Logo
news content
User
Kateqoriyalar

Analitika

Okeanın o tayından göndərilən sirli məktub
Postunu tərk etməkdə olan ABŞ lideri Azərbaycana nə demək istəyir?

Birləşmiş Ştatlar bu ilin sonuna qədər Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasında israrlıdır. Ağ Ev, Dövlət Departamenti mövcud diplomatik, siyasi imkanlardan maksimum istifadə etməklə bu hədəfinə nail olmağa çalışır. Görünən odur ki, oktyabrın 7-8-də Moskvada Rusiya Prezidenti Vladimir Putinin səylərinə rəğmən liderlərin iştirakı ilə üçtərəfli görüşün baş tutmaması da rəsmi Vaşinqtonu xeyli ümidləndirib. Bir daha aydın oldu ki, sülh prosesi Moskvanın diktəsi altında deyil və tərəflərin iradəsi həlledicidir.

Dünən Prezident Co Baydenin Bakıya göndərdiyi xüsusi köməkçisi, Milli Təhlükəsizlik Şurasının Avropa üzrə baş direktoru Maykl Karpenterin əsas missiyası bununla bağlı idi. 

Karpenter Prezidenti İlham Əliyevlə və Xarici işlər naziri Ceyhun Bayramovla görüşüb, həmçinin Baydenin şəxsi məktubunu Prezidentə çatdırıb. 

Görüşlər haqda rəsmi məlumatda bildirilir ki, həm prezidentlə, həm də xarici işlər naziri ilə əsas müzakirə mövzusu Azərbaycan-Ermənistanla sülh sazişi ilə bağlı danışıqların cari vəziyyəti, perspektivlər, Azərbaycan və ABŞ arasında ikitərəfli və regional məsələlər olub.

Rəsmi məlumatdan aydınlaşır ki, Azərbaycan lideri Baydenin xüsusi elçisi ilə söhbətdə Bakının bir cümlədən ibarət olan əsas sülh şərtini təkrarlayıb: Ermənistan konstitusiyasına dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarına son qoymalıdır. Prezident vurğulayıb ki, bu tələbə əməl olunarsa, Azərbaycan prosesi irəli aparmaq üçün ciddi səylər göstərəcək.

Maykl Karpenter isə Ağ Evin mesajlarını belə sıralayıb: 

ABŞ Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin tezliklə imzalanmasını dəstəkləyir, hazırkı şəraiti sülh üçün tarixi imkan hesab edir;

Sülh müqaviləsinin imzalanması regional əməkdaşlıq üçün geniş imkanlar yaradacaq, ABŞ bu prosesin irəli aparılmasına qəti dəstək vəd edir.

Beləliklə, ABŞ və Azərbaycan arasında sülhün vacibliyi ilə bağlı ortaq qənaət olsa da, konkret qərarların verilməsi ilə bağlı fikir ayrılığı var. Bakının Ermənistan konstitusiyasında dəyişiklər tələbi ilə bağlı Vaşinqtonun mövqeyi aydın deyil. Ümumiyyətlə, bu istiqamətdə ABŞ rəsmiləri ilə Ermənistan rəhbərliyi arasında danışıqların aparılıb-aparılmadığı da açıqlanmır. Prezident Baydenin Azərbaycan Prezidentinə məktub göndərməsi Ağ Evin sülhlə bağlı əsas gözləntilərinin Bakıdan olduğunu aydınlaşdırır. Sözügedən məktub sülh prosesi, Azərbaycan-ABŞ münasibətlərinin gələcəyinə dair ciddi mesajlarla doludur. Birləşmiş Ştatlar Prezidenti bir neçə məqama diqqət çəkib:

“İki ölkə arasında münasibətlərin normallaşdırılmasına xidmət edəcək sülh sazişinin yekunlaşdırılması istiqamətində ölkənizin və Ermənistanın əldə etdiyi davamlı tərəqqidən məmnunam. Sizi əmin etmək istəyirəm ki, ABŞ əsrlər boyu davam edən münaqişəyə nəhayət son qoyacaq Azərbaycan ilə Ermənistan arasında dayanıqlı və ləyaqətli sülhün əldə edilməsinə dəstək verməyə hazırdır;

Sülh sazişi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün təmin edilməsi ilə yanaşı, bütün regionu transformasiya edəcək, Avropa və Mərkəzi Asiya arasında daha çox ticarətə, sərmayə qoyuluşuna və bağlılığa xidmət göstərək;

Dünyanın diqqəti COP29 ilə bağlı Bakıya yönəldiyi bir vaxtda qlobal ictimaiyyətə sülhə sadiqliyinizi nümayiş etdirmək üçün misilsiz imkana maliksiniz;

Bildiyiniz kimi, sülh sazişinin razılaşdırılmamış bəndlərinə dair işin yekunlaşdırılması hər iki tərəfdən kreativlik və güzəşt tələb edəcək. Lakin əminəm ki, bu imkandan yararlanmağa davam edəcəksiniz. Mən Sizi cari ildə sazişi yekunlaşdırmağa dəvət edirəm;

Mənim administrasiyam sülhə yol açacaq cəsarətli təşəbbüslərin irəli sürülməsinə hazırdır;

Xüsusi köməkçim Maykl Karpenter atmağa hazır olduğumuz müəyyən addımlarla bağlı Sizi məlumatlandıracaq və Ermənistanla müzakirələrə dair Sizin mövqeyinizi öyrənəcək;

Ümid edirəm ki, birgə firavanlıq və ümumi xeyir naminə regiona dair yeni kursun seçilməsi üçün bu fürsətdən yararlanacaqsınız".

Əvvəla, ABŞ liderinin məktubunun məğzi ilin sonuna qədər Ermənistanla sülh sazişinin imzalanmasına çağırışdan ibarətdir. Məlumdur ki, Bayden administrasiyası gələn ilin yanvarın 20-dək hakimiyyətdədir, onu ya Kamala Harrisinin yeni kabineti, yaxud respublikaçı Donald Tramp əvəzləyəcək. Prezident məhz onun dövründə sülh sazişinin imzalanmasına çalışır. Bu, həm də seçkiqabağı dövrdə ABŞ siyasətində təsiredici gücə malik olan erməni lobbisinin tam dəstəyini əldə etmək cəhdidir.

İkinci mühüm məqam ABŞ-nin Cənubi Qafqazla bağlı planlarında sülh sazişinin mühüm yer tutmasıdır. Bayden yazır ki, Azərbaycan-Ermənistan razılaşması regionun transformasiyası, Avropa ilə Asiya arasında əlaqələrin möhkəmlənməsinə xidmət edəcək. Bu, nəqliyyat dəhlizlərində Azərbaycanın önəmli roluna işarədir, gələcəkdə Birləşmiş Ştatlar və onun Avropadan olan müttəfiqləri məhz Azərbaycan üzərindən keçən ticarət dəhlizlərinin inkişafını dəstəkləyəcək, beləliklə Rusiyanın regionda rolu zəifləyəcək, Çinin artan iqtisadi təzyiqləri neytrallaşdırılacaq. 

ABŞ lideri Azərbaycanı yeni kurs seçməyə və Birləşmiş Ştatların ona tam dəstəyini vəd edir. Şübhəsiz ki, bu, tədricən Rusiyadan uzaqlaşmaq və Avroatlantik məkana inteqrasiyanı nəzərdə tutur.    

Məktubda önəmli məqamlardan biri sülh sazişi üçün qarşılıqlı güzəştlərin vacibliyi barədədir. Görünür, Bayden administrasiyası rəsmi Bakının Ermənistan konstitusiyasının dəyişdirlməsi barədə mövqeyinin korrektə edilməsini istəyir. Bununla yanaşı, İrəvanın əvəzinə güzəştlər vəd edir. Bu təkliflərin nədən ibarət olmasını Maykl Karpenter İlham Əliyevlə söhbətdə bildirib, amma onun mahiyyəti ictimaiyyət üçün açıq deyil. 

Baydenin məktubunda daha iki vacib məqam ondan ibarətdir ki, ABŞ Azərbaycanın ərazi bütövlüyü və suverenliyini qəbul edir və prosesin bu çərçivədə aparılacağını qeyd edir. Yəni, əldə olunacaq razılaşmalarda Bakının qırmızı xətləri qorunacaq. İkincisi, ABŞ mürəkkəb danışıqlarda istifadə etdiyi əsas alətlərdən biri - iqtisadi, maliyyə yardımının da göstəriləcəyini anons edir. Yəni, əgər saziş Qərbin vasitəçiliyi ilə olacaqsa, həm Azərbaycana, həm Ermənistana, xüsusi ilə 30 illik işğal dövründə dağıdılmış Azərbaycan ərazilərinə Birləşmiş Ştatların irimiqyaslı maliyyə yardımları yönəldilə bilər. 

Sonda onu vurğulayaq ki, Prezident Co Baydenin COP29 beynəlxalq iqlim konfransını sülh razılaşması ilə əlaqələndirməsi ikibaşlı yozula bilər. Ağ Ev razılaşma olarsa, tədbirin yüksək səviyyədə keçməsinə dəstək vəd edir. Sülh olmasa, dəstək də olmayacaq və hətta əksi də ola bilər...

Azərbaycanın bu məktubda qeyd olunan mesajlar, təkliflər haqda mövqeyi bir müddət sonra məlum olacaq. Gürcüstanda 26 oktyabr seçkiləri, ardınca 5 noyabrda ABŞ-də baş tutacaq seçkilərdə kimin qalib olması Bakı üçün strateji qərarların verilməsində əsas rol oynayacaq. Bütün bunlardan əvvəl isə Kazanda BRICS sammiti var. 22 ölkə başçısının iştirak edəcəyi beynəlxalq tədbirdə Azərbaycanın təşkilata üzvlük məsələsinə baxılacaq. İkitərəfli görüşlər də olacaq. Azərbaycan ictimaiyyətini isə Əliyev-Putin, Əliyev-Si Cinpin və Əliyev-Ərdoğan görüşlərində veriləcək mesajlar daha çox maraqlandırır... 

Turqut