Növbədənkənar bahalaşma
Qiymət artımları əhalinin güzəranına və iqtisadiyyata necə təsir edəcək?
01 İyul 2024
Milli Məcliin buraxılması, növbədənkənar parlament seçkilərinin elan olunması ilə paralel yol hərəkəti ilə bağlı cərimələr kəskin artırıldı, bundan cəmi 2 gün sonra yanacağın qiyməti və ictimai nəqliyyatda gediş haqları bahalaşdı.
Məntiqlə, hökumətlər belə qeyri-populyar qərarları seçkiqabağı deyil, seçkidən sonra verirlər. Görünür, Azərbayanda qərarlar verilməsində başqa meyarlar əsas götürülür, hökumət seçki dövründə əhalini narazı salacaq addımlardan çəkinmir. Əslində bu paradoks seçkilərin formallığını, ictimai rəyin nəzərə alınmamasını göstərir və dərin təəəssüf doğurur.
Bir qayda olaraq, Azərbaycanda qiymətlərin, cərimə və rüsumların artırılması ilə bağlı verilən rəsmi izahatlar da formaldır, cəmi bir səbəb var: azalan neft gəlirlərini kompensasiya etmək üçün hökumətə pul lazımdır. Yenə çox təəssüf ki, neft gəlirlərinin zamanında iqtisadiyyatın digər sahələrinə düzgün investisya edilməməsi, xarici sərmayələrin cəlbinə şərait yaradılmaması, monopoliya, hüquq sistemindəki ciddi problemlər qeyri-neft sektorunu inkişafdan saxladı. Nəticədə hökumət vaxtaşırı xalqın cibinə əl uzatmağa vadar olur.
Bahalaşma qərarlarına, onun əhalinin güzəranına təsirinə gəlincə, artımlar əsasən kasıb və orta təbəqənin mənafeyinə daha çox zərər vurur.
Belə ki, yanacaq növlərindən dizel – 25 faiz (80 qəpikdən 1 manata), Aİ-92 oktanlı benzin 10 faiz (1 manatdan 1.10 manata) qaldırılıb. Daha çox imkanlı vətəndaşların istifadə etdiyi, ölkədə ümumi yanacaq istehlakında cüzi payı (ildə 100 min ton) olan Aİ-95 oktanlı yanacağın qiyməti 40 qəpik ucuzlaşdırılaraq, 2 manatdan 1.60 manata endirilib. Qeyd edək ki, Azərbaycanda ildə 1.5 milyon tona qədər Aİ-92 və dizel yanacağı işlədilir.
İctimai nəqliyyatda - şəhərdaxili marşrutlarda və metroda 10 qəpiklik artım 25 faiz olmaqla, kasıb təbəqənin xərclərinə əhəmiyyətli təsir göstərəcək. Bir ailədən 3-4 nəfər gündəlik ictimai nəqliyyatdan istifadə edirsə, ay ərzində xərclərin azı 100 manat artacağını hesablamaq olar.
Ekspertlər bu qərarları, onun iqtisadiyyata, kənd təsərrüfatına, əhaliyə təsirlərini necə izah edirlər?
Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Pressklub.az-a deyib ki, SOCAR-ın məlumatına görə, 2023-ü ilin may ayında Avro-5 standartlarına uyğun dizel yanacağının, 2024-ü ilin aprelində Aİ-92 markalı, dünən açıqlanan məlumatda isə Aİ-95 markalı benzinin istehsalına başlanıb. Artıq bundan sonra istehsal olunan Aİ-92 yanacağı keyfiyyətlidir. 2023-ü ildə ölkədə 1.5 milyon ton benzin istehsal olunub, əhali cəmi 100 min ton Aİ-95 istifadə edib, qalanı Aİ-92 oktanlı benzindir.
“Əvvəl bizim standart Avro-2 idi. Avro-5 standartlarına uyğun istehsal olunan yanacağın daha əvvəlki Aİ-92-dən fərqi odur ki, atmosferə atılan karbon qazının həmində min dəfə fərq var. Əsas budur”, - o qeyd edib.
Bununla belə, ekspert vurğulayır ki, onun üçün Aİ-95 markalı benzinlə bağlı bir sıra açıq suallar qalıb:
“SOCAR-ın 30 iyun saat 20:01-də yaydığı press-relizin başlığında və mətnində bildirilir:
“…Avro-5 standartına cavab verən Aİ-95 markalı avtomobil benzini istehsalına başlanılır”. Yəni hələ başlanılmayıb, başlanılması gözlənilir. Amma press-relizin içərisində qeyd edilir ki, “… NEZ-də istehsal olunan Aİ-92 və Aİ-95 markalı avtomobil benzinləri artıq Avro-5 standartlarına çatdırılıb”. Yəni faktın təsdiqini görürük. Daha sonra “… Aİ-95 markalı avtomobil benzininin 1 litrinin qiymətinin 15 iyul 2024-cü il tarixindən bazarın konyukturasına uyğun olaraq, 40 qəpik ucuzlaşaraq, 1.60 manat olması nəzərdə tutulub” fikri ilə rastlaşırıq”.
SOCAR-ın yanacağın istehsalçısı olduğunu xatırladan İlham Şaban bildirir ki, neft şirkətinə Azərbaycanın daxili bazarında dövlət tərəfindən tənzimlənən bazarda parakəndə satış qiyməti təyin etmək hüququ verilməyib, belə bir sənəd yoxdur. “Verilibsə də, ictimailəşdirilməyib”, - o, əlavə edib.
Ekspertin sözlərinə görə, SOCAR o fikirdən çıxış edərək belə addım atıb ki, 2014-cü ilin aprelindən Aİ-95 markalı benzinin (o cümlədən Aİ-98) qiyməti dövlət tənzimlənməsindən çıxarılıb:
“Amma ona görə çıxarılmışdı ki, idxal edilməyə başlanılmışdı və təəssüf ki, 10 il 2 ay müddətində Azərbaycanda yüksək oktanlı benzinin qiyməti tələb-təklif əsasında deyil, bazardakı iri oyunçuların qiymət razılaşması (kartel sövdələşməsi) ilə təyin edilirdi. Əks halda, nədən bu illər ərzində 1000-ə yaxın yanacaqdoldurma məntəqələrində kimsə 1 qəpik baha, digəri isə 1 qəpik ucuz satmaq fikrinə gəlmədi?”
İ.Şaban bu baxımdan düşünür ki, Nazirlər Kabineti 2014-cü ildə verilmiş qərarına yenidən baxmalı və indiki duruma uyğun düzəlişlər etməlidir. “Yəni Aİ-95 markalı benzin, qiyməti tənzimlənən yanacaq məhsulları sırasına qaytarılmalıdır”, - o qeyd edib.
“Yox, qaytarılması məqbul hesab edilmirsə, onda Nazirlər Kabineti izah etməlidir - bir benzinin digərindən fərqi nədir ki, onlara baxış fərqli olur? İkincisi, əgər Aİ-95-in qiymətini bazar formalaşdırmalıdırsa, onda SOCAR nədən qiyməti diktə edən subyekt rolunda çıxış edir? Qoy SOCAR Petroleum 1.6 manatdan satsın, bəlkə “Murad” və ya “Günəş Petrol” Yasamalda 1,55 manatdan təklif edəcək, hələ 10 litrdən artıq vurana da bonus vəd edəcək”, - İlham Şaban vurğulayıb.
Nəqliyat sahəsi üzrə ekspert Ərşad Hüseynov isə nəqliyyatda gediş haqqının, həm də yanacağın qiymətinın artırılmasını doğru saymır:
“Gediş haqqının artırılması əhalinin ictimai nəqliyyata marağının artırılması işinə zidd bir addımdır. Bu, inasnların nəqliyyat xərcini artırdığından fərdi avtomobillərdən istifadəyə meylləri gücləndirə bilər. Digər tərəfdən, ictimai nəqliyyatda xidmət keyyifiyyətində heç bir yaxşılaşma olmadığı, hətta bunun əksi müşahidə edildiyi bir şəraitdə belə artımın iqtisadi və məntiqi əsası da yoxdur. Əvvəllər dəfələrlə qeyd etdiyim kimi, ictimai nəqliyyatın iqtisadi problemləri heç bir halda gediş haqları hesabına həll edilə bilməz, bu, mümkün deyil. Bu problem yalnız səmərəli dövlət dəstəyi ilə - subsidiya və ya dotasiya yolu ilə həll edilə bilər. İctimai nəqliyyatın bundan sonrakı inkişafı - şəbəkələşməsi, çeşidin artması, yeni metro stansiyalarının tikintisi, avtobusların sayının və marşrut şəbəkəsinin artırılması, yenilənməsi və s. də yalnız dövlət sərmayəsi hesabına uğurlu ola bilər”.
2018-ci ildən bəri gediş haqqının 3-cü dəfə artırılmasına diqət çəkən ekspert xatırladır ki, əvvəlki 2 artımda əsas hədəfin bu sahənin iqtisadi vəziyyətini yaxşılaşdırmaq, dayanıqlı inkişafı təmin etmək və s.-dir. “Amma bunların heç biri müşahidə edilmir. Bu da yanaşmanın uğursuzluğu deməkdir”, - o əlavə edib.
Ə.Hüseynov vurğulayır ki, Aİ-92 oktanlı benzinin və dizel yanacağının qiymətinin artırılması da doğru yanaşma deyil:
“Bu artımların əsaslandırılması arqumentlərindən biri olaraq, ölkədə elektomobillərə marağın artırılması qeyd olunur. Amma əsas hədəfin avtomobillərdən istifadənin azaldılması olduğu da vurğulanır. Lakin elektromobil də avtomobildir, o da tıxaca düşür, özü də hava ilə işləmir. Onun da işlətdiyi enerjinin ölkəmizdəki əsas mənşəyi karbohidrogendir… Digər tərəfdən, benzinin qiyməti artırılsa da, elektromobillər hamı üçün əlçatan olmadığından sürətli elektromobilləşmə gözlənilmir”.
Ekspert qeyd edir ki, ölkəmizdə avtomobil çox deyil, əksinə, azdır. Onun sözlərinə görə, sadəcə ictimai nəqliyyat bərbad olduğuna görə insanlar əllərində olan və avtomobil sayıla biləcək hər şeydən gündəlik istifadəyə məcburdurlar. “Fərdi avtomobillərdən istifadəni azaltmağın yeganə düzgün yolu komfortlu, dəqiq qrafiklə işləyən, hər yerdə əlçatan olan ictimai nəqliyyatdır”, - o qeyd edib.
Ərşad Hüseynov bildirir ki, dizel yanacağının qiymətinin artırılması ictimai nəqliyyatın xərclərini də artıracaq. O xatırladır ki, Bakıda CNG ilə işləyən avtobuslar istisna olmaqla, ölkənin avtobus parkı az qala tam olaraq dizellə işləyir:
“Dizel yanacağının qiymətinin artırılması kommersiya yükdaşımalarının da maya dəyərini artıracaq, çünki yük avtomobillərinin də mütləq əksəriyyəti dizellə işləyir. Ümumiyyətlə, yanacaq qiymətinin artımı ölkədə bütün sahələrdə inflyasiyaya təkan verən əsas amillərdən biridir”.
İqtisadçı Eldəniz Əmirov isə hesab edir ki, yanaağın bahalaşmasına görə təili addımlar atılmasına ehtiyac var:
“Yanacaq xərclərinə görə fermerlərə dəstək mexanizmi hazırlamalıdır. Aİ-92 markalı benzinin qiymətinin 10 qəpik yüksəlməsini başa düşmək olar. Amma bir şərtlə ki, həqiqətən də satılacaq benzinin keyfiyyəti Avro-5 standartlarına uyğun olsun. Çünki benzinin artan keyfiyyəti daha çox məsafə qət etməyə və ehtiyat hissələrin daha uzunömürlü olması deməkdir. Amma keyfiyyət artmasa, onda heç nə...”
İqtisadçı deyir ki, dizelin qiymətinin 25 faiz yüksəlməsi dizel mühərikli avtomobillərin istifadəsinin azalmasına səbəb olaraq ekologiyanın dəstəklənməsinə müsbət fayda versə də, kənd təsərrüfatı istehsalına mənfi təsirini göstərəcək:
“Buna görə də hökümət fermerlətin dəstəklənməsi üçün mütləq mexanizm hazırlamalıdır. Onsuz da Aİ-92- oktanlı yanaağın bahalaşması logistik xərcləri və bu da məhsulun maya dəyərini müəyyən qədər artıracaqdı. Bunun da üzərinə dizelin qiymətinin 25 faiz artmasını gəlsək, fermerlər üçün ciddi əlavə xərclər yaranacaq. Həm daxili bazarda kənd təsərrüfatı məhsullarının qiyməti yüksələcək, həm də fermerlər ixracda rəqiblərlə qiymət mübarizəsində daha çətin vəziyyətə düşəcəklər. Kənd təsərrüfatının və fermerin problemi əvvəlcə fermerlərin, daha sonra regionların probleminə çevriləcək, axırda da bu problem bütün ölkənin makroiqtisadi göstəriclərinə öz mənfi təsirini göstərəcək. Buna görə ən qısa zamanda kənd təsərrüfatı istehsalında sərf edilən dizel yanağına görə fermerlərin dəstəklənməsi üçün mexanizm hazırlanmalıdır”.
Turqut