Logo
news content
User
Kateqoriyalar

Analitika

On beş günə sülh?
Simonyan təcili sülh barədə danışır – Nə baş verdiyi aydın deyil

“Azərbaycan tərəfinin qarşılıqlı addım atacağı təqdirdə Ermənistan və Azərbaycan yaxın 15 gün ərzində sülh sazişi bağlaya bilərlər”. Bunu Ermənistan parlamentinin spikeri Alen Simonyan keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, Bakı və İrəvan demək olar, bütün prinsipial məsələlərdə razılığa gəliblər.

Simonyan eyni zamanda əlavə edib ki, prosesə ziyan vurmamaq üçün detalları açıqlamaq istəmir: “Əgər Azərbaycan hakimiyyəti həqiqətən də siyasi iradə nümayiş etdirsə, yaxın 15 gün ərzində sülh sazişi imzalana bilər. Demək olar ki, bütün prinsipial məsələlərdə razılığa gəldiyimizi söyləyə bilərik. Prosesə xələl gətirməmək üçün təfərrüatları açıqlamaq istəmirəm”.

Məlum olduğu kimi, bu yaxınlarda ABŞ dövlət katibi Antoni Blinken Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar zamanı iki dövlət arasında sülh sazişinin bağlanması imkanlarını müzakirə edib.

Beləliklə, Simonyan çox gözlənilməz və ümidverici açıqlama ilə çıxış edib. Ermənistan tərəfi son aylar ərzində ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsinin bağlanmasının mümkünlüyü ilə bağlı o qədər də nikbinlik nümayiş etdirməyib (xatırladaq ki, prezident İlham Əliyev 2022-ci ilin sonunda çıxışı zamanı bu tarixi sülhün imzalanması üçün son müddət kimi müəyyənləşdirmişdi). Bəs, birdən-birə nə dəyişə bilərdi ki, spiker Simonyan belə cəsarətli proqnoz vermək qərarına gəlsin? Bu bəyanat prosesin real vəziyyətini əks etdirir, yoxsa tərəflər hələ də sülh müqaviləsi imzalamaqdan çox uzaqdırlar?

old.pressklub.az-ın suallarını müstəqil siyasi ekspert Nəsimi Məmmədli cavablandırıb.

O xatırladıb ki, Ermənistanla Azərbaycan arasında münaqişə İrəvanın Qarabağda separatizmə hərbi-siyasi dəstək verməsi ilə başlayıb. 44 günlük müharibə isə 9 noyabr 2020-ci ildə Ermənistanın 27 illik işğalına son qoyub. “İki dövlət arasında əsas problem İrəvanın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bəyan etməsi və Bakının 2023-cü il sentyabrın 19-da Qarabağda antiterror əməliyyatı keçirməsi ilə həll olundu”, - Məmmədli deyir.

Onun fikrincə, hazırda Ermənistanla Azərbaycan arasında sülhün əldə olunmasına mane olacaq heç bir strateji münaqişə yoxdur. “Azərbaycan Qarabağda öz suverenliyini təmin edib. Sülh yolunda taktiki məsələlər də öz həllini tapır. Onların həlli həm də tərəflərin konstruktiv mövqeyindən və regionda maraqları olan böyük dövlətlərin yanaşmasından asılıdır.

Tərəflər bir sıra məsələlərdə razılığa gəlməlidirlər.

Birincisi, sülh danışıqları harada və hansı formatda aparılacaq. Son üç ildə Moskva və Brüssel formatında aparılan danışıqlarda müəyyən irəliləyiş müşahidə olunsa da, problemin tam həllinə nail olunmayıb. Bölgədə Rusiya ilə Qərb arasında geosiyasi rəqabət problemin həllini çətinləşdirir. Azərbaycan əvvəlcə sülh danışıqlarında vasitəçiliyi Gürcüstana təklif edib, sonra isə sərhəddə vasitəçisiz birbaşa danışıqlar formulunu irəli sürüb”, - ekspert xatırladıb.

O qeyd edib ki, Ermənistanın bu istiqamətdə mövqeyi fərqlidir. “Onlar Qərbin vasitəçiliyində israrlıdırlar. Onlar əsasən Brüssel formatında müzakirələrə yönəliblər.

İkincisi, Ermənistanın Qarabağdan könüllü köçən ermənilərlə bağlı ziddiyyətli mövqeyi var. Beynəlxalq səviyyədə “etnik təmizləmə”, “soyqırım” kimi əsassız ifadələri təkrarlamaqla sülhə nail olmaq mümkün deyil.

Hazırda Azərbaycan tərəfi Ermənistanla sülhə tam hazırdır. Əgər Ermənistan və Azərbaycan bütün prinsipial məsələlərdə razılığa gəlsələr, o zaman sülh sazişinin mətni üzərində fəal işləmək mümkün olacaq. Noyabrın 30-da Ermənistan və Azərbaycan baş nazirlərinin müavinləri səviyyəsində keçirilən ikitərəfli görüş bir çox məsələlərə aydınlıq gətirəcək.

Sərhədlərin delimitasiyası və demarkasiyası, anklavlar, kommunikasiyalar, diplomatik münasibətlər və digər suallarla bağlı konkret məsələlər müzakirə oluna bilər.

Hesab edirəm ki, Ermənistanın sülh bəyanatları ilə real addımları arasında ziddiyyət var. Ona görə də, bu ilin sonuna qədər sülh sazişinin imzalanacağını gözləmirəm”, - deyə politoloq bildirib.

Rauf Orucov