Logo
news content
User
Kateqoriyalar

Analitika

O`Brayenin o biri missiyası...
Blinken öz müavinini niyə təcili Bakıya göndərib?

Bu günlərdə Azərbaycan sülh sazişinin sayca 9-cu mətnini Ermənistana göndərib. Bu, son həftələrdə şərti sərhəddə atəşkəsin tez-tez pozulması, Fransa Müdafiə Nazirliyinin İrəvana müasir artilleriya vasitələri göndərəcəyi ilə bağlı bəyanatı və Azərbaycanın ona kəskin reaksiyası ilə eyni vaxta təsadüf edir. Gedişata Azərbaycan Prezidenti İlham Əliyevin “Ermənistan sülh istəyirsə, Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmalıdır” açıqlaması da öz damğasını vurdu. Əliyev ötən həftə ABŞ dövlət katibi Entoni Blinkenlə telefon söhbətində bu şərti təkrarladı. 

Rəsmi İrəvan isə bəyan edir ki, yeni Konstitusiyanın qəbulu ancaq 2026-cı ildə mümkündür. Nikol Paşinyan hökuməti daxili etirazlardan öz hakimiyyətinə təhlükə görür və yaxın zamanlarda Azərbaycanın tələbi ilə Konstitusiyanı dəyişmək niyyətində olmadığını bildirir.

Xarici işlər naziri Ararat Mirzoyanın bugünkü açıqlaması da Ermənistanın sülh sazişini Azərbaycanın qeyd olunan şərti yerinə yetirilmədən imzalamaq niyyətini ortaya qoyub. 

“Ermənistan bir ay ərzində Azərbaycanla sülh sazişinin yekun mətnini hazırlayaraq imzalamağa hazırdır. Səmimi qəlbdən inanıram ki, bizim Cənubi Qafqazdakı münaqişə ilə bağlı səhifəni bağlamaq və regionumuzda sülhü bərqərar etmək imkanımız var. İnanıram ki, bu sülh regionun bütün xalqlarına və ölkələrinə xeyir verəcək”, - nazir vurğulayıb.

Azərbaycanın keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov isə Ermənistanın mövqeyindəki ziddiyətləri belə izah edir:

“90-cı illərdə Ermənistana silah tədarükü başa çatdqıdan sonra İrəvanın sinxron şəkildə danışıqlarda mövqeyi sərtləşməyə başladı. İndi Hindistan və Fransadan silah tədarükü, eləcə də ABŞ və Aİ-nin yardım paketləri də Ermənistanın mövqeyini getdikcə daha ziddiyyətli edir. “Sülhpərvər leksikaya” baxmayaraq, Ermənistan işğalçı siyasətin nəticələrini aradan qaldırmaq istəmədikləri barədə getdikcə daha aydın bəyanatlar verir. Təcavüzü qanuniləşdirən hüquqi aktlar da təcavüzün bir formasıdır. Azərbaycan COP-29-a qədər Ermənistandakı vəziyyətin dinamikasının bütün nüanslarını diqqətlə izləyəcək. Daha sonra isə…”

Beləliklə, Azərbayanla Ermənistan arasında sülh razılaşması dalana dirənib. ABŞ dövlət katibi E.Blinken Azərbayan lideri ilə təmasdan müsbət cavab ala bilməyib, nəticədə o, Avropa və Avrasiya məsələləri üzrə müavini Ceyms O`Brayeni xüsusi missiya ilə Bakıya göndərməyə qərar verib. Yeri gəlmişkən, cənab  O`Brayen sonuncu dəfə Bakıda ötən il dekabrın 6-da olmuşdu, bir gün sonra Azərbaycanda növbədəkənar prezident seçkiləri təyin edilmişdi. Onun bu gün – iyunun 27-də başlayacaq səfəri günü Konstitusiya Məhkəməsi ölkədə növbədənkənar parlament seçkilərinin keçirilməsinə razılıq verib. Bu səfərlərlə növbədənkənar seçkilərin təyin olunması arasında əlaqənin olub-olmaması, əlbəttə, əhəmiyyətlidir. O`Brayenin Bakıda keçirəcəyi danışıqlardan sonra buna aydınlıq gələ bilər.

ABŞ rəsmisi Azərbaycan Prezidenti İlham Əliyev və xarici işlər naziri Ceyhun Bayramovla görüşəcək. Xatırladaq ki, iyunun 11-də O'Brayen İrəvanda olub və orada ABŞ-Ermənistan strateji dialoq sessiyasında Amerika tərəfinin həmsədri olub. Yerli mətbuata müsahibəsində yüksək rütbəli amerikalı diplomat Azərbaycan və Ermənistanın sülh müqaviləsi üzrə razılığa gəlməsinin vaxtının yetişdiyini, vaxtı uzatmaq, əlavə danışıqlar aparmaq praktikasına son qoyulmalı olduğunu vurğulayıb.

O`Brayen səfərqabağı Konqresin Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin dinləmələrində çıxış edərək, missiyasına aydınlıq gətirib, sualları cavablandırıb. 

O, deyib: “Biz Prezident Əliyevə tam aydın şəkildə bildirdik ki, sülhün vaxtı çatıb. Bu, təkcə COP-29-a ev sahibliyi etməklə dünya lideri kimi hörmət qazanmağa ümid edən Azərbaycan üçün deyil, həm də bütün region və Mərkəzi Asiya üçün problemdir. Bu ölkələr öz mallarını yalnız Çin və ya Rusiya vasitəsilə ixrac edirlər. Onların çıxış yolu olması üçün Azərbaycan üzərindən hərəkət etməlidirlər. Bir marşrut Gürcüstandan Qara dənizə, digəri isə potensial olaraq daha böyük olan Azərbaycan, Ermənistan və Türkiyədən keçəcək və buna görə də 90-cı illərdən bəri mövcud dəhşətli münaqişəyə son qoymaq üçün Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinə ehtiyacımız var. Mesajımız ondan ibarətdir ki, sülhün vaxtı çatıb”

Dövlət katibinin müavini İlham Əliyevlə insan hüquqlarına hörmətin vacibliyindən danışacağını da qeyd edib. "Bu, davam edən söhbət mövzusudur, o cümlədən son günlərdə katib Blinken onunla danışıb və mən bu söhbəti davam etdirməyi səbirsizliklə gözləyirəm".

O`Brayenin açıqlaması olduqca mühümdür və Qərbin regionda geosiyasi maraqlarını əks etdirir. ABŞ rəsmisi açıq şəkildə vurğulayır ki, Azərbayanla Ermənistan arasında sülh təkcə bu iki ölkə və ya Cənubi Qafqaz üçün deyil, bizim Rusiya və Çinə qarşı apardığımız müharibədə önəmli əhəmiyyətə malikdir. Yəni rəqiblərimizin beynəlxalq ticarət, nəqliyyat yolları üzərində hegemonluğuna dözmək niyyətimiz yoxdur. Habelə Orta Asiya ilə bağlı planların icrası da Qafqazın bu iki kiçik ölkəsi arasındakı sülhdən asılıdır. Orta Dəhliz, onun Avropadan Asiyaya keçid hissəsi, yəni Cənubi Qafqaz yeni müharibə risklərindən tam sığortalanmalı, kənar oyunçuların destabilzasiya imkanları minimuma endirilməlidir. Əks halda, dəhlizlərin qlobal biznes üçün əhəmiyyəti azalacaq. 

Dövlət katibi Blinken və müavini O`Brayenin dediklərindən belə nəticə çıxır ki, onlar İrəvandan tam təminat alıblar, qalıb Azərbaycanı ram etmək. Bakının Konstitusiya dəyişikliyi şərti indki mərhələdə ABŞ üçün  də cəlbedici görünmür, güman olunur ki, daxili etirazlar nəticəsində populyarlığı azalan müttəfiq Paşinyan hökuməti bu addımı atarsa, ciddi problemlərlə üzləşə bilər. Ona görə hədəf Azərbaycanı “daşı ətəyindən tökməyə” inandırmaqdır. Şübhəsiz ki, O`Brayen Bakıda aparacağı danışıqlarda ABŞ-ın dəstəyini, qarantiyalarını təklif edə bilər. Yaxud İrəvanda razılaşdırdığı - gələcəkdə Konstitusiya dəyişkiliyinin də yer alacağı hansısa sülh modelini Azərbaycan rəhbərliyinə təqdim etməsi mümkündür.

İnsan haqları mövzusuna gəlincə, həmişə olduğu kimi, bu, ikinci plandadır və daha çox Bakının geosiyasi mövzularda mövqeyinə təsir etmək üçün təzyiq aləti kimi istifadə olunur. Aydındır ki, Qərb əsas niyyətlərinə indiki imkanlar daxilində təklif və təzyiqlər yolu ilə çatmağa çalışır. Burada bir sıra faktorlardan, Azərbaycanın dostlarından, tərəfdaşlarından da istifadə edir. Belə bir məqamda uzun illər ərzində “sınaqdan çıxmış” demokratiya tələbindən istifadə olunmaması qəribə görünərdi.

Turqut