Logo
news content
User
Kateqoriyalar

Analitika

Paşinyan Kilsəyə hücuma başladı – seçki savaşı Eçmiədzində gedir
Erməni Apostol  Kilsəsi Rusiyanın “ikinci cəbhəsi”nə çevrilir

Ermənistanda artıq seçkiqabağı mübarizənin başladığı açıq görünür. Lakin bu dəfə qarşıdurmanın ənənəvi siyasi düşərgələr arasında deyil, Baş nazir Nikol Paşinyanın komandası ilə Ermənistan Apostol Kilsəsi (EAK) arasında baş verməsi diqqət çəkir. Müşahidəçilər hesab edirlər ki, Paşinyan EAK-ı müxalif qüvvələrin birləşə biləcəyi platforma kimi görür və buna görə də hücumlarını məhz ora yönəldib.

Baş nazirin hücumlarının əsas hədəfi isə bütün ermənilərin katolikosu II Qaregin olub:
“Eçmiədzin Müqəddəs Apostol Taxtı aydın şəkildə bildirməlidir – katolikos II Qaregin subay qalmaq andını pozubmu və onun uşağı varmı? Bu məsələ təcili şəkildə aydınlaşdırılmalıdır”.

İrəvanın “Joxovurd” nəşri yazır ki, Paşinyanın kilsəyə qarşı yeni hücumu seçkiqabağı strategiyanın tərkib hissəsidir: “Çünki “keçmiş talançılar” (Koçaryan-Sarqsyan hakimiyyəti nəzərdə tutulur – red.) mövzusu artıq aktuallığını itirib və Paşinyan üçün yeni bir “anti-qəhrəman” lazımdır. Kilsənin isə ictimai maraq doğuran çoxlu gizli tərəfləri var”.

Eçmiədzin Müqəddəs Apostol Taxtında isə katolikos II Qareginin rəhbərliyi ilə Ali Ruhani Şuranın iclası keçirilib. Ermənistanın özündəki və xaricdəki erməni kilsələrinin rəhbərlərinin iştirak etdiyi bu toplantıda Paşinyanın “kilsəyə qarşı biabırçı kampaniyası” əsas müzakirə mövzusu olub. Eçmiədzinin mətbuat xidmətinin News.am-a verdiyi məlumata görə, Şura xüsusi bəyanatla çıxış edib.

Baş nazir Nikol Paşinyan Ermənistan Apostol Kilsəsinə qarşı yeni kampaniyaya başlayıb. O, dövlət xadiminə yaraşmayan ifadələrlə kilsəyə və katolikosun nüfuzuna hücum edir.
Yayılmış materiallarda etik qaydalar pozulur, insan hüquqları tapdanır, dindarların dini hissləri təhqir olunur.
Bu kampaniya siyasi məqsədlərlə aparılır və həm ölkə daxilində, həm də beynəlxalq aləmdə hörməti olan Kilsənin və din xadimlərinin nüfuzunu sarsıtmaq, onun cəmiyyətdəki rolunu azaltmaq məqsədi güdür.
Hökumət başçısının Kilsəyə və milli dəyərlərə qarşı apardığı bu hücumlar xalqın birliyinə, dövlətin dayanıqlığına təhlükədir. Paşinyanın bu davranışı Ermənistanın daxilində parçalanmaya səbəb olur, vətənpərvərlik ruhunu sarsıdır.
Belə təşəbbüslər xarici ermənifob qüvvələrin maraqlarına xidmət edir, xüsusən də Azərbaycan təbliğatının yalan ittihamları ilə üst-üstə düşür.
Ermənistan Apostol Kilsəsi millətin birliyi və mənəvi dirənişi üçün mübarizəsini davam etdirəcək. Kilsənin daxili məsələləri yalnız kilsə qanunları ilə tənzimlənir və dövlətin müdaxiləsi yolverilməzdir.
Kilsə katolikosun başçılığı ilə bütün ruhani və inanclı kəsimlə birlikdə vahid bir orqanizmdir.
Dövlət qurumlarını Paşinyanın bu qanunsuz və qısamüddətli siyasi xəttini dayandırmağa çağırırıq. Kilsə süni siyasi gündəmlərə cəlb edilməməlidir. Bu sınaq qarşısında bütün inanclılar birləşməli, milli təməl prinsiplərimizi qorumağa çalışmalıdır”.

Bəs bu qarşıdurmanın əsl səbəbi nədir? İddialara görə, Ermənistan Apostol Kilsəsi Rusiyameylli müxalifət qüvvələrinin vahid platformasına çevrilə bilər. Bu isə o deməkdir ki, gələn ilin iyununda keçiriləcək parlament seçkilərində Paşinyanın “Vətəndaş Müqaviləsi” partiyasının hakimiyyətdən uzaqlaşdırılması ehtimalı realdır.

Mövzu ilə bağlı Pressklub.az-a danışan tanınmış rusiyalı politoloq, “Demokratik Seçim” partiyasının həmsədri və “Liberal Missiya” fondunun müşahidə şurasının üzvü Sergey Javoronkov bildirib ki, bu qarşıdurmanın təşəbbüskarı Paşinyan olmayıb.

Qarşıdurmanın başlanğıcı 2020-ci ilə gedib çıxır. Həmin vaxt II Qaregin Qarabağda məğlubiyyətə görə məsuliyyəti hakimiyyətin üzərinə qoymuş və Paşinyanı istefaya çağırmışdı. Yeri gəlmişkən, bütün bunlara baxmayaraq, Paşinyanın 2021-ci ildə növbədənkənar seçkilərdə inamla yenidən seçilməsi, səslərin yarıdan çoxunu qazanması bir daha göstərir ki, Ermənistan Apostol Kilsəsi, o cümlədən şəxsən II Qaregin böyük nüfuza malik deyil.
Kilsəni yalnız rahiblərin subaylıq andları ilə bağlı qalmaqallar silkələmir Baxmayaraq ki, bu məsələlərdə də kifayət qədər “əyləncəli” məqamlar var – məsələn, Şirak yeparxiyasının rəhbəri Acapaxyan açıq şəkildə bəyan etmişdi ki, qadınsız yaşamaq mümkün deyil. Söhbət həm də pullardan – qeydə alınmayan ianələrdən gedir. Baqrat Qalstanyanın təcrübəsi göstərdi ki, Ermənistan Apostol Kilsəsi müxalifət üçün şübhəli moderatordur. Qarabağ klanına yaxınlıqla yanaşı, II Qareginin Rusiyanı “ikinci vətən” adlandırdığı çoxsaylı Rusiyapərəst bəyanatları da xatırlanmalıdır. Halbuki hazırda Ermənistanda Rusiyaya münasibət yaxşı deyil – çoxları hesab edir ki, Moskva Qarabağ məsələsində öz öhdəliklərini yerinə yetirməyib”, – Javoronkov xatırladıb.

Öz növbəsində, müstəqil politoloq Xaqani Cəfərli Pressklub.az-a bildirib ki, İkinci Qarabağ müharibəsinə son qoyan 9/10 noyabr tarixli Üçtərəfli Bəyanatdan sonra Ermənistanda mövcud hakimiyyətə qarşı başlanan etirazlar uğurla nəticələnmədi. Çünki onların başında Koçaryan-Sarqisyan hökumətlərinin nümayəndələri dururdu.

İkinci Qarabağ müharibəsindəki ağır məğlubiyyətdən sonra Ermənistanda hakimiyyət dəyişikliyi qaçılmaz görünürdü. Həmin vaxt hesab edirdim ki, müxalifət uğur qazana bilməyəcək, çünki geniş dəstək əldə edə bilməyəcək. Proseslərin gedişi bu fikrimin tamamilə doğru olduğunu sübut etdi.
Müxalifətin kütləvi etirazlar təşkil edə bilməməsi Paşinyanın hakimiyyətdə qalmasına imkan verdi. Müxalifətin etiraz aksiyalarının səmərəsizliyi və hakimiyyət dəyişikliyinin yeni müharibəyə səbəb ola biləcəyi qorxusu Paşinyanın rəhbərlik etdiyi siyasi qüvvənin növbədənkənar seçkilərdə qələbəsini təmin edən əsas şərtlərə çevrildi.
Bu dövrdən sonra Paşinyana qarşı müxalifətin başında əsasən Ermənistan Apostol Kilsəsinin nümayəndələri dayanmağa başladılar. Ermənistandakı prosesləri izləyən istənilən şəxs bunu aydın şəkildə görə bilər. Paşinyanın əlində Ermənistan Apostol Kilsəsinin planları ilə bağlı xüsusi xidmət orqanlarından alınmış gizli məlumatların olması istisna deyil”, – ekspert ehtimal edir.

Onun fikrincə, Nikol Paşinyan çox yaxşı bilir ki, postsovet məkanındakı bütün dini qurumlar istisnasız olaraq SSRİ Dövlət Təhlükəsizlik Komitəsinə (DTK) tabe olublar.
Təəssüf ki, SSRİ-nin dağılmasından 35 il keçməsinə baxmayaraq, bu vəziyyət ciddi şəkildə dəyişməyib. Bu gün postsovet məkanında, hətta Şərqi Avropanın bəzi ölkələrində də dini qurumların “qibləsi” Moskva olaraq qalır. Ermənistan Apostol Kilsəsi də bu sıraya daxildir.
Bütün bunların fonunda Nikol Paşinyan rəqiblərinin “beyin mərkəzi”nə hücum edir. Məncə, Paşinyan düzgün taktika seçib. Ermənistan Apostol Kilsəsinin Moskva ilə əlaqələrini ifşa edən məlumatların seçkilər ərəfəsində ictimaiyyətə təqdim olunması istisna deyil. Əgər bu baş versə, Ermənistan Apostol Kilsəsinin ruspərəst müxalifəti birləşdirməsi çətin olacaq. Hətta belə bir birləşmə olsa belə, onların ciddi uğur əldə etməsi inandırıcı görünmür.
Rusiyanın üzləşdiyi hərbi-siyasi uğursuzluqların miqyasının genişlənməsi ruspərəst qüvvələrin cəlbediciliyini daha da azaldır. Ermənistanda yeni, Avropa yönlü güc mərkəzinin formalaşması daha real görünür. Ermənistan cəmiyyətinin təhlili göstərir ki, proseslər məhz bu istiqamətdə inkişaf edir”, –  Cəfərli hesab edir.

Rauf Orucov