
Oskanyandan doğru xəbər...
Ermənistanın keçmiş xarici işlər naziri Paşinyanı eyni zamanda iki kətildə oturmaq istəyində ittiham edib
05 İyul 2024
“Əgər sənin 100 faizlik alternativin yoxdursa, niyə əlinin altında olandan imtina edirsən?” Bunu Ermənistanın keçmiş Xarici İşlər naziri Vardan Oskanyan “Güc faktoru” proqramına müsahibəsində Ermənistanın Rusiya ilə münasibətlərinə və Qərbə istiqamətlənməsinə toxunarkən deyib.
“Avropaya istiqamətlənmə yalan görüntüdür, xalqımız yenə aldadırlar. Bizi Aİ-də heç kim gözləmir, bəlkə, bu, 20-30 il sonra baş verəcək, amma bu gün bu barədə danışanlardan heç biri bunu görməyəcək.
Bizim sadəcə bəxtimiz gətirib ki, Rusiya indiyədək bu hakimiyyətə qarşı böyük səbir nümayiş etdirir. Siz Avrasiya İqtisadi İttifaqının bir hissəsisiniz və bu və ya digər dərəcədə onun üstünlüklərindən istifadə edirsiniz. Amma indi deyirsiniz ki, Avropaya doğru gedirsiniz. Və Aİİ-nin aparıcı ölkəsi olan Rusiya Ermənistanın aktiv şəkildə Avropaya doğru irəlilədiyini, eyni zamanda burada qalmaq istədiyini görür. Yəni, 10-20 il sonra zamanı çatanda Aİ-yə daxil olacaq, bizi tərk edəcək, bizə xəyanət edəcək. Amma bütün bu 20 il ərzində bizdəki mənfəətdən istifadə edəcək. Rusiya cavab addımları ata bilər. Onlar bunu erməni xalqına görə etmirlər, ona hansısa zərər vermək istəmirlər. Əks halda, bu gün qazın qiyməti 4 dəfə arta bilər, vergi tətbiq edilə bilər. Deyə bilərlər: qərar verin, ya qalın, ya da gedin. Hakimiyyət bunu başa düşmür. Rusiya ilə açıq qarşıdurmanın (Ermənistan üçün) yaxşı nəticələri ola bilməz”, - Oskanyan bildirib.
Oskanyanın proqnozlarına görə, Ermənistan rəhbərliyi tutduğu siyasi kursu davam etdirərsə, Rusiya Ermənistanı Azərbaycanla əvəz edə və bu regiondakı problemlərini onun vasitəsilə həll etməyə başlaya bilər.
“Rusiya Ermənistanı Azərbaycanla əvəz edə, bizi ümumiyyətlə unuda və strateji problemlərini Bakı vasitəsilə həll edə bilər. Biz artıq Şimal-Cənub yolunu itirmişik. Bu yaxınlarda üç fərqli proqrama baxdım və Ermənistan heç bir xəritədə yoxdur. Bu yol Hindistandan gəlir, Bəndər-Abbasdan Rusiyaya, Azərbaycandan keçərək Avropaya gedir. Bizimkilər isə hələ də “Dünyanın kəsişməsi”ndən danışırlar.
Biz bu yolu artıq itirmişik. Şərq-Qərb yolu hələ də bizim üçün mövcud deyil. Gürcüstan daha çox bir-birini tamamlayan siyasət aparır. Azərbaycan həmişə tarazlığı saxlaya bilib. İndi də bizdən fərqli olaraq Rusiya ilə münasibətlərini daha da dərinləşdirə və bizi əvəz edə bilər. Gürcüstan Rusiya ilə münasibətlərini normal vəziyyətə gətirəcək. Biz isə tam təcrid vəziyyətində olacağıq. Bu hakimiyyətin siyasəti buna gətirib çıxarır və bu təhlükənin önündəyik. Regionda böyük dəyişikliklər baş verir və rollarda dramatik dəyişiklik ola bilər. Biz, Azərbaycan və Gürcüstanın apardığı indiki siyasət şəraitində, hətta üzümüzü 100 faiz Qərbə doğru tutsaq belə, bütün bunlar dəyərini itirəcək. Çünki Türkiyənin təsiri altına düşəcəyik. Rusiya regionda Ermənistanı əvəz edən qüvvə tapanda, bizi o dərəcədə “yaddan çıxara” bilər ki, bu zərbədən ayılmaya bilərik”, - Oskanyan vurğulayıb.
Ermənistan Xarici İşlər Nazirliyinin keçmiş rəhbərinin bu çıxışını məntiqsizlik adlandırmaq olmaz. Doğrudan da çoxları sual verirlər: Paşinyan eyni anda iki cəbhəyə işləyərək, nəyə ümid edir? Axı o, hələ də Ermənistanı heç bir Rusiyayönümlü beynəlxalq təşkilatdan (Aİİ, Gömrük İttifaqı, KTMT) çıxarmayıb. Lakin eyni zamanda həm özü, həm də komandasının üzvləri demək olar hər gün qərbyönlü istiqamət, hətta Aİ-yə daxil olmaq istəkləri haqqında danışmaqda davam edirlər. Bu ikili oyun hara aparacaq? Bu, Paşinyanın özü üçün risk yaratmırmı və Ermənistan daxilindəki Moskvayönlü qüvvələrin köməyi ilə hökuməti devirmək cəhdlərinə gətirib çıxara bilərmi?
Hankuk Xarici Tədqiqatlar Universitetinin (Cənubi Koreya) professoru, politoloq Rövşən İbrahimov Pressklub.az-a açıqlamasında məsələ ilə bağlı fikirlərini açıqlayıb.

“Düzünü desəm, Oskanyanın Qarabağla bağlı əvvəlki açıqlamalarını nəzərə alsaq, budəfəki açıqlaması hamını təəccübləndirib. O, Ermənistanın Qarabağı saxlamaq şansının olduğunu və hələ də geri qaytarmaq variantları qaldığını deyirdi. Yəni, bu adamın sağlam düşüncəsi olduğuna şübhələr vardı”, - professor qeyd edib.
Amma indi o, həqiqətən yaxşı şeylər deyir, həqiqəti etiraf edir.
“Yəni, mümkün deyil ki, xarici siyasətdə və iqtisadiyyatda bir istiqamətdən digər istiqamətə ağrısız keçəsən və bunun nəticəsi olmasın. Üstəlik, eyni anda iki inteqrasiya prosesində olmaq mümkün deyil. Çünki Aİİ və Aİ rəqib birliklərdir və bu halda heç bir ölkə eyni zamanda həm bu, həm də digər assosiasiyada üstünlük əldə edə bilməz.
Aİİ-dən çıxmaq prosesinin özü də asan deyil. Bunun üçün ən azı 1 il vaxt lazımdır – öncə xəbərdarlıq edilməlidir, sonra uzun müddət çıxış şərtlərinin yerinə yetiriləməsinin bütün aspektləri razılaşdırılmalıdır. Yəni, belə çıxır ki, manevr imkanları qalmır. Açıq şəkildə qərarını verməli, sonra hərəkətə keçməlisən.
Ermənistanı Aİ-də heç kimin gözləmədiyini deyən Oskanyan tamamilə haqlıdır. Hətta ehtimal etsək ki, proses başlayıb və Ermənistana namizəd ölkə statusu əldə etmək hüququ verilib, bu, uzun danışıqların başlanğıcı deməkdir. Amma yenə də, sonda Ermənistanın Aİ-yə daxil olmaq imkanı əldə edəcəyinə heç bir təminat yoxdur”, - politoloq qeyd edib.
O deyir ki, indiki vəziyyətdə Ermənistanın çox şey itirə biləcəyi şübhəsidir. “Mən inanıram ki, onlar uduzacaqlar. Çünki Rusiya və Aİİ-nin digər üzvləri gec-tez hərəkətə keçəcəklər və nəticədə Ermənistan Aİ-yə daxil olmayacaq, eyni zamanda Aİİ daxilində münasibətləri itirəcək. Bu isə Ermənistanın siyasi və iqtisadi inkişafına kifayət qədər ciddi və mənfi təsir göstərəcək. Bu, baş verəcək”, - İbrahimov deyir.
Rauf Orucov