Logo
news content
User
Kateqoriyalar

Analitika

Növbədənkənar... strategiya 
Azərbaycan hakimiyyəti niyə erkən seçki qərarı verdi?

Prezident İlham Əliyev Azərbaycanda növbədənkənar prezident seçkiləri elan etdi.  Sərəncama görə, Mərkəzi Seçki Komissiyası Azərbaycanda növbədənkənar prezident seçkilərinin 2024-cü ilin fevral ayının 7-də keçirilməsini təmin etməlidir.

Seçki Məcəlləsinə əsasən, prezident seçkiləri elan olunan gündən başlayaraq bir həftədən gec olmayan müddətdə seçkilər Mərkəzi Seçki Komissiyası tərəfindən çərşənbə gününə təyin edilir və 60 gün müddətində keçirilir. 

Xatırladaq ki, ölkədə sonuncu prezident seçkiləri 18 aprel 2018-ci ildə növbədənkənar qaydada baş tutub. Təqvimlə seçkilər həmin ilin oktyabr ayının birini bazar günü keçirilməli idi. 

Dövlət başçısının verdiyi gözlənilməz, hətta hökumətə çox yaxın çevrələrin əvvəldən xəbərsiz olduğu şübhə doğurmayan bu qərarın səbəblərini anlamaq üçün dünyada, regionda, eləcə də Azərbaycanda cərəyan edən proseslərə diqqət etmək, onların qarşılıqlı əlaqəsini analiz etməyə ehtiyac var. 

Dünyada nələr baş verir?

2022-i ilin 24 fevralında Rusiyanın Ukraynaya qarşı irimiqyaslı təcavüzünün başlaması ilə İkinci Dünya Müharibəsindən sonra formalaşmış beynəlxalq münasibətlər sisteminin dağılmasının sonuncu mərhələsi başlayıb. BMT öz nizamnaməsində elan etdiyi rolu oynaya bilmir, regional təşkilatlar qarşı-qarşıya duran qüvvələrin mübarizə müstəvisinə çevrilib. Ənənəvi qlobal güclərin və Potsdam konfransından keçən 80 ilə yaxın müddətdə iqtisadi, siyasi, hərbi gücə çevrilə bilmiş regional oyunçuların maraqları kəskin şəkildə toqquşur. Sanki dünyanı yenidən nüfuz dairələrinə bölmək üçün gücləri hərbi, siyasi meydanda sınamaq qərarı verilib. Dünyanın aparıcı beyin mərkəzləri geosiyasi savaşın daha aktiv fazaya keçəcəyini və onun nəticələrinə uyğun olaraq yeni dünya nizamının formalaşacağını proqnozlaşdırılar. İlkin mərhələ 2030-cu ilə qədər yekunlaşmalıdır və hərə öz gücünə, müttəfiqlərinin dəstəyinə uyğun yerini tutmalıdır. 

Region qlobal savaşın məngənəsindədir

Regional müstəviyə gəldikdə, mühüm coğrafi imkanlarına görə, Azərbaycan bu geopolitik savaşın önəmli nöqtələrindən biridir. Asiyanı Qərbə bağlayan ən qısa dəhliz Xəzər vasitəsi ilə Azərbaycandan keçir, bu barədə son vaxtlar Birləşmiş Ştatlar, Avropa İttifaqı rəsmiləri tez-tez danışırlar. Bildirirlər ki, Orta Dəhlizin mühüm həlqəsi İrandan keçə (Azərbaycan-İran arasında Naxçıvana quru yolla bağlı imzalanmış memorandum nəzərdə tutulur), yaxud, Azərbaycan Zəngəzur dəhlizini zorla Ermənistandan alıb orada Rusiya FTX-sının nəzarətini təmin edə bilməz. 

Rusiya da eyni qaydada Bakıya ciddi təzyiqlər edir ki, bu marşrutu heç bir halda Qərbin nəzarətinə vermək olmaz, çünki sanksiyalar üzündən digər nəqliyyat kommunikasiyalarından məhrum olmuş Rusiya dünyaya bu pəncərədən çıxış imkanına həyati maraqlarından biri kimi baxır. 

Azərbaycan hər iki tərəfin təzyiqi altında çox çətin vəziyyətdədir, qərar qəbul edə bilmir. Bir tərəfdən ABŞ tezliklə Ermənistanla sülh sazişinin imzalanmasını, bunun “mükafatı” olaraq hər iki ölkəyə böyük həcmdə iqtisadi maliyyə dəstəyi vəd edir. Dünən Bakıda olan Dövlət katibinin müavini Ceyms Obrayn bunu açıq şəkildə dedi: “Regionda davamlı, ləyaqətli sülhün bərqərar edilməsi tarixi imkanlar açacaq... Xarici işlər nazirlərini Vaşinqtonda gözləyirik”.

Bir gün əvvəl Moskvadan görüşən Azərbaycan və Rusiya XİN rəhbərləri isə tamamilə əks məzmunlu açıqlamalar verdilər. Qeyd olunur ki, “regional məsələlərin müzakirəsi kontekstində 2020-2022-ci illərdə Azərbaycan və Ermənistan arasında münasibətlərin üçtərəfli sazişlər əsasında ən yüksək səviyyədə tənzimlənməsinə yönəlmiş səylərin artırılması zərurəti təsdiqlənib”. 

Nazir Ceyhun Bayramov deyib: “Bakı və Moskva yüksək səviyyədə sıx əməkdaşlıq və siyasi dialoq qurublar. Bakı və Moskva humanitar xarakterli və regional təhlükəsizlik məsələlərinə böyük önəm verir”.

ABŞ və Avropa İttifaqı təkcə Azərbaycana deyil, bütövlükdə Cənubi Qafqaza vahid iqtisadi, siyasi məkan kimi baxır. Hazırda hər üç ölkə ilə ciddi siyasi danışıqlar gedir, artıq Ermənistan Qərblə strateji tərəfdaşlıq haqda qərar qəbul edib, Gürcüstan Avropa Birliyinə namizəd statusunu almağa dəvət edilib, amma Azərbaycan Qərbə inteqrasiya etmək niyyətində deyil. Bir gün əvvəl Bakıda keçirilən beynəlxalq konfransda Prezident İlham Əliyev açıq dedi ki, Azərbaycanın Avropa İttifaqına üzv olmaq hədəfi yoxdur. 

Belə mürəkkəb şəraitdə Azərbaycan lideri gözlənilməz halda növbədənkənar seçki qərarı verdi. Şübhəsiz ki, bu qərar əsasən dünyada və regionda cərəyan edən hadisələrin bilavasitə Azərbaycana təsirləri ilə bağlıdır. Hazırda geosiyasi qarşıdurma içində olan Qərbin və Rusiyanın özü də daxili təbəddülatlardan keçir. ABŞ-da artıq start verilmiş prezident seçkiləri kampaniyası dövlətin beynəlxalq məsələlərlə bağlı strateji qərarlarını ləngidir, bu da öz növbəsində Avropa İttifaqı, NATO müttəfiqlərinin sistemli fəaliyyətinə mənfi təsir göstərir. Təkcə Ukraynaya yardımların davam etdirilməsi ilə bağlı ABŞ, Avropa daxilində yaranan fikir ayrılıqlarına, mübahisələrinə nəzər salaq kollektiv Qərbin kifayət qədər məşğul olduğunu görərik.

Ukraynaya qarşı müharibədə ciddi uğursuzluq və nəticə etibarı ilə Qərbin ağır iqtisadi sanksiyalara məruz qalmış, dünyada “izqoy” dövlətə çevrilmiş, siyasi elitası nüfuzdan düşmüş Rusiya da 2024-cü il martın ikinci yarısında prezident seçkilərinə gedir. Qərb bu seçkilərə Putin avtokratiyasına sarsıdıcı zərbə vurmaq imkanı kimi baxır. Ukrayna cəbhəsində və iqtisadi qüdrətə yönəlmiş bu zərbələr geosiyasi mübarizədə əsas üstünlüklərin təmin olunmasına, Moskvanın Qafqazdan, orta Asiyadan tədricən sıxışdırlmasına yol aça bilər.

Beləliklə, Cənubi Qafqaza həyatı maraqları elan etmiş Rusiya da mürəkkəb vəziyyətdədir, başı özünün çoxsaylı problemlərinə qarışıb. Yeri gəlmişkən, Azərbaycan məhz bu qarmaqarışıqlıdan istifadə edərək Qarabağda öz suverenliyini tam şəkildə təmin edə bilib. İndi də növbə digər strateji vəzifələrin icra edilməsinə çatıb ki, prezident seçkilərinin keçirilməsi barədə qərar prioritetlərin nədən ibarət olduğunu göstərir. 

Növbədənkənar seçki qərarı çox məqsədlidir və həm də daxili amillərlə bağlıdır:

Ən azı yaxın 2024-cü ilin birinci rübünə qədər Ermənistanla Qərbin tələsdirdiyi, Rusiyanın mane olduğu yüksək səviyyəli sülh danışıqları təbii səbəblərdən mümkün olmayacaq. Amma bəyanatlar, nazirlər səviyyəsində görüşləri davam etdirməklə sülh atmosferi yaratmaq mümkündür və bu, Qərbin təzyiqlərini neytrallaşdıra, onda Bakıdan gözləntilər yarada bilər;

2024-cü il Rusiya və ABŞ-da prezident seçkiləri ildir, qeyd olunduğu kimi, hər iki təsiredici tərəf daxili gündəmə qapanır və xarici reaksiya alətləri kütləşir. Xatırladaq ki, Azərbaycanda bundan əvvəlki prezident seçkiləri 2018-ci ilin aprelində növbədənkənar qaydada gerçəkləşib. Bu tarix Rusiyada Putinin sonuncu dəfə seçilməsindən 40 gün sonraya, ABŞ-da Demokratların hakimiyyətə gəlməsindən 6-7 ay əvvələ təsadüf edib. 5 il sonra yenidən eyni təcrübəyə müraciət edilirsə, deməli, faydalıdır və təsadüfi deyil;

Nəhayət, növbədənkənar seçkilər Azərbaycanın Qarabağda suverenliyini tam bərqərar etdiyi 19 sentyabr tarixindən qısa müddət sonraya -  hakimiyyətin nüfzunun yüksək olduğu dövrdə  keçiriləcək. Hazırda Prezident Əliyevin daxili siyasi rəqibləri yoxdur, o asanlıqla öz legitimliyini təmin edə bilər. Bu, qarşıdakı mürəkkəb geosiyasi dövrə daxili təlatümlərsiz, yeni siyasi komanda ilə çıxmaq  üçün imkanlar yaradır. Nəzərə alsaq ki, 2 il sonra Qarabağdakı qələbə cəmiyyətdə hazırki qədər siyasi təsir faktoru olmaya bilər, çünki son 3 ilin təcrübəsi göstərir ki, hakimiyyət heç də bütün əhalinin firavan yaşaması üçün şərait yaratmaqda o qədər də həvəsli deyil. Əsas hədəf güclü hakimiyyət, itaətkar cəmiyyət konsepsiyasını icra etməkdir.

Geosiyasi rəqabətdə olan güclərin seçkilərdən necə çıxacaqlarını, məqsədlərinə çatmaq üçün hansı addımlar atacağını, bu zaman Azərbaycana qarşı siyasətin nədən ibarət olacağını da proqnozlaşdırmaq çətindir. Hazırki tendensiya bundan ibarətdir ki, beynəlxalq təşkilatlar və başqa alətlərlə, məsələn, sanksiyalarla Azərbaycana sərt təzyiqlər ola bilər. Bu da nəticə etibarı ilə ölkəni Belarusa tətbiq olunan məhdudiyyətlər girdabına sala, ciddi daxili, xarici kataklizmlərlə üzləşdirə bilər. 

Bunlardan sığortalanmaq üçün Azərbaycanda növbədənkənar prezident seçkiləri keçirilir, yeni siyasi komanda formalaşır, Ermənistanla sülh müqaviləsi imzalanır, Qərblə konfrontasiya yumşaldılır, Rusiya ilə uzlaşmaq yolları tapılır, daha sonra qrafikdəki digər məsələlərin icrasına başlanır... 

Turqut