Logo
news content
User
Kateqoriyalar

Analitika

Ov qalmaqalı

Ərəb turistlərin Azərbaycanın dövlət qoruqlarında ov edib, vurduqları canlıların fotolarını sosial şəbəkələrdə nümayiş etdirməsi ictimai etiraza səbəb olub. Fotolarda “Qırmızı kitab”a düşmüş nadir quş növlərinin məhv edildiyi görünür.

Etirazların səbəbi həm bununla, həm də başqa səbəblərlə bağlıdır.

Əvvəla, ərəb turistlərə Azərbaycanda münasibət yaxşı deyil. Bir neçə ilə əvvəl onların “seks turizmi” üçün kütləvi şəkildə Bakıya axışması, bu zaman barlarda, otellərdə, gecə klublarında baş verən olaylar ictimai hiddət doğurub. Əlbəttə, bu hiddətin nə dərəcədə haqlı və əsaslı olması barədə mübahisə etmək olar. Tələb-təklif qanunu işləyirsə, qarşılıqlı razılıq varsa, qanunlar pozulmursa, kim nə deyə bilər? Başqa bir tərəfdən, turistlərin etnik-dini mənsubiyyətinin xüsusi qabardılması və bu zəmində nifrət ifadə olunması da doğru deyil. Amma yazıda məqsədimiz məsələyə bu rakursdan yanaşıb, geniş təhlil vermək deyil, biz sadəcə, ərəb ölkələrindən gəlmiş turistlərin davranışlarından duyulan narahatlığı, yəni faktı qeyd edirik.

İkincisi, zəngin ərəblərin Azərbaycana hansısa yüksək vəzifəli məmurların himayəsi altında gəldikləri sirr deyil. Onlar külli miqdarda pul, rüşvət qarşılığında istədikləri zaman qoruqlarda ov icazəsi alır və əylənirlər. Bu hallar ictimailəşdikdə isə cəmiyyətdə narazılıq doğurur.

Üçüncüsü, baş verən konkret hadisəyə - Qax rayonunda azsaylı quş növlərinin kütləvi şəkildə məhv edilməsinə aidiyyəti qurumların adekvat reaksiya veməməsi də qınaq mənbəyidir. Çünki polis orqanları və ekoloji dövlət qurumları yerli ovçulara qarşı çox sərt münasibətləri ilə fərqlənir. Onlar saxlanılır, televiziya kanallarında nümayiş etdirilir, cərimələnir, hətta inzibati qaydada həbs olunurlar.

Qax rayon Dövlət Yasaqlığında baş verən sonuncu hadisə ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin xeyli gecikən reaksiyasında 2 əcnəbu turistin cərimələndiyi bilirilir. Yeri gəlmişkən, adıçəkilən qurumun sözcüsü İradə İbrahimova “Press Klub”un sorğusunu cavabsız qoymuşdu.

Qeyd edək ki, Azərbaycan Respublikası ərazisində 2020-2021-ci illərin ov mövsümü 2020-ci il, 1 sentyabr tarixindən etibarən açıq elan edilib və 28 fevral, 2021-ci ildə bitib. Bu tarixdən sonra ov edilməsi (təkcə nəsli kəsilməkdə olan quşların deyil, istənilən heyvanın) yasaqdır.

Deməli, bu tarixdən sonra edilən ovlara görə qanunla cəzalar var. Bu cəzalar işləkdimi? Kimlərə şamil olunub? Bunu pozanlara qarşı hansı tədbirlər görülüb? Təkrar ov edənlər yenidən cərimə olunub, ya onlara qarşı başqa tədbirlər görülüb? Bu suallara cavab tapılmalı, məsələ aydınlaşdırılmalıdır.

Hüquqşünas Hafiz Həsənov “Press Klub”un sorğusuna cavab olaraq bildirdi ki, "Ovçuluq haqqında” qanun əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan ərazisində ov etməsinə imkan verir. Onun sözlərinə görə, bu, əsasən Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmiş “Əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə Azərbaycan Respublikasının ərazisində ov etmək üçün icazənin verilməsi qaydası” ilə tənzimlənir.

“Qanunla ovçuluq öv mövsümü dövründə ovçuluq təsərrüfatlarına daxil olan ərazilərdə həyata keçirilməli, ovlanmasına icazə verilən vəhşi heyvanların və quşların ovlanma müddətlərinə və normalarına əməl edilməlidir. Ov Məsələləri üzrə Koordinasiya Şurasının qərarı ilə ölkədə 2020-2021-ci illər üzrə ov mövsümü 2020-ci il sentyabrın 1-dən elan edilib və 2021-ci fevralın 28-də başa çatıb. İndiki halda aydınlaşdırılmalıdır ki, ov mövsümü başa çatdıqdan sonra Qax rayonu ərazisində əcnəbilərin ov etməsinə kimlər imkan yaradıb, əcnəbilərin ov etmə icazələri olubmu, olubsa, onlar ov üçün icazə verilən məhdudiyyətlər çərçivəsində hərəkət ediblərmi, “Qırmızı kitab”a daxil edilmiş xüsusi mühafizə olunan vəhşi heyvan növlərinin mühafizə rejiminə əməl edilibmi və s. Bu məsələlərdə qanun pozuntularına yol verilibsə, həm ova icazə verənlər və buna imkan yaradanlar, həm də ov edən əcnəbilər məsuliyyətə cəlb edilməlidir”, - deyə hüquqşünas söylədi.

Cəzalara gəlincə, H. Həsənov dedi ki, Cinayət Məcəlləsinin 258-ci maddəsinə görə, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan edilmiş vaxtda ov etmə xeyli miqdarda ziyan vurduqda 2 min manatdan 3 min manatadək miqdarda cərimə və ya 240 saatdan 320 saatadək ictimai işlər və ya 1 ilədək müddətə islah işləri və ya 1 ilədək müddətə azadlığın məhdudlaşdırılması ilə cəzalandırılır:

“Bu əməllər ovlanması tamamilə qadağan edilmiş quşlara və heyvanlara qarşı törədildikdə, qoruqların ərazilərində törədildikdə 3 min manatdan 6 min manatadək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetmə ilə, həmin əməllər qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə isə 6 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək azadlığın məhdudlaşdırılması və ya 3ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 2 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Burada həmçinin, əcnəbilərə bu imkanı yaradanların vəzifə cinayətlərinin olması da istisna edilmir və buna yol verənlər də məsuliyyətə cəlb edilməlidir”.

“Biosfer” qeyri-hökumət təşkilatının rəhbəri Qorxmaz İbrahimli “Press Klub”a şərhində bildirib ki, ölkəmizdə ümumiyyətlə, ov mövsümü deyilən anlayış işlək deyil. Onun sözlərinə görə, dünyanın bütün ölkələrində ov mövsümündə ovçulara qanuni olaraq limitli şəkildə ov etməyə icazə verilir:

“Amma bizdə fərqlidir. Yasaqlara baxmayaraq, istər yerli, istərsə də gəlmə ovçuların sayəsində bir çox heyvan və quşların nəsli demək olar, ya kəsilib, ya da kəsilməkdədir. Bunun da səbəbi məmurların vəzifələrini yerinə yetirməmələri, mətbuatın fəaliyyətinə qeyri-rəsmi qadağaların olması, ictimai nəzarətin işlək mexanizmlərinin olmaması və sairdir. Təsəvvür edin, son vaxtlar bəzi məmurların yaratdığı özəl yerlərdə qeyri-qanuni ovlanmaya şərait yaratmaqla təbiətə ağır zərbələr vurulmaqdadır. Ov mövsümü qanuni şəkildə açılıb-bağlansaydı, belə olmazdı. Eyni zamanda, insanların maarifləndirilməsi də önəmli məsələdir”.

Q.İbrahimli hesab edir ki, Qax rayonunda baş verən hadisəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə yanaşı, hüquq-mühafizə orqanları da aydınlıq gətirməlidir:

“Mədəniyyət və Turizm Nazirliyindəki yeyintilər, maddi mədəniyyət nümunələrimiz oğurlanaraq xaricə satıldığı kimi, Tanrının təbiətimizə bəxş etdiyi vəhşi aləm də qanunsuz üsullarla məhv edilir. Nə QHT-lər, nə də illərdir susdurulmuş mətbuatımız bunların önünü alacaq gücdə deyil”.

Turqut