Logo
news content
User
Kateqoriyalar

Analitika

“Onlar Ermənistanı hədəfə alıb, Rusiyaya atəş açırlar”
Moskva Bakını “dəhliz yarmağa” məcbur etmək istəyir?

Azərbaycanın qeyri-hökumət təşkilatları ABŞ və Aİ-nin Rusiyaya qarşı sanksiyaların tətbiqi və icrasına nəzarətə cavabdeh olan əsas strukturlarının rəhbərlərinə açıq məktub göndəriblər. 

ABŞ-ın Xarici Aktivlərə Nəzarət Ofisinin tabe olduğu Xəzinədarlıq Katibliyinin rəhbəri xanım Canet L.Yellen, ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun rəhbəri cənab Alan F.Esteves, ABŞ-ın ədliyyə departamentinin rəhbəri cənab Merrik B.Qarlend, Avropa Komissiyasının prezidenti xanım Ursula fon der Leyen, Avropa Birliyinin Xarici işlər və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndəsi cənab Cozep Borrel və Avropa Birliyi Şurasının Prezidenti cənab Şarl Mişelə ünvanlanan məktubda deyilir ki, Azərbaycanın qeyri-hökumət təşkilatları “Ukraynadakı müharibə ilə əlaqədar Rusiyaya qarşı tətbiq edilmiş beynəlxalq sanksiyalardan yayınmağa şərait yaradan Ermənistan Respublikasının fəaliyyətindən ciddi narahatlığını bildirməyi” xahiş edir.

“Qərb ölkələri tərəfindən tətbiq olunan bu sanksiyalar Rusiyanı məsuliyyətə cəlb etmək və humanitar böhranın qarşısını almaq məqsədi daşıyır. Ermənistan hakimiyyəti ikiüzlü siyasət yürüdərək beynəlxalq hüququn tələblərini pozur və Rusiyaya sanksiyalardan yayınmağa dəstək verməklə, Ukraynadakı humanitar böhranı dərinləşdirir”, - məktubda bildirilir. Azərbaycan QHT-ləri tələblərini “ən kiçik xarici ticarət dövriyyəsinə malik Ermənistanın iqtisadi potensialına uyğun gəlməyən idxal və ixracının kəskin artması” ilə əlaqələndirirlər.

Məktub müəllifləri Ermənistanın ticarət əməliyyatlarına nəzarətin gücləndirilməsini və sanksiyaların yerinə yetirilməsinin təmin edilməsini, həmçinin Ermənistana diplomatik təzyiqlərin artırılmasını tələb edirlər. Qeyd olunur ki, Ermənistanın Rusiyaya davamlı dəstəyi Ukraynada sülhün və sabitliyin bərpasına yönəlmiş qlobal səylərə zərbə vurur və beynəlxalq hüququn pozulmasına təkan verir. “Biz sizə müraciət edirik: Ermənistana Rusiyanın sanksiyalardan yayınması üçün şərait yaratmağa imkan verməyin”, - məktubda vurğulanır.

Hamıya aydındır ki, Azərbaycanda bu məktubda olduğu kimi “ifadə azadlığı” sırf hakimiyyətin xeyir-duası ilə baş verir. Çünki rəsmi fəaliyyət göstərən ictimai sektor hakimiyyətin nəzarəti altındadır. Yəni, Bakı ilə Moskva arasında münasibətlərdə müəyyən dərəcədə gərginlik yarandığını güman etmək daha məntiqlidir. Amma maraqlıdır, hansı səbəbdən? Birdən-birə nə baş verib? Axı, son bir ildə Azərbaycan rəhbərliyi ilə işğalçı Rusiya arasında münasibətlər yalnız dərinləşib. Bu, hətta ölkəmizin tərəfdaşı olan demokratik dövlətlərdə belə, narahatlıq yaradıb.

Politoloq, Şərq-Qərb Araşdırmalar Mərkəzinin direktoru Ərəstun Oruclu Pressklub.az-a açıqlamasında bununla bağlı fikirlərini bölüşüb.

O, bəyanatı özünü QHT adlandıran (bu təşkilatların əksəriyyəti statuslarına görə “hökumətyönlü” QHT-lərdir) az sayda təşkilatın imzalamasına baxmayaraq, belə bir sənədin hakimiyyətin göstərişi olmadan ortaya çıxa bilməyəcəyi fikri ilə razılaşır.

Bu adamlar Azərbaycan daxilində hətta orta səviyyəli məmurların əməlləri ilə bağlı elementar tənqidi çıxış etməyə cürət etmirlər. Yəni, bu müraciətin sifarişli olduğu aydındır. Onlar isə Ermənistanı hədəfə alaraq Rusiyaya atəş açırlar. Bu isə təbii ki, Azərbaycanla Rusiya arasında münasibətlərin hazırda çətin dövrdən keçdiyinə işarədir.

Bunun başqa əlamətlərini də görmək olar. Son vaxtlar televiziya kanallarında (əslində onların hamısına dövlət tərəfindən nəzarət olunur) və digər hökumətyönlü media resurslarında Rusiya Federasiyasına hansısa hücumlar baş verir”, - deyə tədqiqatçı bildirir.

O, hesab edir ki, bu, ilk növbədə Bakı ilə Moskva arasında Zəngəzur dəhlizi ilə bağlı ciddi ziddiyyətlərin yaranması ilə bağlıdır. “Rusiya təkid və tələb edir ki, Azərbaycan öz səyləri, öz silahlı qüvvələri ilə bu yolu açsın. Lakin Bakı bunun hansı nəticələrə gətirib çıxara biləcəyini yaxşı bilir və belə bir addımdan qaçmağa çalışır. Bu, beynəlxalq hüquq baxımından da mümkün deyil. Buna qarşı təkcə Qərb olmayacaq, son zamanlar İran da belə bir ssenariyə qarşı kəskin çıxışlar edir. Son vaxtlar Moskva ilə Tehran arasında münasibətlərdə soyuqluq məhz buna görə yaranıb. Pezeşkian hətta açıq şəkildə bildirdi ki, onun hakimiyyətə gəlməsindən sonra Rusiyaya heç bir silah növü verilməyib. Yəni, bundan sonra da verilməyəcəyini demək istəyir. Bu, Avropa və ABŞ-a qarşı çox maraqlı, müsbət siqnallardır”, - politoloq hesab edir.

Lakin o, qeyd edir ki, Rusiya Bakıya təzyiq etməkdə davam edir. “Son nümunələr ondan ibarətdir ki, Rusiya Federasiyası ərazisində Azərbaycan vətəndaşlarını tutmağa, onları məcburi müqavilələr bağlamağa və Ukraynaya müharibəyə getməyə məcbur etməyə başlayıblar. Bu heç də yaxşı münasibətlərin əlaməti deyil.

Qərb kəşfiyyatının fəallığı da nəzərə çarpır. Onların yüksək rütbəli nümayəndələri son vaxtlar Bakıya səfər edirlər. Mümkündür ki, onlar ölkə rəhbərliyinə Rusiya tərəfdən gələn bəzi risklər, çağırışlar və təhlükələr barədə məlumat verirlər.

Yəni, Rusiya və Azərbaycanda hakimiyyəti idarə etmək üsullarının oxşarlığına baxmayaraq, gələcək yolun seçilməsi məsələsi gəlində, bir çox digər postsovet ölkələrində olduğu kimi bizim hakimiyyət də Moskvadan gələn təhlükəni dərk etməyə başlayır”, - deyə Oruclu yekunlaşdırıb.

Rauf Orucov