Logo
news content
User
Kateqoriyalar

Analitika

“O hələ də yaşayır, amma Xaçaturyanı tanıyan da yoxdur...” - Tanınmış azərbaycanlı pianoçu ilə MÜSAHİBƏ
Köln Musiqi Akademiyasının azərbaycanlı dosenti: “Rus mədəniyyətini danmıram, amma Ukraynanın tərəfindəyəm” 

Bacısı, Bakı Musiqi Akademiyasının professoru Könül Hüseynlidən xahiş etmişdim ki, Toğrul Bakıya gələndə mənə xəbər versin. Onunla söhbət etmək istəyirəm, dünya klassik musiqisini barmaqlarından insanın ruhuna axıdan adamı tanımaq istəyirəm. Toğrul Hüseynlini ilk dəfə Filarmoniyanın səhnəsində şəhid pilot Rəşad Atakişiyevin xatirəsinə həsr edilmiş tədbirdə ifası zamanı tanıdım. Möhtəşəm ifa idi, mənə elə gəlmişdi ki, o nə səhnəni hiss edir, nə də tamaşaçını, yalnız Rəşad Atakişiyevin ruhu ilə söhbət edir, çatdırıb ona deyə bilmədiklərini danışır... danışdıqca yanır və o yanğı barmaqlarından pianonun dillərinə keçir, musiqiyə dönüb, ruha işləyir, yandırır adamı...

Söhbət Almaniya Köln Musiqi Akademiyasının dosenti Toğrul Hüseynlidən və onun sənətindən gedir. 

- O tədbirdə mən sizin Rəşadla söhbətinizi, dərdləşməyinizi müşahidə etdim, dinlədim, yanılmıram ki? Siz dost olmusunuz, yəni münasibət qayın-kürəkən münasibətindən daha ülvi olub?

- Elədir. Çox gözəl insan idi, bacımın yoldaşı olduğu üçün demirəm. Bir yerdə çox olmamışıq, onlar ailə qurandan mən Almaniyada yaşayıram. İldə maksimum iki dəfə görüşürdük. Hər dəfə də doğma insan kimi. Çox səmimi, isti, anlayışlı, qəlbəyatan adam idi. Şəxsiyyət idi. Biz onunla nə klassik musiqidən danışırdıq, nə hərbdən, bəşəri mövzulardan, yaxud adi məişətdən danışardıq, fərqi yox, yaxşı anlayırdıq bir-birimizi. Onun itkisi çox ağır oldu. Almaniyada idim, bir gün sonraya biletim vardı, gələcəkdim Bakıya. 26 iyulda gələcəkdim, 25 iyulda qəzetdə xəbər gördüm, eyni vaxtda bir dostum zəng etdi ki, bu doğrudur? Dedim ola bilməz, yəqin keçmişdə olmuş hadisədir, hansısa qəzet indi çıxardıb ortaya, bu Rəşad ola bilməz. Evdəkilər necə özlərini itiriblərsə, mənə xəbər etməyiblər. Zəng vurdum anama, dedi hə, Toğrul, başımıza belə iş gəlib. Dünya başıma fırlandı. Axı, necə ola bilərdi, Rəşad məzuniyyətə hazırlaşırdı, uçuşa çıxmırdı, mən də gəlirdim Qəbələ Musiqi festivalına, çıxışım vardı, birlikdə gedəcəkdik Qəbələyə. Niyə belə bir şey olsun? Gəldim Bakıya, həm də çox məyus halda...

- Allah, Rəşad da daxil olmaqla, bütün şəhidlərimizə rəhmət eləsin... Söhbətimizin mövzusu sizsiniz. Almaniyada yaşayan, işləyən bir azərbaycanlı musiqiçi onu tanımayan azərbaycanlıya özünü necə təqdim edərdi?

- Həyatım musiqi ilə bağlıdır. 2 yaşımdan başlamışam musiqiyə. İlk dəfə o yaşda Azərbaycan himnini dinləyib, musiqisini oxumağa başlamışam. Təbii ki, mən xatırlamıram, valideynlərim deyib mənə. Tam düzgün ifa etmişəm, çünki güclü musiqi duyumum olub. Bunu hiss edib, aparıblar bəstəkar Oktay Zülfüqarovun yanına, o  vaxt “Aysel” uşaq teatrının bədii rəhbəri idi. Onun uşaq mahnılarını ifa etmişəm. İlk ifam da onun “Toplan” mahnısı idi ki, klipi də çəkilmişdi. Beləcə, 2 yaşımdan sənət fəaliyyətim başlayıb. Konsertlərə çıxmışam, iki dəfə Heydər Əliyev sarayının səhnəsində çıxış etmişəm. Hər iki tədbirdə Heydər Əliyev də iştirak edib. O zaman da 4 yaşım olardı. 6 yaşımda Bülbül adına Orta İxtisas Musiqi məktəbinə daxil olmuşam. Pianoçu və müğənni kimi fəaliyyətə başlamışam. 4 yaşım olanda indi Sənətşünaslıq üzrə fəlsəfə doktoru olan bacım Könül dedi ki, bəlkə Toğrulda fortepianonu da yoxlayaq, görək necə alınır. Evdə daima piano sədası vardı. Bacım Musiqi Akademiyasında dərs deyirdi. Başladım bacımın sinfində ilk fortepiano dərsləri almağa. Mənimlə iki il məşğul olandan sonra qərara aldılar ki, bu işlə peşəkar məşğul olmalıyam. Bülbül adına orta ixtisas musiqi məktəbində oxuyanda isə bacım mənimlə evdə məşğul olurdu. Yəni ilk müəllimim Könüldür, həmişə də inkişafıma dəstək verib. Bülbül adına musiqi məktəbində isə Aynura xanım Qasımovanın sinfində oxudum. Müxtəlif konsertlərdə çıxış edirdim. Müəllimlər valideynlərimə dedilər ki, həm müğənni, həm pianoçu olmaq çətin olar, hər ikisini peşəkarcasına apara bilməz. O zaman bacımın köməyi ilə pianonu seçdim. Müxtəlif festivallarda, müsabiqələrdə iştirak edirdim. Heydər Əliyevə həsr olunmuş Respublika müsabiqəsində 1-ci dərəcəli mükafat almışdım. Kövkəb xanım Səfərəliyevaya həsr edilmiş festivallarda 3 dəfə çıxış etmişdim. Yəni, artıq böyük səhnələrə çıxırdım. İlk ən böyük səhnəm 10 yaşım olanda Tiflisdə keçirilən pianoçuların beynəlxalq müsabiqəsində oldu. İki mərhələdə çıxış edib, bürünc medala layiq görülmüşdüm. 10 yaş üçün az uğur deyildi. Sonra dayanmadan daha böyük uğurlar üçün çalışdırdım. Valideynlərimin böyük dəstəyi vardı, motivasiya verirdilər. 

- Çox maraqlıdır, politoloq Qabil Hüseynli iki övladının ikisinin də musiqiçi olmasına etiraz etməyib, “biriniz də mənim yolumla gedin” deməyib?

- İkimiz musiqi ilə məşğul idik, amma evimizdə daim siyasi söhbətlər gedirdi. Ona görə müəyyən qədər siyasi ruhda böyümüşük. Hərçənd, siyasətdən uzaq olmağa çalışan adamam. Baş verən proseslərə isə laqeyd qala bilmirəm, dünya siyasəti məni çox maraqlandırır. Dünyada baş verənləri yaxından izləyirəm. Siyasətlə qətiyyən məşğul olmaq istəmirəm, amma siyasi fikirlərim, meyllərim var. 

- Siyasətin musiqisi yoxdur, amma musiqinin siyasəti var, yəqin?

- Təbii ki. Təəssüf, siyasət hər sahəyə qarışır. Siyasət insanlar arasında bəzən ədalətli, çox vaxt ədalətsiz mübarizələrdə istifadə olunan vasitədir. Musiqidə də var, hər bir ölkədə də. Hansısa ölkə süddən çıxmış ağ qaşıq deyil. Nə qədər ki, insanlar arasında gərginlik olacaq, orda siyasət rol oynayacaq.

- Deməli, hər zaman olacaq.

- Sadəcə, sərt radikal mövqedə olmadan, nə şiş yansın, nə kabab taktikası ilə davam etmək lazımdır ki, heç kimin qəlbini qırmayasan. 

- Bir az münasibətlərə musiqi qatmaq lazımdır. Xarici ölkədə yaşayırsınız, Azərbaycanın bugünkü reallığını nəzərə alaraq, yəqin ki, siyasət işlətməli məqamlarla rastlaşırsınız, necə hərəkət edirsiniz?

- Almaniyada 12 ildir yaşayıram. Bir çox işlər görmüşəm. 17 yaşımda getmişəm, ona qədər də müəyyən işlərim olub. Bu yerdə müəllimlərimin adını çəkmək istəyirəm. Rəna xanım Vəzirovadan dərs almışam. Bakı Musiqi Akademiyasının professoru Yuri Sabayevlə tanış olmuşam, bacımın müəllimi idi və onun təkidi ilə mənimlə məşğul oldu. Qarşımda böyük üfüqlər açdı o insan. Musiqini daha dərindən anlamağıma, professional məşğul olmağıma səbəbkar oldu. Mənimlə iki il məşğul oldu, çox təəssüf ki, ağır xəstəliyə tutuldu, dünyasını dəyişdi. Mənim həyatımda parlaq şəxsiyyətlərdən biri olub. Almaniyaya getməzdən qabaq mən Bakı Musiqi Akademiyasında təhsil aldım. 15 yaşımda Minskdə keçirilən festivalda iştirak etdim və orda dünya şöhrətli musiqiçi Vasili Labanovla tanış oldum. Rusdur, amma Almaniyada yaşayıb. Mənə dedi ki, sən çox istedadlısan, güclü təhsilə ehtiyacın var. Onu Almaniyada alsan, qarşında böyük imkanlar açılar. İdeyanı o verdi. Daima axtarışda idim, xaricdə təhsil üçün. Bu görüş mənim qarşımda o qapını açdı. Bu təsadüf deyildi, mən təsadüflərə inanmıram. Həyatımın dönüş nöqtəsi idi. Bakı Musiqi Akademiyasına daxil olub, bir il Oqtay Abasquliyevin sinfində təhsil aldım və ondan sonra qərar verdim ki, Almaniyaya getmək vaxtıdır. O ki qaldı sizin sualınıza... Siyasət işlətməli olmuşammı... Mən çox erkən yaşlarımda çox fərqli cəmiyyətə, mühitə düşdüm. Tam başqa həyat tərzi, insanları... təbii, çətin idi. Mənə qarşı siyasi münasibət olmadı. Bu, sonralar baş verdi. Mənim təhsil aldığım sinifdə üç erməni vardı. Aşkarda heç nə büruzə verməzdilər, amma bir də hiss etdim ki, mənim professorumda mənə qarşı mənfi münasibət formalaşdırmağa çalışırlar. Köln Musiqi Akademiyasında konsertim olmuşdu. Konsert olan zalın girişində o zamankı BMT qətnamələrini, Azərbaycan mədəniyyəti, mətbəxi barədə məlumatlar qoymuşduq. Gəlib mənim müəllimimə demişdilər ki, Toğrul siyasi propaqanda ilə məşğuldur. Oyun qurmuşdular. Mənim heç bir səhvim olmadığı üçün məsələ elə oradaca bağlandı. Sadəcə, bir azərbaycanlının eləməli olduğunu eləmişəm, heç bir millətə qarşı əks davranışım olmayıb. 

- Çox gənc yaşlarınızda ciddi uğurlara imza atmışınız. Hədəfləriniz nədir?

- Almaniyadakı uğurlardan bir az bəhs edim, sonra hədəflərdən. Almaniyaya gələndən sonra hədəflərim böyüdü. İlk hədəfim buradakı təhsilimi yüksək nəticələrlə başa vurmaq idi. Bakalavr təhsilini maksimum nəticə ilə bitirdim. Eyni qayda ilə magistr pilləsini bitirdim. Müxtəlif müsabiqələrdə iştirak edib, Azərbaycanı ən yüksək musiqi arenalarında təmsil etmək istəyirdim. Bunu da uğurla həyata keçirdim. 2012-ci ildə Almaniya pianoçuları yarışına dəvət olundum və 5 finalçıdan biri oldum. O müsabiqənin tarixində 17 yaşında finalçı olmamışdı, bunu mənə sonra dedilər. 

- Bunlar hamısı təhsil aldığınız illərdə olub?

- Bəli. 2015-ci ilə qədər bakalavr təhsili almışam, 2015-dən 17-yə kimi magistr, 2017-dən 2019-a kimi də doktorantura təhsilimi Avstriyada almışam. 2014-cü ildə ispan bəstəkarları müsabiqəsində 3-cü dərəcəli mükafatı qazandım. Sonra ondan daha böyük müsabiqəyə qatılmaq istədim. 2015-ci ildə İspaniyanın Ferror şəhərində keçirilən 3 mərhələli müsabiqəyə getdim. 2-ci dərəcəli mükafata layiq görüldüm. Magistr təhsilinin  birinci ilində Ukraynada beynəlxalq müsabiqəyə qatıldım. O qədər xoşuma gəlmişdi Ukrayna, insanlar, musiqiyə verdikləri dəyər, nəzakətli davranışları. Çox təəssüf edirəm ki, orda indi dəhşətlər törədilir. Sumı şəhərində keçirilən müsabiqədə isə 1-ci dərəcəli mükafata layiq görüldüm. Həmin il Almaniyada müsabiqədə 1-ci dərəcəli mükafatı aldım. Növbəti il İspaniyada 2-ci dərəcəli mükafata layiq görüldüm. Ən böyük uğurum 2020-ci ildə Almaniyada pianoçuların XVI Motsart müsabiqəsində 1-ci dərəcəli mükafata layiq görülməyim oldu. O da üç mərhələli müsabiqə idi. Bundan başqa, konsertlərim də çox olub. İki ən böyüyünü deyim. Birincisi, Hollandiyada olan turnem idi. 2018-ci ildə, doktoranturada oxuyurdum. Hollandiyanın 3 şəhərində və Slovakiyanın paytaxtı Bratislavada konsert verdim. Amsterdam filarmoniyasında verdiyim konsert mənim karyeramda zirvədir. Həmin filarmoniyada dünyanın ən böyük musiqiçiləri çıxış edirlər. Belə bir səhnədə azərbaycanlı gənc pianoçunun solo konsertlə çıxışı qürurvericidir. Berlində, Ştutqartda ən böyük konsert zallarında konsertlər vermişəm. Bu konsertlərdən sonra musiqi tənqidçiləri qəzetlərdə haqqımda məqalələr veriblər. Belə bir başlıqlı məqalə yadımdadır: “Azərbaycanlı pianoçunun adını yaxşı yadda saxlayın”. Başqa bir qəzetdə “Azərbaycanlı Toğrul Hüseynli” yazılmışdı. Müsabiqə qalibi olanda “Azərbaycanlı pianoçu qalib oldu” başlığı çox qürurvericidir. Ölkəmi təmsil etməyim ən böyük qürurumdur. Azərbaycanda da daim çıxışlarım olur. Oktyabr ayında yenə konsertim olacaq. Bu dəfə Almaniyada yaşayan azərbaycanlı skripkaçı ilə duet ifamız olacaq. Demək olar, hər il Azərbaycan səhnəsinə çıxıram. 

- Bu sualı da verim, sonra hədəflərinizdən danışaq. Azərbaycan musiqisinə bir avropalının münasibəti, fikri varmı? Axı, illərlə Azərbaycan musiqisinin qərbə çıxışı olmayıb, ya da məhdud olub.

- Həmişə klassik musiqimizi təbliğ etməyə çalışmışam. Üzeyir Hacıbəyov, Qara Qarayev, Fikrət Əmirov, Cövdət Hacıyevin fortepiano üçün bəstələnmiş əsərlərini Avropa tamaşaçısına ifa etmişəm. Tofiq Quliyevin “Qaytağı” əsərini konsertlərimdə ifa etmişəm. Maraqla yanaşırlar, rəğbətlə dinləyirlər. İstəyim odur ki, Azərbaycan musiqisini də qərb mədəniyyətinin nümunəsi kimi təqdim edim. Özümüzü qərbdən uzaqlaşdırsaq,  musiqimiz folklor musiqisi kimi qəbul edərlər. Qərb yalnız öz mədəniyyətini aparıcı mədəniyyət hesab edir. Nobel alanların 95 faizi qərblilərdir. Hər şeydə özlərini aparıcı qüvvə hesab edirlər. Azərbaycan musiqisinin təbliğinə ona görə böyük yer ayırmışam ki,  bizim mədəniyyətin elə qərb mədəniyyəti olduğunu, hansısa uzaq şərq mədəniyyəti olmadığını göstərim. Biz də təkamül prosesini keçmişik. Biz qərb musiqisini ifa da edirik, yazırıq da. Biz qərbdə bu cür tanınmalıyıq. Bizim böyük mədəniyyətimiz var, amma təkcə onu təbliğ etməklə böyük məqsədlərə çata bilmərik. Qərbə inteqrasiya deyiləndə onun inkişafına, təhsilinə, texnologiyasına, intellektual səviyyəsinə qarışmaq nəzərdə tutulmalıdır. Hədəfim qərbdə yaşamağa, Azərbaycanlı musiqiçi kimi ölkəmi yüksək arenalarda təmsil etməyə davam etməkdir. İndiyə kimi qoyduğum məqsədlərə çatmışam, daha böyük nailiyyətlərə iddialıyam. İstəyirəm ki, Azərbaycan gəncliyi klassik musiqiyə də maraq göstərsin. Qərbin kamil dəyərlərinə inteqrasiya etsin. Daim öz üzərində işləsin. Şekspiri oxuyanda dəhşətə gəlmişdim. İnsan övladı hələ də “olum, ya ölüm” dilemması qarşısındadır. Bu sual hər zaman bəşəri sual olacaq. Belə bəşəri ədəbiyyatı oxusun. Bəşəri musiqiləri dinləsin. 

- Bəşəri və cavabsız sual.

- İnsanı titrədən sual. Şostakoviçin musiqisində də bu sual var. Onu musiqinin Şekspri adlandırırlar. Şostakoviçi çox sevirəm, çox araşdırmışam. Repressiyaya uğramış sənətkardır. 37-ci ildə “4-cü simfoniya”nı yazıb bitirib, o zamankı musiqi tənqidçiləri simfoniyanı tənqid atəşinə tutublar ki, bu nə simfoniyadır, nə başı var, nə ayağı, heç nə anlaşılmır. Söhbət gedib çıxmışdı Stalinə. Stalin demişdi ki, sovet dövlətinə qarşı xəyanətdir bu simfoniya. Bacısını sürgün edirlər, bacısı ərini güllələyirlər. Özünə deyirlər ki, ya “5-ci simfoniya”nı sovet ideologiyasına layiq bir formada ilin axırına kimi yazıb tamamlayırsan, ya da güllələnəcəksən. Bu təhdidin altında bəstəkar o əsəri yazır. 3 ay ərzində yazdığı bu simfoniya həm də Hamlet simfoniyası adlanır. İlk notlarından “olum, ya ölüm” sualı verilir. Bir xəncər zərbəsi kifayətkən nəyə görə biz bu əzabları çəkməliyik? Sonuncu hissədəki marş isə inqilabın marşıdır. Stalin bəyənir, Şostakoviçi qaldırır göylərə. Stalin deyirdi ki, o çox böyük bəstəkardır, onu öldürmək yox, onu ideologiya üçün işlətmək lazımdır. Belə dəhşətli şəxsiyyət olub, məhv edin, amma öldürməyin deyib. Stalinin ölümündən sonra açılır ki, o sonluqdakı marş əslində matəm marşıdır, bir insan əzilib məhv ediləndən sonra ona çalınan ölüm marşı...

- Bəlkə də özünə həsr edib o marşı, çünki təhdid altında, əzilərək, məhv olaraq yazır, ona qədərki Şostakoviçi məhv edib yazır. Çox maraqlıdır, ilk dəfədir eşidirəm. 

- Həm də özünə. 7-ci simfoniyası Leninqradın mühasirəsinə, 8-ci Stalinqradın mühasirəsinə həsr edilib, möhtəşəm simfoniyalardır. 

- Stalin Üzeyir bəyi də öldürməyib, amma sovet bəstəkarı edib.

- Dahiləri tanıyırdı, əzib-əzib öz dediyini etdirirdi. Şostakoviç 29 yaşından özünə qapanıb, dinib-danışmırmış. SSRİ bəstəkarlar ittifaqının sədri də Xaçaturyan olunca Şostakoviç tamam əzilib. Bu gün Şostakoviç yaşayır, Xaçaturyanı isə tanıyan da yoxdur. Ona repressiyanı tətbiq edən, onun məhvinə rəhbərlik edən adam olub.

- Və bu ədalətsizlik bütün dövrlərdə var.

- Bəli, var, amma istedadın qarşısını almaq mümkün deyil. Dahini zirzəmiyə bağla, onun işığı haradansa süzüb, parlayacaq. Boris Pasternak “Doktor Jivaqo” əsərini yazandan sonra verir bədii şuraya. Buna deyirlər ki, bu nədir, qırmızı inqilabı heçə saymısan, bolşevikləri aşağılayırsan. Əsər əslində çox ehtiyatlı yazılıb ha, çünki Pasternak Stalindən qorxurdu. Deyiblər bunun çapı sənin məhvindir. O zaman İtaliyadan bir jurnalist gəlib SSRİ-yə, hardansa Pasternakın bu əsəri keçib onun əlinə. Aparıb özü ilə İtaliyaya, çap etdirib. Pasternakın heç xəbəri olmayıb. Az müddət sonra əsər Nobel mükafatı alıb. Bunu eşidən Stalin dəli olur, amma öldürtdürə bilmir onu, çünki bütün dünya tanıyır, Nobel alıb. O cümlədən Bulqakovun “Master və Marqarita”sı. Əsər SSRİ dağılana yaxın çap olundu.

- Ədəbiyyata böyük marağınız var.

- Əlbəttə, dünya miqyaslı musiqiçi olmaq musiqiçinin bir nömrəli şərtidir. Bunun üçün çox ədəbiyyat oxumalısan. Rus klassikasını bütünlüklə oxuyub bitirmişəm. 

- 19-cu əsri bəli, amma 20 əsr maraqlı deyil.

- Bulqakovu çox sevirəm. 20-ci əsrin rus poeziyasını vurğulamaq lazımdır, Marina Svetayevanı, Blok ondan əvvəldir. Puşkin birincidir, Blok, sonra Svetayeva. Son müharibədə Ukraynanın tərəfində olsam da, rus mədəniyyətini dana bilmərəm.

- Son vaxtlar filmləri də mənə saxta, riyakar gəlir.

- Orası elədir. Dahiləri də yox deyil. Dostoyevskini də sevirəm, amma çox radikal dindar və millətçi olub. 

- Radikalizm həmişə özünü məhv edib. Psixoloji problemi olub adamın.

- Deyirmiş, kimsə mənə sübut etsə ki, İsa Məsih olmayıb heç, mən yenə İsaya inanmaqda davam edəcəm. O qədər radikal dindar olub. “Karamazov qardaşları”nda da aydın hiss olunur. Rusların düşüncəsinə onun əsərləri çox sirayət edib. 

- Qayıdaq musiqiyə. Üzeyir bəyi çox sevirəm, onun musiqilərində özümü tapıram, kökümü tapıram, çox sehrlənirəm, amma o hissi mənə Qara Qarayev, Fikrət Əmirov yaşatmır. Niyə sizcə, bir musiqiçi bunun sirrini bilər?

- Qara Qarayev, Fikrət Əmirov Azərbaycan klassik musiqisinin görkəmli bəstəkarlarıdırlar. Onlar ömürlərini sovet imperiyasında keçirdikləri üçün musiqilərində neoklassisizm və digər cərəyanlardan istifadə ediblər. Belə müxtəlif musiqi cərəyanları Üzeyir bəyin musiqisindən fərqləndiyi üçün hər insanın qəlbinə eyni səviyyədə yol tapmır.  

- Üzeyir bəy də sovet bəstəkarı idi, amma Şostakoviçi ondan çox sevirsiniz, qısqanıram?

- Əsərlərində Azərbaycan bəstəkarıdır. Üzeyir bəy dahidir, Şostakoviç bəşəri.

- Burda söhbət bitməsə dalaşarıq)) Sizinlə söhbət etmək, dinləmək, ifanızı dinləmək qədər maraqlıdır. Təşəkkür edirəm və uğurlar. 

Ramilə Qurbanlı

[embed]