç olan Kreml “cızığından çıxan” müttəfiqini cəzalandırmaq üçün düyməyə basa bilər. 

Söhbət hansı hadisələrdən gedir?

Ermənistan artıq ilin əvvəlində ölkədə KTMT-nin hərbi təlimlərinin keçirilməsinə icazə verməyib və təşkilatın qəbul etdiyi 10-a yaxın sənədə imza atmayıb, Baş katibin müavini kvotasından imtina edib, sentyabrda isə öz nümayəndəsini geri çağırıb. Aradan 9 aya yaxın vaxt keçsə də Ermənistan KTMT-yə hələ ki, öz daimi nümayəndəsini təyin etməyib. Habelə, il boyu hərbi ittifaqın bütün iclaslarını boykot etməkdə davam edib.

Sözügedən sənədlərin içində KTMT ölkələrinin hava hücumundan vahid müdafiə sazişi də var. Bu gün təşkilatın baş katibi İmanqali Tasmaqambetov sənədləri götürüb İrəvana gəlib, orada o, Ermənistan rəhbərliyindən razılaşmalara qoşulmasını xahiş edəcək.

Səfər çərçivəsində Tasmaqambetov xarici işlər naziri Ararat Mirzoyan ilə görüşəcək. Təşkilatın rəsmi saytında dərc olunan mesajda başqa görüşlər, cümlədən Baş nazir Nikol Paşinyanla görüşün olacağı barədə məlumat yoxdur. Daha əvvəl Ermənistan XİN bildirmişdi ki, sənədlərə baxdıqdan sonra onlara münasibət bildiriləcək. Paşinyanın Baş katiblər görüşməmək qərarı “yox” cavabı sayıla bilər.

Dekabrın 19-da Nikol Paşinyan Ermənistan İctimai Televiziyasına müsahibəsində Rusiya Prezidenti Vladimir Putinin ermənilərin Qarabağı tərk etməsi, Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan etməsi barədə dediklərinə kəskin reaksiya verib. Paşinyan çoxlu sayda faktlar sadalayaraq, əslində Rusiyanın öhdəliklərini yerinə yetirmədiyini, Qarabağı Azərbaycana təhvil verdiyini iddia edib: 

“2020-ci ilin noyabr və dekabr aylarında Rusiya Prezidenti Dağlıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu bəyan edib. Mən özüm mətbuatdan öyrəndim ki, Rusiya belə bəyanatlar verib.

Bizi çox günahlandırdılar ki, bunu etmədik, başqa işlər görmədik və s. Amma biz dəqiq bilirdik ki, Ermənistan Respublikasını ləğv etmək vəzifəsi qoyulub. KTMT-dən, Rusiyadan sıfır reaksiya, üstəlik, o zaman müxalifətimiz də dedi ki, biz Rusiya ilə pis davranmışıq, ona görə Rusiyadan reaksiya olmayıb.

2022-ci ilin fevralında Rusiya ilə Azərbaycan arasında münasibətlər strateji səviyyəyə qaldırılan bəyannamə imzalanıb. Tərəflər bir-birinin milli maraqlarına zidd hərəkətlərə yol verməyəcəklərinə dair öhdəlik götürüblər. Bu ərəfədə Fərruxda hadisələr baş verdi və Rusiya sülhməramlılarından yenə sıfır reaksiya gəldi...”

Bəs Paşinyan KTMT-ni boykot edirsə, təşkilatdan niyə çıxmır?

Ermənistan parlamentinin müxalifətdən olan deputatı Anna Qriqoryan yerli mətbuata açıqlamasında bu məsələyə aydınlıq gətirməyə çalışıb: “Kollektiv Qərb Ermənistanla bağlı KTMT mexanizmlərini əvəz edə biləcək öhdəliklər götürməyə hazır deyil. Bütün baş verənlərə əsaslanaraq məntiqli sual yaranır: Paşinyan, əgər KTMT-nin iclaslarını boykot edirsənsə, şikayət edirsənsə, anti-Rusiya ritorikası ilə məşğul olursansa, o zaman niyə KTMT-ni tərk etmirsən? Bu yaxınlarda avropalı parlamentarilərdən biri bizimlə görüş zamanı dedi: “Biz ona (Paşinyana-red.) bu sualı verdik və cavab aldıq ki, ciddi geosiyasi mərkəzlər, yəni ABŞ ona deyib ki, hələ KTMT-dən çıxmaq lazım deyil”.

Dekabrın 20-də isə Ermənistanın Televiziya və Radio Komissiyası Rusiyanın "Sputnik Ermənistan" radiosunun fəaliyyətini 30 gün müddətinə dayandırıb, həmçinin cərimə kəsib. Qərar radionun bir sıra verilişlərində Ermənistan qanunlarının kobud şəkildə pozulması, həmçinin iqtidar əleyhinə kütləvi iğtişaş çağırışları edilməsi ilə bağlı verilib. Bu qərara dərhal Moskvadan reaksiya gəlib. Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin birinci müavini Aleksey Çepa açıq dillə Ermənistan hakimiyyətini hədələyib: 

"Bu qərar faktiki olaraq “Sputnik Ermənistan” radiosunun işinin 30 günlük dayandırılmasıdır. Bir gün Ermənistan etdiklərinə görə peşman olacaq..."

Bütün bu hadisələr dekabrın 24-də Sankt-Peterburqda Avrasiya İqtisadi Birliyi Şurasının, ayın 25-26-da isə MDB liderlərinin qeyri-formal sammiti ərəfəsində baş verir.

Kreml hələ ayın əvvəlində Putinin köməkçisi Dmitri Peskovun dili ilə Ermənistanın Baş nazirini bu tədbirdə görmək istədiyini ifadə etmişdi.

Səfər çərçivəsində Putin və Paşinyan arasında artıq xeyli vaxtdır keçirilməyən ikitərəfli görüşün reallaşması da müzakirə edilir. Amma bu barədə hələ ki, razılıq yoxdur, çünki Ermənistanın Baş naziri görüşlərdə iştirak edəcəyini təsdiqləməyib.  

Ermənistanda nəşr olunan “Hraparak” qəzetinin məlumatına görə, Putin prezident olduğu müddətdə Paşinyan Rusiya Federasiyasına getməyəcək. “İrəvanın Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutunu ratifikasiya etməsindən sonra Paşinyanla yanaşı, parlamentin spikeri Simonyan, Təhlükəsizlik şurasının katibi Qriqoryan və müdafiə naziri Papikyan da Rusiyaya getməkdən imtina ediblər” - deyə, nəşr yazır. 

Bəs Ermənistan rəhbərliyinin ölkənin Rusiyadan iqtisadi, siyasi, hərbi asılılığını nəzərə almadan sona qədər Moskva ilə qarşıdurmaya getməsi mümkündürmü?

Təhlükəsizlik sahəsi üzrə ekspert İlham İsmayıl deyir ki, Paşinyanın İctimai Televiziyadakı məlum çıxışından sonra onun Sankt-Peterburq görüşünə qatılacağı şübhə yaradır. Ekspertin sözlərinə görə, Paşinyan nə qədər Qərbə meylli olsa da, Rusiyadan qopmağın və Qərbin də tezliklə Rusiyanın yerini tutmasının asan olmadığını bilir və əks halda, çanağın onun hakimiyyəti üzərində çatlayacağını şüuraltı dərk edir:

“Xüsusilə, parlamentdə təmsil olunan daşnak İşxan Saqatelyanın “müxalifət yalnız parlament səviyyəsində mübarizə aparmamalıdır, başqa metodlardan da istifadə etməliyik” açıqlaması göstərir ki, Paşinyanı sivil yollarla hakimiyyətdən uzaqlaşdırmaq mümkün olmadığı üçün başqa vasitələrə əl atıla bilər və ehtiyatlı olmaq zərurəti yaranır. Eyni zamanda, Qərbin bu günlərdə Ukraynaya münasibəti, təhlükəsizlik zəmanətinin zəiflədiyi, son anda Ukraynanı meydanda təkbaşına buraxmağa yaxın olduğu Paşinyana aydın olan və təsir edən məsələdir. Əlbəttə, Ermənistan Baş nazirinin Putinlə görüşdə bir daha sevdiyi siyasi reveranslar, manevrlər nümayiş etdirməsi, vədlər verib geri dönəndə əks mövqelər ortaya qoyması da istisna deyil”. 

Ekspert qeyd edir ki, Paşinyan bununla Qərbdən üz döndərəsi deyil və yenə Rusiyanı Qarabağda öhdəliyini yerinə yetirməməkdə günahlandırmasını yalnız daxili auditoriyaya deyil, həm də Rusiyaya ünvanlandığını söyləmək olar: 

“Gələn ilin yanvarında Vaşinqtonda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin hələ tam razılaşdırılmamış, amma böyük ehtimalla baş tutacaq görüşü gözlənilir. Bu görüş sülhü yaxınlaşdıra bilərmi və müqavilənin yekun layihəsi məhz Vaşinqtonda razılaşdırılacaqmı? Belə olarsa, prosesin Brüsselə keçirilməsi gecikməyəcək, amma Kremlin də baş verənlərə seyrçi qalması inandırıcı görünmür. Bu mənada, Sankt-Peterburq görüşünün kritik görüş olacağını bir daha qeyd etmək lazımdır, çünki Rusiyanın təzyiq mexanizminin haradan başlanacağını və harada bitəcəyini proqnozlaşdırmaq çətindir”.

Turqut