Logo
news content
User
Kateqoriyalar

Analitika

Növbəti 190 manatlıq yardım qərarı

Nazirlər Kabineti Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəmənin verilməsi haqqında yeni qərar qəbul edib. Qərarda bildirilir ki, Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş “Koronavirus (COVID-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası”na əsasən Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərləri və Abşeron, Yevlax, Cəlilabad, Masallı rayonları üzrə 190 manat məbləğində birdəfəlik ödəməni almış şəxslərə, müvafiq qaydalara uyğun olaraq təkrar yoxlama keçirildikdən sonra, 190 manat məbləğində ödəmənin verilməsi birdəfəlik şəkildə həyata keçirilsin.

Bu qərar hələ aprel-may ayları ərzində həyata keçirilərkən bir çox suallar ortaya çıxmışdı. İndi isə qərarın yalnız müəyyən regionlar üzrə həyata keçirilməsi yeni suallara səbəb olub. Qərar nə dərəcədə doğrudur və ehtiyaclara nə qədər cavab verir? Başqa hansı effektiv qərarlar qəbul etmək olardı? Bu sualları ekspertlərlə müzakirə etdik.

Sosioloq Əhməd Qəşəmoğlu bildirdi ki, hazırda kəndlinin xeyli məhsulu ortada qalıb: 

“Meyvə-tərəvəzin, süd məhsullarının satılacağı bazar yoxdur və ya məhduddur. Bakıda isə meyvə-tərəvəz o qədər bahadır ki, əhali ala bilmir. Yəni yoxsul, imkanı olmayan əhali meyvələrə baxa-baxa qalıb. Halbuki həmin meyvə-tərəvəzlər insanların immunitetinin möhkəmlənməsinə kömək edə bilər. Əgər bu gün, bir manat xərcləmədən, bu işi yaxşı təşkil edə bilsəydik, rayonlardan həmin meyvə-tərəvəzi toplayıb, Bakıya satışa gətirsəydik, həm o kəndlilərin 190 manata ehtiyacı olmayacaqdı, həm də camaat möhtəkirlərin əlindən xilas olacaqdı. Bax, bu işlər görülməlidir. Niyə görülmür, başa düşə bilmirəm...”

190 manatın ayrı-ayrı regionlar üzrə verilməsinə gəlincə isə, sosioloq burda bir məntiqin olduğunu dilə gətirdi: 

“Çünki deyirlər ki, digər rayonlarda karantin yoxdur, camaat gedir, pul qazana bilir, amma qeyd edilən rayonlarda mədudiyyətlər var, sərt karantin rejimidir, pul qazanmaq məhdudlaşdırılıb. Təbii ki, bunun bütün ölkə üzrə həyata keçirilməsi üçün maddi imkan lazımdır. Yəqin ki, dövlətdə bir o qədər imkan yoxdur”.

İqtisadçı Rəşad Həsənov qeyd etdi ki, 190 manatın təkrar verilməsi ilə bağlı qərarı nisbətən məqbul hesab etmək olar: 

“Faktiki olaraq, əgər karantin elan edilirsə, vətəndaşların müxtəlif fəaliyyət sahələrində çalışmalarını məhdudlaşdırırlarsa, belə bir dövrdə həmin vətəndaşların ailə büdcələrini dəstəkləmək lazımdır. Bu baxımdan qərar nisbətən məqbul hesab oluna bilər”.

Ekspertin fikrincə, mexanizmin özünün bir çox nöqsanları var: 

“Nöqsanlardan biri ondan ibarətdir ki, ödənişlər əvvəlki karantin rejimində qəbul olunmuş məlumatlar əsasında, müvafiq rayonlar üzrə həyata keçiriləcək. Bu isə may-iyun ayları dövründə baş vermiş dəyşiklikləri nəzərə almır, hansı ki, müəyyən insanlar artıq işləməyə başlayıblar, müəyyən insanlar isə yeni karantin qərarı ilə işsiz qalıblar. Yəni, köhnə məlumatlar əsasında qərar verilib və yeni dəyişiklikləri nəzərə ala bilməyiblər. Bu, bir tərəfdən başadüşüləndir ki, müddətin qısa olması yeni bir mexanizmin yaradılması və müraciətlərin qəbulu imkanını məhdudlaşdırır. Amma istənilən halda, hökumət yeni müraciətlərin qəbulu üçün müəyyən mexanizm düşünməli idi”. 

R.Həsənovun sözlərinə görə, başqa bir mürəkkəblik budur ki, Azərbaycanda kimin harada qeydiyyatda olması və harada işləməsi ilə bağlı çox ciddi qarışıqlıqlar var: 

“İnsanların böyük əksəriyyəti fərqli rayonlarda rəsmi olaraq qeydiyyatdadır. Onu qeyd edim ki, bizdə ümumiyyətlə, qeydiyyat sistemi çox zəif inkişaf edib, operativlik yoxdur və insanlar öz qeydiyyatını asanlıqla, rahat şəkildə dəyişə bilmirlər. Hökumət portal üzərindən çox rahat şəkildə insanlara bu şərait yaradıla bilər və bir neçə dəqiqənin içində onlar öz qeydiyyat yerlərini asanlıqla dəyişə bilərlər. Ona görə də, bu gün yalnız karantin elan edilmiş bögələrdə qeydiyyatda olan şəxslərə ödənişlərin edilməsi əslində çətinliklərin yenidən ortaya çıxmasına səbəb olacaq. Bəzi insanlar o rayonlarda qeydiyyatdadırlar, amma karantin qaydaları götürülmüş rayonlarda fəaliyyət göstərirlər və bu şəraitdən istifadə edərək 190 manatı alacqlar. Karantin olan bögələrdə işləyənlər isə bu gün işləyə bilmirlər, amma onların bəzilərinin qeydiyyatı bu gün karantin olmayan bölgələrə düşür. Buna görə də onlar 190 manatı əldə etmək hüququndan məhrum qalacaqlar. Mexanizmin ən qabarıq iki nöqsanı bunlardan ibarətdir”.

Ekspert xatırlatdı ki, bu proqram ilk dəfə yaradılan zaman 200 min nəfər üçün nəzərdə tutulmuşdu. Daha sonra müraciətlərin çoxluğu nəzərə alınaraq, proqramın əhatə dairəsi nisbətən artırıldı: “Amma əslində buna ehtiyacı olan şəxslərin sayı kifayət qədər çox idi. Səhv etmirəmsə, ilk gündə sistemə müraciət edənlərin sayı 1 miyon 700 min olmuşdu. Düzdür, müəyyən insanlar da var idi ki, fürsətdən yararlanmağa çalışırdılar. Tutaq ki, bir faizi belə olsun. Azı 1 milyon 500 min insana bu imkanı yaratmalı idilər”.

İqtisadçı Natiq Cəfərli bildirdi ki, 600 min insana aprel-may aylarında ödənişlərin verilməsi qərarı öz-özlüyündə ciddi sualların ortaya çıxmasına səbəb olmudu: 

“İlkin olaraq, sayla bağlı ciddi problemlər yaşandı. Rəsmi olaraq, ölkədə 90 min 700 insanın işsiz olduğu qeyd edilirdi. İlk proqramda 200 min insana yardım edilməsinə qərar verildi. Sonradan müraciət edənlərin sayının həddən artıq çox olması nəzərə alınaraq, bu say 600 minə qədər artırıldı. Lakin bu da yetərli deyildi. Müraciətlər ondan sonra da davam edirdi. Doğrudan da işsiz olan, 190 manata həqiqətən ehtiyac duyan bir çox insanın müraciətlərinə mənfi cavab verildi, çünki kvota dolmuşdu. Belə bir kvotanın qoyulması, öncədən belə bir rəqəmin səsləndirilməsi tamamilə yalnış idi. Məntiqlə, belə olmalı deyildi. Öncədən bütün müraciətlər qəbul olunmalı idi, sayı 1 milyon da ola bilərdi. Yalnız bundan sonra adekvat olaraq qəraralar verilməli idi. İndi isə rəsmi qərarla karantin rejimi avqustun 1-nə qədər uzadıldı. Karantin rejimi uzadılıbsa, biz Nazirlər Kabinetinin iyul ayı üçün verəcəyi qərarları indidən deyə bilmərik. SMS-lə icazə, bir çox biznes sahələrinin qapadılması və s. qərarlar yenə ola bilər. Ona görə də, öncədən önləyici tədbir kimi bu ödənişlərin verilməsi barədə qərarın avqustun 1-nə qədər uzadılması daha məntiqli olardı”.

N.Cəfərlinin sözlərinə görə, daha bir məntiqsiz qərar odur ki, bu məbləğ yalnız xüsusi karantin rejimi şamil olunan regionlara aid edilib: 

“Onsuz da 600 min nəfərin böyük əksəriyyəti bu bölgələri əhatə edirdi. Digər bölgələrdən müraciət edən maksimum yüz min vətəndaş kənarda qala bilər ki, bu da 19 milyon manat edir. Böyük bir vəsait deyil. Hökumətin qərarı hamıya şamil etməməsi, guya qənaət etməsi, açığı, ciddi qıcıq doğurur. 20-25 milyon qənaət etmək indiki dövrdə tam bir məntiqsizlikdir. İnsanlar uzadılmanın iki ay olacağını gözləyirdilər. Bir ay uzatdılar. Bu bir ayı da yarımçıq etdilər. Hökumətin məntiqi budur ki, xüsusi karantin rejimi elan edilməyən rayonlarda işləməyə icazə var, gedin, işləyin. Bu insanların maddi dolanışığı yoxdur axı… İndiki vaxtda rayonlararası gediş-gəliş də yoxdur. Bakıdan çıxışa da məhdudiyyətlər var. Ona görə də, qərar ən azı iki ayı əhatə etməli idi. Heç olmasa, 600 min insanı tam əhatə etməli idi ki, ən azından vətəndaşlar ilkin xərclərini ödəmək üçün həmin 190 manatdan istifadə edə bilsinlər”.

İqtisadçı Azər Mehtiyev də qeyd etdi ki, hökumət hərəkətin məhdudlaşdırıldığı zonanı əsas götürərək bu qərarı verib: 

“Ancaq Azərbaycanda real vəziyyət fərqlidir. Bu gün rayon qeydiyyatında olub, məhz Bakı, Sumqayıt, Abşeron zonasında yaşayıb, orada işləyən çox sayda insanlar var. Qərar faktiki olaraq, burada işləyib, lakin karantin səbəbindən işsiz qalmış insanların yardımdan kənarda qalmasına gətirib çıxarır. Təbii ki, bu baxımdan doğru qərar deyil. Hökumətin bu gün rayonlarda qeydiyyatda olmasına rəğmən, bu ərazidə işləyən və fəaliyyəti məhdudlaşdırıldığına, karantinə görə işsiz qalmış insanları müəyyənləşdirmək imkanları yoxdur. Ən azı bu istiqamətdə zəruri araşdırmalar aparılsaydı, daha yaxşı olardı. Hökumət üçün belə bir imkan ötən ilin payızında keçirilən əhalinin siyahıyaalınması zamanı yaranmışdı. Ancaq təəssüf ki, bu siyahıyalınma normal tələblərə uyğun keçirilmədiyindən hökumət məlumat bazasından məhrum oldu və  bu il əhalinin yaşam durumu haqqında, onların ehtiyacları haqqında məlumatlardan özünü məhrum etdi”. 

A.Mehtiyev bildirdi ki, ümumiyyətlə, hökumətin karantin dönəmində həyata keçirdiyi yardım kampaniyası əhaliyə yardım göstərməkdən daha çox, büdcə xərclərinin azadılmasına yönəlik qərarlar olub və bu da, başadüşülən deyil:  

“Hökumət bəyan edir ki, 2-2,5 milyardlıq dəstək paketi var. Ancaq faktiki olaraq, əhalinin geniş təbəqələrinə göstərilən yardımlar çox məhduddur. Nə Avropa, nə Amerika, nə də dünyanın əksər ölkələrində olduğu kimi, insanlara adambaşına yardım göstərilməsi həyata keçirilməyib. Təbii ki, bu da pandemiya dövründə əhalinin hökumətə inamsızlığının daha da dərinləşməsinə səbəb olan amildir”.

Ülviyyə Şahin