Nobel mərasimində qalmaqal
11 Dekabr 2019
Milad bayramı ərəfəsi, hər il dekabrın 10-u İsveç xalqı daha bir əlamətdar günü qeyd edir. İsveç Krallığı Elmlər Akademiyası tərəfindən müəyyən edilən, bir sıra sahələrdə dünyanın ən ali mükafatı olan Nobel mükafatının təqdimetmə mərasimi böyük coşqu ilə keçirilir. Hətta məktəblərdə də payız-qış semestrinin bitməsi ilə əlaqədar daha çox uğur qazanan şagirdlərə ruhlandırıcı “Nobel mükafatı” verilir.
Stokholm Konsert evində baş tutan Nobel mükafatının təqdimetmə mərasimi nə qədər möhtəşəm olsa da, ardınca şəhər bələdiyyəsinin binasında keçirilən ziyafət gecəsi özünün təmtərağı ilə bütün ictimaiyyətin diqqətini cəlb edir. Nobel mükafatı qalibləri və Kral ailəsi başda olmaqla, bütün elitanın, eləcə də siyasətçilərin, səfirlərin, xüsusi qonaqların iştirak etdiyi bu ziyafət məclisi televiziya kanallarında, mətbuatda, sosial mediada geniş müzakirə olunur. Kişilər mütləq ağ yaxalıqlı qara frak geyməlidirlər. Kraliçanın, Şahzadələrin, kral ailəsinə daxil olan bütün xanımların, mükafat sahiblərinin həyat yoldaşlarının, qadın siyasətçilərin və digər qonaqların paltarlarından tutmuş, zinət əşyalarına qədər hər bir detal, hətta ziyafətdə verilən yeməklərin hansı aşbazlar tərəfindən hazırlanması, o aşbazların necə seçilməsi, hansı antik çəngəl-bıçaqdan və qablardan istifadə olunması geniş müzakirəyə çıxarılır. Böyük ziyafətdən sonra isə Kral ailəsi, mükafatçılar və qonaqlar klassik musiqinin sədaları altında ənənəvi bal rəqslərinə başlayırlar.
Amma 2019-cu ilin “Nobel günü” bir az fərqli keçdi. Bu barədə bir qədər sonra danışarıq. Hələlik isə Stokholm Konsert Evinə qayıdaq.
İsveç Kral ailəsinin üzvləri və çoxsaylı qonaqların iştirak etdiyi təqdimetmə mərasimində fizika, tibb, kimya, ədəbiyyat və iqtisadiyyat sahələrində Nobel mükafatları öz sahiblərinə verildi. (Nobel Sülh mükafatı isə eyni gündə, eyni saatda Norveçin Oslo şəhərində təqdim edilir.) Hələ sentyabr ayından adları bilinən qaliblərə mükafatları İsveç Kralı XVİ Carl Gustav çatdırdı.
Fizika üzrə Nobel mükafatına James Peebles, Mişel Mayor və Didieer Queloz, kimya üzrə mükafata John B.Goodenough, M.Stanley Vhitingham və Akira Yoshino, fiziologiya və tibb üzrə mükafata William G.Kaelin Jr., Gregg L.Semenza və Peter J.Ratcliffe, iqtisadiyyat üzrə mükafata Abhijit Banerjee, Esther Duflo və Michael Kremer sahibləndilər. Efiopiyanın Baş naziri Abiy Əhməd Əli isə Nobel Sülh mükafatını qazandı.
Ədəbiyyat üzrə keçən ilin laureatı elan edilmiş polşalı yazıçı Olga Tokarczukun əvvəl mükafatı ləğv olunmuşdu, ona görə 2018-ci ildə heç kim bu adı qazanmamışdı. Amma bu il qərar yenidən bərpa olunduqdan sonra Olqa Tokarczuk da öz mükafatını aldı.
Ən qalmaqallı və səs-küylü hadisə isə ədəbiyyat üzrə verilən Nobel mükafatının builki sahibi ilə bağlı oldu. Həmin mükafata avstriyalı yazıçı Peter Handkenin layiq görülməsi çox böyük etiraz doğurdu.
Niyə? Kimdir və nə edib bu Handke?
O, Haaqa məhkəməsi tərəfindən məhkum olunmuş, minlərlə Bosniyalının ölümünə fərman vermiş serb diktatoru Slabodan Miloşeviçi bir neçə dəfə qəhraman kimi xarakterizə edib. Hətta Kosovoda savaş vaxtı dərc olunmuş bir məqaləsində “Serbləri dəstəkləyirsinizsə, ayağa qalxın” deyə xalqı üsyana çağırıb. Daha sonra Srebrenisada baş verənləri “soyqırım” deyil, “hakimiyyətin ona qarşı üsyanı yatırtması” adlandırıb və bunda haqlı olduğunu dilə gətirib.
Elə Handkenin bu fikirlərinə görə onun Nobel mükafatına layiq görülməsini məqbul saymayan böyük bir qrup təqdimetmə mərasiminə yaxın meydanda etiraz aksiyasına toplaşdı. Aksiyaya təkcə bosniyalılar və keçmiş Yuqoslaviyadan olan insanlar deyil, isveçlilər də qatıldı. Aralarında Türkiyə Cümhuriyyətinin səfiri də olmaqla, bir neçə ölkənin diplomatik nümayəndələri təqdimetmə mərasimində iştirakdan imtina etdilər.
Arayış
Nobel Mükafatı dünyanın ən mötəbər mükafatı sayılır. Dinamiti kəşf etmiş ixtiraçı-alim Alfred Nobelin vəsiiyətinə əsasən (1896-cı il dekabrın 10-da vəfat edib), İsveç Krallığı Elmlər Akademiyası tərəfindən 1901-ci ildən fizika, kimya, fiziologiya və ya tibb, ədəbiyyat sahələrində görkəmli nailiyyət əldə etmiş şəxslərə, eləcə də sülhə və humanizmə böyük tövhə gətirmiş insanlara verilir. 1968-ci ildən isə İsveçin Dövlət bankı olan Riksbanken, Alfred Nobelin xatirəsini əziz tutaraq, onun şərəfinə iqtisadiyyat üzrə Nobel mükafatı təsis edib. Qeyri rəsmi məlumata görə Nobel mükafatının təxminən 9,8 faizi Nobel qardaşlarının 1876-1918 ci illərdə Bakıda fəaliyyət göstərən, əsasən neft istehsalı ilə məşğul olan “Nobel Qardaşları” səhmdar cəmiyyətinin payına düşür. Qaliblərə diplom, Nobel medalı və pul mükafatı olaraq 9 milyon İsveç kronu (təxminən 900.000 avro) verilir.