Logo
news content
User
Kateqoriyalar

Analitika

Neft çanağı... boşalır
Hasilatda və qiymətdə kəskin enmələr Azərbaycana nə vəd edir?

Bu ilin 10 ayında Azərbaycan 22 ölkəyə 11.5 milyard dollar dəyərində 22.1 milyon ton neft satıb. Dövlət Gömrük Komitəsinin yaydığı hesabatda gömrük rəsmiləşdirilməsi başa çatdırılmış ixrac olunan neftin dəyərinə dair məlumatlar nəzərə alınıb. Siyahıdan görünür ki, ixrac edilən neftimizin yarışından çoxunu - 12.6 milyon tonunu İtaliya alıb, sonrakı yerləri Çexiya və Xorvatiya tutur. Bu ölkələr də, müvafiq olaraq, Azərbaycandan 1.4 və 1.2 milyard dollarlıq neft alıblar. Birinci beşliyi Rumıniya (1milyard dollar), Almaniya (956 milyon dollar) tamamlayır. 

Azərbaycanın tərəfdaşlarının əksəriyyəti Avropa ölkələridir, statistikada cəmi üç (Hindistan, İndoneziya, Tailand) Asiya ölkəsi neft müştəriləri sırasında göstərilib ki, ümumilikdə onlara satılan “qara qızıl”ın dəyəri 500 milyon dollara çatmır. Deməli, Azərbaycanın əsas tərəfdaşları, uzun illərdən bəri olduğu kimi, Avropa ölkələri olaraq qalır. 

Gömrük statistikasında 2 diqqətçəkən maraqlı məqam var:
10 ayda cəmi 22 milyon ton neft satmışıq, deməli, hasilat son 3 ildə kəskin azalıb. Belə ki, 2022-ci ildə 26 milyon ton, 2023-də 25.2 milyon ton, 2024-cü ildə 24.4 milyon ton əmtəəlik neft məhsulumuz olub. 2025-ci ilin tamamında ehtimal ki, 23 milyon tondan bir az artıq nefti xarici tərəfdaşlara sata bilərik. 

Ümumi hasilata gəldikdə, 2022-ci ildə kondensatla birlikdə 32.6 milyon ton, 2023-cü ildə, 30.2 milyon, 2024-cü ildə isə 29.2 milyon ton neft hasil edilib. 2025-ci ilin yanvar-oktyabr aylarında isə 23.04 milyon ton neft və kondensat çıxarılıb. İllərə görə azalma tendensiyasını nəzərə alsaq, qarşıdakı 2 ayda hasilatın 25 milyon tona çatacağını ehtimal etmək olar.

Xatırladaq ki, çıxarılan neftin bir hissəsi daxili tələbatın ödənilməsinə yönəldilir, emal olunaraq yanacaq və s. neft məhsulları əldə olunur. 

Beləliklə, 3 ildə hər il, demək olar, hasilatda 2, satışda isə 1 milyon tondan çox azalma var. Bu, Azərbaycan üçün ciddi çağırışlar deməkdir. Hazırda dünya birjalarında qiymətlərin azalma tendensiyası davam edir, 16 dekabr tarixində “Brent” markalı neft 60 dollardan aşağı düşüb. Azərbaycanın 2026-ci il üçün dövlət büdcəsində neftin baza qiyməti 65 dollardan hesablanıb. Mərkəzi Bank, yerli proqnoza görə, “Brent” neftinin orta qiymətini təqribən 64 dollar/barel səviyyəsində qiymətləndirir.

Müstəqil ekspertlər hökuməti hədsiz optimist olmaqda qınayırlar. Qeyd olunur ki, Birləşmiş Ştatların yürütdüyü xarici siyasət qiymətlərin aşağı çəkilməsinə və bu yolla Rusiyanın Ukraynaya qarşı müharibə aparmaq qabiliyyətinə zərbə vurmağa yönəlib. Habelə dünya iqtisadiyyatında durğunluq, iqtisadi böyümənin yavaşlaması yaxın perspektivdə neftin daha da ucuzlaşmasını qaçılmaz edir. Beynəlxalq maliyyə institutlarının proqnozları da bu yöndədir: 

EIA (ABŞ) “Brent” neftini orta hesabla 55 dollar/barel, WTI-ni isə ~51-52 dollar/barel səviyyəsində görür.
“Barclays” proqnozunda “Brent” neftinin qiyməti 65 dollar/barel, JP Morgan isə 58 dollar/barel olaraq göstərilib.
“Reuters”in analitik sorğusuna əsasən, 2026-cı ildə “Brent” nefti təxminən 62,2 dollar/barel, WTI isə 59 dollar/barel olacaq.

Ekspertlər qiymət fərqliliyini təklif-tələb balansı, iqtisadi makrotrendlər, geopolitik risklər və bazar hissiyyatı ilə izah edirlər.

Rəqəmlərdən göründüyü kimi, hasilat və satış ilbəil böyük həcmdə azalır. Statistikada qeyd olunan 11.5 milyard dollar Azərbaycanın xalis mənfəəti deyil, buradan Hasilatın Pay Bölgüsü sazişinə uyğun olaraq xarici şirkətlərin mənfəətləri, vergilər, əməliyyat xərcləri çıxılır və qalan məbləğ Dövlət Neft Fonduna köçürülür. Onu da nəzərə alaq ki, bu il Azərbaycan neftinin il ərzində orta satış qiyməti büdcə proqnozundan baha - 72 dollar səviyyəsində olub. Gələn il isə ən yaxşı halda, bu rəqəmdən 12-15 dollar aşağı olacağı proqnozlaşdırılır. Beləliklə, hasilatda və qiymətdə kəskin azalma, büdcənin əsas donorundan gəlirlərinə böyük zərbə vuracaq. Xatırladaq ki, gələn il Neft Fondundan büdcəyə birbaşa transferin həcmi 12.8 milyard manat nəzərdə tutulur. Bədbin proqnozlar özünü doğruldarsa, Azərbaycan hökuməti büdcə xərclərini və manatın məzənnəsini qorumaq üçün ehtiyat valyutadan xərcləmələrə gedə bilər. İkinci variant isə xərcləri maksimum ixtisar edib kəmərsıxma tədbirlərinə başlamasıdır ki, rəsmilərin çıxışlarından bu daha ağlabatan görünür.  

Gömrük statistikada gözə dəyməyən ikinci maraqlı məqam - 2025-ci il ərzində Azərbaycanın əsas ticarət tərəfdaşlarından olan İsrailə neft satışı həyata keçirməməsidir. Qeyd edək ki, İsrail şirkətləri uzun müddət Azərbaycan neftinin əsas müştərilərindən biri olub, hətta bəzən statistikada İtaliyanı qabaqlayaraq ilk yerə çıxıb və ya birinci üçlükdə öz yerini qoruyub saxlayıb.  

Amma son illər İsrail şirkətlərinin neft alışı kəskin azalıb. Məsələn, 2024-ün yanvar–avqust aylarında İsrailə ixrac olunan neftin həcmi təxminən 2,233 milyon ton olub. 2023-cü ilin mediada yer alan statistik rəqəmləri də o civarda görünür. 

Xatırladaq ki, İsrailin Qəzzada keçirdiyi hərbi əməliyyatların qızğın dövründə Türkiyədə hakimiyyətə yaxın mediada Azərbaycanı bu ölkəyə neft satmaqda ittiham edən qınaq dolu yazılar dərc olunub. Hətta SOCAR-ın bu ölkədəki nümayəndəliyi qarşısında etiraz aksiyaları təşkil edilib. 

Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev bu iddialara münasibət bildirərkən deyib ki, neft bazarında, o neft gəmiyə dolduruldusa və gəmi açıq dənizə çıxdısa, o neft artıq Azərbaycanın deyil.

"Orada 10-larla treyder var. A treyder B-yə satır, B treyder C-yə satır, bunun sonda kimə və hara satıldığına zatən sən özün də nəzarət edə bilməzsən. Yəni Ceyhana Azərbaycan nefti gəldi, neft Ceyhanda gəmiyə doldu, o gəmi Aralıq dənizinə çıxdısa, o sənin deyil artıq. Bu, dünya neft bazarının qaydalarıdır", - Hacıyev deyib.

Mediada yer alan bəzi iddialara görə, Azərbaycandan İtaliyaya satılan neft həcminin birdən-birə kəskin artması dolayı yolla İsrailə neft satışı ilə bağlıdır. İddialardan biri də budur ki, Azərbaycan İsrailə neft satışında Sinqapur, İsveçrə kimi üçüncü ölkələrin ticarət şirkətlərindən istifadə edir. Bu şirkətlər arasında “Trafigura”, “Vitol” və “Glencore” kimi böyük əmtəə ticarət şirkətlərinin adı çəkilir. Güman edilir ki, bu şirkətlər Azərbaycandan nefti alıb, üçüncü ölkə adından İsrailə daşıyır.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban Pressklub.az-a bildirib ki, İsrail istehlakçıları artıq Ceyhandan birbaşa Azərbaycan neftini alımırlar. “Ola bilsin, daha çox treyder hablarında, məsələn, İtaliyada alırlar. Bu, tətbiq olunan məsələdir, qeyri-adı heç nə yoxdur. Həm də hökumət üçün normal addımdır, biz Qəzzada baş verə hadisələrə görə neytral mövqedə dayanmalıyıq”, - ekspert qeyd edib. 

Turqut