Logo
news content
User
Kateqoriyalar

Analitika

Pandemiya və mediatənzimləmə

Müəllif: Xalid Ağəliyev

Hər şey birdən dəyişdi. Yeni düzən bir çox təməl insan hüquq və azadlıqlarına ictimai sağlamlıq maraqları ilə əsaslandırılan məhdudiyyətlərin tətbiqi şəraitində davam edir. Bəzən bu qaydalar medianı, jurnalsitləri də “vurur”.

Əksər Avropa ölkələrində, qonşu Türkiyə və Gürcüstanda məhdudiyyətlər topluma açıqlanarkən, media fəaliyyətinin istisna təşkil etdiyi xüsusi vurğulanırdı. Bu istisnalar küçəyə çıxmaq yasaqlanan günləri də əhatə edirdi. Yəni, jurnalistlər qorunma tövsiyələrinə əməl etməklə, adi günlərdəki kimi işlərinin başında ola bilərdilər. Azərbaycanda nisbətən fərqli durum müşahidə edildi. Karantin qaydalarını pozmağa görə bir neçə jurnalistin inzibati qaydada həbs edilməsi halları baş verdi. Küçəyə çıxmaq yasağının tətbiq edildiyi günlərdə isə media icazəli-icazəsiz kateqoriyalarına bölündü.

Koronavirus pandemiyası kimi böhran son 100 ildə yaşanmayıb. Belə böhran fonunda hüquqlara tətbiq olunan bütün məhdudiyyətlər bəzən haqlı görünə bilər. Ancaq ifadə azadlığı və informasiya əldə etmək hüququ xüsusi həssas yanaşma tələb edir. Bu yazıda diqqət dünyada qəbul edilmiş standartların işığında ifadə azadlığının, medianın roluna və yerinə yönəlib.

İfadə, informasiya azadlığının önəmi

İfadə azadlığı BMT-nin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin 19-cu maddəsi ilə qorunur. Həmin maddəyə görə, “hər bir şəxs fikir və onu sərbəst ifadə etmək azadlığı hüququna malikdir; bu hüquqa maneəsiz olaraq əqidəyə malik olmaq və dövlət sərhədlərindən asılı olmayaraq informasiya və ideyaları istənilən vasitələrlə axtarmaq, əldə etmək və yaymaq azadlığı daxildir”. Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın 19-cu maddəsi bu hüququ daha geniş ifadə edir. Qeyd edilən sənədlər, o cümlədən Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsi dövlətlərin üzərinə ifadə azadlığı hüququnu təminat altına almaq öhdəliyi qoyur.

İfadə azadlığı hüququ təməl hüquq olsa da, mütləq deyil. Dövlətlər ona legitim əsaslarla məhdudiyyətlər qoya bilərlər. İctimai sağlamlıq da həmin əsaslardan ola bilər. Ancaq BMT-nin yuxarıda qeyd edilən 2 sənədinə şərh vermək səlahiyyətinə malik BMT İnsan Haqları Komitəsi (İHK) qeyd edir ki, məhdudiyyətlər istisna hallarda, 3 mərhələli testdən keçirilməklə tətbiq edilməli və mütləq qaydada bu xüsusiyyətlərə sahib olmalıdır:

1) Qanunda nəzərdə tutulmalıdır. Burada qanun deyərkən, parlamentin qəbul etdiyi akt nəzərdə tutulur;

2) Qanuni bir məqsədə çatmağı hədəfləməlidir. Məhdudiyyətin məqsədi başqa şəxslərin hüquqlarına hörmət, milli təhlükəsizlik, ictimai düzən, sağlamalıq və ya əxlaqı qorumaq olmalıdır;

3) Gərəkli və adekvat olmalıdır.

Hazırkı konkret durumda hökumətlərin vəzifəsidir ki, ifadə azadlığına, jurnalistika fəaliyyətinə məhdudiyyətlər tətbiq edərkən, onların qorunma altına alınmış digər maraqların müdafiəsi baxımından gərəkli və adekvat olduğunu topluma izah etsinlər. İHK belə vəziyyətlərdə jurnalistlərin, araşdırmaçıların və insan haqları müdafiəçilərinin hədəfə götürülə biləcəyindən qorxusunu hər zaman ifadə edir. Yəni, küçəyə çıxmaq yasağı mediaya da tətbiq edilirsə, o zaman “jurnalistin küçəyə çıxması ictimai sağlığı necə təhdid edir?” kimi suallara mütləq aydınlıq gətirilməlidir. Dəlillərlə izah edilməlidir ki, jurnalist fəaliyyətinə məhdudiyyət qoyulmasının ictimai sağlamlıq üçün faydası, jurnalistin peşə fəaliyyətini yerinə yetirməsinin verdiyi faydadan artıqdır.

Pandemiya kimi böhranlar zamanı idarə edənlərin hərəkətləri və ya hərəkətsizliyi təbii olaraq, ictimai diqqəti çəkən məsələyə çevrilir. Toplumun təlaşı bəzən rəsmilərə, bəzən birbaşa hökumətin siyasətinə qarşı əsaslı-əsassız rəylər, düşüncələr ortaya çıxara bilər. Bu baxımdan, rəsmilərə ünvanlanan tənqidi məhdudlaşdırmaq ifadə azadlığı ilə uyğun gəlmir. İHK qeyd edir ki, “ictimai müzakirələr kontekstində … ifadə azadlığının yasaqlanmamasının önəmi son dərəcə vacibdir”.

İnformasiya əldə etmək hüququ ifadə azadlığının əsas hissəsini təşkil edir. Fərdlərin ictimai bilgi sahibi olan qurumlardakı informasiyalara çatım haqqı var. BMT İHK dövlətlərin ictimai məzmunlu bilgiləri proaktiv (öz-özünə) açıqlamalı, bununla bağlı bilgilərə çatımı asanlaşdıran qanunvericilik yaratmalı olduqlarını xüsusi qeyd edir. İnformasiya əldə etmək hüququ da məhdudiyyətlərə məruz qala bilər, ancaq bu barədə qərar Mülki və Siyasi Hüquqlar Haqqında Beynəlxalq Paktın tələblərinə uyğun gəlməlidir.

İfadə azadlığı hüququ ilə bağlı təminatlar mediaya, jurnalistlərə münasibətdə daha böyük həssaslıq kəsb edir. Beynəlxalq insan haqları qurumları öz sənədlərində “qanunun aliliyinə söykənən dövlətlərdə medianın açar rolu”nu dəfələrlə qeyd ediblər. Məsələn, BMT İHK qeyd edir ki, “İctimai və siyasi məsələlərlə bağlı informasiya və ideyaların vətəndaşlar arasında sərbəst yayılması həyati önəm daşıyır. Bu baxımdam ictimai mövzularda hər hansı senzura və ya məhdudiyyət olmadan məsələləri şərh edə, ictimaiyyəti məlumatlandıra bilən azad media əvəzolunmazdır”.

Media, İfadə azadlığı, Sağlamlıq hüququ

Sağlamlıq hüququ da İnsan Haqları Bəyannaməsi tərəfindən qorunur və “gücünü” “İqtisadi, sosial və mədəni hüquqlar haqqında Beynəlxalq Pakt”dan alır. Paktın 12-ci maddəsi üzv dövlətlərin üzərinə epidemiyaları izləmək, xəstəliklərlə bağlı bilgiləri toplamaq kimi vəzifələr qoyur. İnformasiya əldə etmək hüququ sağlamlıq məsələləri ilə əlaqədar məlumatları, düşüncələri araşdırmağı, əldə etməyi, yaymağı da əhatə edir. Yəni, dövlətlərin informasiya azadlığı sahəsində öhdəlikləri pandemiyadan əvvəlki dövrə aid öhdəliklərindən fərqlənmir.

Göründüyü kimi, sağlamlıq hüququ, ifadə və informasiya azadlıqları bir-birlərindən ayrılmayacaq qədər əlaqəlidir. BMT-nin İqtisadi, sosial və mədəni haqlar Komitəsi (BMT İSMHK) vurğulayır ki, “informasiya əldə etmək sağlamlıq hüququnun təməl və ayrılmaz hissəsini təşkil edir”. Dövlətlər sağlamlıq məsələləri ilə bağlı ifadə azadlığını məhdudlaşdırdıqda, informasiyalara çatımı əngəllədikdə, habelə, belə bilgiləri proaktiv (özü-özünə) yaymadıqda, toplumlar mənfi təsirlərə məruz qala və beləliklə, sağlamlıq hüququndan tam yararlanmaya bilərlər.

BMT İSMHK sağlamlıqla bağlı mövzularda senzuranın tətbiqinə, yaxud toplumun ictimai sağlamlığa dair müzakirə və təşəbbüslərə qatılmasını əngəlləyə biləcək addımların atılmasına qarşı xəbərdarlıq edir. Çində ilk vaxtlarda pandemiya haqqında bilgilərin gizli saxlanması xəstəliyin izlənməsinə və ona qarşı mübarizə aparılmasına ciddi əngəllər yaratdı. Belə bir durumda informasiya əldə etmək hüququna sayğı göstərilməsi, yəqin ki, həyati önəm daşıyardı. İSMHK “sağlamlığın qorunması və müalicə ilə bağlı vacib bilgilərin qəsdən gizlədilməsi və yanlış məzmunda ictimaiyyətə ötürülməsi”ni qınayır.

Böhranlar zamanı medianın sərbəst fəaliyyət göstərmək imkanı olmalıdır

Yalan məlumatlar ictimai sağlamlıqla bağlı böhranların həllində ən ciddi çətinliklər yaratmaq gücündədir. Hökumətlər bunu unutmamalıdırlar. Pandemiyaların ilk vaxtlarında təlaşlı insanlar həqiqi və yalan məlumatların arasında qalırlar. Buna görə, yalan xəbərlərin önlənməsi üçün aydın, şəffaf siyasətin hazırlanması hökumətlərin ilk sırada gələn vəzifələrindən olmalıdır. Yalan məlumatlar təkcə sağlamlıq hüququna yox, başqa insan haqlarına da təhdid yarada bilir. Bununla belə, neqativ potensialı olan həmin bilgilərin necə gəldi məhdudlaşdırlması da yolverilməzdir. Bütün məhdudiyyətlər qanunilik, zərurilik və adekvatlıq testinə cavab verməlidir. Həm də bu meyarlar tətbiq edərkən hökumətlər nəzərə almalıdırlar ki, yalnız doğru ifadələr və informasiyalar deyil, doğru olmayan ifadələr, informasiyalar, şişirtmələr və sair də ifadə azadlığının təminatlarından faydalana bilər.

Koronovirus kimi ictimai sağlıqla bağlı böhranlarda medianın sərbəst fəaliyyət göstərmək imkanı olması xüsusi önəmə sahibdir. Azad və müstəqil media xəstəliyə qarşı yerli və beynəxalq mübarizəni izləyə, ictimai sağlamlıqla bağlı tədbirlərin şəffaflığını və hesabatlılığını təmin edə bilər. Media xəstəlikdən təsirlənən qrupların, insanların mesajlarının idarə edənlərə, mühüm ictimai qurumlara çatdırılması vəzifəsi daşıyır. Bu çox vacib funksiyanı yerinə yetirən medianın yanılma haqqı da diqqətdə saxlanılmalı, vicdanlı səhvlər ifadə azadlığına müdaxilələrin əsasına çevrilməməlidir.

Medianın sərbəst fəaliyyət göstərmək imkanı virusun qarşısının alınması kimi tədbirlərdə də əvəzsiz rol oynayır. Jurnalistlərin doğru xəbərləri çatışmazlıqları ortadan qaldırır, təbliğatı önləyir, “nifrət çıxışları” ilə mübarizə aparır.

Hökumət nələri etməlidir?

Yuxarıda qeyd edilənlərin işığında pandemiya kimi böhran dövrlərində hökumətin etməli olduqlarını əsasən, iki istiqamətdə ümumiləşdirmək olar.

Birinci istiqamət müəyyən növ informasiyaların proaktiv açıqlanmasıdır. Hökumətlər yoluxma hallarının sayı, yoluxmaların coğrafi arealı, ölümlər, sağalma halları barədə bilgiləri operativ yaymalıdırlar. Bundan başqa, pandemiya ilə mübarizə məqsədilə yaradılan qaydalar, tədbirlər planları hər kəsin əli çatacaq qədər şəffaf olmalıdır.

İkinci istiqamət bilavasitə medianın, jurnalistlərin fəaliyyəti üçün yaradılan mühitə aiddir. İlk növbədə, medianın və jurnalistlərin fəaliyyətinin hüquqi rejimi (əlbəttə, xəstəlikdən qorunma tədbirlərinin tələblərinə əməl etmək şərti ilə) adi vaxtlardakı rejimdən fərqli olmamalıdır. İnformasiyanın əldə edilməsi sahəsində qanunvericilik ictimaiyyətin bilgilərə çatımını daha da asanlaşdırmaq istiqamətində tətbiq olunmalıdır. Məsələn, müəyyən növ məlumatların açıqlanmasını məcburi etmək, fərdlərin və qrupların ictimai funksiya daşıyan qurumlardan operativ informasiya əldə etməsinə imkan verən çevik sistemlər formalaşdırmaq gərəkdir. Azərbaycan kimi ayrıca “İnformasiyanın əldə edilməsi haqqında” qanunu olan ölkələrdə isə həmin qanunun daha təsirli tətbiqi də təmin edilməlidir. Nəhayət, ictimai sağlamlıqla bağlı böhran durumlarında jurnalistlərə basqılara son verilməli, qaynaqlar xüsusi müdafiəyə malik olmalıdır.