
Ölmədən ölmüş qadınlar və sonsuzluğa aparan qatarın məşum fit səsi
“Şükriyyə” Akademik Milli Dram Teatrını necə dirçəltdi?
03 İyul 2023
Bomboz səhranın bağrı ilə uzanıb gedən bir dəmir yolu xəyal edin. Uzandıqca uzanır, ətraf tamam həyatsızdır, həyatdan xəbər verən yalnız bu dəmir yolu ilə şütüyən qatar və onun hərdən verdiyi qulaqbatırıcı fitidir. Əslində, o qatar və onun fiti həyat əlaməti deyil, əksinə, ölüm kabusudur. Dəmir relslərin məşum taqqıltısı sonu ölümlə bitən bir insan taleyindən bəhs edən romanı xatırladır. Hər verdiyi fit isə o romanın kulminasiya nöqtəsinə çatdığından xəbər verir. “Burda nahaq haqqa qalib gəlir, burda Tanrı deyilən qüvvə yoxa çıxıb, burda ədalətsizlik meydan oxuyur, burda şeytan qırmızı geyinib, burda talesiz insanlar, viran qalmış ocaqlar, dağıdılmış ailələr, qanında boğulan xalq var” - deyir. “İmdad, imdad” çığırır. “Bu zülmə bir son qoya bilən yoxdurmu?” - deyə fəryad qoparır o fit səsi. Qatar sürətlə getdikcə nə yol qurtarır, nə o boz səhra... gedir, gedir... bitmir.
Qatarın içində yalnız qadınlardır. Tanrının onlara bəxş etdiyi həyatın bir hissəsini yaşamış, indi ölmüş, ölmədən ölmüş qadınlar. Ölmədən ölmək dəhşətdir... Əksəriyyəti gəncdir, amma qarşıda onları yaxşı heç nə gözləmir, heç bir ümid yoxdur, özlərini bir heç bilirlər və tale onları heçliyə doğru sürətlə aparır. Qatar Qazaxıstana gedir.
1937-53-cü illərdə Qazaxıstan ərazisində yerləşən “Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi”ndə 17 min qadın günahsız yerə məhkum olunub. Onların arasında 44 azərbaycanlı qadın da bu düşərgədə “yaşayıb”.
Onlar repressiyaya uğramış kişilərin xanımları, bacıları, analarıdır. Şükriyyə də ordadır. “Çeynənən bir ölkənin haqq bağıran səsi” olan Əhməd Cavadın Şükriyyəsi.
Və bu gün bütün bunlar Akademik Milli Dam Teatrının səhnəsində canlanır. Cavid Zeynallının “Şükriyyə” pyesi Bəhram Osmanovun quruluşunda.
Teatrda çoxdan yadırğadığım bir canlanma vardı. Bilmirəm, nədənsə uşaqlıqda baxdığım nağıl filmlərini xatırladım. Bilirsiniz hansı filmləri, o ki sehrli qara qüvvə hər yeri tilsimləyirdi və hər yer buzlaşırdı, sonra bir qəhrəman o qüvvəni məhv edirdi, dərhal buzlar əriyib, hər yer gül-çiçəyə qərq olurdu...
Hamının üzü gülür, hər kəs sevincək bir-birini təbrik edir, görüşür, teatr aləmində olduqlarından məmnun görünürdülər. Çoxdan bu hisslər yox olmuşdu, pandemiya da dondurmuşdu həyatı. Eyni canlanma səhnəyə də sirayət etmişdi, ya bəlkə əksinə... Hər halda, hərtərəfli canlanma yaxşı haldır. Xüsusən teatr üçün.
Bunu yaxınlarda Gənc Tamaşaçılar Teatrının səhnəsində Mehriban Ələkbərzadənin “Kod adı V.X.A.” tamaşasında yaşamışdım, Nicat Kazımovun tamaşaları da o teatrı susqunluğa qapılmağa qoymur. Son vaxtlar Akademik Musiqili Teatrın baxımlı tamaşaları olur. “Yuğ” və Pantomim teatrları bütün çətinliklərə rəğmən ayaqdadır, yaradırlar. Çoxdandır Akademik Dram Teatrı belə canlanma görməmişdi. Təbii ki, repertuarda olan tamaşalardan söhbət getmir, yeni tamaşa havasını nəzərdə tuturam.
Əgər tanıdığın, dəst-xəttini bildiyin rejissorla hələ səhnəyə ilk pyesi qoyulan dramaturqun tandemindən söhbət gedirsə, maraq bir az da artır. Məni qınamayın, hiss olunur ki, tamaşada rol alan aktyorlar da tilsimdən çıxıblar, bir başqa hava ilə oynayırdılar. Hava düşmüşdü hamının sümüyünə.
Şükriyyənin obrazı mənim üçün Əhməd Cavadın bu misralarındadır:
Necə susum, danışmayım, mən eyləyim xəyanət?
Hanı sevgi, hanı Vətən, de harda qaldı millət?
Mən bir güləm, yerim altın, suyum gümüş, özüm ac,
Atam məhkum, anam sail, elim hər şeyə möhtac.
Mən Türk övladıyam, dərin ağlım, zəkam var,
Nə vaxtacan çiynimizdə gəzəcəkdir yağılar?
Nə qədər ki, hakimlik var, məhkumluq var, mən varam.
Zülmə qarşı üsyankaram, əzilsəm də susmaram!
Tamaşanın dekorasiyası masadan və dəmir yolundan ibarət idi, bütün hadisələr masa üzərində və yolda baş verirdi, həyatda olduğu kimi. Bu masa həm də “Vətən Xainləri Qadınlarının Akmola Düşərgəsi”ni əvəz edir.
Tamaşanın səhnə tərtibatçısı Samirə Həsənova, geyim üzrə rəssamı Aygün Mahmudova, işıq rəssamı Rafael Həsənov, musiqi tərtibatçısı Kamil İsmayılov, rejissor assistenti Nərmin Həsənovadır.
Həm gənc dramaturqdan, həm də milli teatrdan bir tamaşaçı kimi umacağımız və gözləntimiz var. Lütfən, bizi umsuq etməyin, davamlı olsun.
