Logo
news content
User
Kateqoriyalar

Analitika

Novruz əfvindən böyük gözləntilər

Gələn həftə - Novruz bayramı ərəfəsində Azərbaycanda növbəti əfv sərəncamının imzalanacağı gözlənilir. Prezident yanında Əfv Məsələləri Komissiyası bir aydan artıqdır ki, daxil olan müraciətləri araşdırır.

Azərbaycanda prezident tərəfindən hər il əfv sərəncamları imzalanır və xeyli sayda məhbus azadlığa buraxılır. 2020-ci ildə 2 belə sərəncam verilib: Novruz əfvindən sonra apreldə dövlət başçısı koronavirus pandemiyasına görə yaşı 65-dən yuxarı, səhhətində ciddi problemlər olan 170-dən artıq məhkumu azad edib.

Gələn həftə imzalanması gözlənilən əfv sərəncamına ümidlər böyükdür. Bu dəfə Komissiya gərgin işləyərək 1000-ə yaxın müraciətə baxıb, ehtimal ki, onların xeyli hissəsi müsbət dəyərləndiriləcək.

Həbsdə olan siyasi fəalların, blogerlərin azad olunması prezidentdən ən çox gözlənilən addımdır. Doğrudur, hər əfvdə hüquq müdafiəçilərinin və beynəlxalq təşkilatların siyasi məhbus kimi tanıdıqları şəxslərin bir qismi azadlığa buraxılır. Bu dəfə daha böyük sayda müxalifət fəallarının, blogerlərin azadlığa buraxılmasına ümidlər var. İctimaiyyətə təqdim olunan siyasi məhbus siyahılarına 140-dan artıq şəxsin adı daxil edilib.

Bu nikbin gözlənti səbəbsiz deyil. İkinci Qarabağ müharibəsindən sonra siyasi fəalların əfv edilməsi cəmiyyətin sosial sifarişinə çevrilib. Əvvəla, müharibə zamanı yaranan milli birliyin davam etdirilməsi cəmiyyətin bütün təbəqələri tərəfindən arzuediləndir. Elə hakimiyyətin bəzi təmsilçiləri, iqtidara yaxın şəxslər də siyasi müstəvidə gərginliyin, düşmənçiliyin bitməsini arzuladıqlarını ifadə ediblər. Müxalifət də bunu istəyir. Ölkə ictimaiyyəti də siyasi məhbus olmayan, düşmənçiliyin, kin-küdurətin arxada qaldığı bir cəmiyyət arzulayır.

Həbsdə saxlanılan siyasi fəalların bir neçəsi Qarabağ müharibəsinin iştirakçılarıdır. Onlardan Gədəbəy rayonunun keçmiş icra başçısı Saleh Rüstəmov uğurlu Başkənd əməliyyatında mühüm rolu olan şəxsdir. AXCP üzvü Babək Həsənov da Qarabağ qazisidir. İkinci Qarabağ müharibəsindən sonra dövlətin əsas prioritetlərindən biri şəhid ailələrinin, qazilərin, müharibə iştirakçılarının sosial problemlərinin həllidir. Ümid etmək olar ki, həbsdəki qazilərin azadlığa buraxılması bu kontekstdə nəzərdən keçiriləcək.

Ötən il iyulun 14-də Bakıda keçirilmiş orduya dəstək aksiyasına görə barəsində cinayət işi açılmış müxalifət fəalları ilə bağlı məsələni də qapatmaq lazımdır. Onlar barəsində həbs qətimkan tədbiri dəyişdirilib, hazırda məhkəmələri davam etdirilir.

Yeri gəlmişkən, bu günlərdə Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı Şuşada əsir götürülən snayperçi, erməni əsilli Livan vətəndaşı Maral Narcaryanı azad edib. Azərbaycan əsgərini öldürmək üçün Qarabağa gələn erməni döyüşçüyə qarşı hümanizm prinsipləri tətbiq olunursa, məntiqlə hökuməti tənqid edən heç bir azərbaycanlı həbsdə qalmamalıdır. Xüsusən, Qarabağ uğrunda döyüşmüş qaziləri siyasi motivlərlə həbsdə saxlamaq yolverilməzdir. Ümumiyyətlə, barəsində siyasi motivlərlə hökm çıxarılmış bütün siyasi fəallar azadlığa buraxılmalıdır. Bunu Azərbaycanın dövlət maraqları tələb edir. Çünki siyasi məhbus problemi xarici siyasətdə hakimiyyətə problemlər yaradan faktorlardan biridir. Erməni lobbiləri Azərbaycanda insan haqları ilə bağlı probemləri xüsusi qabardır.

Təəssüf ki, beynəlxalq hüquq-müdafiə təşkilatlarının vaxtaşırı açıqladığı hesabatlarda Azərbaycan bu sahədə dünyanın ən geridə qalmış, repressiv rejimlərin idarə etdiyi ölkələrlə bir sıraya qoyulur. Azərbaycan iqtidarının belə hesabatlara əhəmiyyət verib-verməməsindən asılı olmayaraq, bu sənədlər dünyada ciddi qəbul edilir və ölkənin nüfuzuna zərbə vurur. Siyasi fəalları həbsdə tutmaq nə dərəcədə prinsipial əhəmiyyət daşıyan məsələdir ki, bu səbəbdən Azərbaycanın beynəlxalq nüfuzu gözardı edilir? Ötən həftə “Freedom House” təşkilatının açıqladığı hesabata görə, Azərbaycan qismən azad ölkələr kateqoriyasından azad olmayan ölkələr kateqoriyasına düşüb. “Freedom House” azadlığın qiymətləndirilməsi üçün 0-100 ballıq şkaladan istifadə edir. Bu şkalada Azərbaycanın balı 39-dur. Qonşularımız - Ermənistan (76) və Gürcüstan (75) azad ölkələr kateqoriyasındadır. İki ölkə ötən il də bu kateqoriyada idi.

Azərbaycan öz imkanlarına və potensialına görə hər iki qonşusundan qat-qat yuxarı səviyyədədir. Amma yanlış qərarlar, lüzumsuz “prinsipiallıq”, siyasi fəalları, müxalifəti fasiləsiz basqı altında saxlamaq praktikası beynəlxalq indekslərdə ölkənin ən aşağı yerlərdə göstərilməsinə səbəb olur. Problemləri inkar etmək, beynəlxalq qurumları qərəzli və ermənipərəst olmaqda suçlamaq çıxış yolu deyil. Bu cür mövqe heç Azərbaycan daxilində inam doğurmur, çünki insanlar qeyd olunan sahələrdə ciddi probemlərin olduğunu şəxsən görür və bilirlər. 

Qarşıda Azərbaycan üçün strateji əhəmiyyətə malik olan Avropa İttifaqı ilə Strateji Tərəfdaşlıq Müqaviləsinin imzalanması durur. Prezident İlham Əliyev martın 10-da Bakıda təşkilatın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edərkən bildirib ki, danışıqlar yekun mərhələdədir. Məlumdir ki, Müqavilədə insan hüquq və azadlıqlarının təmin olunması ilə bağlı da müddəalar var. Şübhəsiz ki, burada siyasi məhbus problemi ilk sırada gəlir. Deməli, problem təkcə ölkə daxilində siyasi inkişafı əngəlləmir, Azərbaycanın strateji maraqlarının qarşısında da ciddi maneəyə çevrilib.

Turqut