Logo
news content
User
Kateqoriyalar

Analitika

Operativ Qərargahın yeni qərarları

Nazirlər Kabineti yanında Operativ Qərargah karantin rejimi ilə bağlı yeni qərarlarını bu gün elan etdi. Ölkədə xüsusi karantin rejiminin müddəti aprelin 1-nə qədər uzadıldı. Eyni zamanda, xəstəliyin yayılma dinamikasında müəyyən stabillik müşahidə olunduğundan sərtləşdirilmiş xüsusi karantin rejimi çərçivəsindəki məhdudiyyətlərin bir qisminin 18 yanvardan etibarən yumşaldılması da qərara alındı. SMS-icazə ləğv olundu.

Qərarla bağlı ekspertlərin fikirlərini öyrəndik.

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov hesab edir ki, iqtisadiyyatın mərhələli şəkildə açılması məqsədəuyğundur:

“Mərhələli şəkildə iqtisadi açılmaya gedilməsi vacibdir. Çünki bütün hallarda məşğulluğun təmin edilməsi, xüsusən də ictimai iaşə və xidmət sektorunda iş yerlərinin qorunub saxlanılması lazımdır. Mərhələli addımlar həm də yoluxma sayının nəzarətdə saxlanılması və optimallaşdırılması baxımından önəmlidir”.

V.Bayramovun sözlərinə görə, yoluxma sayı birbaşa özümüzdən asılıdır:

“Hər birimiz sosial məsafənin saxlanılması, tibbi maskadan istifadə, gigiyenik qaydalara əməl olunması kimi qaydalara əməl etsək, o zaman yoluxma sayının optimallaşdırılması mümkün olar. Gələn həftədən etibarən vaksinasiyaya da başlanılır. İlkin qiymətləndirməyə görə, vaksinasiya 3 həftədən sonra öz təsirlərini göstərir. Ona görə də bu tədbir yoluxma sayının azalmasına gətirib çıxaracaq”.

REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli hesab edir ki, qərarların tez-tez

dəyişdirilməsi və qərarların verilməsi zamanı ciddi əsaslandırmaların olmaması çox sayda suallar doğurur:

“Kiçik və orta sahibkarlıq gözləyirdi ki, onların fəaliyyəti və onlara dəstəklə bağlı müəyyən qərarlar olacaq. Vətəndaşlarla əlaqəli də müəyyən qərarların olması gözlənilirdi. Təəssüf ki, bu istiqamətlərdə heç bir qərar olmadı. Əsas problem məhz kiçik və orta sahibkarlıq və bağlanan obyektlərlə əlaqədar kompensasiyaların ödənilməsi məsələləridir ki, bu barədə ümumiyyətlə, müzakirə aparılmır”.

Ekspert SMS-icazənin ləğvini müsbət qiymətləndirir:

“Ümumiyyətlə, Operativ Qərargah tərəfindən bugünə qədər elmi-analitik araşdırma görmədik. SMS tətbiqinin virusun yayılmasına təsiri var, ya yox? Bununla bağlı heç bir araşdırmalar yoxdur. Tez-tez qərarların dəyişidirilməsi, keçmişdə alınmış qərarlara zaman-zaman geri dönülməsi kimi hallar ondan xəbər verir ki, bu məsələ ilə bağl ümumi bir yanaşma və araşdırma mövcud deyil. Ətraf ölkələrdə hansı proseslər gedirsə, ona uyğun da qərarlar verilir. Örnəklər Rusiya və Türkiyədən götürülür. Azərbaycan reallığına uyğun qərarların alındığını görmək çətindir. Ona görə də bir müddət sonra yenidən köhnə qərarlara dönülməsini görə bilərik. Bunu yoluxmaların sayının artması ilə izah edə bilərlər. Məsələn, hər yer qapalı idisə, insanların ərzaq mağazalarından başqa gedəsi yerləri yox idisə, SMS-icazənin tətbiqinin mənası nə idi?”

Cəfərli açıq havada maskadan istifadəyə dair verilən qərarın hələ də qüvvədə qalmasına toxunarkən qeyd etdi ki, açıq havada maskadan istifadənin ziyanı ilə bağlı elmi araşdırmalar var:

“Açıq havada yenidən maska taxmağa dair qərarın və bununla bağlı cərimələrin tətbiq edilməsi nəyə xidmət edir? Bunun elmi əsası varmı? Təəssüf ki, bu cür suallar çoxdur”.

Tibb elmləri doktoru, professor Adil Qeybulla bildirdi ki, insanlar peyvənd olunsa və deyilənlərə əməl etsə, əvvəlki həyatımıza geri dönə bilərik:

“İlkin vaksinasiyadan 42 gün sonra immunitet formalaşmağa başlayır. Əgər biz vaksinasiyaya başlasaq da, ən azı ay yarım gözləməliyik ki, immunitet formalaşsın. Ona görə illüziyaya qapılmamalıyıq, yumşalmalara gedilsə belə, biz karantin davranışlarını gözləməliyik. İndi Bakı və Abşeron yarımadasında xeyli insan xəstələnib, xeyli insanda immunitet formalaşıb. Ona görə də, əslində xəstələnmə sayı aşağı düşüb, xəstəxanalara müraciətlər azalıb. Gəlin, peyvənd olunana kimi sosial məsafəni gözləyək, dezinfeksiya vasitələrindən istifadə edək. Pandemiyasız gələcəyə aparan yol məhz sosial məsuliyyətdən və həmrəyliyimizdən keçir”.

Ülviyyə Şahin