Logo
news content
User
Kateqoriyalar

Analitika

O gün gəlib çatdımı?
Ağdam yolunun açılması qələbədir, yoxsa…

O gün gəlib çatdı. Ermənilər Laçın və ilk növbədə Ağdam yoluyla “humanitar” yardım almağa başladılar. 

Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin (BQXC) yük maşınları eyni anda Ağdam və Laçın yolundan keçməklə, Xankəndiyə yardım aparıblar. BQXC-yə məxsus 1 yük, 2 minik maşını Ağdam yolu ilə Xankəndiyə doğru hərəkət edib, eyni anda Laçın yolundan da eyni sayda maşın Xankəndiyə tərəf üz tutub.

BQXC rəsmisi İlahə Hüseynovanın sözlərinə görə, ilk humanitar yük maşınlarında un və tibbi ləvazimatlar aparılıb. Və artıq Ağdam yolu ilə Xankəndiyə gedən yük maşını un və tibbi ləvazimatları boşaldaraq, Ağdama geri qayıdıb. 

Bundan əvvəl Rusiyanın da uzun danışıqlardan sonra məhz Ağdam yolu ilə ermənilərə bir maşın humanitar yük çatdırdığını nəzərə alsaq, bu yolun qismən işləməyə başladığını söyləmək olar. Yəni, Azərbaycan tərəfi sözünün üstündə durdu və Ağdam yolu açılmayana qədər Laçın yolundan hərəkətə imkan verməyəcəyi ilə bağlı vədini qarşı tərəfdə duranlara qəbul etdirdi. Qarşı tərəfdə isə Qarabağ və Ermənistan erməniləri ilə yanaşı, danışıqlarda vasitəçi kimi çıxış edən ABŞ, Avropa və Rusiya dayanmışdı. Bu qarşıdurmaya baxmayaraq, ilk yük maşını Laçın yolu ilə ancaq o zaman keçə bildi ki, başqa bir yük maşını paralel olaraq Ağdam istiqamətindən keçdi.

Amma ortada hələ də qaranlıq qalan və ciddi şəkildə narahat edən kifayət qədər məqam var. Əvvəla, Ağdam yolu ilə Xankəndiyə gedən yük avtomobili Azərbaycan Qızıl Aypara Cəmiyyətinə deyil, Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinə məxsusdur. Ermənilər Qızıl Aypara Cəmiyyətinin maşınlarını “öz ərazilərində” görmək istəməyiblər və bu səbəbdən də yükü Qırmızı Xaç Cəmiyyətinin maşınları daşıyıb. Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin xəttiylə göndərdiyi və içində 40 ton un olan 2 yük maşını isə hələ də Ağdamdan Xankəndiyə keçə bilmir. 21 gündür davam edən uzun-uzadı danışıqlar hələ də davam edir və müsbət nəticələnəcəyinə ümid yoxdur.

Ermənilər, Ağdam yolunun açılmasını da Azərbaycanın adı ilə bağlamağa tələsmirlər. Guya ki, onlar buna BQXC-nin və Rusiya “sülhməramlılarının” çoxsaylı təkliflərini nəzərə alaraq razı olublar. Azərbaycanın bu məsələdə təkidi isə yadlarına düşməyib. Yəni, onlar Bakının təklif və təkidinə razı olmadıqlarını nümayiş etdirməyə çalışırlar.

Digər tərəfdən, bu gün Qarabağ erməniləri iki yük maşınını “humanitar yardım” kimi alıblar. Amma heç kim deməyib ki, orada yaşayanlar ömürlərinin sonuna qədər “humanitar yardım” hesabına yaşayacaqlar. Yəni, oradakı ermənilərin normal yaşayışı və təminatı üçün müntəzəm yük daşımaları həyata keçirilməlidir, orada un da olmalıdır, digər ərzaqlar da, mebel də, telefon da... Bəs həmin yüklər haradan keçəcək? 

Azərbaycan tərəfi bu yüklərin, eləcə də Qarabağda müvəqqəti yerləşdirilən Rusiya “sülhməramlılarının” təminatının məhz Ağdam yolu ilə həyata keçirilməsində israr edir. Yəni, bu, oradakı ermənilərin Azərbaycana inteqrasiyası yolunda növbəti addım olmalıdır, həm də “sülhməramlılara” bu ərazi üzərində Bakının yirisdiksiyasını “qəbul etməyə” kömək edəcək. 

Ortada üç variant var. Əgər həmin yük maşınları Azərbaycandan - Ağdam yolu ilə gedərsə, bu, Bakının sözsüz və birmənalı qələbəsi olacaq. Əgər həmin yüklər Laçın yolu ilə Ermənistandan gələrsə, amma onlara vergi və gömrük qanunları tətbiq olunarsa, bu, yarımçıq qələbə sayılacaq. Yox, əgər həmin yüklər Ermənistandan heç bir maneə olmadan Xankəndiyə aparılacaqsa... Bunun harası bizim qələbəmiz olacaq? Bu, olsa-olsa, “Pirr qələbəsi” (əhəmiyyətli itki hesabına əldə olunmuş məğlubiyyətə bərabər qələbəni ifadə edən tarixi hadisə - red.) olacaq. 

Bir də ki, Qarabağ ermənilərinin guya Azərbaycanın mərkəzi hakimiyyətinin nümayəndələri ilə Azərbaycan ərazisində (Bərdə, Yevlax və s.) görüşünün keçirilməsi üçün danışıqlar apardığı iddiası ortaya atılıb. Hələlik şayiə səviyyəsində olan bu iddianın tam təsdiqi yoxdur. Hələlik bir faktı aksiom kimi qəbul etməliyik: Azərbaycan ərazisində “boz zona” var və o zonanın ləğv edilməsi tələb olunur.

O gün gəlib çatdımı?

Press Klub