Logo
news content
User
Kateqoriyalar

Analitika

Niyə Xankəndiyə yox, Ermənistanla sərhədə?
Azərbaycan özünü Moskva-İrəvan qarşıdurmasından sığortalamaq istəyir

Qabil Abbasoğlu

Yaxşı sualdır ki, problem Xankəndidə olduğu halda, niyə Azərbaycan Ermənistanla sərhədə hərbi qüvvə toplayır? Doğrudur, Müdafiə Nazirliyi belə bir rəsmi məlumat açıqlamayıb, bu barədə yazılanları, deyilənləri də təsdiq, ya təkzib etməyib. Amma sual var və həqiqətən belə bir proses gedirsə, bu sualın cavabı da maraqlı olmalıdır. 

Bu gün – sentyabrın 8-də Xankəndidə qondarma qurumun “prezidenti” bəlli olmalıdır. Azərbaycan dövləti, onun rəhbərləri dəfələrlə bəyan ediblər ki, Qarabağ münaqişəsi artıq həll olunub, söhbət bölgədə mövcud olan qanunsuz silahlı dəstələrin ləğvindən və ya oradan çıxarılmasından, habelə Xankəndidəki oyuncaq qurumun tarixin arxivinə göndərilməsindən gedə bilər. O halda, niyə ərazimizdəki terrorçu dəstələrin dislokasiya yerlərinin yaxınlığında deyil, sərhəddə möhkəmlənməyə çalışmalıyıq?

Son bir neçə ayda, xüsusilə də son iki həftə ərzində Ermənistanın Rusiya ilə münasibətlərində ciddi gərginlik yaşanır. Baş nazir Paşinyan xarici mediaya müsahibəsində “Bir gün oyanıb görə bilərik ki, Rusiya regionda deyil” söylədikdən sonra Moskva rəsmiləri bir-birinin ardınca qəzəbli və təhdid dolu açıqlamalar yaydılar. Hətta Kremlin sözçüsü Dmitri Peskov daha açıq danışaraq, “Rusiya bölgədən getmək fikrində deyil” söylədi.

Bölgədə Rusiyanın hərbi mövcudluğu Ermənistandakı Gümrü hərbi bazası və Azərbaycanın Qarabağ bölgəsindəki sülhməramlı adı altında mövcud olan hərbi kontingentdən ibarətdir. Paşinyanın “sülhməramlı”ları nəzərdə tutması məntiqli və reallığa uyğun deyil, ən azı təkcə bu qüvvəni nəzərdə tutması inandırıcı deyil. Əvvəla, “sülhməramlı” hərbi kontingent bölgədə Azərbaycandan daha çox Ermənistanın, Qarabağdakı erməni əhalinin maraqlarına xidmət edir. İndi həmin qüvvələrin regionu tərk etməsini rəsmi Bakı daha çox arzulayır, çünki ərazi bütövlüyünün tam bərpasına mane olan başlıca amildir. Odur ki, Ermənistan Baş nazirinin məlum açıqlamasında öz ölkəsinin daxilindəki hərbi bazanı nəzərdə tutduğu şəksizdir. Nəinki kənarda, hətta Ermənistanın özündə belə bəzi ekspertlər Paşinyan hökumətinin 102 saylı hərbi baza ilə bağlı müqavilədən çıxmaq barədə düşündüyünü bildirirlər. 

Bu yandan da Fransa Ermənistanda hərbi iştiraka can atır. Təsdiqlənməmiş məlumatlara görə, rəsmi Paris Gümrüdəki hərbi bazanın çıxarılması, əvəzində ölkəyə beynəlxalq (başqa sözlə, Fransa) hərbi kontingentinin yerləşdirilməsi barədə BMT-yə qətnamə layihəsi təqdim etməyə hazırlaşır. Belə olsa, Ermənistanda hansı vəziyyət yaranacaq? Rusiya qoşunu Ermənistandakı mövcudluğunu NATO ölkəsinə güzəşt edib, sakitcə çıxıb gedərmi? 

Kreml təmsilçilərinin əminliklə “getmək fikrində deyilik” söyləməsi belə bir hal üçün konkret mövqeyin və atılacaq addımların indidən hazır olduğuna işarə edir. Məsələn, tutaq ki, müqavilə ləğv olunur və rəsmi İrəvan qoşunların çıxması tələbini qoyur. Nə baş verər? Ciddi risk daşıyan bir vəziyyətdir. Çox böyük ehtimalla, Rusiya öz hərbi mövcudluğunu qorumaq üçün açıq hərbi müqavimətdən çəkinməz. Üstəlik, vəziyyətin təhlükəliliyini artıran başqa bir amil var. Ermənistanın Türkiyə və İranla sərhədlərini də həmin Rusiyanın hərbçiləri qoruyur. Bir anlıq təsəvvür edək, ölkə daxilində hansı situasiya yarana bilər? Təsəvvür etmək belə, yumşaq desək, narahat edir.

Rəsmi Bakı da narahatdır və bu amili nəzərə alır. Moskva ilə İrəvanın münasibətlərindəki gərginliyin hansı nöqtəyə qədər artacağı bəlli deyil. Bilinmir ki, bu qarşıdurma nə ilə nəticələnəcək. Qonşu ölkənin ərazisində bu cür hərbi-siyasi təlatüm baş versə, Azərbaycan hansı addımı atmalıdır? Müharibə vəziyyətində olduğumuz, ərazi bütövlüyümüzə təcavüz etmiş və hələ də torpaq iddiasından vaz keçməyən bir ölkənin hərbi çaxnaşma meydanın çevrilməsi bizim üçün də potensial təhlükə mənbəyidir. Üstəlik, yaranmış vəziyyətdən tərəflərin hansının qalıb çıxmasının fərqi də yoxdur – hər iki halda, Azərbaycan sərhədlərini möhkəmləndirməli, intervensiya təhlükəsinin qarşısını almaq üçün tədbirlər görməlidir.  Zənnimizcə, sərhədə hərbi qüvvə toplanması, möhkəmləndirmə tədbirləri daha çox bu amillə bağlı ola bilər. Azərbaycan hansısa hərbi əməliyyat, antiterror kampaniyası keçirmək istəsə, bunu öz ərazisində, separatçı qüvvələrin qanunsuz hərbi birləşmələrinə qarşı edə bilər. Hər halda, münasibətlər hansı dərəcədə gərgin olsa belə, Bakının Ermənistan ərazisinə, ən azı indi, hərbi müdaxilə edəcəyi ağlabatan deyil. 

Digər ehtimal isə budur ki, Azərbaycanla inteqrasiyaya mane olan, erməni əhalini girov vəziyyətində saxlayan Xankəndidəki rejimə qarşı hansısa əməliyyat planlaşdırılırsa, Ermənistanla sərhədlər bu halda da möhkəmləndirilə bilər. İşğalçı ölkənin daimi təzyiq altında saxlanılması, bölgəyə müdaxiləsinə imkan verilməməsi üçün. 44 günlük müharibə zamanı Ermənistandan Azərbaycanın Qarabağ bölgəsinə silah, hərbi texnika və canlı qüvvə daşındığı, hələ 30 illik işğal müddətində, separatçıların qanunsuz hərbi birləşmələri ilə yanaşı, İrəvanın da Qarabağda hərbi qüvvə saxladığı sirr deyil. Ərazimizdəki cinayətkar rejimə qarşı atılacaq addımlar zamanı Ermənistanın bölgə ilə kommunikasiyası sıfıra endirilməlidir. Rəsmi Bakı bu zərurəti də nəzərə almamış deyil. 

Paşinyan hökumətinin və Ermənistanın Azərbaycanla münasibətlərdə destruktiv mövqedə dayanması sonunda belə bir vəziyyət gətirib çıxardı. İndi Ermənistan beynəlxalq güclərin qarşıdurma poliqonuna çevrilir. Vaxtilə belə bir rol Azərbaycanın da boyuna biçilmişdi, Bakı bu plandan yan keçə bildi. Sərhədləri möhkəmləndirmək və ərazimizdəki nəzarətsiz hərbi qüvvələri təmizləməklə özümüzü bu poliqondan mümkün qədər uzaq tuta bilərik...