Logo
news content
User
Kateqoriyalar

Analitika

“Nişanlısı dedi ki, döyüş yoldaşı statusa qoyub şəklini, yazıb ki, uca məqama yüksəldi...” – ŞƏHİD HƏKİMLƏR
“Gedib o qazini tapdım, dedi məni sağaldan həkimin adı Mirlətif idi...”

Birinci Qarabağ müharibəsi dövründə dünyaya gələn oğullar İkinci Qarabağ müharibəsində döyüşdülər, şəhid, qazi, qalib oldular. Onların arasında bütün peşə sahibləri ilə yanaşı və onlarla çiyin-çiyinə həkimlər də var. 

old.pressklub.az-ın “Şəhid həkimlər” layihəsində növbəti yazımız şəhid həkim Mirlətif Ağayev barədədir.
***
...Hər gün şəhid xəbəri gəlir, sosial şəbəkələrdə dağ boyda, yaraşıqlı oğulların şəkilləri paylaşılıb, altından şəhid oldu yazılır. Adamın ürəyi ağzında döyünür, bu oğulları niyə bu qədər tez itirməli idik axı?... Neyləyəsən, məcburi cəlb olunmuşuq bu müharibəyə, biz istəməmişik, işğalçı istəyib. O oğullar torpaqlarımız azad etməyə getmişdilər. Nə öldürmək istəyərdilər, nə də ölmək... O qədər arzuları vardı ki...

***

Qız nişanlısının dostlarından birinin votsap statusunda görür ki, onun şəklini paylaşıb, “Uca məqama yüksəldi” - yazıb. Gözlərinə inanmır, axı dünən axşam danışmışdılar, hər şey qaydasında idi, Mirlətif onu tərk edib getməzdi, nə qədər uca məqam olsa belə, getməzdi.

Şəhid həkim Mirlətif Ağayevdən danışıram.  

1990-cı ilin noyabrın 20-də anadan olub. Anası Təyibə evdar qadındır, atası Mirislam uşaq həkimi olub. Əvvəl Cəlilabadın Ləkin kəndində yaşayıblar. Sonra həkimin təyinatı ilə bağlı köçüblər Göytəpəyə. Üç qız Göytəpədə dünyaya gəlib. Sonra yenə atasını Ləkin kənd xəstəxanasına baş həkim göndəriblər, Mirlətif Ləkində doğulub.

Ailənin sonbeşiyi olub Mirlətif, özündən böyük uşaqların qucağında böyüyüb.  

İndi o uşaqlardan böyüyü Sevinc və anası Təyibə xanımla oturub, həyatın Mirlətiflə bağlı səhifələrini geri varaqlayırıq. 

“Mirlətif fərqli uşaq idi. Qəribə duyumu vardı, hər şeyi görürdü, duyurdu, bilirdi. Əla oxuyurdu, güləşə gedirdi, yarışlarda yer tuturdu. Fənn  olimpiadalarında da yer tuturdu. Məktəbi qurtaranda “bilik açarı”nı ona vermişdilər”.

Bunları anası danışır. O danışır, bayaq bacısı Sevincin dediklərini  xatırlayıram. 

“Atam xərçəng xəstəsi idi. Bizim ən ağır dönəmimiz o vaxt olmuşdu. Mirlətif əlini divara çırpıb ağlayırdı ki, niyə atama dərman ola bilmirəm. Atam bütün dərdlərimizin dərmanı idi axı.  Mirlətifin idealı atam olmuşdu, ona baxıb həkimliyə getdi. İndi öz xəstəliyinin əlində aciz qalan atam Mirlətifə dedi ki, sən bu evin açarısan, bir tərəfdən bağlayan Allah bir tərəfdən açar. Mənə belə sağalmaz xəstəlik verməzdən əvvəl səni həkim etdi. Ondan sonra bütün ümidimiz Mirlətif oldu”. 

Tale Mirlətifə iki dəfə açar qismət edib, birini məktəbdən, birini atasının dili ilə haqdan.  

Mirlətifə kimsə “dərsini oxu” deməyib, əksinə, o evdəkilərə oxumağı məsləhət görərmiş.  Həyatın açarı elmdədir - deyirmiş. Lap uşaq olanda deyirmiş ki, mən böyüyüb gedib Çindistanda həkimlik oxuyacam. Öz uşaq aləmində Hindistanla Çini birləşdiribmiş. Məktəbi bitirdiyi il Azərbaycan Tibb Universitetinə qəbul olunub. Həkim olmaq öz arzusu idi.

Sevinc: “Hamımızdan balaca olduğu üçün ona körpə kimi baxardıq, qoruyardıq. Körpə kimi baxdığımız Mirlətif  babamın adını daşıyırdı. Böyüdükcə hamımızın böyük kimi baxdığımız oldu, bizə atamızı, babamızı əvəz etdi. Mirlətif atamız, qardaşımız, övladımız idi. Nə ədər uca məqam olsa da onun şəhid olduğunu qəbul etmirəm, onunla fəxr edirəm. Elə bilirəm bir gün qapıdan girəcək. O qədər can qurtardı, bizi cansız qoydu, o bunu bizə qıymazdı”. 

Anası: “Sevinc elə bil ona analıq edirdi. Mirlətif yıxılar deyə özünü elə atırdı ki, özü yıxılırdı. Mirlətif el ağsaqqalı idi elə bil, hamı ondan məsləhət alırdı”.

Stomatoloq kimi təhsilini başa vurandan sonra Müdafiə Nazirliyinin Təlim-Tədris Mərkəzində kurs keçib. İmtahan verib, Naxçıvana leytenant kimi xidmətə yollanır. 

Qayıdandan sonra klinikalarda işləyib. Sonra özünə minbir əziyyətlə “Livdental” klinikasını açır. Arzusu xaricdə təhsil alıb, orda da klinikasının şəbəkələrini yaratmaq imiş. Xaricdə aldığı təhsilin isə diplomu özünün yoxluğunda gəlib. Dostları onun da diplomunu alıb gətiriblər. 

2019-cu ildə klinikasına lisenziya alır, 2020-ci ildə gedir cəbhəyə. Mirlətif hardasa gizlənməyi, yaxud, geridə qalmağı sevməzdi. Harada olsa, öndə olmalı idi.  Bacısı deyir, birinci olmağa vərdiş etdiyindən Qarabağa da gedən birincilərdən oldu. 

Əvvəl bacısıgildə qalırmış. İşə başlayan kimi anasını da götürüb, ayrıca ev kirayələyir. Həmin gün bacısına zəng eləyir ki, Seva, evdəsənsə, gəlirəm sizə. 

“Gəldi, dedi ki, gedirəm, vətən çağırır. Sentyabrın 21-i idi. “Axşam qayıdacam” dedi. Biz də deyə-gülə yola saldıq. Sonra ağlıma nə gəldisə, mesaj yazdım ki, axı, hara aparırlar səni? Yazdı ki, Antalyaya, gülüş işarəsi ilə. İndiyə qədər mesajı qalır telefonumda. Ona ölüm kəlməsini yaxın qoya bilmirəm, ağlayıram, amma darıxdığımdan ağlayıram”. 

Getməyə bilərdi Mirlətif , gedib hospitalda da işləyə bilərdi, amma hospital onun üçün arxa idi, axı o öndə olmağı sevirdi. 

Ona təklif olunub ki, qal, sən hospitalda lazımsan, deyib ki, döyüşlərdə qan itkisindən ölürlər, orda da lazımam. 

Mirlətif hərbi həkim ixtisası almamışdı, stomatoloq idi. Nişanlısı “sənə heç kim deməz önə get, hərbi həkim deyilsən, getmə” -deyib. Cavab verib ki, hərbi həkimin anası ana deyil? 

“Bu elə bir problemdir ki, həll olunmasa, gələcək nəsillər də əziyyət çəkəcək, həll olunmalıdır” - deyib: “Gələcəm, gördüklərimdən kitab da yazacam”. 

Çağırılan gün gedib, həm də birbaşa sanitar əsgərin yerinə. 247 yaralı, 20 şəhid çıxarıb döyüş meydanından. 27 sentyabrdan 26 oktyabra qədər Cəbrayılda, Qubadlıda olub. 

Bacısı Sevinc danışır ki, televizorda bir qazinin müsahibəsində eşitdim ki, onun budundan gülləni çıxaran həkim elə çıxarıb ki, heç ruhu da inciməyib. “Elə səngərdəcə,  özü də mənə dedi ki, qaqa, mən stomatoloqam”. Sevinc deyir, bildim ki, Mirlətifin işidir, axtarıb tapıb o qazini, onun qəlpəsini çıxaran stomatoloqun adını soruşub, “Mirlətif idi” deyib. 

Anasına zəng vurub deyib ki, 3 gün mənə zəng çatmayacaq, narahat olmayın. Anası deyir, heç narahat olmazdım. “Biz arxayın olurduq, ağlımıza gəlməzdi ona nə isə olar”. 

25-i axşamçağı hamı ilə danışıb, deyib mənə zəng çatmasa, narahat olmayın, 27-si hamı kimi onun ailəsi də televizorun qarşısında Şuşa xəbəri gözləyirdi. Nişanlısı ilə danışanda demişdi ki, gedirik bacının yoldaşıgilə çay içməyə, o da Şuşadandır. Şuşa tərəfə getdiklərini belə anladıb. Bacısı deyir, doyunca danışa bilmirdik, vaxtı olmurdu, onu güdaza verərik deyə, tez kəsirdik telefon bağlantısını ki, yerini müəyyən edib, vurarlar. 

Anası deyir, mənim gözümün yaşını o qurutdu, mən ana görməmişdim, yetim böyümüşdüm, Mirlətif ürəyimin yarasını sağaltmışdı, qoymazdı kədərlənim: “Qətiyyən ağlamağıma razı olmazdı. Evdən çıxanda əlli dəfə üzümdən öpürdü. İşdən gələndə hökmən başını dizimə qoyub, uzanardı. Həyatda nə gözəllik varsa, hamısını onda tapardın. Geydiyi corabı gündə iki dəfə dəyişirdi, o qədər səliqə-sahmanlı idi. 

Gedəndə ona dəsmal, köynək qoymamışdım. Bacısına zəng elədim ki, Miri sizə dəyib gedəcəkdi, de ona, gəlsin dəyişək köynək, mayka qoyum ona. Gəldi, dedim bir günlük mayka corab qoyuram. Dedi nə qoyursan, qoy.  Görüşdük yenə, getdi qapının kandarından bir də qayıdıb, qucaqladı məni. “Validə Sultanım darıxmasın” - dedi, - sabah axşama evdəyəm. Mirlətifə heç nə olmaz düşünürdüm. Mənə yaşamağı o öyrədib. Mirinin ağlmaqdan xoşu gəlmir, heç kim ağlamasın. 

Demişdi, ana, harada olsam, sənə cavab verəcəm, nə zaman istəsən, zəng elə. Noyabrda ad günü idi, uşaqlar deyirdilər, dayı, ad gününə gəl, deyirdi, “dayı qurban, gələcəm”. 

Televizorun qarşısında oturub, oradakılar üçün dua edirdim, Miri üçün yox,  Miriyə heç nə olmaz düşünürdüm. Birdən Miri zəng elədi, dedi ki, üç gün mənə zəng çatmayacaq, imkan olan kimi zəng edəcəm. Tez Sevincə zəng etdim ki, Miri belə dedi, nə isə narahat oldum”. 

Döyüşlərin qızğın vaxtında, Şuşaya doğru getdiklərindən hamı ürəyi ağzında döyüşür, döyüşməyən nə isə edib Qarabağın azad olunmasında əməyinin olmasını istəyirdi.  Mirlətif yaralıları çıxardır, ilkin tibbi yardım göstərir, təkrar yenə özünü müharibə adlı ağzı alovlu əjdahanın ağzına atırdı. Bu dəfə özünü atmaq istədiyi yeri bir dəfə vurublar, yaralılar zarıyır, deyiblər o yerə bir də atacaqlar, getmə. Deyib, axı, yaralı çağırır, necə getməyim, tez götürüb çıxacam. Hərbi həkimlər bilirdilər ki, ora getmək olmaz, düşmən vurduğu yerə bir də zərbə endirir ki, yaralıya yardım edənlər də məhv olsun. Mülki həkim bunu bilməyə də bilər, çünki o taktikalar hərbi həkimlərə keçilir, mülkiyə yox. Mirlətif bilməmiş deyildi, müharibə ona təcrübə vermişdi, amma yaralının harayına çatmağa bu bilgi də mane ola bilməzdi. Mirlətif o ürəyin sahibi idi. Onun yaralıya yetişməsi ilə minomyot atıblar, nə onu, nə də digər yaralıları çıxaracaq heç kim olmayıb artıq. Yaralıları xilas edən özü otların arasında qanın içində qalıb. 

Sevinc: “Bacım zəng elədi ki, yoldaşıma zəng ediblər, Miri yaralanıb. Dedim, yaralanıb, gedək yanına. Bacımın yoldaşı mənim yoldaşıma zəng vurub, onlar Mirini bizdən də çox istəyirdilər. Süfrəmizin başında Mirlətif olub həmişə. Onsuz bir yerə getməzdik. Yoldaşım deyib ki, Mirlətifə bir şey olsa, özümü öldürərəm. Nişanlısını yığdım, gördüm o da məni bir neçə dəfə yığıb. Hər yerdə axtarırıq, xidmətdə çıxır. Nə yaralı siyahısında var, nə şəhid. 10 gün axtardıq. Cəsədlərin arasını axtardıq, tapmırıq, sevinirik, dərhal da qorxuruq. Nişanlısı zəng vurdu ki, bir döyüş yoldaşı statusa qoyub Mirinin şəklini, yazıb ki, uca məqama yüksəldi”

Mirlətif  oxumağı, mütaliəni çox sevərmiş. “Özümü kitablarda, bir də atamın məzarı başında tapıram” - deyərmiş. Həmişə gərginləşəndə atasının məzarı başına gedib, orda hüzur tapardı. Deyirmiş, ən rahat olduğum yer buradır. 

“Məkanı da ora oldu. Məzarları Ləkində üz-üzədir, indiyə qədər Mirişin qəbri deyə bilmirəm, o sözü ona yaraşdıra bilmirəm, Miriş sağdır. Deyirdi, atama qovuşacağım gün xoşbəxt olacam, acığım tuturdu elə deyəndə. Deyirdi, işim çoxdur hələ, indi demirəm, nə vaxtsa qovuşacağıq da” - deyə Sevinc göz yaşları içində danışır: “O, əməlləri ilə cənnəti qazanmışdı, uca məqama yüksəldi, biz cəhənnəmi yaşadıq. Noyabrın 7-də tapdıq, 8-də müharibə qurtardı. Açılmadı tabut, bilmədik harasından yaralanıb. Sanitar əsgər danışdı, amma ona nədənsə inanmadım. Deyir, mən onu qabaqda oturmağa qoymurdum, arxada otururdu sanitar maşınında, inanmıram, Miri onu etməzdi. 

Sağ ikən də uca idi, fəxrimiz idi, hamının sevimlisi olmuşdu. Hər yerdə Mirim var.  

Onları bir-birindən ayırmaq mümkün deyil, bu mənimdir, bunun anası filankəsdir. Yox, onlar hamısı hamımız üçün birdir, hamısı qəhrəmandır”. 

***

Mirlətifin klinikasını dostları işlədir. Qarşısında Mirlətifin şəkli vurulub, sadəcə həkim Mirlətif Ağayev yazılıb. 

2008-2013-cü illərdə Azərbaycan Tibb Universitetində (ATU) ali təhsil alıb. Subay idi.

Azərbaycan Ordusunun leytenantı, hərbi tibb qulluqçusu Mirlətif Ağayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğal altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Cəbrayılın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralanan hərbçilərə yerindəcə yardım edib. Mirlətif Ağayev oktyabrın 26-da Qubadlı döyüşləri zamanı şəhid olub. Cəlilabad rayonunun Ləkin kənd məzarlığında dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Mirlətif Ağayev ölümündən sonra "Vətən uğrunda",  24.12.2020-ci il tarixli Sərəncamına əsasən "Cəbrayılın azad olunmasına görə", 29.12.2020-ci il tarixli Sərəncamına əsasən "Qubadlının azad olunmasına görə" medalları ilə təltif edilib. 

***

...Hər gün şəhid xəbəri gəlir, sosial şəbəkələrdə dağ boyda, yaraşıqlı oğulların şəkilləri paylaşılıb, altından şəhid oldu yazılır. Adamın ürəyi ağzında döyünür, bu oğulları niyə bu qədər tez itirməli idik axı?... Neyləyəsən, məcburi cəlb olunmuşuq bu müharibəyə, biz istəməmişik, işğalçı istəyib. O oğullar torpaqlarımız azad etməyə getmişdilər. Nə öldürmək istəyərdilər, nə də ölmək... O qədər arzuları vardı ki...

Ramilə Qurbanlı