Logo
news content
User
Kateqoriyalar

Analitika

Neft bahalaşır, amma gəlir azalır

Azərbaycanda neft hasilatının pik dövrü 2011-ci ildə olub. Həmin ildə ölkədə 46 milyon tondan artıq neft çıxarılıb. 2012-ci ildən etibarən azalma tempi başlayıb və cəmi bir il sonra hasilatda 5.5% fərq yaranıb. 2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft hasil edilib ki, bu da pik dövrü ilə müqayisədə illik 12 milyon ton azalma deməkdir. 

Dövlət Statistika Komitəsinin məlumatına görə, 2020-ci ildə çıxarılan neftin 34 milyon 467,1 min tonu əmtəəlik neftin payına düşüb. 2019-cu ilin göstəricisi ilə müqayisədə neft hasilatı 7,8%, o cümlədən əmtəəlik neft hasilatı 8% azalıb.

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Agentliyi (EIA) Azərbaycanın 2021-ci ildə neft hasilatı üzrə proqnozunu azaldıb. Təşkilat hesab edir ki, gündəlik neft və digər maye karbohidrogenlərin hasilatı 720 min barel təşkil edəcək. EIA-in göstəricilərinə əsasən, ötən il Azərbaycanda ortalama gündəlik neft hasilatı 780 min barel olub.

Hazırda Azərbaycan nefti 70 dollardan baha qiymətə satılır. Bununla belə, Dövlət Neft Fonduna (DNF) neft-qaz satışından daxil olan vəsaitlər əhəmiyyətli dərəcədə azalıb. 

Belə ki, 2021-ci ilin 1 yanvar – 1 iyun tarixləri arasında “Azəri, Çıraq, Günəşli” (AÇG) yatağı üzrə neft hasilatı və satışından DNF-a 1 milyard 850,2 milyon ABŞ dolları daxil olub, halbuki ötən ilin eyni dövründə bu məbləğ 2 milyard 106 milyon ABŞ dolları təşkil edib. Göründüyü kimi, bu ilin ilk 5 ayında ötən ilin eyni dövrünə nisbətən AÇG-dən DNF-yə daxilolmalar 255,8 milyon dollar azalıb. 

Gəlirin azalmasına səbəb “Azəri-Çıraq-Günəşli”də hasilatın aşağı düşməsidir. Belə ki, quyulara ötənilki qədər texniki qaz vurulmur. Məsələn, 2017-ci ildə hasilatı stabilləşdirmək ona görə mümkün olmuşdu ki, quyulara böyük həcmdə texniki qaz vurulurdu. Ancaq sonrakı illərdə bu üsul nəzərdə tutulmayıb və konsorsium Azərbaycan üçün səmt qazının verilməsini artırıb.

Digər tərəfdən, hasilat obyektiv səbəblərdən azalır. Hasilatı saxlamaq üçün yeni quyular qazılmalıdır. Bu isə külli miqdarda vəsait tələb edir. Eyni zamanda, istismar edilən quyuların məhsuldarlığı azalıb, onların modernizasiyası üçün böyük vəsait lazımdır.  

Xatırladaq ki, 2017-ci il sentyabrın 14-də “Azəri, Çıraq yataqlarının və Günəşli yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi və neft hasilatının pay bölgüsü haqqında düzəliş edilmiş və yenidən tərtib olunmuş Saziş”in imzalanması mərasimi keçirilib. Sazişə görə, “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsi 2050-ci ilə qədər uzadılır. Kontrakt imzalandıqdan sonra Azərbaycana xarici investorlar tərəfindən 3,6 milyard dollar həcmində bonus ödənilməsi, SOCAR-ın “AzAÇG” şirkətinin podratçı kimi kontraktın icrasında iştirak etməsi, SOCAR-ın payının 11,6 faizdən 25 faizə qaldırılması və  Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsinin 75 faiz təşkil edəcəyi nəzərdə tutulub. Sazişin yenilənməsində Bakının əsas maraqlarından biri xarici tərəfdaşlarla əməkdaşlığı davam etdirmək və hasilatın sabit saxlanması üçün yeni xarici investisiyaların cəlb olunmasını təmin etməkdən ibarət olub. 

İqtisadçı Qubad İbadoğlu hesab edir ki, gəlirlərin azalmasının səbəbi neft hasilatı və nəqli ilə bağlı xərclərin artması, eləcə də hasilatın aşağı düşməsidir: 

“BP-nin verdiyi məlumata görə, bu ilin birinci rübü ərzində AÇG-də hasilat gündə orta hesabla 484 000 barel və ya ümumilikdə təxminən 44 milyon barel, yəni 6 milyon ton olduğu halda, ötən ilin birinci rübündə müvafiq göstəricilər 524 000 barel və ya ümumilikdə təxminən 48 milyon barel, yəni 6,4 milyon tondan artıq olub. Rüb ərzində AÇG-də 2 neft hasilat quyusu qazılıb, ötən ilin eyni dövründə isə 4 neft hasilat quyusu qazılmışdı”.

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban da “Press Klub”a bildirdi ki, Fonda daxilolmaların azalmasının əsas səbəbi hasilatın azalması ilə bağlıdır. Ekspert qeyd edir ki, ötən illə müqayisədə 400 min tondan çox azalma var. O, gəlirlərin azalmasının başqa səbəblərini də açıqladı: 

“ACG çərçivəsində yeni platformanın tikintisi ilə əlaqədar kapital xərcləri artıb. Bu da öz növbəsində dövlətin mənfəətinin azalmasına səbəb olur”.

Bəs, hasilatın azalması tendensiyası davam edəcəkmi? Hökumət hansı tədbirlər görə bilər? 

İlham Şaban bildirir ki, bu barədə əvvəllər də təkliflər verib: 

“Mən demişəm, gərək bu barədə hökumət ciddi düşünsün ki, 5 il sonra vəziyyət necə olacaq? Amma onlar yanacağı ya 15-20 qəpik bahalaşdırır, ya da qiymətini artırmadıqları məhsulu zay şəkildə istehsal edirlər”. 

Turqut